Məhkəmə qərarları › İş №e-2-1(112)-11396/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11396/2024

24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11396/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov küçəsi 35 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 214.kv.m olan, 4 otaqlı, 63 №-li mənzilə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov küçəsi ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 200.1.kv.m olan, 4 otaqlı, 63 №-li mənzilə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MTK üzvlərinin ümumi iclasının 11 yanvar 2018ci il tarixli, 01 nömrəli protokoluna əsasən "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov küçəsi 35 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 214 kv.m olan, 4 otaqlı, 63 nömrəli mənzil MTK üzvlüyünə qəbul edilmiş İddiaçı verilmişdir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 02 nömrəli arayışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov küçəsi 35 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 214 kv.m olan, 4 otaqlı, 63 nömrəli mənzilin dəyəri qalıq olmadan 100% İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov küçəsi 35 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 214 kv.m olan, 4 otaqlı, 63 nömrəli mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının mürəciət etdiyi vaxtdan 35 (otuz beş) gündən çox vaxt keçməsinə baxmayaraq, hələ də cavablandırılmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən çoxmənzilli yaşayış binası Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 305 nömrəli sərəncamı əsasında "xxxx" MTK tərəfindən dövlətin pilot layihəsi kimi inşa edilmişdir. Bundan sonra "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının istismarına Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 529 nömrəli Fərmanına uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 358 nömrəli istismara icazə sənədinə əsasən icazə verilmişdir. Onu da bildirmək istəyirik ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov küçəsi 35 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yaşayan bəzi sakinlərə məhkəmə qərarlarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı BakıƏrazi İdarəsi tərəfindən mülkiyyətə dair çıxarış və texniki pasportlar verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, “aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü ii yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov küçəsi 35 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 214.kv.m olan, 4 otaqlı, 63 №-li mənzilə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” nə dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********42 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman mənzilin ümumi sahəsi sənəd üzrə 214.0 kv.m qeyd olunsa da, faktiki 200.1 kv.m təşkil etdiyi məlum olmuşdur.

5. "xxxx" MTK-nın xx.xx.2018-ci il tarixli protokoldan çıxarışına əsasən İddiaçı "xxxx" MTKnın üzvlüyünə qəbul edilərək, özünün razılığı ilə "xxxx" MTK-ya məxsus Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov küçəsi 35 ünvanında inşa edilmiş yaşayış binasında sahəsi 214.0 kv.m olan, 13-cü mərtəbədə 4 otaqlı, 63 №-li mənzilə qeydiyyata düşməsi təsdiq edilmişdir.

6. "xxxx" MTK-nın xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov küçəsi 35 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 214.kv.m olan, 4 otaqlı, 63 №-li mənzilin dəyəri İddiaçı tərəfindən qalıq olmadan 100% ödənilmişdir.

7. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə 358 №-li, 31 mart 2020-ci il tarixli istismara icazə sənədinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MTK-nın (VÖEN: **********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilati-hüquq formasını dəyişərək yenidən təşkilin çevrilmə formasında onun bazasında yaradıldığı və hüquq varisi olduğu bildirilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixə olan uçot məlumatlarına əsasən "xxxx" MTK-nın fəaliyyəti və digər vergi tutulan əməliyyatların aktiv vəziyyətdə olduğu qeyd olunmuşdur.

9. "xxxx" MTK və İddiaçı arasında bağlanan mənzil tikinti müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov küçəsi 35 ünvanında MTK tərəfindən inşa edilmiş binanın 13cü mərtəbəsində, 63 №-li mənzil payçının mülkiyyətinə verilmiş, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə ünvan 1 ünvanının qeydiyyata alınmasına dair məlumatın aşkar edilmədiyi qeyd edilmiş, müayinə aktının, həmin mənzildə qeydiyyata alınmış mənzillərə, həmçinin "xxxx" MTK-nın adı ilə bağlı ünvan 2 ünvanında qeydiyyata alınmış bir neçə mənzilə dair ilkin hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, edən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

18. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.6. Mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

20. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri- yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2-ci maddəsinə əsasən Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

22. İddia tələbi Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov küçəsi ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 200.1.kv.m olan, 4 otaqlı, 63 №-li mənzilə dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsidir.

23. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir, həmçinin ünvana texniki baxış keçirilən zaman mənzilin ümumi sahəsi sənəd üzrə 214 kv.m qeyd edilsə də, faktiki 200.1 kv.m təşkil etdiyi müəyyən edilmişdir.

24. Məhkəmə cavabdeh inzibati orqanın dəlilləri ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2020-ci il tarixli 358 nömrəli “çoxmənzilli yaşayış binası kompleksinin istismarına icazə”yə əsasən qeyd olunan yaşayış binasının istismarına icazə verilmişdir.

25. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı mənzili "xxxx" MTK-dan əvəzini ödəməklə əldə etmiş, onun həmin daşınmaz əmlaka görə borcu yoxdur, mənzilin yerləşdiyi bina istismara qəbul edilmiş və müvafiq dövlət orqanları tərəfindən yaşayış binasının istismarına razılıq verilmişdir.

26. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

27. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

28. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq.

29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov küçəsi ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 200.1.kv.m olan, 4 otaqlı, 63 №-li mənzilə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar