Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1132/2024 24.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X24 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0.0667 ha torpaq sahəsi üzərinə İddiaçı mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə bir vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışın verilməsi üçün xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdehin xx.xx.2023-cü il tarixli bildirişi ilə ərizənin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. X15 notarial qaydada xx.xx.2008-ci il tarixli, AN - İ Na ******* nömrəli alqısatqı müqaviləsi bağlayaraq, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 507.1 kv.m, köməkçi sahəsi 466.8 kv.m, yaşayış sahəsi 40.3 kv.m olan, 2 (iki) otaqlı 41 nömrəli fərdi yaşayış evini İddiaçı satmışdır. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən MH seriyalı ******* nömrəli çıxarış verilmişdir. Çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Mərdəkan qəsəbəsi, H. Ərəblinski küçəsində istifadədə olan 0.06067 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 40.3 kv.m yaşayış, 466.8 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 9668 nömrəli vərəqində qeydiyyata alınmışdır. Faktiki olaraq İddiaçı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq istədiyi torpaq sahəsi onun istifadəsindədir, həmçinin həmin torpaq sahəsinin üzərində onun şəxsi mülkiyyətində olan ev mövcuddur. Bundan başqa qeyd edilən yaşayış evinin texniki pasportu mövcuddur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9553/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X16 və X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X16 və X4 üçüncü şəxs qismində prosessual iştiraklarına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd edilən fərdi yaşayış evinin ilkin qeydiyyata alınması üçün əsas olmuş Bakı şəhəri, Əzizbəyov (hazırkı Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 10 aprel 1998-ci il tarixli, 278 saylı və 04 dekabr 2000-ci il tarixli 1266 saylı sərəncamları əvvəlki mülkiyyətçilər tərəfindən başqa torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan zaman istifadə edilmiş və sonradan alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilərək hazırda X9 və X5 mülkiyyətindədir. Qeyd olunanlarla yanaşı, iddiaçı tərəfindən təqdim edilən “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” 2001-ci il yanvarın 1-dən sonrakı tarixdə tərtib edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, İdarənin arxivində mövcud olan texniki pasport ilə göstərilən fərdi yaşayış evinin və torpaq sahəsinin konfiqurasiyasında fərq mövcuddur. Fərdi yaşayış evinin ümumi sahəsi 507.1 kv.m təşkil etməklə 1 mərtəbəli, 2 yaşayış otağından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı) Fərmanının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə təqdim etdiyi iddia tələbinin dəqiqləşmə ərizəsində İddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, öhdəliyin üzərinə qoyulmasına dair verilmiş iddia ərizəsinin “Xahiş edirəm” hissəsində “0.18324 ha torpaq sahəsi” sözlərini “0.24391 ha torpaq sahəsi” sözləri kimi qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi ünvan 1 ünvanında yerləşən 0.24391 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi şəklində icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştrak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********91 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Bakı şəhəri, xx.xx.2001-ci il tarixli Əzizbəyov rayon mənzil-kommunal təsərrüfat birliyi və evtikdirən X25 arasında bağlanmış müqaviləyə əsasən Əzizbəyov İcra Hakimiyyətinin xx.xx.1977-ci il tarixli qərarına müvafiq olaraq Mərdəkan qəsəbəsi, 9/12 saylı sahədə, fəsadı 14,83 m, arxa cəhəti 14,83 metr, sağ cəhəti 11,0 metr, çöl sahəsi 11,0 metr, ümumi sahəsi 1200 kv.m olmaqla müddətsiz istifadə etmək hüququ əsasında torpaq sahəsi verilmişdir. Bu 54,7 kv. m ölçüdə 4 otaqdan ibarət həyətyanı tikililəri ilə 1998-ci il 278 nömrəli 185-000-111 s tipli layihəyə tam müvafiqdir. -Bakı şəhəri, xx.xx.2001-ci il tarixli Əzizbəyov rayon mənzil-kommunal təsərrüfat birliyi ilə X26 arasında bağlanmış müqaviləyə əsasən Mərdəkan qəsəbəsi, 9/12 saylı sahədə, fəsadı 14,85 m, arxa cəhəti 14,85 metr, sağ cəhəti 8,2 metr, çöl sahəsi 8,2 metr, ümumi sahəsi 1200 kv.m olmaqla müddətsiz istifadə etmək hüququ əsasında torpaq sahəsi verilmişdir. Bu 66,0 kv. m ölçüdə 5 otaqdan ibarət həyətyanı tikililəri ilə 2000-ci il 1266 nömrəli 185-000-111 s tipli layihəyə tam müvafiqdir. - Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2001-ci il tarixli, 719 nömrəli sərəncamına əsasən Mərdəkan qəsəbəsi, 9/12 və 9/12»a» saylı sahədə vət.X25 və X12 1 mərtəbəli .2 yaşayış otağı sahəsi - 40,3 kv.m köməkçi sahə - 466,8kv.m, torpaq sahəsində, tövlə - 39,6 kv.m olan cəmi: torpaq sahəsi - 2439 kv.m yaşayış evi və torpaq sahəsinin qeydiyyata alınması, Bakı şəhər Texniki İnventarlaşdırma bürosundan və Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 19/338 nömrəli qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib vət. X23 və X12 adına qeydiyyat vəsiqəsi və texniki pasport verilməsinin xahiş edilməsi qərara alınmışdır. -157341 nömrəli xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yaşayan X25 və X26 TİB-dən kit. 06 səh.881, qeydalma 30/881, xx.xx.2002-ci ildə alınmış qeydiyyat vəsiqəsinə əsasən ünvan 4 ünvanında yerləşən, faktiki 0.2439 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 507.1 kv.m, köməkçi sahəsi 466.8 kv.m, yaşayış sahəsi 40.3 kv.m olan, 2 (iki) otaqlı fərdi yaşayış evini X3. -AN – İ ******* nömrəli, xx.xx.2008-ci il tarilxi Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən satıcı X17 ünvan 4 ünvanında, faktiki 0.2439 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 507.1 kv.m, köməkçi sahəsi 466.8 kv.m, yaşayış sahəsi 40.3 kv.m olan, 2 (iki) otaqlı fərdi yaşayış evini alıcı İddiaçı mülkiyyətinə verir. Satılan ev Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən reyestr kitabı 06. Səhifə 881, qeydiyyatı 30/22081, xx.xx.2002-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsi əsasında satıcıya məxsusdur. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsində istifadədə olan 0.06067 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 40.3 kv.m yaşayış, 466.8 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2009-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********48 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2002-ci il tarixdə tərtib edilmiş X26 və X14 adına tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportuna əsasən texniki pasport Əzizbəyov RİH-nin 719 saylı, xx.xx.2001-ci il tarixli sərəncamı əsasında çəkilmiş, torpaq sahəsi sənədlə 2400 kv.m, həqiqi 2439,1 kv.m, tikinti altında 606,7 kv.m, A tikilisi yaşayış otaqları 2. Ümumi sahəsi 507.1, yaşayış 40.3, köməkçi 466,9 kv.m təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********74 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1998-cü il tarixli, 278 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.M.Topçubaşov küçəsi, 82 saylı evin 23 saylı mənzilində yaşayan, “X40 Servis” idarəsində işləyən, 4 nəfər ailə tərkibindən ibarət olan vətəndaş X18 Mərdəkan qəsəbəsində 9/12 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Evin tikintisi təsdiq edilmiş 185-000- 111 s tipli layihə əsasında aparılmalıdır. - Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 1266 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Topçubaşov küçəsi, 62 saylı evdə yaşayan X19 Mərdəkan qəsəbəsində 9/12 “a” saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Evin tikintisi təsdiq edilmiş 185-000-111 s tipli layihə əsasında aparılmalıdır. -Mərdəkan qəsəbəsində vətəndaş X19 ayrılan 9/12 a saylı sahənin sxemi və xəritədən çıxarışı Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini, Əzizbəyov RİH Mərdəkan qəsəbə nümayəndəsi tərəfindən imzalanmış və RİH-nə aid möhür ilə təsdiq edilmişdir. -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin **********3000326 nömrəli xx.xx.2007-ci il tarixli torpaq sahəsinin kadastr planına əsasən kadastr planı X12 adına Əzizbəyov RİH Başçısının xx.xx.2000-ci il tarixli 1266 saylı sərəncamı ilə 9/12a saylı fərdi yaşayış evi tikintisi üçün ayrılan 1200 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Kadastr planında torpaq sahəsinin ölçüsü, yerləşdiyi zona, normativ qiyməti və əsas döngə nöqtələrinin koordinatları əks olunmuşdur. -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin **********3000436 nömrəli xx.xx.2007-ci il tarixli torpaq sahəsinin kadastr planına əsasən kadastr planı X14 adına Əzizbəyov RİH Başçısının xx.xx.1998-ci il tarixli 278 saylı sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün ayrılan 1200 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Kadastr planında torpaq sahəsinin ölçüsü, yerləşdiyi zona, normativ qiyməti və əsas döngə nöqtələrinin koordinatları əks olunmuşdur. - AN – İ ******* nömrəli xx.xx.2007-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, satıcı X26 adından etibarnamə əsasında X25 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 11/2680 nömrəli arayışa əsasən, Bakı şahəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 9/12 a ünvanında yerləşən 0.12 ha torpaq sahəsini alıcı X10 mülkiyyətinə verir. Satılan torpaq sahəsi qydiyyat nömrəsi ********* qeydiyyat tarixi xx.xx.2007-ci il tarixdə verilmiş MH seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında satcıya məxsusdur. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 9/12 “a” saylı ölçüsü 0.12 ha olan torpaq sahəsi mülkiyyət hüququ üzrə X9 adına xx.xx.2007-ci il tarixdə ********* nömrəsi ilə qeydiyyata alınmışdır. -AN–İ ******* nömrəli xx.xx.2010-cu il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, satıcı X25 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş 11/21075 nömrəli arayışa əsasən, ünvan 6 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsini alıcı X5 mülkiyyətinə verir. Satılan torpaq sahəsi xx.xx.2007-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən satıcıya məxsusdur -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında MA seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, 6-cı döngə, 41B saylı ölçüsü 0.228 kv.m. olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X5 adına xx.xx.2010-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında MA seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi 4, 5/176 saylı ölçüsü 0.21 kv.m. olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X27 adına xx.xx.2010-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - AN – İ ******* nömrəli xx.xx.2010-cu il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, satıcı X35 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş 11/21076 nömrəli arayışa əsasən, ünvan 7 ünvanında yerləşən 0,21 hektar torpaq sahəsindən 1080.0 kv.m-ni alıcı X5 mülkiyyətinə verir. - AN – İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, satıcı X8 ünvan 8 ünvanında yerləşən 0.28 ha torpaq sahəsinin 0.1635 ha hissəsini X36 mülkiyyətinə verir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********04 nömrəli məktubundan görünür ki, İddiaçı Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi ünvanında yerləşən 41 saylı yaşayış evinin torpaq sahəsinin tikintialtı sahəsi hər hansı fiziki şəxsin adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşmür. Həmçinin **********94 və **********83 reyestr nömrəli çıxarışlar əsasında X20 və X5 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********94 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, fərdi yaşayış evi 2 otaqdan ibarətdir, hüquq müəyyənedici sənəd üzrə və faktiki olaraq y/s – 40.3, k/s – 466.8, ümumi sahəsi – 507.1 kv.m-dir. Torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 2400.0 kv.m-dir, faktiki olaraq isə 3110.0 kv.m-dir. Torpaq sahəsinin bir tərəfi yol, üç tərəfi qonşudur. Arxiv texniki pasporta əsasən A yaşayış evi və torpaq sahəsinin konfiqurasiyasında fərq vardır. Yaşayış evi 1 mərtəbəli 2 yaşayış otağından ibarətdir. Sənədə əsasən torpaq sahəsi 2400 kv.m, faktiki isə 3110 kv.m təşkil edir. 710 kv.m torpaq sahəsi artıqdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********24 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, qeyd edilən fərdi yaşayış evinin ilkin qeydiyyata alınması üçün əsas olmuş Bakı şəhəri, Əzizbəyov (hazırkı Xəzər) Rayon İcra Hakimiyyətinin 10 aprel 1998-ci il tarixli, 278 saylı və 04 dekabr 2000-ci il tarixli 1266 saylı sərəncamları mülkiyyətçilər tərəfindən başqa torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan zaman istifadə edilmiş və sonradan alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Qeyd olunanlarla yanaşı, istinad edilən Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu 2001-ci ildən sonrakı tarixdə tərtib edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsassızdır. Hazırkı işdən müəyyən olunur ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsində faktiki 2439,1 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 40.3 kv.m yaşayış, 466.8 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinin xx.xx.2009-cu il tarixdən xüsusi mülkiyyətçisidir. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 2439,1 kv.m ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını mübahisələndirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; -8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; -8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları; -8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); -8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;[ -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. -8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; -8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; -8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi ilkin olaraq X25 və X19 məxsus olmuş, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2001-ci il tarixli, 719 nömrəli sərəncamına əsasən 2439 kv.m yaşayış evi və torpaq sahəsinin sonuncuların adlarına qeydiyyata alınması, bununla bağlı müvafiq sənədlərin verilməsinin Bakı şəhər Texniki İnventarlaşdırma bürosundan xahiş edilməsi qərara alınmışdır. Daha sonra 0.2439 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 507.1 kv.m, köməkçi sahəsi 466.8 kv.m, yaşayış sahəsi 40.3 kv.m olan, 2 (iki) otaqlı fərdi yaşayış evi xx.xx.2002-ci ildə X25 və X12 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmiş, 157341 nömrəli xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncular həmin evi X13, X17 isə xx.xx.2008-ci il tarixli müqavilə ilə İddiaçı satmışdır. Başqa sözlə, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ayrılması ilə bağlı ilkin hüquqmüəyyənedici sənədlər aşkar olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Siyahının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: -2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; -2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; -2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; -2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); -2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; -2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; -2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar hüquqların qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi yuxarıda adıçəkilən Siyahıda yaşayış və bağ evlərinin altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər sadalanmışdır ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair həmin sənədlərdən hər hansı biri təqdim edilməmişdir. İddiaçıya aid əmlakın yerləşdiyi torpaq sahəsinin ilə bağlı sənəd və iddiaçının da mülkiyyət hüququnu təsdiq edən sənəd kimi istinad etdiyi hüquqmüəyyənedici sənəd həmin fərdi yaşayış evinə dair xx.xx.2002-ci il tarixdə X26 və X14 adına tərtib edilmiş texniki pasportdur ki, həmin texniki pasportun özündə ilkin sənəd kimi Əzizbəyov RİH-nin 719 saylı, xx.xx.2001-ci il tarixli sərəncamına istinad edilmiş və torpaq sahəsinin faktiki 2439,1 kv.m təşkil etdiyi qeyd edilmişdir. İddiaçının təqdim etdiyi adıçəkilən texniki pasport həmin Siyahıda qeyd edilməmişdir. Belə ki, Fərmanla təsdiq edilmiş Siyahının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportların müvafiq əmlaka hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Təqdim edilən texniki pasport cavabdeh Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş texniki sənəddir. Eyni zamanda Siyahının 2.4-cü bəndində torpaq sahələrinə münasibətdə hüquqmüəyyənedici sənəd kimi xx.xx.2001-ci il tarixədək tərtib edilmiş o texniki pasportlar nəzərə alınır ki, həmin tarixədək texniki pasportu tərtib edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış olsun. Hazırkı iş üzrə isə sözügedən ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları xx.xx.2002-ci ildə qeydiyyata alınmış, texniki pasport xx.xx.2002-ci il tarixdə tərtib edilmiş, yəni iddiaçının istinad etdiyi 2439,1 kv.m ölçüdə torpaq sahəsi ilə bağlı texniki pasport xx.xx.2001-ci il tarixədək tərtib edilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi qanunverici vətəndaşların qanuni istifadəsində olan o torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyatını nəzərdə tutur ki, torpaq sahələri ilkin torpaqayırma sənədləri əsasında istifdəyə verilmiş olsun və həmin torpaq sahələrinin istifadəyə götürüldüyü ölçü bəlli olmuş olsun. Hazırkı iş üzrə yuxarıda da qeyd edildiyi kimi iddiaçının iddia etdiyi fərdi yaşayış evinin tikintisi üçün torpaqayırma sənədi yoxdur, torpaq sahəsinin istifadəyə verilərkən hansı ölçüdə verildiyi barədə ilkin sənədlərdə qeydləri mövcud deyildir. İddia olunan əmlakın yerləşdiyi torpaq sahəsi ilə bağlı sənəd yalnız ilkin olaraq 2002-ci ildə tərtib edilmiş texniki pasportdur ki, həmin texniki pasport qanunla müəyyən edilmiş qayadada hüquqmüəyyənedici sənəd qismində deyil, yalnız fərdi yaşayış evinə dair verilmiş reyestrdən çıxarışın tərkib hissəsi olan texniki sənəd statusunda çıxış edir. Qeyd edilənlərə əsasən yuxarıda adıçəkilən qanun normaları iddiaçının iddia tələbinə münasibətdə tətbiq edilməməlidir. Bundan əlavə istinad olunan Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1998-cü il tarixli, 278 nömrəli sərəncamı X18 Mərdəkan qəsəbəsində 9/12 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılması barədə olub həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin **********3000436 nömrəli xx.xx.2007-ci il tarixdə X14 adına kadastr planı tərtib edilmiş, mülkiyyət hüququna dair xx.xx.2007-ci il tarixdə reyestrdən çıxarış verilmiş və xx.xx.2010-cu il tarixli müqaviə ilə sonuncu tərəfindən torpaq sahəsi X1. Eyni zamanda Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 1266 nömrəli sərəncamı X19 Mərdəkan qəsəbəsində 9/12 “a” saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılması barədə olub, həmin torpaq sahəsi ilə bağlı Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini, Əzizbəyov RİH Mərdəkan qəsəbə nümayəndəsi tərəfindən yerləşmə cizgisi tərtib edilərək təsdiq edilmiş və həmin torpaq sahəsi ilə bağlı X12 adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin **********3000326 nömrəli xx.xx.2007-ci il tarixli torpaq sahəsinin kadastr planı tərtib edilmiş, mülkiyyət hüququna dair xx.xx.2007-ci ildə reyestrdən çıxarış verilmiş və xx.xx.2007 il tarixli müqaviə ilə torpaq sahəsi X2. Hər iki torpaq sahəsi İddiaçı Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi ünvanında yerləşən 41 saylı yaşayış evinin torpaq sahəsi ilə üst-üstə düşmür. Beləliklə, göründüyü kimi yuxarıda adıçəkilən torpaq sahəsinin ayrılması barədə sərəncamlar iddiaçıya aid fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşməyən başqa torpaq sahələrinə aid olub həmin sənədlər əsasında digər şəxslərin mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Adıçəkilən sərəncamlar iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə, iddiaçı torpaq sahəsinə hüququn qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı birini təqdim edə bilməmişdir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən müraciətin təmin edilməsindən imtina əsaslıdır və iddiaçıların hüquqlarının pozulması kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-1132/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1132/2024
24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver