Məhkəmə qərarları › İş №e-2-1(112)-11208/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11208/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11208/2023 16.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək “Təbriz” bağçılıq-yoldaşlığı tərəfindən onun istifadəsinə verilmiş və faktiki sahibliyində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 72 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xalq Deputatları İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, 10/518 nömrəli Qərara və Azərbaycan Təhsil İşçiləri X3 Azərbaycan Texniki Universitetinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2007-ci il tarixli, № 72/68 nömrəli Orderə əsasən, Universitetin əməkdaşı olduğu üçün Azərbaycan Texniki Universitetinin Əzizbəyov rayonunun Türkan qəsəbəsində ayrılmış “Təbriz” Bağ Yoldaşlığı sahəsində ona 0,1 ha torpaq sahəsi verilmişdir. Sahənin nömrəsi layihəyə uyğun olaraq №72 qeyd edilmişdir. Onun etibarnamə üzrə nümayəndəsi ayrılan Bakı şəhəri, Xəzər rayonu, Türkan Bağ Massivində yerləşən 72 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müraciət etmiş, lakin cavabdeh tərəfindən aşağıdakılara əsasən imtina verilmişdir: 1. Torpaq sahəsi “Təbriz” Bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən ayrılmış, lakin bununla bağlı üzvlük kitabçası və ya protokoldan çıxarış deyil, order təqdim edilmişdir. Bununla bağlı bildirir ki, “Təbriz” Bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən verilən bütün sənədlər – order, protokoldan çıxarış, üzvlərin siyahısı, torpağın sxemi cavabdehə təqdim edilmiş, cavabdehin əməkdaşları tərəfindən bütün sənədlərə baxıldıqdan sonra, yalnız “72” nömrəli order götürülmüşdür. Hesab edir ki, imtina bu hissədə əsassızdır. 2. İdarənin arxiv məlumatlarına əsasən, “Təbriz” Bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində “72” saylı torpaq sahəsi digər fiziki şəxsin adına qeydiyyata alınmışdır. Hesab edir ki, imtina bu hissədə də əsassızdır. Cavabdeh tərəfindən idarənin arxiv məlumatları ona təqdim edilməmiş, “72” saylı torpaq sahəsinin kimin adına qeydiyyatdan keçməsi barədə məlumat verilməmişdir. “Təbriz” Bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən ona torpaq sahəsi ayrıldıqdan ərazinin planı verilmiş, torpaq sahəsinin ərazisi göstərilmişdir. Torpaq sahəsi ayrılan vaxtdan o, həmin əraziyə faktiki sahibliyi həyata keçirir. Belə ki, cavabdeh tərəfindən yerində müayinə aparıldıqdan sonra müəyyən olunmuşdur ki, torpaq sahəsi onun faktiki istifadəsindədir və həmin bağ sahəsində tikili də mövcuddur.

3. İddaçının hüquqlarından qeydə alınmasından imtina onunla əsaslandırılmışdır ki, “torpaq sahəsi “Təbriz” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən ayrılmış, lakin bununla əlaqədar üzvlük kitabçası və ya protokoldan çıxarış deyil, order təqdim edilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə uyğun olaraq kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Bundan əlavə, idarənin arxiv məlumatlarına əsasən eyni bağçılıqyoldaşlıq təsərrüfatı nəzdində “72” saylı torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin arxiv məlumatlara əsasən hüquq sahibinin adına digər nömrəli torpaq shəsi ayrılmışdır. Bundan başqa, torpaq sahəsi qonşu sahə ilə ümumi hasar daxilində yerləşir. Bununla bərabər, torpaq sahəsinin yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxeminə uyğun gəlmir. Belə ki, göstərilən sahə digər bağ sahəsinin ərazisinə uyğun gəlir.”

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz imtinaya uyğun təqdim edilərək bildirilmişdir ki, iddiaçıya torpaq sahəsi “Təbriz” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən ayrılmış, lakin bununla əlaqədar iddiaçı tərəfindən üzvlük kitabçası və ya protokoldan çıxarış deyil, order təqdim edilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə uyğun olaraq kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Bundan əlavə, İdarənin arxiv məlumatlarına əsasən eyni bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində “72” saylı torpaq sahəsi digər fiziki şəxsin (X2) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmçinin hüquq sahibinin adına digər nömrəli torpaq sahəsi (3 saylı) qeyd olunmuşdur. Bundan başqa, torpaq sahəsi qonşu sahə ilə ümumi hasar daxilində yerləşir və torpaq sahəsinin yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxeminə uyğun gəlmir. Belə ki, göstərilən sahə digər bağ sahəsinin (3 saylı) ərazisinə uyğun gəlir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********66 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.

5. İddiaçı məhkəmə icraatı zamanı cavabdehə müraciət edərək, “Təbriz” bağçılıq-yoldaşlığı tərəfindən iddiaçının istifadəsinə verilmiş və faktiki sahibliyində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 3 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

6. Cavabdehin xx.xx.2023-cü il tarixli imtinasında bildirilmişdir ki, “idarənin arxiv məlumatlarına əsasən eyni universitetin digər bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində hüquq sahibinin adına torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin hazırki torpaq sahəsinə əvvəlki müraciətiniz zamanı fərqli sənəd əsaslar təqdim olunmuşdur. Bundan əlavə, tərəfinizdən təqdim edilən protokoldan çıxarış “Təbriz" Bağçılıq-Yoldaşlıq Təsərrüfatının sədrinin imzası ilə təsdiq edilməmişdir.”

7. İddiaçının ərizəsi əsasında məhkəmə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi ““Təbriz” bağçılıq-yoldaşlığı tərəfindən iddiaçının istifadəsinə verilmiş və faktiki sahibliyində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 3 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

8. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə “Təbriz” bağçılıq yoldaşlığının Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin siyahısı, bölgü sxemi təqdim edilmişdir. Təqdim edilmiş üzvlərin siyahısında 3-cü sırada İddiaçı adı vardır.

9. Türkan bağ massivi "72" saylı bağ sahəsinin müayinə aktının məhkəməyə təqdim edilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, bağ sahəsi qonşu bağla ümumi hasar daxilindədir, ara sərhəd şərtidir, qonşu bağa dair sənəd təqdim edilməmişdir. Bağ sahəsində A-2 mərtəbəli bağ evi, 1 köməkçi tikili və 2 hovuz var. Bağ sahəsinin naturada yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxeminə uyğun gəlmir. Belə ki, bağçılıq-yoldaşlığının bölgü sxeminə əsasən göstərilən sahə 3 saylı bağın ərazisidir. Müayinə aktına əsasən, torpaq sahəsinin faktiki ölçüsü 0.1004 ha, hüquq müəyyən edici sənəd üzrə 0.10 ha.

10. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Təbriz” bağçılıq yoldaşlığının Həmkarlar İttifaqı Komitəsinin 72 saylı bağ sahəsi üzvlük kitabçası, xx.xx.1992-ci il tarixli 05 saylı protokol və ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2011-ci il tarixdə X2 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Sorğunun icrası ilə əlaqədar olaraq “Təbriz” bağçılıq yoldaşlığı Həmkarlar İttifaqı Komitəsinin qovluğunda mövcud olan siyahısının və 72 saylı bağ sahəsinin qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.

11. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən “Təbriz” Bağçılıq-yoldaşlığının Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1992-ci il tarixl 05 saylı Protokolundan çıxarışa əsasən İddiaçı 3 saylı yerdə 0.1 ha torpaq sahəsi verilməsi qərara alınmışdır.

12. İddiaçı tərəfindən məhkəməyə “Təbriz” Bağçılıq-yoldaşlığının Həmkarlar İttifaqı Komitəsinin torpaq sahəsinin bölgü sxemi təqdim edilmişdir.

13. Məhkəmənin qərardadı ilə iddia tələbi Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 3 saylı 0.1 ha bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

14. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

17. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texdniki sənədlərin (planölçü) verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

20. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

21. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

22. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

24. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

26. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

27. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Təbriz” bağçılıq yoldaşlığının Həmkarlar İttifaqı Komitəsinin arxiv qovluğunda olan üzvlərinin siyahısında 3-cü sırada İddiaçı adı var. İddiaçı adına olan həmin 3 saylı sahə adına sənədləşdirilmiş, adına üzvlərin protokolundan çıxarış verilmişdir.

28. Məhkəmə qeyd edir ki, “Təbriz” bağçılıq yoldaşlığının arxiv qovluğunda olan bölgü sxemi ilə iddiaçıya ayrılmış 3 saylı sahəyə uyğun gəlir.

29. Cavabdehin 3 saylı torpaq sahəsi ilə bağlı imtinası onunla əsaslandırılmışdır ki, idarənin arxiv məlumatlarına əsasən eyni universitetin digər bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində hüquq sahibinin adına torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, həmçinin təqdim edilən protokoldan çıxarış “Təbriz” bağçılıq yoldaşlıq Təsərrüfatının sədrinin imzası ilə təsdiq edilməmişdir.

30. Bununla bağlı məhkəmə qeyd edir ki, digər bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində hüquq sahibinin adına torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması imtina üçün əsas ola bilməz, bundan başqa məhkəmənin sorğusuna əsasən 72 saylı torqaq sahəsi ilə bağlı sənədlərinin təsdiq edilmiş surətləri məhkəmə təqdim edilmişdir. Həmin sənədlərdə də protokoldan çıxarışda eyni imza ilə təsdiq edilmişdir və həmin protokoldan çıxarışa əsasən bağ sahəsi qeydiyyata alınmışdır.

31. Odur ki, cavabdeh qurumun imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.

32. Bundan başqa qeyd edilməlidir ki, qanunvericiliklə dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdehin səlahiyyətlərinə aid edilmişdir.

33. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələrinə aid edilmişdir: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq. 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək;

34. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 3 saylı 0.1 ha bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar