Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11398/2025 06.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 15a ünvanında yerləşən fərdi evə mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 15a ünvanında yerləşən fərdi evdə faktiki sahibliyi həyata keçirir və yaşayır. Həmin mənzilə dair Bakı şəhəri, Yasamal rayonu Mənzil Komunal Təsərüfatı Birliyi 19 saylı Mənzil Komunal İstismar Sahəsinin sahə nəzarətçisi A.İsmayılov tərəfindən çəkilmiş və imzalanmış, Bakı şəhəri, Yasamal rayonu Mənzil Komunal Təsərüfatı Birliyi 19 saylı Mənzil Komunal İstismar Sahəsinin möhürü ilə möhürlənmiş Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 15a ünvanında İddiaçı məxsus fərdi evin eskizi mövcudur. Qeyd olunan məsələ ilə bağlı cavabdehə, Yasaml rayon İcra Hakimiyyətinə, Yasamal rayon Bələdiyyəsinə və Milli Arxiv İdarəsinə sorğular ünvanlanmışdır. Cavabdeh tərəfindən ünvanlanmış sorğuya xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən İddiaçı adına ünvan 4 saylı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reysterində qeydiyyatdan keçməsinə və həmin ünvana dair onun adına texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat aşkar edilmədiyindən qeyd olunan ünvana çıxarışın verilməsi ilə bağlı tələbdən imtina edilmişdir. Yasamal rayon İcra Hakimiyyəti ünvanlanmış sorğuya xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən ünvan 4 ünvanında İddiaçı məxsus fərdi evlə əlaqədar Yasamal rayon İcra Hakimiyyətində hər hansı bir sənədləşmə işlərinin aparılması aşkar edilməmişdir. Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin ünvanlanmış sorğuya xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən ünvan 4 ünvanında yaşayan İddiaçı fərdi yaşayış evinin hər hansı mülkiyyət sənədləri bələdiyyədə aşkar edilməmiş və yerli (bələdiyyə) vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Bütün bunlar iddiaçının konstitusion hüququ olan mülkiyyət hüquqlarının pozulmasıdır. Çünki xeyli müddətdir ki, şəxs orada yaşayır və komunal haqları ödəyir. Lakin bütün bunlara baxmayaraq onun mülkiyyəti hələ də daşınmaz əmlakın dövlət reysterində qeydə alınaraq mülkiyyət hüquqları təsdiqlənməmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbi ilə bağlı iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə müraciət daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçının hazırkı tələbi Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 15a ünvanında yerləşən fərdi evə mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarış verilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan bu iddia öhdəliyin icrası haqqında iddiadır (çünki daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz) ki, yuxarıda qeyd olunduğu kimi bu iddalar üzrə digər mümkünlük şərtləri ilə yanaşı tələb olunan şərtlərdən biri də ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət edilməsidir. Belə ki, öhdəliyin icrası haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasında məqsəd inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməsi zərurəti ilə əlaqədardır. Çünki məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Buna görə də öhdəliyin icrasına dair iddialarda ilkin müraciətlə əlaqədar mümkünlük şərtlərinin yoxlanılması zamanı qiymətləndirilməli olan məsələ iddiaçının məhkəməyə müraciət edənədək pozulduğunu hesab etdiyi hüququnun bərpası ilə bağlı hər hansı bir hərəkət edib-etməməsi, başqa sözlə, inzibati orqanı pozulmuş hüququ ilə bağlı məlumatlandırıb-məlumatlandırmaması, eləcə də pozuntunun aradan qaldırmasını tələb edib-etməməsidir. Hazırkı iş materiallarından İddiaçının müvafiq tələblə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməsi müəyyən olunmur. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 15A saylı fərdi yaşayış evinə dair sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı müraciətə baxılmış və bildirilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 15A saylı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə və həmin ünvana dair onun adına texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Göründüyü kimi, işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi barədə cavabdehə müraciət etsə də, məhkəməyə müraciət etdiyi məzmunda tələblə müraciət etməmiş, inzibati orqan bu tələbə münasibətdə hər hansı bir inzibati icraat aparmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələblərə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №e-2-1(112)-11398/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-11398/2025
06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver