Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1135/2022 03.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və s” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmənin 03 iyun 2022-ci il tarixli qərardadı ilə iddia - Tələbin icraya yönəldilməsi haqqında 21 may 2021-ci il tarixli qərarın ləğv edilməsi və ƏDV sub-uçot hesablarından alınmış vəsaitin geri qaytarılması hissələrində mümkün sayılmamamışdır. Məhkəmə hazırda baxılan cavabdehin qəbul etdiyi 19 may 2021-ci il, 04 mart 2021-ci il tarixli qərarların ləğv edilməsinə dair iddia tələbləri ilə bağlı ilk növbədə qeyd edir ki, iddia onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, məhkəmə həmin iddiaların bir icraatda verilməsini İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinin tələbləri baxımından da mümkün hesab edir. Belə ki, adıçəkilən Maddədən görünür ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Hazırkı iddia tələbləri də bir cavabdehə yönəlmiş, eyni məhkəməyə aiddir. Bir-biri ilə əlaqəlilik baxımından isə hazırkı iddia məhz tələbin icraya yönəldilməsi barədə cavabdehin qəbul etdiyi qərarın qəbul edilməsinə əsas olmuş qərarların da mübahisələndirilməsi ilə bağlı olduğundan bir-biri ilə əlaqəlidir. Belə ki, iddia tələblərindən göründüyü kimi iddiaçı tələbin icraya yönəldilməsi barədə qərarın qəbulu əsası qismində çıxış etmiş 03 mart 2020-ci il tarixli məhkəmə qaydasında artıq mübahisələndirilmiş, hazırkı iş üzrə digər 2 qərarı da mübahisələndirir. Hər iki qərarın mübahisələndirilməsi ayrıca icraat qaydasında aparılması mümkün olsa da, məhkəmə eyni qərarın mahiyyətini təşkil edən qeyd olunan 2 qərarın bir icraatda mübahisələndirməsini də cavabdehin iddianın mümkünlüyü ilə bağlı vəsatətdə qeyd etdiyi mövqeyindən fərqli olaraq mümkünlük şərtini ödədiyi qənaətindədir. Bu səbəbdən də göstərilən tələblərin ayrıca icraata ayrılması və ya iddia tələblərinin birbiri ilə heç bir əlaqəsinin olmaması baxımından mümkünsüz sayılmasını məhkəmə prosessual qənaət prinsipi ilə ziddiyyət təşkil etdiyi qənaətindədir. Belə ki, iddia tələbləri eyni cavabdehə yönəlib, eyni məhkəməyə aiddir və tələbin icraya yönəldilməsi barədə qərarın əsasını təşkil edən qərarların mübahisələndirilməsi baxımından da bir-biri ilə əlaqədardır. Həmçinin, məhkəmə qeyd edir ki, qərarların ləğv edilməsinə dair iddia mübahisələndirmə növündə iddia olduğundan müddətlə bağlı şərtin mümkünlük baxımından yoxlanılması zamanı da iddianın mümkün olduğu öz təsbitini tapmışdır. Belə ki, vergi orqanına sorğu ünvanlanaraq CPS Construction” MMC tərəfindən mübahisələndirilən qərarlarının qəbul edilməsinə əsas olmuş sənədlərin, eləcə də yaramış zərurətlə əlaqədar olaraq iddiaçı və cavabdeh arasında mövcuddursa elektron sənəd mübadiləsi haqqında müqavilənin, qərarların elektron imza ilə təsdiq edilməsi, elektron sənədin yoxlanılma imkanına malik xüsusiyyətlər daşıması barədə təsdiqedici sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin qərarların elektron imza ilə təsdiq edilməsi, elektron sənədin yoxlanılma imkanına malik xüsusiyyətlər daşıması barədə təsdiqedici sənədlərin məhkəməyə təqdim edilə bilməmişdir. Belə ki, qərarların elektron imza ilə təsdiq edilmədiyi, elektron sənədin yoxlanılma imkanına malik xüsusiyyətlər daşıması barədə təsdiqedici sənədlərin mövcud olmadığı aşkar edilmişdir. Qeyd olunan hal isə inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddətin ümumiyyətlə ötürülmədiyi qənaətini formalaşdırır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi 2-1(102)-30/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin iddianın müddətin ötürülməsi ilə bağlı qərardadını ləğv edilməsi barədə nəticəyə gəlmiş və qərarında qeyd etmişdir ki, yuxarıda əksini tapmış hüquq normalarına əsasən vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi 2-1(102)-462/2021 saylı iş üzrə xx.xx.2021-ci il qərarında da qeyd etmişdir ki, iş materiallarında olan və mübahisələndirilən qərarlar nə qədər ki elektron imza ilə təsdiq edilmədiyində və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Eləcə də Ali Məhkəmə 2-1(102)-2159/20 saylı iş üzrə qəbul etdiyi 04 noyabr 2020ci il tarixli qərarında da analoji mövqedən çıxış etmişdir. Qeyd olunan iddia tələblərinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Ləğv edilməsi tələb olunan qərarlardan biri kimi 04 mart 2021-ci il tarixli qərar vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədədir. Qərarın qəbul edilməsi əsası onunla bağlıdır ki, 2020-ci ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannməsinin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 0 manat məbləğin, hesabat dövrü ərzində ƏDV depozit hesabına 2700 manat məbləğində mədaxilinin olması nəticəsində müəyyən edilmiş 15000 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 2700 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 15000 manat məbləğdən 15000 manat az göstərilməsi kənarlaşma yaranmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, vergi orqanı da haqlı olaraq qeyd olunan halı vergi məbləğinin azaldılması kimi qiymətləndirmiş və bu barədə zəruri sənədlərin tələb edilməsinə dair məktub ünvanlamış, göstərilən müddət ərzində cari bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, iddiaçı tərəfindən uyğunsuzluğun səbəbi ilə bağlı izahat, hesablaşma hesabına aparılan əməliyyatlar, eyni zamanda tərtib edilmiş sənədlər təqdim edilməmiş bu səbəbdən də 2700 manat məbləğində 2020-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə əlavə vergi məbləğinin hesablanması barədə qərar qəbul edilmişdir. Vergi orqanı tərəfindən məhkəmə sorğusuna əsasən təqdim edilmiş 04 mart 2021ci il tarixli qərarın qəbul edilməsinə əsas olmuş inzibati iş materiallarında olan 25 yanvar 2021-ci il tarixli məktubdan da görünür ki, vergi orqanı təqdim olunmuş bəyannamədə hesabatda kameral yoxlamanın aparılmasının mümkünsüzlüyünü iddiaçının diqqətinə çatdırmış, 15000 manat kənarlaşmanın yaranması barədə iddiaçıya məlumat vermiş, dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsinin, 05 gün ərzində əsaslandırılmış yazılı izahat, zəruri olan sənədlərin vergi orqanına təqdim edilməsi təklif edilmişdir. Eyni zamanda həmin məlumat və sənədlərin təqdim edilmədiyi halda vergi orqanının vergi öhdəliklərinin yenidən hesablanması hüququna malik olması barədə məlumat verilsə də, vergi ödəyicisi tərəfindən məktubda nəzərdə tutulmuş tələblər yerinə yetirilməmiş, beləliklə də vergi orqanı tərəfindən 04 mart 2021-ci il tarixli qərarın qəbul edilməsi ilə inzibati icraat nəticələnmişdir. Qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən v vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır . 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. Cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən 19 may 2021-ci il qərar isə vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilmə barədədir. Qeyd olunur ki, vergi orqanı tərəfindən dövlət büdcəsinə olan borcun vaxtında ödənilməməsi əsası ilə bildirişlər göndərilmiş, bildirişlərdə qeyd olunan müddət ərzində borc ödənilməməsi səbəbindən iddiaçıya vergi orqanı tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat formasının təqdim edilməsinə dair sorğu ünvanlanmış və bununla bağlı məlumatlar vergi ödəyicisi olan iddiaçı tərəfindən 10 gün ərzində təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh həmin məlumatların təqdim edilməməsi əsası ilə haqlı olaraq da mübahisələndirilən vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmişdir. Adıçəkilən Məcəllənin: 57.2. Bu Məcəllənin 89.3-cü maddəsində nəzərdə tutulmuş məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Məcəllənin tələbindən də göründüyü kimi vergi orqanının aktivlər barədə məlumatın 10 gün ərzində v təqdim edilməsini vergi ödəyicisindən tələb etmək hüququ mövcuddur ki, həmin hüquqa münasibətdə də vergi ödəyicisinin həmin məlumatları təqdim etmək öhdəliyi vardır. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi adıçəkilən Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Məcəllənin 57.2-ci maddəsi isə həmin məlumatların təqdim edilməməsinə görə 100 manat məbləğində maliyyə sanksiyası formasında məsuliyyət müəyyən etmişdir ki, cavabdeh də heç bir üzrlü səbəb olmadan həmin məlumatların vaxtında təqdim edilməməsinə istinad edərək iddiaçı barəsində əsaslı olaraq mübahisələndirilən qərarı qəbul etmişdir. Göründüyü kimi qərarın qəbul edilməsi vergi və inzibati qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə 19 may 2021-ci il tarixli qərarının və Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə 04 mart 2021-ci il tarixli qərarının ləğv edilməsinə dair iddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-1135/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1135/2022
03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver