Məhkəmə qərarları › İş №e-2-1(112)-11307/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11307/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11307/2021 24.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, X3 kаtibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “adın, soyadın və ata adının dəyişdirilməsi” tələbinə dair tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun ad, ata adı və soyadının “İddiaçı”ndan “X8”na dəyişdirilməsi öhdəliyinin cavabdeh 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı müəyyən zəruri səbəblərdən ötrü 2015-ci ildə ad, soyad, ata adını dəyişdirmişdir. Bu fakt 24 aprel 2015-ci il tarixli Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında Şəhadətnamədə öz əksini tapmışdır. Bu dəyişiklikdən əvvəlki ad, soyad, ata adı X8 idi. Üzləşdiyi bir sıra problemlərə görə indiki ad, soyad, ata adını (İddiaçı) dəyişdirib əvvəlki ad, soyad, ata adına (X9) qayıtmaq istəyi ilə əlaqədar 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etsə də onun vəziyyəti, əsaslı səbəbləri nəzərə alınmadan müraciətinə imtina cavabı verilmişdir. İmtina cavabı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli 79 saylı Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”nın 6.3-cü bəndində qeyd olunmuş məhdudiyyətlər ilə əsaslandırılmışdır. Nəticədə, bir vətəndaş kimi onun hüquqları pozulmuşdur. Məhz bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, ad, soyad, ata adı dəyişikliyi ilə əlaqədar bu illər ərzində xeyli problemlərlə üzləşməli olur. Bu məsələdən yaranan narazılıqlara görə mərhum anası ondan küsülü halda dünyasını dəyişmişdir, qardaşları hələ də onunla küsülüdürlər, həyat yoldaşı X7 ilə boşanmalı olmuşlar. Eyni səbəbdən birgə nikahdan olan qızları X6 və X2 da ata adı və soyad qeydiyyat məlumatlarında göründüyü kimi fərqlilik vardır. Bu ad, soyad, ata adı dəyişikliyi onunla və ailəsi ilə bağlı bütün sənəd məsələlərində qarışıqlıq yaradır, müxtəlif problemlərə səbəb olur. Belə ki, dövlət orqanları, xəstəxanalar və digər qurumlarda qızlarının onunla və bir-biri ilə qohumluq əlaqələri vaxtında və düzgün təsdiq oluna bilmir. Övladlarının gələcəyini düşünən bir ata kimi gələcəkdə qızlarının bu soyad-ata adı fərqliliyinə görə bacı olaraq qohumluq əlaqələrində problem yaşamamalarını və ondan sonra vərəsəlik işlərində sənədləşmə əngəlləri ilə üzləşməmələrini istəyir. Həmçinin bu səbəbdən ondan ayrılmış həyat yoldaşının da barışıq və yenidən nikaha daxil olmaq üçün qoyduğu şərt, məhz onun indiki ad, soyad, ata adını dəyişdirib əvvəlki ad, soyad, ata adına qayıtmağıdır. Bundan əlavə, göründüyü kimi hazırkı tarixdə onun heç bir borc, zaminlik öhdəliyi və məhkumluğu yoxdur. Yəni ad, soyad, ata adını dəyişdirib yenidən əvvəlki ad, soyad, ata adına qayıtmaq istəməyinin heç bir qeyri-qanuni səbəbi yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan məhkəməyə ünvanladığı 26.11.2021-ci il tarixli, 05/Q-4965/13 nömrəli məktubunda iddia tələbinə dair etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 aprel 2015-ci il tarixli, AZ-İ 012481 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X5 adı, soyadı, ata adı “X8”ndan “İddiaçı”na dəyişdirilmiş, bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 24.04.2015-ci il tarixdə 37 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZE seriyalı 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə Saatlı rayonu, Oktyabrabad kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən 01.11.2021-ci il tarixli, 05Q-4696/13 nömrəli məktubla göndərilmiş İddiaçı ad, ata adı və soyadının “X8”ndan “İddiaçı”na dəyişdirilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətindən görünür ki: - 17.12.1990-cı il tarixli doğum haqqında bərpa akt qeydinə əsasən X8 xx.xx.1975-ci ildə Saatlı rayonu, Oktyabrabad kəndində anadan olmuş, atası X10, anası X4r. - 30.01.2015-ci il tarixdə verilmiş AZ-İİİ 479692 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X8 xx.xx.1975-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 17.12.1990-cı il tarixdə 100 nömrəsi ilə qeyd edilmişdir. - AZE seriyalı 13993446 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.1975-ci ildə Saatlı rayonu, Oktyabrabad kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. - Səbail Rayon Polis İdarəsinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə ünvanladığı vətəndaş X1, adının və ata adının dəyişdirilməsinin mümkünlüyü ilə əlaqədar yoxlamanın nəticəsi barədə 15 aprel 2015-ci il tarixli rəydə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 9 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının, adlarının və ata adlarının dəyişdirilməsi ilə əlaqədar vəsatətlərə baxılma qaydası haqqında” Əsasnaməyə uyğun olaraq BPQM-nin Qeydiyyat və şəsiyyət vəsiqəsi şöbəsi tərəfindən X1, adının və ata adının İddiaçı yazılması barəsində 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsindən daxil olmuş material əsasında müvafiq yoxlamalar aparılmışdır. Ərizəçinin şəxsiyyəti ətrafında, eləcə də soyadının istintaqdan, məhkəmədən yayınmaq məqsədi ilə, yaxud digər məqsədlər üçün dəyişdirilməsinin mümkünlüyü ilə əlaqədar aparılan yoxlamanın nəticələrinə əsasən müəyyən edildi ki, daxili işlər orqanlarında vətəndaş X5 barəsində təqsirləndirici material yoxdur. - 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin X5 adının, ata adının və soyadının dəyişdirilməsi haqqında 23.04.2015-ci il tarixli rəyindən müəyyən olunur ki, X8 öz arzusuna əsasən adı, soyadı və ata adının “X8”ndan “İddiaçı”na dəyişdirilməsinə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən icazə verilmişdir. - 25 aprel 2015-ci il tarixdə verilmiş AZ-İİİ 524138 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Saatlı rayonunda anadan olmuş anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 17.12.1990-cı il tarixdə 100 nömrəsi ilə qeyd edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı 28.09.2021-ci il tarixli, 05Q/-88/55 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”nın 6.1-ci bəndinə əsasən “Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir”. Qaydaların 6.3-cü bəndinə əsasən isə “Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir”. Soyadınızı, adınızı və ata adınızı “İddiaçı”ndan “X8”na dəyişdirmək istəyiniz ilə bağlı bildirilir ki, sizin soyadınız, adınız və ata adınız 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 24.04.2015-ci il tarixli 37 №-li adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydinə əsasən “X8”ndan “İddiaçı”na dəyişdirilmişdir. Soyadınızın, adınızın və ata adınızın yenidən dəyişdirilməsi üçün Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş halların heç biri sizdə olmadığından ərizənizin təmin olunması imkan xaricindədir. Beləliklə işin hallarından görünür ki, iddiaçının əvvəllər adı, soyadı və ata adı X8 olmuş, daha sonra soyadını “X8”dan “İddiaçı”na dəyişdirmiş, bu barədə soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 24.04.2015-ci il tarixdə 37 nömrəsi ilə qeyd edilmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı növbəti dəfə ad, soyad və ata adının əvvəlki ad, soyad və ata adına dəyişdirilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və iddianı qanunla müəyyən olunmuş müddət daxilində təqdim etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş, cavabdehin 28.09.2021-ci il tarixli imtina cavabını aldıqdan sonra 11.10.2021-ci il tarixdə məhkəmədə iddia qaldırmaqla 30 günlük iddia müddətini ötürməmişdir. İddia mahiyyət üzrə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsində göstərilmişdir ki, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: -6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; -6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; -6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir; -6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur; -6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar; -6.26-cı bəndinə görə hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir; -6.27-ci bəndinə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; -6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi qanunvericilik ad, soyad və ata adının təkrar dəyişdirilməsi üçün ilk dəfə dəyişdirilmədən fərqli olaraq bir qədər məhdudlaşdırıcı qayda müəyyən etmişdir. Belə ki, adın, soyadın və ata adının növbəti dəfə dəyişdirilməsinə ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla, yalnız yuxarıda qeyd edilən Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İşin hallarından müəyyən olunur ki, iddiaçı adın, soyadın və ata adının dəyişdirilməsi ilə bağlı qanunvericiliyin ona verdiyi hüquqdan artıq bir dəfə istifadə etmişdir. Ad, soyad və ata adının növbəti dəfə dəyişdirilməsi isə yalnız Qaydaların yuxarıda sadalanan 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş konkret hallardan birinin olduğu halda mümkün hesab edilə bilər ki, hazırkı iş üzrə iddiaçıya münasibətdə həmin hallar mövcud deyildir. Məhkəmə iddiaçının hazırkı halda əvvəlki ad, soyad və ata adına qayıtmaması ilə bağlı iddia ərizəsində qeyd etdiyi çətinliklərlə bağlı isə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın 6.25-ci bəndinə görə atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Həmin Qaydaların 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Göründüyü kimi qanunvericilik fiziki şəxsin ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı rəsmi sənədlərinin onun müvafiq ad, soyad və ata adına uyğun dəyişdirilməsi və onun nəticələrinin riskini bilavasitə fiziki şəxsin özünə aid etmişdir. Yetkinlik yaşına çatmış şəxslərin isə valideyninin adının, ata adının və soyadının dəyişdiyi halda öz ərizələri əsasında müvafiq olaraq akt qeydlərində dəyişiklik edilməsini tələb etmək hüququ mövcuddur. Beləliklə, iddiaçının adın, soyadın və ata adının dəyişdirilməsi barədə müraciətinin təmin edilməsindən cavabdehin imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “adın, soyadın və ata adının dəyişdirilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “adın, soyadın və ata adının dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar