Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11413/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat şöbəsinə qarşı “doğum haqqında şəhadətnamədə düzəlişin edilməsinə dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı doğum yeri dəyişdirilərək Almaniya, Krefeld olaraq müəyyən edilməsi və bu barədə doğum haqqında şəhadətnamədə qeyd olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizə ilə iddia tələbi “İddiaçı doğum haqqında akt qeydində doğum yerinin düzəliş edilərək Almaniya Federativ Respublikası, Krefeld şəhərinin qeyd edilməsi və buna dair şəhadətləndirilmənin verilməsi” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2005-ci ildə Almaniya Federativ Respublikasının Krefeld şəhərində anadan olub. Doğum faktı Düsseldorf rayon höküməti tərəfindən verilən doğum haqqında şəhadətnamə ilə (reyestr nömrəsi 431/2006) öz təsdiqini tapmışdır. İddiaçının valideynləri X3 və X1 göstərişi ilə iddiaçının babası 2005-ci ilin mart ayında nəvəsinə Azərbaycanda şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etmişdir. İddiaçıya ilk öncə doğum haqqında şəhadətnamə çıxarılmış və onun əsasında şəxsiyyət vəsiqəsi, xarici pasport verilmişdir. Azərbaycanda çıxarılmış doğum haqqında şəhadətnamədə ona məlum olmayan səbəblərdən iddiaçının doğum yeri Laçın rayonu qeyd edilmişdir. Doğum haqqında şəhadətnamə Binəqədi rayonu VVAQ şöbəsi tərəfindən verilmiş, bu barədə məlumat doğum haqqında akt qeydləri kitabında 18 mart 2005-ci il tarixində 619 nömrəsi ilə qeyd edilmişdir. Hal-hazırda iddiaçı valideynləri ilə birlikdə Almaniya Federativ Respublikasında müvəqqəti yaşama icazəsi əsasında yaşayır və ali məktəbə daxil olmaq üçün müddəti bitmiş müvəqqəti yaşama icazəsinin müddəti uzadılmalıdır, bu da sənədlərdə olan ziddiyyətlər ucbatından mümkün olmur. Belə ki, iddiaçıya müvəqqəti yaşama icazəsi şəxsiyyət vəsiqəsi və xarici pasport əsasında verilmişdir. İddiaçı çox pis vəziyyətə düşmüşdür, ali məktəbə qəbul məsələsi məhz bu səbəbdən yubanır. Cavabdeh orqana 10 aprel 2025-ci il tarixində vəkil sorğusu ilə müraciət olunmuş və doğum haqqında şəhadətnamənin ləğv olunması və İddiaçı doğum yeri düzgün yazılmaqla yeni doğum haqqında şəhadətnamə verilməsi xahiş edilmişdir. Lakin cavabdeh orqan 12 aprel 2025-ci il tarixli 3-16-5/8-16-688/25 saylı cavab məktubu ilə müraciəti AR NK-nın 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarım müəyyən edən əsas müddəaları”mn birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün yerinə yetirməkdən imtina etmişdir. Cavabdehin cavab məktubu 30 aprel 2025-ci il tarixində əldə olunmuşdur.
4. Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik,bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün sorğu təmin edilməmişdir.
5. 3 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 431/2006 nömrəli doğum haqqında şəhadətnamədə qeyd edilmişdir ki, İddiaçı xx.xx.2005-ci il tarixində Krefeld şəhərində doğulmuşdur. (Anası – X2, atası – X3)
6. 619 nömrəli xx.xx.2005-ci il tarixli doğum haqqında akt qeydində İddiaçı doğum yeri Laçın şəhəri qeyd edilmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
II. İddianın növü
8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
10. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
11. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. İddia öhdəliyin icrasına dair iddiadır.
III. İddanın mümkünlüyü və məhkəmənin mövqeyi
13. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarından: - 4.Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. 9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir: 9.7-ci bəndinə əsasən. (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
15. İddia tələbindən göründüyü kimi, doğum haqqında akt qeydində doğum yerinin düzəliş edilərək Almaniya Federativ Respublikası, Krefeld şəhərinin qeyd edilməsi və buna dair şəhadətləndirilmənin verilməsi ilə bağlı olmuşdur.
16. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2005-ci il tarixində doğulması işin mübahisəsiz halıdır. Məlum olduğu kimi Laçın şəhəri Birinci Qarabağ müharibəsi zamanı 18 may 1992-ci il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Nəticədə, bu ərazi uzun illər ərzində Azərbaycan Respublikasının faktiki nəzarətindən kənarda qalmışdır. 44 günlük Vətən müharibəsinin nəticəsində 2020-ci ilin noyabr ayında imzalanmış üçtərəfli bəyanata əsasən Laçın rayonunun bir hissəsi və Laçın dəhlizi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir. Hazırda isə Azərbaycan Respublikası bütün ərazisi üzərində suverenliyini tam şəkildə bərpa edilmişdir. Qeyd olunan tarixi faktlara əsasən, iddiaçının doğulduğu tarixdə, yəni xx xxxxxx 2005-ci ildə Laçın şəhəri Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olmadığından, aydındır ki, Azərbaycan vətəndaşı qeyd edilən vaxtda həmin ərazidə doğulmamışdır. Bu baxımdan, iddiaçının doğulduğu yer kimi Laçın şəhərinin göstərilməsi həqiqətə uyğun hesab edilə bilməz.
17. 3 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 431/2006 nömrəli doğum haqqında şəhadətnamədə qeyd edilmişdir ki, İddiaçı xx.xx.2005-ci il tarixində Krefeld şəhərində doğulmuşdur. (Anası – X2, atası – X3)
18. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat şöbəsi qanunvericiliklə ona həvalə olunmuş vəzifə və səlahiyyətlər çərçivəsində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının düzgünlüyünə və dəqiqliyinə görə məsuliyyət daşıyır. Hazırkı mübahisə predmeti olan vəziyyət, yəni iddiaçının doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnaməsində doğum yerinin yanlış yazılması cavabdeh orqanın məsuliyyəti və müdaxilə səlahiyyəti daxilində olan məsələlərdir və qeyd edilən hal onun tərəfindən aradan qaldırılmalıdır.
19. Odur ki, iddia tələbi təmin edilməli, İddiaçı 619 nömrəli xx.xx.2005-ci il tarixli doğum haqqında akt qeydində düzəliş edilərək “Azərbaycan Respublikası, Laçın şəhəri” doğum yerinin “Almaniya Federativ Respublikası, Krefeld şəhəri” kimi qeyd edilməsi və doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Binəqədi Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmalıdır.
20. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İddia təmin edilməli, doğum akt qeydinin aparılması və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
21. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı 619 nömrəli xx.xx.2005-ci il tarixli doğum haqqında akt qeydində düzəliş edilərək “Azərbaycan Respublikası, Laçın şəhəri” doğum yerinin “Almaniya Federativ Respublikası, Krefeld şəhəri” kimi qeyd edilməsi və doğum haqqında (təkrar) şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Binəqədi Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmalıdır. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva