Məhkəmə qərarları › İş №e-2-1(112)-11444/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-11444/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11444/2022 03.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2, üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili “Qanunçuluq” Vəkil Bürosunun vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun iştirakları ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla sərəncamın etibarsız hesab edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar X3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 299 №-li sərəncamının etibarsız hesab edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 253 nömrəli sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi hissəsində ticarət mərkəzlərinin tikintisinin layihələndirilməsi üçün 60 ha torpaq sahəsi icarə əsasında "Yeganə” firmasının, “Arazavia” firmasının və “Elçin” firmasının istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 299 nömrəli sərəncamı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) xx.xx.2021-ci il tarixli, 33 nömrəli müraciəti, “Yeganə” firmasının xx.xx.2021-ci il tarixli, 03 nömrəli və “Elçin” firmasının xx.xx.2021-ci il tarixli, 17 nömrəli razılıq məktubları nəzərə alınaraq, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yol ayrıcının qərbində ticarət mərkəzlərinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması haqqında Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 253 nömrəli, xx.xx.2009-cu il tarixli, 497 nömrəli və xx.xx.2012-ci il tarixli, 478 nömrəli sərəncamlarının və aparılmış müvafiq sənədləşmə işlərinin "xxxx" MMC-nin adına rəsmiləşdirilməsi qərara alınmışdır. Hesab edirlər ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 299 nömrəli sərəncamı qanunsuzdur və həmin sərəncam etibarsız hesab edilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 253 nömrəli Sərəncamı ilə “Yeganə” firmasına, “Arazavia” firmasına və “Elçin” firmasına torpaq sahələri ayrılmışdır. Qeyd edilən torpaq sahələri ticarət mərkəzlərinin inşası məqsədilə ayrılmışdır və torpaq ayrılan zaman həmin ərazi boş (üzərində tikili olmayan torpaq sahəsi) olmaqla qeyd edilən sərəncam yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinə uyğun olmuşdur. Torpaq sahələri ayrılandan sonra həmin ərazidə tikililər (ticarət mərkəzləri) inşa edilmiş və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli, 299 nömrəli sərəncam verilərkən torpaq sahələri üzərində tikililər mövcud olmaqla həmin ərazi boş sahə olmamışdır. Qanunvericiliyə əsasən üzərində fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş müəssisə və ya obyektlərin yerləşdiyi, dövlət mülkiyyətində olan torpaq sahələrinin barəsində sərəncamvermə (alqı-satqı, icarə, istifadə və s.) səlahiyyəti yerli icra hakimiyyətinə deyil, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olduğundan, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli sərəncamı qanunsuz olmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin ikinci hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti), həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11 -ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsini satın alınması üçün həmin sahənin üstündə yerləşən müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması həmin Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” nın 9.2-ci bəndinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 629 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti, müstəsna olaraq, dövlət əmlakının sərəncamçısına — Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.48-ci yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə vermək Xidmətin səlahiyyətləri sırasına daxildir. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş müəssisə və ya obyektlərin yerləşdiyi, dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur və qeyd edilən torpaq sahələri Xidmətin təklifi əsasında müəssisə və ya obyektin mülkiyyətçisi tərəfindən ya satın alınmalı, ya da Xidmətlə satınalma hüququ ilə icarə müqaviləsi bağlanılmalıdır. Lakin cavabdeh qanunvericiliyin qeyd edilən tələblərinə riayət etməyərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi hissəsində ticarət mərkəzlərinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması haqqında Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 253 nömrəli, xx.xx.2009-cu il tarixli, 497 nömrəli və xx.xx.2012-ci il tarixli, 478 nömrəli sərəncamlarını və aparılmış müvafiq sənədləşmə işlərini "xxxx" MMC-nin adına rəsmiləşdirmişdir (bununla faktiki olaraq “Yeganə” firmasına və “Elçin” firmasına ayrılmış torpaq sahələrini də "xxxx" MMC-yə icarəyə vermişdir). İddiaçı X3 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin elektron məhkəmə informasiya sistemində qeydiyyata alınarkən texniki yanlışlıq nəticəsində Əmlak Məsələləri Dövlət Xidməti ilə yanaşı Xidmətin rəis müavini Elçin Yusubovun da iddiaçı qismində qeyd edildiyini və Elçin Yusubovun Xidmətin adından iddia ərizəsi imzalamaq səlahiyyətinə malik şəxs kimi iddia ərizəsinin imzaladığını və hazırki iş üzrə iddiaçı qismində yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin çıxış etdiyinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X3 tərəfindən verilmiş ərizə icraata qəbul olunaraq, "xxxx" MMC-nin zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb olunması qərara alınmış, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, sonuncu məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, tərəflər və üçüncü şəxs işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin və üçüncü şəxs "xxxx" MMC-nin iddaya dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı inzibati orqanın nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Ələkbər-zadə Faiq Zakir oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 253 nömrəli sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi hissəsində ticarət mərkəzlərinin tikintisinin layihələndirilməsi üçün 60 ha torpaq sahəsi icarə əsasında "Yeganə” firmasının, “Arazavia” firmasının və “Elçin” firmasının istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 299 nömrəli sərəncamı ilə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 33 nömrəli müraciəti, “Yeganə” firmasının xx.xx.2021-ci il tarixli, 03 nömrəli və “Elçin” firmasının xx.xx.2021-ci il tarixli, 17 nömrəli razılıq məktubları nəzərə alınaraq, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubşərqi, Bakı-Salyan-Lökbatan dairəvi yol ayrıcının qərbində ticarət mərkəzlərinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması haqqında Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 253 nömrəli, xx.xx.2009-cu il tarixli, 497 nömrəli və xx.xx.2012-ci il tarixli, 478 nömrəli sərəncamlarının və aparılmış müvafiq sənədləşmə işlərinin "xxxx" MMC-nin adına rəsmiləşdirilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 299 nömrəli sərəncamı qanunidir. Belə ki, mübahisələndirilən sərəncamla hazırda "xxxx" MMC-yə ayrılmış torpaq sahələri iddiaçı tərəfin bildirdiyi kimi üzərində tikililər mövcud olan torpaq sahəsi deyil, əksinə boş (üzərində tikili olmayan) torpaq sahəsi olmaqla, qeyd edilən sərəncam yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinə uyğun olmuşdur. Nümayəndə qeyd olunanların nəzərə alınmaqla, iddianın əsassız olduğu üçün təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan məhkəmənin müvafiq sorğusuna cavab olaraq Bakı şəhəri İcra Hakimiyyətinin 7-4546/17 №li, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş aşağıda sadalanan sənədlərdən; - Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının “əşya bazarının tikintisinin “Arazavia” firmasına təhkim olunması barədə 12 iyul 1996-cı il tarixli 551 №-li sərəncamından müəyyən olunur ki, qeyd olunan sərəncamla Bakı-Mərdəkan yolu Bakı təyyarə limanının cənub hissəsində Əzizbəyov rayon İcra Hakimiyyəti üçün ayrılmış torpaq sahəsində əşya bazarının tikintisinin aparılması və layihə-smeta sənədlərinin hazırlanması “Arazavia” firmasına həvalə edilməsi; layihə-smeta sənədlərinin Bakı şəhər Baş Memarlıq və Şəhərsalma idarəsi ilə razılaşdırıldıqdan sonra tikinti işlərinə başlanılması; tikinti işləri aparılarkən ərazinin təmizliyinə riayət edilməsi, torpaq sahəsinin ayrılmış məqsəd üçün istifadə olunmasının həvalə edilməsi qərara alınmışdır. - Bakı şəhər İcra Hakimiyyətinin 547 №-li, xx.xx.1997-ci il tarixli Sərəncamı ilə Əzizbəyov Rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 19 saylı məktubu nəzərə alınaraq, “Araz-Avia” firmasına Əzizbəyov rayonu, Bakı-Mərdəkan yolunda, mövcud əşya bazarlarının qərb hissəsində avtomobil dayanacağı təşkili üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Bakı şəhər İcra Hakimiyyətinin “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün X1 təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli sərəncamına əsasən, X7 boyunca yerləşdirilmiş yarmarkaların köçürülməsi haqqında 253 №-li, xx.xx.2007-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün X1 təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli sərəncamına əsasən, X7 boyunca yerləşmiş yarmarkaların köçürülməsinə dair “Yeganə” firmasına (xx.xx.2007-ci il tarixli, 01 saylı məktub); "xxxx" firmasına (xx.xx.2007-ci il tarixli, 15 saylı məktub); “Elçin” firmasına (xx.xx.2007-ci il tarixli 01 saylı məktub) torpaq sahəsi ayrılmasını nəzərə alaraq, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbində ticarət mərkəzlərinin tikintisinin layihələndirilməsi üçün 60,0 ha torpaq sahəsinin icarə əsasında həmin firmaların istifadəsinə verilməsi və s. qərara alınmışdır. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 253 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında” 497 №li xx.xx.2009-cu il tarixli sərəncamı ilə “Yeganə”, “Araz-Avia” və “Elçin” firmalarına dair Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 253 saylı sərəncamında torpaq sahəsinin ölçülərinin dəqiqləşdirilərək, 70,0 ha müəyyən edilməsi qərara alınmışdır. - “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 497 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında” 478 №li xx.xx.2012-ci il tarixli sərəncamı ilə “Yeganə”, “Araz-Avia” və “Elçin” firmalarının müraciətləri nəzərə alınaraq, “Yeganə”, “Araz-Avia” və “Elçin” firmalarına dair Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 497 saylı sərəncamında “70,0 ha” ifadəsinin “95,28 ha” ifadəsi kimi oxunması qərara alınmışdır. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 253 nömrəli, xx.xx.2009-cu il tarixli, 497 nömrəli və xx.xx.2012-ci il tarixli, 478 nömrəli sərəncamlarının addan-ada keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli 299 №-li sərəncamı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan- Lökbatan dairəvi yolayrıcının qərbində ticarət mərkəzlərinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 253 nömrəli, xx.xx.2009-cu il tarixli, 497 nömrəli və xx.xx.2012-ci il tarixli, 478 nömrəli sərəncamlarının və aparılmış müvafiq sənədləşmə işlərinin "xxxx" MMC-nin adına rəsmiləşdirilməsi; "xxxx" MMC-nin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması üçün Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis" müdiriyyəti ilə 3 (üç) ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını və bu Sərəncamdan irəli gələn digər sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasının təmin edilməsinin həvalə olunması qərara alınmışdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 59.1-ci maddəsinə müvafiq olaraq yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. İPM-nin 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) və Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları inzibati orqanlar kimi müəyyən olunmuşlar. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən; - yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır (1.1) - Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər (1.2). - Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar (1.3). - Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar (1.4). - Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin V hissəsinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd olmayan normativ xarakterli aktlar qəbul edə bilərlər (6.1). - Yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları onlar tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları qərar formasında qəbul edilir (6.2). - Yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir (6.3). - Yerli icra hakimiyyəti orqanlarının qəbul etdikləri normativ xarakterli aktların icrası onun ərazisində yaşayan fiziki şəxslər və onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir ( 6.4). - Yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir (6.8). Hazırki iddia ərizəsindən də göründüyü kimi, inzibati orqan olan iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti inzibati orqan olan cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı sonuncu tərəfindən qəbul olunmuş inzibati aktın, yəni ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq (və ya həll etmək) məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi şəxs (iş üzrə üçüncü şəxs) üçün müəyyən hüquqi nəticələr yaradan sərəncamın etibarsız hesab olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisənin hər iki tərəfində inzibati orqan çıxış edir. Lakin həmin orqanların heç biri ayrıayrılıqda onun hüquqlarının digər inzibati orqan tərəfindən pozulduğunu inzibati məhkəmədə mübahisələndirə bilməz. Belə ki, bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur. Həmin hüquqların (eyni zamanda, vəzifələrin) həyata keçirilməsində hansı orqanın səlahiyyətli olduğuna dair məsələni də həll etmək səlahiyyəti həmin inzibati orqanların tabe olduqları yuxarı icra hakimiyyəti orqanına məxsusdur (“İnzibati icraat haqqında” Qanunun 4-cü maddəsi). Başqa sözlə, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı ixtilaf/mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmə həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyil. Həm də, ən azından ona görə ki, “İnzibati icraat haqqında” Qanunun və İPM-in qəbul edilməsinin (yeni icraat qaydasının müəyyən edilməsinin) məqsədi inzibati orqanların öz aralarında yaranan münasibətləri tənzimləmək deyil, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərini tənzimləmək, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun əliliyinə nail olmaq (“İnzibati icraat haqqında” Qanunun preambulası), inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir. Bu mübahisələr “İnzibati icraat” haqqında Qanunun 4.3-cü maddəsində müəyyən olunmuş qaydada həll olunmalıdır. Həmin normaya görə inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 484 nömrəli, 25 yanvar 2019-cu il tarixli Fərmanı ilə müəyyən edilmişdir ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş komissiyanın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası həyata keçirir. Beləliklə, dövlət orqanlarının aralarında yaranmış aidiyyət və ya səlahiyyətlərlə əlaqədar mübahisələr inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan inzibati (publik) hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirilə bilməz. Bu halda, hazırkı iddia inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmayan iddiadır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.3-cü maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-ci maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətidir. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iki inzibati orqan arasında publik hüquq münasibətlərindən yaranmış mübahisə üzrə hazırki iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar