Məhkəmə qərarları › İş №e-2-1(112)-11433/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11433/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11433/2022 20.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 1000/515Ş saylı xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 01 iyun 2017-ci il tarixli 100/537Ş saylı əmr ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Gömrük Risklərinin Təhlili və Audit İdarəsinə işə qəbul olunmuşdur. Həmin şöbədən 08 oktyabr 2019-cu il tarixli 1000/1242S saylı əmrlə Xüsusi Gömrük Prosedurlar şöbəsinə keçərək Baş İnspektor vəzifəsində işinə davam etmişdir. Bundan əlavə Azərbaycan Dövlət Gömrük Komitəsində işlədiyi müddət ərzində yüksək müvəffəqiyyətlərinə və qüsursuz xidmətlərinə görə 2006-cı ildə 333Ş əmrlə Gömrük Xidmət Leytenantı, 2008-ci ildə 233Ş əmrlə Gömrük Xidmət Baş Leytenantı, 2010-cu ildə 363Ş əmrlə Gömrük Xidmət Kapitanı, 2017-ci ildə 569Ş əmrlə Gömrük Xidmət Mayoru, 2020-ci ildə vaxtından əvvəl 1000/081Ş əmrlə Polkovnik- Leytenant rütbələrinə layiq görülmüşdür. 20 iyun 2022-ci il tarixli, 1400/216E saylı əmr ilə ona 28 iyun 2022-ci il tarixindən 21 gün müddətinə məzuniyyət verilmişdir. 28 iyun 2022-ci il tarixində məzuniyyətdə olduğu vaxt ərzində onun xidmətinə aidiyyəti olmayan və ərizəsi olmadan Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirmə və risklərin idarə olunması idarəsinin rəisi tərəfindən 14 iyul 2022-ci il geri çağrılma tarixi ilə əmr verilmişdir. Lakin bu barədə ona yalnız iş günün sonunda komitəyə çağırıldığında məlumat verilmişdir. Belə ki, komitəyə çağrıldıqdan sonra rəhbərlik ondan xidməti zərurətlə əlaqədar məzuniyyətini yekunlaşdırması barədə ərizə yazmasını tələb etdiyi üçün bu məzmunda saat 19 radələrində ərizə yazmışdır. Daha sonra ona məlum olmuşdur ki, məzuniyyətdən geri çağrılmasına dair artıq iki əmr mövcuddur. Bunlardan biri xx.xx.2022-ci il tarixi üçün, digəri isə xx.xx.2022-ci il tarixi üçün tərtib olunmuşdir. Hər ikisi onun xx.xx.2022-ci il tarixdə işə qayıtmasını özündə ehtiva edir. Halbuki belə bir əmrin verilməsi üçün onun xx.xx.2022-ci il tarixli ərizəsi əsas götürülməklə xx.xx.2022-ci il tarixi üçün verilməli idi. Qeyd olunanlardan göründüyü kimi istər xx.xx.2022-ci il tarixli, istərsə də xx.xx.1022-ci il tarixli əmrlər qanunsuzdur. Belə olduğu təqdirdə onun məzuniyyətə çıxmasına dair 20 iyun 2022-ci il tarixli, 1400/216E saylı əmr qüvvədə idi və o, xx.xx.2022-ci il tarixdə məzuniyyətdə sayılmalı idi. Komitənin bu addımı atmağında məqsəd onun işdən azad olunmağı barədə əmr verilərkən məzuniyyətdə olmadığını göstərmək olmuşdur. Dövlət Gömrük Komitəsinin 15 iyul 2022-ci il tarixli 1000/515Ş saylı əmri ilə gömrük orqanından qanunsuz olaraq tutduğu vəzifədən xaric edilməsi haqqında əmr verilmişdir. İşdən çıxarılması qərəzli olaraq məzuniyyətdə olduğu müddətdə planlaşdırılmışdır. O, bu günə qədər heç bir nöqsana yol verməmiş, üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmiş, heç bir inzibati tənbeh almamışdır. Buna baxmayaraq, ən sərt intizam tənbehlə, qanunsuz və əsassız olaraq işinə xitam verilməsi barədə əmr verilmişdir. İşdən çıxarılmasına səbəb olaraq 15 iyul 2022-ci il, 1000/515Ş saylı əmrdə qeyd edilmişdir ki, Bakı Baş Gömrük İdarəsinin rəisinin 29 iyun 2022-ci il tarixli, 1400-01/0xx-xx/004088 nömrəli raportunun araşdırılması ilə müəyyən edilmişdir ki, o, xidməti informasiyadan istifadə qaydalarına əməl etməyərək gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış idarə etmə sistemindən əldə edərək kağız daşıyıcıya köçürdüyü xarici iqtisadi fəaliyyət iştiraçılarına məxsus məlumat və gömrük bəyənnamələrini şəxsi avtomobilində saxlamağa cəhd göstərmişdir. O, xarici iqtisadi fəaliyyət iştiraçılarına məxsus məlumat və gömrük bəyənnamələri peşə və kommersiya sirlərinə aidiyyəti olmayan sənədlər, yalnız A4 vərəqində qaralama kimi qeydlər apardığı məlumatları şəxsi avtomobilində saxlamışdır. Onun şəxsi avtomobilində Gömrük orqanının əməkdaşları tərəfindən axtarış apardıqlarında heç bir sənəd aşkar etməmişlər. Şəxsən özü A4 vərəqində qaralama kimi qeyd etdiyi həmin məlumatları onlara təqdim etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, Bakı Baş Gömrük İdarəsinin inzibati binasında quraşdırılmış müşahidə kameraları vasitəsilə qeydə alınan videoyazıların monitorinqi aparılarkən Baş İdarənin Gömrük əməliyyatları idarəsinin Xüsusi gömrük prosedurları şöbəsinin baş inspektoru gömrük xidməti polkovnik-leytenantı İddiaçı 23 iyun 2022-ci il tarixdə günorta nahar fasiləsinə çıxarkən xidməti otaqda fərdi iş masasından götürdüyü sənədlər toplusunu inzibati binadan çıxararaq şəxsi avtomobili istiqamətində hərəkət etməsinin təsbit olunması müəyyən olunmuşdur. 24 iyun 2022-ci il tarixdə Baş İdarədə İddiaçıla aparılan fərdi söhbət zamanı videogörüntülərdə təsbit olunmuş sənədlər toplusunun təyinatı ilə bağlı ondan soruşulduqda o, sənədlərin öz icraatında olmuş yük gömrük bəyannamələrindən ibarət olmasını bildirmiş, məzuniyyətə gedəcəyini və sənədləri saxlamaq üçün xidməti otağında uyğun yer olmamasına dair əsassız bəhanə gətirməklə avtomobilində saxlamağı məqsədəuyğun hesab etdiyini qeyd etmişdir. İddiaçı avtomobilinin yük bölməsindən karton qutunun içindən götürülmüş sənədlər toplusu ilə tanışlıq zamanı orada 2019, 2020 və 2021-ci illərə aid olan və üzərilərində qeydlər aparılmış, özünün və digər inspektorların icraatında olmuş gömrük bəyannamələri müəyyən edilmişdir. Müəyyən olunan bu hal üzrə müvafiq araşdırma aparılması üçün Baş İdarə tərəfindən Komitə rəhbərliyinə ünvanlanmış müraciət aidiyyəti üzrə X2 İdarəsinə göndərilmiş və sabiq əməkdaş Vasifov Aydının əməlinə hüquqi qiymət verilməsi məqsədilə xidməti araşdırma aparılmışdır. Baş İdarə tərəfindən göndərilən 1 (bir) ədəd karton qutuda qablaşdırılmış sənədlərə baxış keçirilərkən qutudakı sənədlərin gömrük xidmətinin X1 Sistemindən (bundan sonra-VAİS) əldə edilərək üzərlərində qələmlə müəyyən düzəlişlər aparılmış 352 (üç yüz əlli iki) vərəqdən ibarət müxtəlif xarici iqtisadi fəaliyyət iştirakçılarına məxsus 2019-2021-ci illərə aid gömrük bəyannamələrindən və VAİS-dan əldə edilmiş 8 (səkkiz) vərəqdən ibarət avtomobil nəqliyyatı ilə daşınan mallara dair məlumatlardan ibarət olduğu müşahidə edilmişdir. İddiaçı 14 iyul 2022-ci il tarixdə verdiyi izahatda sözügedən sənədlər toplusunu xidməti məqsədlər üçün kağız daşıyıcıda saxladığını, 28 iyun 2022-ci il tarixdən etibarən növbəti əmək məzuniyyətinə çıxacağına və xidmət yerində münasib saxlanc yeri olmadığına görə məzuniyyət dövründə həmin sənədləri şəxsi avtomobilində saxlamaq qərarına gəldiyini, bu məqsədlə sənədlər toplusunu 23 iyun 2022-ci il tarixdə xidməti masasından götürərək şəxsi avtomobilinə apardığını bildirmişdir. Həmçinin bu barədə bilavasitə və ya birbaşa rəislərini məlumatlandırmadığını, informasiya təhlükəsizliyi qaydalarına əməl etmədiyini etiraf etmişdir. Xidməti araşdırmanın nəticəsinə əsasən Baş İdarənin Gömrük əməliyyatları idarəsinin, Xüsusi gömrük prosedurları şöbəsinin baş inspektoru, gömrük xidməti polkovnik-leytenantı İddiaçı xidməti informasiyadan istifadə qaydalarına əməl etmədiyi, VAİS-dan əldə edərək kağız daşıyıcıya köçürdüyü xarici iqtisadi fəaliyyət iştirakçılarına məxsus məlumatları və gömrük bəyannamələrini şəxsi avtomobilində saxlamağa cəhd göstərdiyi, “Kodeksi”in 10.1-ci bəndinin tələbini pozduğu müəyyən edilmişdir. Xidməti araşdırmanın nəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 15 iyul 2022-ci il tarixli 1000/515ş nömrəli əmri ilə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə Baş İdarənin Gömrük əməliyyatları idarəsinin, Xüsusi gömrük prosedurları şöbəsinin baş inspektoru, gömrük xidməti polkovnik-leytenantı İddiaçı Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin (bundan sonra - Əsasnamə) 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Eyni zamanda, Əsasnamənin 88-ci maddəsinə əsasən xidməti zərurətlə əlaqədar olaraq məzuniyyətdə olan gömrük orqanının vəzifəli şəxsi məzuniyyətdən geri çağırıla bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlverişsiz hüquqi nəticə yaratdığından iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2022-ci il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2022-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Belə ki, işdə olan cavabdehin xx.xx.2022-ci il tarixli 1000/515ş saylı əmrindən görünür ki, iddiaçı həmin əmrlə xx.xx.2022-ci il tarixdə tanış olmuşdur. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş: - Bakı Baş Gömrük İdarəsinin məzuniyyət haqqında xx.xx.2022-ci il tarixli, 1400/216E nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 21 təqvim günü məzuniyyətə buraxılmış, işə çıxma vaxtı xx.xx.2022-ci il tarixi kimi müəyyən edilmişdir. - Bakı Baş Gömrük İdarəsinin Dövlət Gömrük Komitəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, 24 iyun 2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəflərin müəyyənləşdirilməsi bölməsindən daxil olan məlumatda Xüsusi gömrük prosedurları şöbəsinin baş inspektoru, gömrük xidməti polkovnik-leytenantı İddiaçı 23 iyun 2022-ci il tarixdə günorta nahar fasiləsinə çıxarkən xidməti otaqda fərdi iş masasından götürdüyü sənədlər toplusunu inzibati binadan çıxararaq şəxsi avtomobili istiqamətində hərəkət etməsinin təhlükəsizlik kameraları tərəfindən təsbit olunması qeyd olunmuşdur. 24 iyun 2022-ci il tarixdə İddiaçıla aparılan fərdi söhbət zamanı videogörüntülərdə təsbit olunmuş sənədlər toplusunun təyinatı ilə bağlı soruşulduqda o, sənədlərin öz icraatında olmuş yük gömrük bəyannamələrindən ibarət olmasını bildirmiş, məzuniyyətə gedəcəyini və sənədləri saxlamaq üçün uyğun yer olmamasına dair əsassız bəhanə gətirməklə avtomobilində saxlamağı məqsədəuyğun saydığını qeyd etmişdir. İddiaçı avtomobilinin yük bölməsindən karton qutunun içindən götürülmüş sənədlər toplusu ilə tanışlıq zamanı orada 2019, 2020 və 2021-ci illərə aid olan və üzərilərində qeydlər aparılmış, özünün və digər inspektorların icraatında olmuş yük gömrük bəyənnamələri müəyyən edilmişdir. Xüsusi gömrük prosedurları şöbəsinin baş inspektoru İddiaçı Bakı Baş Gömrük İdarəsində xidmət edən müxtəlif inspektorların icraatında olan müxtəlif şirkətlərə məxsus işlərə dair gömrük bəyannamələrini öz şəxsi avtomobilinin yük yerinə yığmaqla gömrük orqanlarının vəzifəli şəxslərinin X6 tələblərinə əməl etməmiş, informasiya təhlükəsizliyinə dair müvafiq qaydaları, xidməti informasiyadan istifadə qaydalarını kobud şəkildə pozmuşdur. Yuxarıda göstərilənlər nəzərə alınaraq, Xüsusi gömrük prosedurları şöbəsinin baş inspektoru, gömrük xidməti polkovnik-leytenantı İddiaçı barəsində müvafiq tədbir görülməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. - Bakı Baş Gömrük İdarəsinin məzuniyyətdən geri çağrılma haqqında xx.xx.2022-ci il tarixli, 1400/308E nömrəli əmrindən görünür ki, İddiaçı xidməti zərurətlə əlaqədar xx.xx.2022-ci il tarixdən məzuniyyətdən geri çağrılmışdır. - İddiaçı xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, izahatında qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdən məzuniyyətə çıxdığı və son iş günü xx.xx.2022-ci il olduğuna görə öz icraatında olan və icrası ona həvalə olunan arxivləşmiş və ondan şikayət olunan sənədləri qoymağa yer olmadığına görə xx.xx.2022-ci il tarixdə, saat 16-dan sonra avtomobilinin yük yerinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə nahar fasiləsində, yəni bir gün sonra BBGİ-nin əməkdaşları tərəfindən telefonuna və avtomobilinə baxış keçirilmiş, yük yerinə baxış zamanı götürdüyü sənədləri təqdim etmişdir. Həmin kağız sənədlərdə gömrük dəyərinə, XİFMN-ə uyğun olaraq düzəlişlər olunması və hansı GB-yə istinad olunması qeyd edilmişdir. Sənədləri götürməsi barədə heç kimə məlumat verməmişdir. Onları saxlamağa yeri olmadığı üçün hamının gözü qarşısında və kamera müşahidəsi altında götürmüşdür. İddiaçı dəfələrlə yer dəyişəndə və məzuniyyətdən qayıdanda heç nəyi tapmadığını, məzuniyyətdən qayıtdıqda sonra sənədləri geri gətirəməyi nəzərdə tutduğunu bildirmişdir. - xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 29 iyun 2022-ci il tarixli raport əsasında aparılan xidməti araşdırma ilə əlaqədar Bakı Baş Gömrük İdarəsi tərəfindən araşdırmaya göndərilən 1 ədəd karton qutuda qablaşdırılmış sənədlərə baxış keçirilmiş, baxış zamanı qutudakı sənədlərin gömrük xidmətinin X1 Sistemindən əldə edilərək üzərlərində qələmlə müəyyən düzəlişlər aparılmış 352 vərəqdən ibarət müxtəlif xarici iqtisadi fəaliyyət iştirakçılarına məxsus 2019-2021-ci illərə aid gömrük bəyannamələrindən və gömrük xidmətinin X1 Sistemindən əldə edilmiş 8 vərəqdən ibarət avtomobil nəqliyyatı ilə daşınan mallara dair məlumatlardan ibarət olduğu müşahidə edilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, Xidməti araşdırma zamanı sözügedən sənədlər toplusuna keçirilən baxış zamanı həmin sənədlərin gömrük xidmətinin X1 Sistemindən əldə edilmiş məlumatlardan və gömrük bəyannamələrindən ibarət olduğu müəyyən edilmişdir. Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Xüsusi gömrük prosedurları şöbəsinin baş inspektoru, gömrük xidməti polkovnik-leytenantı İddiaçı xidməti araşdırma zamanı 14 iyul 2022-ci il tarixdə verdiyi izahatda sözügedən sənədlər toplusunu xidməti məqsədlər üçün kağız daşıyıcıda saxladığını, 28 iyun 2022-ci il tarixdən etibarən növbəti əmək məzuniyyətinə çıxacağına və xidmət yerində münasib saxlanc yeri olmadığına görə məzuniyyət dövründə həmin sənədləri şəxsi avtomobilində saxlamaq qərarına gəldiyini, bu məqsədlə sənədlər toplusunu 23 iyun 2022-ci il tarixdə xidməti masasından götürərək şəxsi avtomobilinə apardığını bildirmiş, bu barədə bilavasitə və ya birbaşa rəislərini məlumatlandırmadığını qeyd edərək, informasiya təhlükəsizliyi qaydalarına əməl etmədiyini etiraf etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X10”nin 1.3-cü bəndinə əsasən bu Kodeks bütün gömrük orqanı əməkdaşlarına, o cümlədən gömrük orqan və təşkilatlarında çalışan xüsusi rütbəsi olmayan işçilərə şamil edilir. Həmin Kodeksin 10.1-ci bəndinə əsasən gömrük orqanı əməkdaşı informasiya təhlükəsizliyinə dair müvafiq qaydalara və xidməti informasiyadan istifadə qaydalarına əməl etməlidir. Sözügedən Kodeksin 12.1-ci bəndinə əsasən bu Kodeksdə təsbit olunmuş prinsip və qaydalara əməl edilməməsi, həmçinin digər əməkdaşlar və vəzifəli şəxslər tərəfindən həmin prinsip və qaydaların pozulmasına göz yumulması xidməti intizamın pozulması kimi qiymətləndirilir və intizam məsuliyyəti doğurur. İddiaçı xidməti informasiyadan istifadə qaydalarına əməl etməyərək gömrük xidmətinin X1 Sistemindən əldə edərək kağız daşıyıcıya köçürdüyü xarici iqtisadi fəaliyyət iştirakçılarına məxsus məlumat və gömrük bəyannamələrini şəxsi avtomobilində saxlamağa cəhd göstərmiş, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Hədəflərin müəyyənləşdirilməsi bölməsinin əməkdaşlarının sayıqlığı nəticəsində onun bu cəhdinin qarşısı vaxtında alınmış, bununla da İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X10"nin 10.1-ci bəndinin tələbini kobud şəkildə pozmuşdur. Arayışdan görünür ki, qeyd olunanlara əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X10"nin 10.1-ci bəndinin tələbini kobud şəkildə pozduğuna görə İddiaçı “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69-cu maddəsinə əsasən intizam məsuliyyətinə cəlb edilməli olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İddiaçı gömrük orqanlarından xaric edilməsi haqqında xx.xx.2022-ci il tarixli, 1000/515ş nömrəli əmrindən görünür ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərlinin 29 iyun 2022-ci il tarixli 1400-011/0xxxx/004088 nömrəli raportunun araşdırılması ilə İddiaçı xidməti informasiyadan istifadə qaydalarına əməl etməyərək gömrük xidmətinin X1 Sistemindən əldə edərək kağız daşıyıcıya köçürdüyü xarici iqtisadi fəaliyyət iştirakçılarına məxsus məlumat və gömrük bəyannamələrini şəxsi avtomobilində saxlamağa cəhd göstərməsi, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsi Hədəflərin müəyyənləşdirilməsi bölməsinin əməkdaşlarının sayıqlığı nəticəsində onun bu cəhdinin qarşısı vaxtında alınması, bununla da İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X7 10.1-ci bəndinin tələbini kobud şəkildə pozması müəyyən edilmiş və göstərilənlər nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X10"nin 10.1-ci bəndinin tələbini kobud şəkildə pozduğuna görə Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Xüsusi gömrük prosedurları şöbəsinin baş inspektoru, gömrük xidməti polkovnik-leytenantı İddiaçı “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilməsi və həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilməsi, İddiaçıla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin informasiya sistemində elektron imzadan istifadə barədə bağlanmış müqaviləyə xitam verilməsi, elektron imza sertifikatının ləğv edilməsi və ona məxsus elektron imza kartının balansdan silinməsi qərara alınmışdır. - 16.07.2022-ci il tarixli aktdan görünür ki, Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik idarəsi Xidməti araşdırmalar şöbəsinin rəisi gömrük xidməti polkovniki X4 və Bakı Baş Gömrük idarəsi Məxfi bölmə rəisi gömrük xidməti baş leytenantı X5 tərəfindən tərtib olunan 15 iyul 2022-ci il tarixli akta əsasən məhvə ayrılması məqsədilə Mirşahin Mirişli tərəfindən Elşad Əliyevə təhvil verilən sənədlər Bakı Baş Gömrük İdarəsində doğranma üsulu ilə məhv edilmişdir. İddiaçı hazırda cavabdehin bu əmrini mübahisələndirərək, onun ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768- İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin: -1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür. - 16-cı maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin: 1) sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa; 1-1) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə; 2) gömrük məsələləri üzrə üçüncü şəxslərin müvəkkili olmağa; 3) müqavilə ilə mülki-hüquqi xarakterli gömrük işi ilə əlaqədar işləri yerinə yetirməyə; 4) öz xidməti vəziyyətindən istifadə etməklə üçüncü şəxslərə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmayan hər hansı bir yardım göstərmək və bunun müqabilində haqq, imtiyazlar və xidmətlər əldə etməyə; 5) təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsi ilə iştirak etməyə; 6) tətillərin təşkili və onların keçirilməsində iştirak etməyə; 7) siyasi partiyalar yaratmağa və yaxud onların işində iştirak etməyə; 8) əvəzçilik şərti ilə istənilən haqqı ödənilən işi görməyə (elmi-tədris və yaradıcılıq fəaliyyətindən başqa) ixtiyarı yoxdur. - 44-cü maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək; gömrük orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamlarını yerinə yetirmək; xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq; gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək; dövlət sirrini və qanunla qorunan digər sirləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq. -69-cu maddəsinə görə gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1) irad; 2) töhmət; 3) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 4 aşağı vəzifəyə keçirilmə; 5) xüsusi rütbənin bir pillə aşağı salınması; 6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir); 7) gömrük orqanlarından xaric etmə; 8) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə. -69-1-ci maddəsinə əsasən bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. -120-ci maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 8) gömrük orqanlarından xaric edildikdə; Sadalanan normalara əsasən gömrük orqanlarında xidmət keçən vəzifəli şəxsə intizam tədbirinin təbiq olunması üçün onun aşağıdakı hərəkətlərdən birini etməsi tələb olunur:

1. Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş tələbləri pozması;

2. Əsasnamənin 44-cü maddəsində nəzərdə tutulmuş tələbləri pozması;

3. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etməməsi;

4. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətməsi. İstinad olunan normalardan həmçinin görünür ki, şəxsə gömrük orqanlarından xaric etmə qismində intizam tənbehinin tətbiq edilməsi üçün aşağıdakı hallardan biri olmalıdır:

1. vəzifələrin icrası zamanı xidməti intizamı bir dəfə kobud surətdə pozulması;

2. xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilməməsi;

3. Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə yol verilməsi. İddiaçının gömrük orqanlarından xaric edilməsi barədə əmrdə İddiaçı tərəfindən “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X10”nin 10.1-ci bəndinin kobud şəkildə pozulduğu göstərilmişdir. Deməli, cavabdeh iddiaçıya gömrük orqanlarından xaric etmə qismində intizam tənbehi tətbiq edərkən onun yuxarıda istinad olunan hallardan birincisinə, yəni vəzifələrin icrası zamanı xidməti intizamı bir dəfə kobud surətdə pozulmasına yol verdiyinə istinad etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, digər iki halın, yəni iddiaçı tərəfindən xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsi və ya Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə yol verməsi halının araşdırılması zərurəti aradan qalxır. İddiaçı tərəfindən vəzifəsinin icrası zamanı xidməti intizamın kobud surətdə pozulmasına gəldikdə, məhkəmə qeyd edir ki, xidməti intizamın məhz hansı şəkildə pozuntusunun kobud pozuntu olması qanunvericilikdə təsbit edilməmişdir. Deməli, hansı əməllərin xidməti intizamın kobud şəkildə pozulması kimi qəbul edilməsi əlaqəli normalar və qanunvericilik aktları əsasında müəyyən edilməlidir. Bununla əlaqədar ilk öncə qeyd edilməlidir ki, gömrük orqanlarında xidmət haqqında Əsasnamə ilkin normativ hüquqi əsas olmaqla Azərbaycan Respublikasının gömrük orqanlarında və təşkilatlarında (bundan sonra “gömrük orqanları” adlanacaq) xidmətin qaydalarını və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Bundan əlavə, Əsasnamənin 2-ci maddəsində göstərilmişdir ki, gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Əsasnamənin 9-cu maddəsinə görə gömrük orqanlarında xidmət qanunçuluq, humanizm, müvafiq dövlət hakimiyyəti orqanları qarşısında cavabdehlik, xidməti intizama və etik davranış qaydalarına riayət, xidmət fəaliyyətinin nəticələrinə və ixtisasına görə xidməti irəliləyiş prinsipləri əsasında təşkil edilir. Əsasnamənin 42-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və beynəlxalq müqavilələrinə, digər normativ hüquqi aktlarına, habelə bu Əsasnaməyə uyğun olaraq öz səlahiyyətləri daxilində vəzifələr yerinə yetirir və müəyyən hüquqlardan istifadə edirlər. Əsasnamənin 44-cü maddəsində yuxarıda da qeyd edildiyi kimi gömrük orqanının vəzifəli şəxsinin etməyə borclu olduğu vəzifələr sadalanmışdır. Əsasnamənin 64-cü maddəsinə əsasən gömrük orqanlarında xidməti intizam gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının və bilavasitə tabe olduqları rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Əsasnamənin 65-ci maddəsinə görə gömrük orqanlarının nümunəvi daxili intizam qaydaları Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Beləliklə, xidməti intizamın pozulması gömrük əməkdaşının əməlinin (hərəkət və ya hərəkətsizliyi) qanunlara, Əsasnaməyə, vəzifə təlimatına, etik davranış qaydalarına daxili intizam qaydalarına bilavasitə zidd olmasıdır. Qeyd edilən intizam xətası maddi nəticənin baş verməsi və yaxud nəticənin baş verib-verməməsindən asılı olmayaraq müvafiq hərəkətin edildiyi andan başa çatmış olması ilə səciyyəndiyindən qarışıq tərkibdə, maddi formal tərkibli pozuntu kimi qiymətləndirilə bilər. Hazırkı iş üzrə mübahisələndirilən əmrin qəbul olunmasına əsas olmuş iddiaçının xidməti intizamın kobud şəkildə pozması halı aşağıdakı normativ aktların tələblərinə əsasən qiymətləndirilir: İ.“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Qanunun: -2-ci maddəsinə əsasən informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır; Açıq informasiya — əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan və ümumi istifadə üçün təyin olunmuş sənədləşdirilmiş informasiyadır; konfidensial informasiya - vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan məlumatlar, habelə peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləridir. informasiya təhlükəsizliyi – informasiyanın tamlığının (dəqiq, səlis, aktual və bütöv olması), əlçatanlığının (müraciət və əldə etmənin, nəzarətdə saxlamanın mümkün olması), konfidensiallığının (yalnız səlahiyyəti olan istifadəçilər və proseslər üçün məlum ola bilməsi) və mötəbərliliyinin (adekvat, obyektiv, faydalı olması) mühafizə edilməsidir. -10-cu maddəsinə əsasən əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür. Azərbaycan Respublikasının qanunu ilə əldə olunması məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır. Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar hüquqi rejiminə görə məxfi və gizli (konfidensial) olur. Dövlət sirri məxfi, vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri konfidensial xarakter daşıyır. Məlumatların dövlət sirrinə aid edilməsi, istifadəsi qaydaları və mühafizəsi “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Konfidensial informasiyanın toplanmasına, işlənməsinə, istifadəsinə və yayılmasına yalnız Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş hallarda yol verilə bilər -11-ci maddəsinə əsasən alınması məhdudlaşdırılmış sənədləşdirilmiş informasiya istisna olmaqla informasiya ehtiyatları ilə işləməyə buraxılmaqda istifadəçilər bərabar hüquqlara malikdirlər və məlumatlardan istifadə edilməsinin zəruriliyini informasiya ehtiyatlarının mülkiyyətçisi və ya sahibi qarşısında əsaslandırmağa məcbur deyillər. -13-cü maddəsinə görə informasiya ehtiyatlarından istifadə qaydalarının pozulmasına, istifadəçilərin hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına görə mülkiyyətçi və ya sahib, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar. -17-ci maddəsinə əsasən İnformasiyanın mühafizəsinin məqsədləri aşağıdakılardan ibarətdir: dövlət sirri təşkil edən və konfidensial informasiyanın qorunması. -18-ci maddəsinə görə barəsində qanunsuz əməliyyatlar və davranış nəticəsində mülkiyyətçiyə, sahibə, istifadəçiyə və ya başqa şəxslərə ziyan vurula bilən hər hansı sənədləşdirilmiş informasiya mühafizə olunmalıdır. İnformasiya ehtiyatlarının mülkiyyətçisi və ya Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq informasiya mühafizəsi üçün məsul struktur bölmələr informasiya mühafizəsi tələblərinə əməl edilməsinə nəzarət etmək, bu tələblər pozulduqda isə informasiya ilə işləməyi qadağan etmək və ya dayandırmaq hüququna malikdirlər. İİ. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının «30» yanvar 2012-ci il tarixli 01/03 №-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X6: 1.1. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X10 (bundan sonra «X10») gömrük orqanı əməkdaşının xidmətdə və xidmətdənkənar, gündəlik həyatda davranış qaydalarının norma və müddəalarını, əxlaq prinsiplərini müəyyən edir. 1.2. Bu Kodeks gömrük orqanı əməkdaşının etik davranış normalarını təyin etməklə yanaşı, şəxsi məsuliyyət, qanuna riayət edilməsi, özünə və başqalarına münasibət prinsiplərini, ictimaiyyətlə münasibətdə etik və digər məsələlərin həllinə dair vəzifələri özündə əks etdirir. 1.3. Bu Kodeks bütün gömrük orqanı əməkdaşlarına, o cümlədən, gömrük orqan və təşkilatlarında çalışan xüsusi rütbəsi olmayan işçilərə şamil edilir. 1.4. Hər bir gömrük orqanı əməkdaşı bu Kodeksin müddəalarını dərindən öyrənməli, onun tələblərinə sözsüz əməl etməyə borcludur. 1.5. Gömrük orqanı əməkdaşının xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Xidməti davranış Azərbaycan Respublikasının qanunvericiliyi və bu Kodekslə müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır. 9.4. Dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən, texniki nəzarət vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə, xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan məqsədlər üçün istifadə etməməlidir. 10.1. Gömrük orqanı əməkdaşı informasiya təhlükəsizliyinə dair müvafiq qaydalara və xidməti informasiyadan istifadə qaydalarına əməl etməlidir. 10.2. Xidməti fəaliyyəti ilə əlaqədar əldə edilmiş məlumatlardan şəxsi məqsədlər üçün istifadə etməməlidir. 10.3. İstifadəsində olan, gömrük orqanı üzrə şəbəkəyə qoşulmuş və ya qoşulmamış kompüterlərdəki məlumatların təhlükəsizliyini qorumah, bu məlumatlardan xidməti vəzifəsinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir. 12.1 Bu Kodeksdə təsbit olunmuş prinsip və qaydalara gömrük orqanı əməkdaşı tərəfindən əməl edilməməsi, həmçinin, digər əməkdaşlar və vəzifəli şəxslər tərəfindən həmin prinsip və qaydaların pozulması hallarına göz yumulması xidməti intizamın pozulması kimi qiymətləndirilir və «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamədə nəzərdə tutulmuş intizam məsuliyyəti doğurur. 12.2 İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş pozuntu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən müəyyən edilir. İşdən görünür ki, iddiaçı xarici iqtisadi fəaliyyət iştirakçılarına məxsus 2019-2021-ci illərə aid gömrük bəyannamələrini və gömrük xidmətinin X1 sistemindən əldə edilmiş məlumatları iş yerindən kənarda, şəxsi avtomobilində saxlamış, bu hal iddiaçı tərəfindən də inkar olunmamışdır. Həmin informasiyalar ən azından əldə olunması qanunvericilik ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün təyin olunmuş və yaxud hər kəsin ümumi informasiya mənbələrindən əldə edə biləcəyi informasiyalar olmamaqla yanaşı, bilavasitə gömrük prosedurları şöbəsində gömrük inspektoruna xidməti zamanı ona məlum olan, başqa sözlə əldə edilməsi məhdudlaşdırılan informasiyalara aid hesab olunur. Buna görə də məhkəmə iddiaçının həmin hərəkəti ilə xidməti fəaliyyətlə əlaqədar əldə edilmiş məlumatların təhlükəsizliyini pozduğunu qəbul edir, lakin bu özlüyündə hələ həmin pozuntunun kobud pozuntu olması qənaətinə gəlmək üçün kifayət deyil. Doğrudur, qanunverici hansı əməlin kobud pozuntu olmasını konkret tənzimləməməklə inzibati orqana diskresion səlahiyyət vermiş, bu qiymətləndirməni inzibati orqanın mülahizəsindən asılı etmişdir. Lakin İPM-in 74.1-ci maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Göründüyü kimi, İPM-in 74-cü maddəsi məhkəmə tərəfindən inzibati aktların qanuniliyinin yoxlanılmasını inzibati orqanın öz diskresion səlahiyyətini düzgün, xüsusilə mütənasiblik prinsipinə müvafiq olaraq yerinə yetirib-yetirmədiyinin yoxlanılması ilə məhdudlaşdırmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində mütənasiblik prinsipi ifadə edilərək göstərilmişdir ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, mütənasiblik prinsipi uyğunluq, zərurilik və yararlılıq meyarlarına cavab verməlidir. Uyğunluq meyarına görə fərdin və ya hüquqi şəxsin hüquq və azadlıqlarını məhdudlaşdıran hər hansı bir tədbir inzibati orqan tərəfindən nəzərdə tutulan məqsədə nail olmaq üçün uyğun olmalıdır. Zərurilik meyarına əsasən inzibati orqan tərəfindən tətbiq olunan məhdudlaşdırıcı tədbirlər daha az məhdudlaşdırıcı qanunvericilik vasitələrinin olmadığı yerdə, qarşıya qoyulmuş məqsədlərə nail olunmaq üçün ən yumşaq, zəruri olmalıdırlar. Yararlılıq meyarı qarşıya qoyulmuş məqsədlərə qeyri-mütənasib olan hər hansı həddən artıq inzibati tədbirlərdən istifadə edilməməsini, ictimai maraqlarla tarazlaşdırmasını nəzərdə tutur. Yəni inzibati orqan hansı formada olmasından asılı olmayaq şəxsin hüquqlarına müdaxilə edərkən bu müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin fundamental hüquqlarının qorunması tələbləri arasında “ədalətli tarazlığa” nail olmalı, istifadə olunmuş vasitələrlə qarşıya qoyulmuş məqsəd arasında mütənasibliyin səbəbli əlaqəsi olmalıdır. Xüsusən qeyd edilməlidir ki, müvafiq tədbirlə mənafelərinə toxunulmuş şəxs fərdi və həddən artıq yükə məruz qaldığı halda, tələb olunan tarazlığa nail oluna bilməz. Yəni mütənasiblik müəyyən dərəcədə “daha çox” və “daha az” anlayışlar arasında formalaşan amildir. Mütənasiblik prinsipinin əsas məqsədi hüquqla vəzifə, öhdəliklə mülkiyyət, məqsədlə vasitələr arasında vahid məxrəci yaratmaqdır. Ona görə inzibati orqan tərəfindən görülən tədbirlərin həcmi ehtiyac və lazımlılıq tələbatı ilə qiymətləndirilməlidir. Məhz bu baxımdan iddiaçının törətdiyi pozuntuya münasibətdə cavabdehin tətbiq etdiyi tədbiri qiymətləndirən məhkəmə hesab edir ki, bu tədbir zəruri və yararlı hesab oluna bilməz. Belə ki, iş materialları ilə iddiaçının avtomobildə saxladığı məlumatlardan şəxsi məqsədlər üçün istifadə etməsi, həmin məlumatlar müqabilində haqq, imtiyaz və ya xidmət əldə etməsi, məlumatı yayması, yaxud bu hərəkəti ilə mülkiyyətçiyə, sahibə, istifadəçiyə və ya başqa şəxslərə ziyan vurması müəyyən olunmur. Belə olan halda, məlumatların yalnız xidmət yerindən kənara çıxarılması özlüyündə hələ xidməti vəzifələrin icrasının kobud pozuntusu kimi qiymətləndirilə bilməz. Çünki informasiya təhlükəsizliyi məhz həmin informasiyanın yayılması, şəxsi məqsədlər üçün istifadə edilməsi, başqa şəxslərə ziyan vurulmasının qarşısını almağa xidmət edir. Əgər bu nəticələrdən hər hansı biri hasil olmamışsa, qanunvericiliklə nəzərdə tutulan ən ağır intizam tənbehinin tətbiqi mütənasib, zəruri və yararlı hesab oluna bilməz. İşdən görünür ki, iddiaçıya Komitənin xx.xx.2017-ci il tarixli, 100/569Ş nömrəli əmri ilə Gömrük Xidmət Mayoru rütbəsi, xx.xx.2018-ci il tarixli,100/078 nömrəli əmri ilə X8, xx.xx.2018-ci il tarixli, 100/398Ş nömrəli əmri ilə xidmətdə fərqləndiyinə görə pul mükafatı, xx.xx.2019-cu il tarixli, 1000/138Ş nömrəli əmri ilə xidmətdə fərqləndiyinə görə pul mükafatı və qiymətli əşya, Komitənin xx.xx.2020-ci il tarixli, 1000/081Ş əmri ilə xidmətdə fərqləndiyinə görə vaxtından əvvəl növbəti xüsusi rütbə Gömrük Xidməti Polkovnik- Leytenantı rütbəsi, xx.xx.2021-ci il tarixli,1000/840Ş nömrəli əmri ilə xidmətdə fərqləndiyinə görə pul mükafatı verilmişdir. Göründüyü kimi, iddiaçı həmin tarixədək öz xidməti vəzifələrini layiqincə yerinə yetirmiş, bu hal cavabdeh tərəfindən mükafatlar verilməklə qəbul edilmişdir. O da qeyd olunmalıdır ki, cavabdeh “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X10”nin 10.1-ci bəndinin pozulduğunu bildirsə də, həmin bənddə istinad olunan müvafiq qaydaları, habelə xidməti informasiyadan istifadə qaydalarını, iddiaçının xidməti vəzifələrini icra edərkən ona məlum olan məlumatlardan hansı qaydada istifadə etməli olması barədə xəbərdar edilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırda cavabdeh mübahisəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanunsuzdur və ləğv olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/515Ş saylı 15 iyul 2022-ci il tarixli əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Xüsusi gömrük prosedurları şöbəsinin baş inspektoru vəzifəsinə bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar