Məhkəmə qərarları › İş №e-2-1(112)-11325/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11325/2023

13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11325/2023 13.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 13 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanda yerləşən 0,03 ha torpaq sahəsi (bundan sonra – torpaq sahəsi) mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra - iddiaçı) məxsusdur. Torpaq sahəsi üzərində tikili inşa edilmiş, həmin tikilinin eskiz layihəsi tərtib edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Səbail rayon İcra Hakimiyyətinə məktubla müraciət edərək (396977950 № li məxaric qəbzi, SS801515786 AZ № li gəndəriş, xx.xx.2023-cü il tarixli poçt rabitəsi vasitəsi ilə) həmin torpaq sahəsində hündürlüyü 11,6 metr, 3 mərtəbəli fərdi yaşayış evi inşa edilməsi barədə məlumat vermişdir. İddiaçı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixdə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, təqdim edilmiş layihədə fərdi yaşayış evi qeyd edilsə də, texniki inventarlaşdırma işləri aparılan zaman faktiki çoxmərtəbəli yaşayış binasının inşa olunduğu müəyyən edilmişdir. Odur ki, məlumatlandırma icraatı qaydasında deyil, tikintisine icazə tələb olunan sənədlər təqdim edilməlidir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən, “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyalı 0,03 ha torpaq sahəsində inşa edilmiş, yarımzirzəmi, birinci, ikinci, üçüncü mərtəbələr və damdan ibarət 3 mərtəbəli, ümumi hündürlüyü 11,6 metr 3 mərtəbəli fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması, həmin torpaq sahəsi və tikiliyə dair vahid çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsassızdır. Belə ki, məlumatlandırma icraatının aid olduğu binanın mərtəbə sayı 3 mərtəbəyəcən ola bilər. Bu səbəbdən imtinada göstərildiyi kimi tikilinin “çoxmərtəbəli yaşayış binası” olması, həmin tikilinin məlumatlandırma icraatının tətbiq olunduğu tikililərə aid olmasını istisna etmir. Mübahisə predmetini təşkil edən yaşayış sahəsi məlumatlandırma icraatının tətbiq olunduğu fərdi yaşayış evidir. Məlumatlandırma icraatının tətbiq edildiyi tikililər üzərində mülkiyyət hüququnun qeydə alınması üçün zəruri sənədlər cavabdehə təqdim edilmişdir. Cavabdeh tərəfindən hüququn qeydə alınmasından əsassız olaraq imtina edilmiş, həmin imtina qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmamışdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş layihəyə əsasən 1, 2 və 3-cü mərtəbələr çoxmənzilli yaşayış binası kimi 6 ədəd mənzilə bölünmüşdür. Həmçinin mərtəbələrdə mənzillərin layihədə nəzərdə tutulmuş arakəsmə divarları inşa edilməmiş və daxildə tavan və döşəmələr quraşdırılmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndiriıməyən hallarına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanda yerləşən 0,03 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir və iddiaçı torpaq sahəsində tikili inşa etmişdir. İddiaçı həmin tikilinin fərdi yaşayış evi kimi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı məlumatlandırma icraatı qaydasında cavabdehə müraciət etmişdir. Cavabdeh həmin tikilinin fərdi yaşayış evi kimi deyil, çoxmərtəbəli yaşayış binası kimi layihələndirilməsini əsas gətirərək məlumatlandırma icraatı qaydasında deyil, tikiliyə icazə ilə bağlı sənədlərin təqdim edilməli olmasını göstərərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsasları qeyd edilmişdir: Həmin normada Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair iki fərqli prosedur müəyyənləçdirilmişdir (maddə 8.0.10): tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə (maddə 8.0.10.1); məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd (maddə 8.0.10.2). Hazırkı mübahisənin yaranmasına əsas da bu normanın tətbiqi ilə bağlı iddiaçı və cavabdeh arasında yaranmış fikir ayrılığı ilə bağlıdır. İddiaçı inşa edilmiş tikilinin fərdi yaşayış evi kimi qeydə alınmalı olmasını bildirərək 8.0.10.2-ci maddədə göstərilən şərtlərə əməl etmişdir. Cavabdeh isə normanın 8.0.10.1-ci maddəsinə istinad edərək tikilinin faktiki olaraq çoxmərtəbəli yaşayış binası kimi layihələndirilməsini əsas gətirib, tikintisinə icazə tələb olunan prosedurlara əməl edilməli olmasını göstərmişdir. Belə olan təqdirdə məlumatlandırma icraatı ilə tikintisinə icazə tələb ounan tikililərin fərqləndirilməsi zəruridir. Məlumatlandırma icraatının tətbiq olunduğu tikililərin kriteriyalarını müəyyən edən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. İstinad edilən normalardan göründüyü kimi, Məcəllədə məlumatlandırma icraatının hansı tikililərə tətbiq edilməsi konkret olaraq göstərilmiş, eyni zamanda həmin tikililərin tikintisinə icazənin alınmasının tələb olunmaması qeyd edilmişdir. Belə ki, hər hansı tikilinin (fərdi yaşayış evinin) məlumatlandırma icraatı qaydasında sənədləşdirilməsi üçün: 1) yerüstü mərtəbələrinin sayı 3-dən; 2) hündürlüyü 12 metrdən; 3) aşırımlarının uzunluğu 6 metrdən çox olmamalıdır. Hazırda iddiaçının inşa etdiyi tikilinin bu göstəricilər çəçrçivəsində olmasını cavabdeh də mübahisələndirmir. Eyni zamanda bu hal cavabdehin nümayəndəsinin iştirakı ilə mübahisəli tikilinin yerində müayinəsi zamanı da öz təsdiqini tapmışdır. Cavabdeh mübahisəli tikilinin çoxmərtəbəli yaşayış binası kimi layihələndirilməsini qeyd edir. Məhkəmə qeyd edir ki, göstərilən kriteriyalardan kənara çıxmamaqla inşa edilmiş tikilini cavabdeh öz mülahizəsinə əsasən çoxmərtəbəli yaşayış binası kimi qiymətləndirə bilməz. Bu barədə cavabdeh hər hansı bir normaya istinad etməmiş, həmçinin həmin otaqların mənzil olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericliyin tələblərinə əsasən iddiaçıya 3 mərtəbədən çox olmayan evin fərdi yaşayış evi kimi layihələndirilməsi imkanı nəzərdə tutulmuşdur. İddiaçı göstərilən kriteriyalar çərçivəsində fərdi yaşayış evini istənilən qaydada layələndirilməsində sərbəstdir. İddiaçı da 3 mərtəbəli ev inşa edərək hər mərtəbədə ayrı-ayrı otaqlar şəklində ayırmışdır. Cavabdeh bu otaqları mənzil adlandırarkən hər hansı bir normaya istinad edə bilməmişdir. Göründüyü kimi, cavabdehin imtinasında qeyd edilən hal əsasız olmaqla heç bir hüquq normasına söykənməməklə, cavabdehin mülahizələrindən ibarətdir Şəhərsalma və Tikinti Məcəlləsinin 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Həmin Məcəllənin 80.4-cü maddəsinə görə, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. İddiaçı fərdi yaşayış evinin qeydə alınması ilə bağlı 8.0.10.2-ci maddəsində göstərilən bütün şərtlərə əməl etmiş, tikilinin layihəsini hazırlayaraq bu barədə Səbail rayon İcra Hakimiyyətinə sifarişli poçtla məlumat göndərmiş, həmin qurum tərəfindən tikiliyə dair hər hansı irad bildirilməmişdir. Ona görə də, qeyd edilən hallar inşa edilmiş fərdi yaşayış evinə mülikyyət hüququnun daşınmaz əmlakın dövlət reyestində qeydə alınması üçün əsasdır. Cavabdeh iddia tələbinə etirazında əlavə olaraq göstərmişdir ki, mərtəbələrdə mənzillərin layihədə nəzərdə tutulmuş arakəsmə divarları inşa edilməmiş və daxildə tavan və döşəmələr quraşdırılmamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, göstərilən hallar iddia tələbinin təmin edilməsinə mane olan hallar deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin hallarından göründüyü kimi, daşınmaz əmlak üzərində hüququn qeydiyyatından imtina üçün qanunda nəzərdə tutulmuş əsaslardan heç biri mövcud deyil. Cavabdeh yazılı etirazında həmin halları sadalayarkən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinin məhz hansı bəndinin hazırki hüquq münasibətlərinə tətbiq olunduğu göstərilməmiş, ümumi olaraq həmin qanunun 15-ci maddəsinə istinad olunmuşdur. Belə ki, tavan və döşəmənin quraşdırılmaması, arakəsmələrin inşa edilməməsi fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün əsas deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə qeyd eidr ki, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Ona görə də, iddia tələbi təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən, “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyalı 0,03 ha torpaq sahəsində inşa edilmiş, yarımzirzəmi, birinci, ikinci, üçüncü mərtəbələr və damdan ibarət 3 mərtəbəli, ümumi hündürlüyü 11,6 metr 3 mərtəbəli fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması, həmin torpaq sahəsi və tikiliyə dair vahid çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar