Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11345/2024 02.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı Bakı şəhəri 27 nömrəli tam orta məktəbin “Əmək müqaviləsinin ləğv edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 81 nömrəli əmrin ləğv edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 iyun 2024-cü il tarixdə onun iş fəaliyyətinə xitam verilmişdir. Səbəb sertifikasiya imtahanında ondan asılı olmayan səbəblərə görə və ya kimlərinsə səhlənkarlığına görə iştirak edə bilməməyidir. Baxmayaraq ki, işlədiyi 35 ildə öz işinə vicdanla yanaşmış, bir müəllim kimi çox uğurları var və məktəbin savadlı müəllimlərindən biridir. Birinci dəfə 26 iyun 2024-cü il tarixdə sertifikasiya imtahanında iştirak etməməyinin səbəbi şəxsi kabinetinin açılmaması idi. Kabinet məktəb tərəfindən yaradıldığı üçün dəfələrlə direktorluğa müraciət etmişdir. O da onun yanında telefonla Təhsil İdarəsinə 2 dəfə müraciət etmişdir. Lakin imtahan vaxtı çatdı, Təhsil İdarəsi heç bir kömək köməklik etmədi, heç bir yerə yönləndirmədi. Özü şəxsi təşəbbüs göstərərək informatika müəlliminə müraciət etmişdir. Lakin kabinetin açılmasına nail ola bilməmişdir. İmtahan günü stress və əsəbdən xəstələnmişdir. Növbəti dərs ili sentyabrın 17-də 60 yaşı tamam olmuşdur. Lakin təkrar müraciət etmişdir ki, sertifikasiya imtahanında iştirakına icazə verilsin. Müdiriyyət onun və bir neçə müəllimin adını yazıb göndərmişlər Təhsil İdarəsinə. 1 həftə sonra oradan xəbər gəlmişdir ki, 60 yaşı tamam olan müəllimlərin sertifikasiyada iştirakına razılıq verilmir. Artıq razılaşdı. 2024-cü ilin iyun ayında 60 yaşı olanların da iştirakı barədə məktəbə Təhsil İdarəsindən məlumat gəlmiş və yenə iştirak etmək istədiyini bildirmişdir. 1 gün sonra onu təcili Xətayi rayonunda yerləşən 17 №-li məktəbə qeydiyyat üçün göndərmişlər. Ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdən onun işinə xitam verilmişdir. Baxmayaraq ki, həmin zaman sertifikasiyada iştirak etmək istəmişdir. Son 5 ildə 2 şagirdi Respublika müsabiqəsinin qalibi olmuşdur. 2022-ci il tarixdə dərs dediyi fəndən 11A sinifinin 20 şagirdi buraxılış imtahanında “5” qiyməti almışdır. Təkrar sertifikasiyaya hər zaman gedə bilər, sözügedən sertifikasiyada iştirak edə bilməməyinin səbəbi savadsızlığı yox, kimlərinsə texniki səhvi ucbatından baş vermişdir. Bu səbəbdən Bakı şəhəri 27 nömrəli tam orta məktəbin “Əmək müqaviləsinin ləğv edilməsi barədə” xx.xx.2024-cü il tarixli 81 nömrəli əmrin qanunsuz və əsassız olduğunu və hüquqlarını pozduğunu hesab edir. Belə ki sözügedən əmrə əsasən “70c. peşakarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” norması ona uyğun deyildir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilmişdir (əmək qanunvericilyinin pozulmasına dair). Bakı şəhəri 27 nömrəli tam orta məktəbin “Əmək müqaviləsinin ləğv edilməsi barədə” 81 saylı xx.xx.2024-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndini rəhbər tutularaq təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş təkrar sertifikatlaşdırmada iştirak etmədiyinə görə Bakı şəhər 27 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi X1 təkrar sertifikatlaşdırma imtahanına gəlmədiyinə görə kəsilmiş hesab edildiyi üçün onunla bağlanılmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir (Əsas: 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024 tarixli 3-29- 69/3-2-13 F/2024 nömrəli əmri). Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək prosessual həmiştirakçılığın əsaslandırılması və hər bir cavabdehə dair tələb qeyd edilməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məhkəməyə təqdim edilməsi üçün 20 gün müddət müəyyən edilmişdir. Bundan əlavə iddiaçıya bildirilmişdir ki, iddia tələbi mülki xarakterlidir. Çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsi kimi müvafiq iddia tələbi ilə səlahiyyətli ümumi məhkəməyə müraciət edilməsi hüququ izah edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər (nümayəndəsinin iştirakını təmin etməmişlər). Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 saylı Qərarına əsasən: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1 Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2 İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.4 Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. ...16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər...
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Məhkəmə ilkin olaraq qeyd edir ki, iddia lazımi qaydada qaldırılmamışdır və formal tələblərə cavab vermir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək prosessual həmiştirakçılığın əsaslandırılması və hər bir cavabdehə (Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi) dair tələb qeyd edilməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məhkəməyə təqdim edilməsi üçün 20 gün müddət müəyyən edilmiş, iddianın lazımi qaydada qaldırılmamasının onun mümkünsüzlüyünə səbəb ola biləcəyi izah edilmişdir. Bundan əlavə iddiaçıya Bakı şəhəri 27 nömrəli tam orta məktəbin “Əmək müqaviləsinin ləğv edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 81 nömrəli əmrin ləğv edilməsi üçün qanuna müvafiq qaydada və tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hüquqi yardım barədə məktub xx.xx.2024-cü il tarixdə iddiaçıya çatdırılmışdır. Lakin, iddiaçı tərəfindən qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi Bakı şəhəri 27 nömrəli tam orta məktəbin “Əmək müqaviləsinin ləğv edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 81 nömrəli əmrin ləğv edilməsi barədədir və hazıki mübahisə iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri ilə bağlı yaranmışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İddiaçıya qanuna müvafiq qaydada və tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova