Məhkəmə qərarları › İş №e-2-1(112)-1130/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1130/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1130/2025 31.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndələri X4, X5 və X2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC (VÖEN: (**********) barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********787000 nömrəli qərarın ləğv edilməsi və hesablanmış 286307.00 (iki yüz səksən altı min üç yüz yeddi manat 00 qəpik) AZN məbləğində borcun şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı MMC-nin nümayəndəsi X4 xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC (VÖEN: (**********)) barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********463100 nömrəli qərarın ləğv edilməsi və hesablanmış 286307.00 (iki yüz səksən altı min üç yüz yeddi manat 00 qəpik) AZN məbləğində borcun şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı MMC xx.xx.2024-cü il tarixdə məhkəməyə yenidən İPM-nin 54cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC (VÖEN: **********) barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********463100 №li qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. İddiaçıda Dövlət qeydiyyatına alındığı tarixdən hal-hazırki dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. İddiaçı eyni analoji iş və xidmətləri aparılması ilə məşğul olmuş və fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. İddiaçının şəxsi hesab vərəqəsinə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən hesablanmış 286307.00 (iki yüz səksən altı min üç yüz yeddi manat 00 qəpik) AZN məbləğində borc tamamilə yanlışdır. Kameral hesablama barədə xəbərdarlıq məktubu müəssisə tərəfindən alınarkən, vaxtında müvafiq tələb olunan sənədlərin vergi orqanına göndərilməsinə baxmayaraq hesablamalar qanunsuz olaraq aparılmışdır. Belə ki, İddiaçı MMC tərəfindən vergi orqanına müvafiq müraciətlər ünvanlanaraq, sənədlər təqdim edilərək obyektiv araşdırmanın aparılması xahiş edilmişdir. Bunlara baxmayaraq, yuxarıda göstərilən kameral məbləğ vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmişdir. Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə edilmiş müraciətlə əlaqədar iddiaçının kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2024-cü il tarixli inzibati şikayəti təmin edilməmişdir, xx.xx.2024-cü il tarixli № **********463100 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qərar xx.xx.2024-cü il tarixində Verqi Xidməti tərəfindən iddiaçının onlayın kargüzarlığına əlavə edilmişdir. İddiaçı MMC qərarı xx.xx.2024-cü il tarixində əldə etmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 2023-cü ilin iyun ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə kameral vergi yoxlaması ilə xx.xx.2023-cü il tarixli, **********787000 nömrəli Qərarla əlavə 286307.00 AZN vergi məbləği hesablanmışdır. Hesablamanın əsası idxal etdiyi malları statistik, yəni gömrük dəyəri ilə qiymətləndirib, operativ vergi yoxlaması zamanı müəyyən edilmiş mal qalığını çıxaraq, qalan məbləğə ticarət əlavəsi tədbiq edərək bəyan etdiyi dövriyyələrlə müqayisə edilmişdir. Lakin əvvəla, tərəflərindən malların dəyəri Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən invoice dəyəri ilə uçota alınır. Statistik dəyər isə Gömrük qanunvericiliyinə müvafiq olaraq Gömrükdə ƏDV-nin hesablanmasına əsasən müəyyən edilən dəyərdir. Həmçinin, Vergi Məcəlləsində malların statistik dəyərlə qiymətləndirilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə, tərəflərindən qeyd etdiyi dövrlər üzrə YGB əsasında idxal edilmiş malların dəyəri Cavabdehin qeyd etdiyi kimi 2944722.29 AZN deyil, 1133736.85 AZN təşkil edir ki, burada da 1810985.44 AZN malların dəyərində cavabdeh İddiaçı MMC tərəflərindən əlavə şişirdilmiş qiymət qeyd edilmiş görünür. Nəticədə isə bu, şirkətinə 286307.00 AZN kameral vergi məbləğinin hesablanmasına səbəb olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 2023-cü ilin iyun ayı üçün kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsini xahiş edilmişdir. Eyni zamanda, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativhüquqi aktlar göstərilməlidir. Bu fakt vergi orqanı tərəfindən onun üzərinə qoyulmuş vəzifənin tələblərinə əməl olunmadığını təsdiq edir. Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xəərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Göründüyü kimi vergi qanunvericiliyinə görə vergi ödəyicisinin gəlir və xərclərinə dair məbləğlər müvafiq qaydada sənədləşdirildikdən sonra həm mühasibatlıq, həm də vergi uçotunda əks oluna bilər. Ciddi hesabat bankları, müqavilələr, təhvil-təslim aktları və digər maliyyə sənədləri ilə təsdiq olunan gəlir və xərc məbləğləri vergi qanunvericiliyi tərəfindən qəbul olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə informasiya” sistemi vasitəsilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-352558/2024 №-li iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 352558/2024 №-li iddia tələbinə dair yazılı mülahizəsində (etiraz) göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”nin 3.0.7-ci bəndinə əsasən vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin edən orqanıdır. Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək Vergi Məcəlləsinin 24.0.1-ci maddəsi ilə vergi orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Bu Məcəllənin 32.4-cü maddəsinə uyğun olaraq, vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin uçot və hesabat məlumatlarını yoxlamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Vergi Məcəlləsinin 10.0.3-cü maddəsinə görə Azərbaycan Respublikasının dövlət vergi orqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarıdırlar. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 37.4-ci maddəsinə əsasən Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Yuxarıda qeyd edilən Vergi Məcəlləsinin müddəalarına əsasən iddiaçı tərəfindən təqdim edilmiş 2023 ilin iyun ayı ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Belə ki, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********8075 saylı “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərar əsasında iddiaçıda xx.xx.2023-cü il tarixdə OVN tədbiri keçirilmişdir. Keçirilən OVN tədbiri zamanı iddiaçının sahibliyində mal qalığının olmadığı və malların satışı zamanı 15% ticarət əlavə tətbiq edildiyi müəyyən edilmişdir. İddiaçının dövlət və ƏDV qeydiyyatına alındığı xx.xx.2021- ci il tarixdən OVN tədbirinin keçirildiyi xx.xx.2023-cü il tarixədək elektron alış aktı üzrə 0,00 manat, elektron qaimə-faktura üzrə 0,00 manat, yük gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 2944722,29 manat, mal alışı və qeyd olunan dövr ərzində 1795836,18 manat satış dövriyyəsi olduğundan 2023-cü ilin iyun ayı üzrə (2944722,29*1.15- 1795836,18) 286307,0 manat vergi məbləği qədər malların əksik gəlməsi səbəbi ilə kənarlaşmalar yaranmışdır. Kənarlaşmalar ilə əlaqədar iddiaçıya xx.xx.2023-cü il tarixli **********938900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktublarda qeyd olunan müddət ərzində kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2023-cü ilin iyun ayı üzrə ƏDV bəyannaməsi üzrə 286307,0 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablanmış vergi məbləği barədə iddiaçıya xx.xx.2023-cü il tarixli **********787000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.Həmçinin, iddiaçı vergi orqanına inzibati şikayət ilə müraciət edərək 2023-cü ilin iyun ayı ƏDV bəyannaməsi üzrə hesablanmış 286307,0 manat vergi məbləğinin azaldılmasını xahiş etmişdir. İnzibati araşdırma zamanı uçot-baza məlumatlarına əsasən iddiaçının xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına və həmin tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların topdan satışı”ndan ibarət olduğu, ünvan 1 ünvanında “Anbar” adlı təsərüfat subyektinin (obyektinin) vergi orqanında xx.xx.2021-ci il tarixdən qeydiyyatda olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı xx.xx.2021xx.xx.2023-cü il tarixlərə qədər elektron qaimə-faktura üzrə 0,00 manat, elektron alış aktı üzrə 0,00 manat yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 2944722,29 manat mallar aldığı, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı sənədli mal qalığının olmadığı, ticarət əlavəsinin isə 15 faiz olduğu müəyyən edilmişdir. Vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura və nəzarət kassa aparatı üzrə satış dövriyyə məbləği 1795836,18 manat təşkil etdiyi üçün 2023-cü ilin iyun ayı üzrə 286307,0 manat ƏDV məbləğində malların əskik gəldiyi və təqdim edilmiş ƏDV bəyannamələrinin göstəriciləri ilə müqayisədə kənarlaşmanın olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********938900 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş uyğunsuzluq məktublarına əsaslandırılmış cavab verilmədiyi, məlumatlar tam təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin iyun ayı üzrə 286307,0 manat əlavə dəyər vergisi məbləği hesablanması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********787000 nömrəli qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə inzibati şikayətlərin icra müddəti uzadılmış və bu barədə fərdi sahibkara xx.xx.2023-cü il tarixli **********519200 nömrəli, xx.xx.2023-cü il tarixli **********317800 nömrəli, xx.xx.2023-cü il tarixli **********600400 və xx.xx.2023-cü il tarixli **********627100 nömrəli məktublarla məlumat verilmişdir. Cəmiyyət müraciətlərində hesablamanın əsası kimi idxal edilmiş malların statistik dəyərinin, yəni gömrük dəyəri ilə qiymətləndirib, operativ vergi yoxlaması zamanı müəyyən edilmiş mal qalığının dəyəri çıxılaraq müəyyən olunan məbləğə ticarət əlavəsi tədbiq ounmaqla bəyan edilmiş dövriyyələrlə müqayisə edilməsinə etiraz edildiyini qeyd etmiş, etirazının əsası olaraq malların dəyərinin VM 143-cü maddəsinə əsasən invoice dəyəri ilə uçota alınmalı olduğunu, statistik dəyərin Gömrük qanunvericiliyinə müvafiq olaraq ƏDV-nin hesablanması üçün müəyyən edildiyini, Vergi Məcəlləsində malların statistik dəyərlə qiymətləndirilməsinin nəzərdə tutulmadığını göstərmişdir. Eyni zamanda müraciətlərə əlavə olaraq idxal edilmiş mallar üzrə 20 (iyirmi) sayda yük gömrük bəyannamələrinin invoys dəyərini əks etdirən excell cədvəl məlumatları təqdim edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********249900 nömrəli “Sənədlərin təqdim edilməsi haqqında” məktub göndərilərək müraciətin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədləri (nəzarət kassa aparatından çıxarış, alınmış və təqdim edilmiş malların (işlərin, xidmətlərin) tərkibi, malların hərəkəti cədvəli (excell formada), malların alışı və satışı ilə əlaqədar kassa mədaxil-məxaric sənədlərini, nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədləri və müvafiq dövr üzrə banklarda olan olan bütün valyutalar üzrə hesablaşma hesablarından çıxarışları (bankın möhürü ilə təsdiq olunmuş formada) və araşdırma üçün zəruri hesab olunan digər sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada surətlərini onlayn kargüzarlıq vasitəsilə araşdırmaya təqdim edilməsi xahiş edilmişdir. Kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması ilə bağlı vergi ödəyicisinin müraciətinin birgə araşdırılması məqsədilə xx.xx.2023-cü il tarixli **********062500 nömrəli "Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” məktub göndərilərək Cəmiyyətin rəhbəri (və ya səlahiyyətli nümayəndəsi) xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş, lakin Cəmiyyətin rəhbərinin (və ya səlahiyyətli nümayəndəsinin araşdırmada iştirakı təmin edilməmişdir. Qeyd olunan hal aktla rəsmiləşdirilmiş, müraciətə vergi ödyicisinin iştirakı olmadan baxılmışdır. Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlililər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, iddiaçının şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçınin faktiki mal qalığının müəyyənləşdirilməsi üçün “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” vergi orqanının xx.xx.2023-cü il tarixli **********8075 nömrəli qərarı ilə Cəmiyyətin sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 1 ünvanında “Anbar” adlı təsərüfat subyektində (obyektində) “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə- fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində mal qalığının olmadığı, 15% ticarət əlavəsi və 18% ƏDV tətbiq etməklə 986742,92 manat dəyərində malların elektron qaimə- faktura təqdim etmədən digər vergi ödəyicilərinə satıldığı üçün Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş və operativ vergi nəzarəti tədbirinin nəticəsi xx.xx.2023-cü il tarixli DVX seriyalı 000999 nömrəli akt rəsmiləşdirilmiş, akt vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2391 nömrəli qərarı ilə Cəmiyyətə 98764,30 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi X3 təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışda malların 15 % ticarət əlavəsi ilə satıldığı qeyd edilmişdir. İnzibati araşdırma zamanı kameral vergi yoxlaması ilə Cəmiyyətin xx.xx.2021-ci il tarixində ƏDV qeydiyyatına alınması, xx.xx.2021-xx.xx.2023-cü il tarix aralığında elektron alış aktı üzrə 0,0 manat, elektron qaimə-faktura üzrə alınmış malların dəyəri 0,00 manat, yük- gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə alınmış malların 2944722,29 manat gömrük dəyəri, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən mal qalığı olmaması, malların təqdim edilməsi zamanı tətbiq edilən 15,0 % ticarət əlavəsi, vergi nəzarəti tədbirinə qədər ƏDV bəyannamələrində əks etdirilmiş elektron qaiməfaktura və kassa üzrə 623371,17 manat satış dövriyyəsi nəzərə alınmaqla yaranmış kənarlaşmaya əsasən aparıldığı müəyyən edildi. Belə ki, qeyd olunanlar nəzərə alınmaqla 2023-cü ilin iyun ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə 286307,0 manat ((2944722,29+15%) - 1795836,18 manat (bəyannamələrdə ƏDV dövriyyəsi))*18%= 286307,0) vergi məbləği hesablanmışdır. İnzibati araşdırma zamanı vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər elektron elektron qaimə-fakturalara əsasən 5085,45 manat dəyərində yük gömrük bəyannaməsinin tərtibatı və daşıma ilə bağlı alışının olduğu, idxal əməliyyatları üzrə 35 sayda yük-gömrük bəyannamə məlumatına əsasən alınmış malların gömrük dəyərinin 2944722,29 manat (ƏDV-siz) olduğu, 2023-cü ilin iyun ayı daxil olmaqla təqdim edilmiş ƏDV bəyannamələrində (vergi nəzarəti tədbirindən sonra satılmış mallar nəzərə alınmaqla) dövriyyəsinin 1795836,18 manat olduğu müəyyən edildi. Aparılan araşdırma zamanı Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq ərizə ilə müraciət olunaraq fəaliyyətinin xx.xx.2098-ci il tarixədək (75 il müddətinə) dayandırdığı, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gömrük dəyəri 2944722,29 manat (ƏDV-si 528453,04 manat) təşkil edən müxtəlif çeşiddə avtomobil ehtiyyat hissələri idxal edildiyi, elektron qaimə fakturalar əsasında mallar (xidmətlər əldə edib) alınmadığı, təqdim edilmiş ƏDV bəyannamələrində idxal zamanı ödənilmiş ƏDV məbləğlərinin tam əvəzləşdirildiyi müəyyən edildi. Beləliklə, Dövlət Gömrük Komitəsindən vergi orqanına təqdim edilmiş elektron baza məlumatlarına əsasən Cəmiyyət tərəfindən xx.xx.2021-xx.xx.2023-cü il tarixədək gömrük dəyəri 2944722,29 manat (ƏDV-siz) təşkil edən idxal əməliyyatlarının (avtomobil ehtiyat hissələrinin) aparıldığını, qeyd edilən dövr ərzində malların əldə edilməsi ilə bağlı elektron qaimə-fakturalarla mallar alınmadığını, idxal edilmiş mallara görə gömrük orqanlarına ödənilmiş ƏDV məbləğinin tam qaydada əvəzləşdirdiyini, Cəmiyyətin faktiki mal qalığının müəyyənləşdirilməsi üçün Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə Cəmiyyətin sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 1 ünvanında yerləşən “Anbar” adlı təsərüfat subyektində keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı mal qalığının aşkar edilmədiyini, Cəmiyyətin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş arayışa əsasən satılmış mallar üzrə tətbiq olunmuş ticarət əlavəsinin 15,0% təşkil etdiyini, qeyd olunan dövrlər üzrə ƏDV bəyannaməsində dövriyyənin 1795836,18 manat bəyan edildiyini, bununla da kameral vergi yoxlaması ilə Cəmiyyətin ƏDV qeydiyyatına alındığı tarix, xx.xx.2021-xx.xx.2023-cü il tarix aralığında elektron alış aktı, elektron qaimə-faktura ilə və yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə alınmış malların gömrük dəyəri, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən mal qalığı məlumatı, malların təqdim edilməsi zamanı tətbiq edilən ticarət əlavəsi, vergi nəzarəti tədbirinə qədər ƏDV bəyannamələrində əks etdirilmiş elektron qaimə-faktura və nəzarət kassa aparatı üzrə satış dövriyyəsi nəzərə alınmaqla yaranmış kənarlaşmaya əsasən hesablamanın aparıldığını, inzibati araşdırma zamanı şikayətin təmin edilməsinə əsas olan hallar üzrə təsdiqedici sənədlərin müəyyən edildilmədiyini nəzərə alaraq, Cəmiyyətin inzibati şikayəti təmin edilməməli və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********787000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılmışdır. Vergi Məcəlləsinin: 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.3-1-ci maddəsinə əsasən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndələri ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə, yəni, xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İddia mümkündür.

Faktiki hallar və sübutlar:

İş materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki: - İddiaçı MMC şikayətlərində 2023-cü ilin iyun ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə hesablanmış 286307,00 manat vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına və həmin tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların topdan satışı”ndan ibarət olduğu, ünvan 1 ünvanında “Anbar” adlı təsərüfat subyektinin (obyektinin) vergi orqanında xx.xx.2021-ci il tarixdən qeydiyyatda olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı xx.xx.2021-xx.xx.2023-cü il tarixlərə qədər elektron qaimə-faktura üzrə 0,00 manat, elektron alış aktı üzrə 0,00 manat yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 2944722,29 manat mallar aldığı, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı sənədli mal qalığının olmadığı, ticarət əlavəsinin isə 15 faiz olduğu müəyyən edilmişdir. Vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura və nəzarət kassa aparatı üzrə satış dövriyyə məbləği 1795836,18 manat təşkil etdiyi üçün 2023-cü ilin iyun ayı üzrə 286307,0 manat ƏDV məbləğində malların əskik gəldiyi və təqdim edilmiş ƏDV bəyannamələrinin göstəriciləri ilə müqayisədə kənarlaşmanın olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023- cü il tarixli **********938900 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş uyğunsuzluq məktublarına əsaslandırılmış cavab verilmədiyi, məlumatlar tam təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin iyun ayı üzrə 286307,0 manat əlavə dəyər vergisi məbləği hesablanması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********787000 nömrəli qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisinin faktiki mal qalığının müəyyənləşdirilməsi üçün “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” vergi orqanının xx.xx.2023-cü il tarixli **********8075 nömrəli qərarı ilə Cəmiyyətin sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 1 ünvanında “Anbar” adlı təsərüfat subyektində (obyektində) “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində mal qalığının olmadığı, 15% ticarət əlavəsi və 18% ƏDV tətbiq etməklə 986742,92 manat dəyərində malların elektron qaimə-faktura təqdim etmədən digər vergi ödəyicilərinə satıldığı üçün Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş və operativ vergi nəzarəti tədbirinin nəticəsi xx.xx.2023-cü il tarixli DVX seriyalı 000999 nömrəli akt rəsmiləşdirilmiş, akt vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2391 nömrəli qərarı ilə Cəmiyyətə 98764,30 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi X3 təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışda malların 15 % ticarət əlavəsi ilə satıldığı qeyd edilmişdir. İnzibati araşdırma zamanı kameral vergi yoxlaması ilə Cəmiyyətin xx.xx.2021-ci il tarixində ƏDV qeydiyyatına alınması, xx.xx.2021-xx.xx.2023-cü il tarix aralığında elektron alış aktı üzrə 0,0 manat, elektron qaimə-faktura üzrə alınmış malların dəyəri 0,00 manat, yük- gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə alınmış malların 2944722,29 manat gömrük dəyəri, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən mal qalığı olmaması, malların təqdim edilməsi zamanı tətbiq edilən 15,0 % ticarət əlavəsi, vergi nəzarəti tədbirinə qədər ƏDV bəyannamələrində əks etdirilmiş elektron qaimə-faktura və kassa üzrə 623371,17 manat satış dövriyyəsi nəzərə alınmaqla yaranmış kənarlaşmaya əsasən aparıldığı müəyyən edildi. Belə ki, qeyd olunanlar nəzərə alınmaqla 2023-cü ilin iyun ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə 286307,0 manat ((2944722,29+15%) - 1795836,18 manat (bəyannamələrdə ƏDV dövriyyəsi))*18%= 286307,0) vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qeyd olunan qərarı ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023- cü il tarixli **********787000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********463100 №-li qərarının surətindən müəyyən olunur ki, 2023-cü ilin iyun ayının əlavə dəyər vergisi üzrə; - Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı MMC tərəfindən hesablanmış vergi və sığorta haqqı – 0,00 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmmış kameral vergi yoxlama nəticəsində müəyyən ediliş vergi və sığorta haqqı – 286307,00 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 286307,00 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: xx.xx.2021-ci il tarixində dövlət qeydiyyatınız və ƏDV qeydiyyatınız qüvvəyə minmiş, xx.xx.2021-xx.xx.2023-cü il tarixlərə qədər elektron alış aktı üzrə 0 manat, elektron qaimə-faktura üzrə 0 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 2944722,29 manat mal alışı olmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı sənədli mal qalığınızın olmadığı, ticarət əlavənizin isə 15 faiz olduğu müəyyən edilmişdir. ƏDV bəyannamələrində əks etdirilmiş vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura, ixrac və kassa üzrə satış dövriyyə məbləği 1795836,18 manat təşkil etdiyindən, 2023-cü ilin iyun ayı üzrə 286307 manat vergi məbləği qədər malların əskik gəlməsi istiqamətində kənarlaşmalar yaranmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Vergi Məcəlləsi.

Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar. ... 13.2.4. vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. ... Maddə 37. Kameral vergi yoxlaması. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. ... Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. ... Maddə 72. Vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası. 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir. 72.6. Vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir: 72.6.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; 72.6.2. vergi dövrü əks olunmadıqda; 72.6.3. vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda; 72.6.4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda. 72.6.5. Vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələlərinə uyğun olmadıqda. 72.7. Bu Məcəlləyə və ya digər qanunvericilik aktlarına müvafiq olaraq vergi orqanına təqdim edilmiş vergi hesabatı bu Məcəllənin 72.6.1-72.6.5-ci maddələrində müəyyən edilmiş hallarda qəbul edilmədikdə, hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklər aradan qaldırılaraq vergi orqanına təqdim edilməsi barədə bildiriş göndərilir. ... Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması. 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; ... 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada)

143. Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır. 162.1. Vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. 162.2. Bu Məcəllənin 171.2-ci maddəsinə uyğun olaraq idxalın bir hissəsi kimi sayılan xidmət göstərildikdə, onun ƏDV nəzərə alınmadan dəyəri bu Məcəllənin 162.1-ci maddəsində göstərilən dəyərə əlavə edilir. 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır (müəyyən edilmişdir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. İstinad olunan qanunvericilik normaları ilə birmənalı, konkret olaraq müəyyən edilir ki, Vergi Məcəlləsinin 67.1-ci maddənin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Həmin maddədən göründüyü kimi, qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Vergi orqanı vergi məbləğini yalnız həmin maddədə qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablaya bilər. Vergi Məcəlləsinin 139.2-ci və 143-cü maddələrinin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmçinin, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər daxil edilir. Qanunvericiliyin tələblərinə görə vergitutma məqsədləri üçün mallar invoys dəyəri ilə uçotda əks etdirilməlidir. Lakin cavabdeh göstərilən normaların tələblərinə zidd olaraq malların alışını invoys dəyəri ilə nəzərə almamışdır. Qeyd olunmalıdır ki, malın invoys dəyərinin əsas götürülməsi ilə bağlı oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi qərarlarında da belə əsaslandırılmışdır (2-1(102)- 1239/2022 saylı xx.xx.2022-ci il tarixli və 2-1(102)- 2025/2022 saylı xx.xx.2022-ci il tarixli qərarlar). Beləliklə, hazırkı mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, vergi ödəyicisinə əlavə verginin hesablanması haqqında mübahisələndirilən qərar cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Vergi Məcəlləsinin: - 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 24.0 və 24.1-ci maddələrinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. - 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. - 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı barəsində qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********463100 nömrəli qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar