Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11463/2025 09.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “iddia edilən yer üzrə vəzifəyə təyin edilmə” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində mövcud olan vakant vəzifələrin tutulması ilə əlaqədar daxili müsahibə elan edilməklə xx.xx.2023-cü il tarixdə başlanaraq xx.xx.2023-cü il tarixdə yekunlaşdırılmış müsahibənin nəticəsində yüksək bal toplaması və yuxarıdakı sübutlarla vakant yerlərin olmasının təsdiq olunduğu nəzərə alınaraq iddia etdiyi yer üzrə vəzifəyə təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə vəzifə kimi qoyulması barədə qərar qərar qəbul edilməsini xahiş etmişdirlər.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı hazırda “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsinin Gömrük Təmsilçiliyi şöbəsinin Sədərək bölməsinin mütəxəssisi vəzifəsində çalışır və xüsusi rütbəli şəxs statusu yoxdur. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində mövcud olan vakant vəzifələrin tutulması ilə əlaqədar daxili müsahibə elan edilmiş, daxili müsahibənin keçirilməsi xx.xx.2023-cü il tarixdə başlanaraq xx.xx.2023-cü il tarixdə yekunlaşmış və müsahibə şərtləri aşağıdakı kimi qeyd edilmişdir: “Müsahibədə peşəkar biliklərə sahib olan, müvafiq sahədə təcrübə toplamış, qüsursuz xidmət göstərən, sosial və innovativ layihələrdə aktiv iştirak edən, Komitədə vakant vəzifələrin tutulması məqsədi ilə keçirilən müsabiqələrdə (səriştəlilik imtahanında) iştirak edən “Azərterminalkompleks” Birliyinin əməkdaşları iştirak edə bilər”. Odur ki, yuxarıda qeyd olunan şərtlərə uyğun olaraq iddiaçı özü haqqında məlumatları müvafiq poçt ünvanına göndərmiş, aparılmış təhlillərdən sonra imtahana buraxılmışdır. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə müsahibədə iştirak etmiş, xx.xx.2023-cü il tarixdə elanlar lövhəsində müsahibədən uğurla keçməyi barədə məlumat yerləşdirilmiş və həmin məlumata əsasən mümkün 20 bal üzərindən balı 16 təşkil etmiş, yəni yüksək nəticə göstərmişdir. Daha sonra qısa zamanda əməkdaşların vakant yerlərə əmrləri verilməyə başlanılmış, lakin imtahan bitməsindən bu günə kimi uzun müddət keçməsinə baxmayaraq İddiaçı müsahibədə iştirak etdiyi vəzifəyə təyin olunması barədə əmr verilməmişdir. İddiaçı keçən dövr ərzində mütəmadi olaraq Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin Kadrlarla İşin təşkili və Uçot Şöbəsinin rəisi ilə əlaqə saxlasa da verilən cavablar “sizin adınız ehtiyat kadrlar siyahısındadır və yaxın zamanlarda əmriniz veriləcək”, “səbrli olun, mərhələli şəkildə əmrlər verilir” və s. kimi eyni məzmunlu olmuşdur. İddiaçı 2025-ci ilin yanvar ayında yenidən DGK-ya yazılı müraciət edərək imtahanın nəticəsinə uyğun olaraq iddia etdiyi vakant vəzifəyə təyin edilməsi üçün müvafiq göstəriş verilməsini xahiş etsə də onun müraciətinə cavab olaraq “xx.xx.2023-cü il tarixdə elan edilmiş daxili müsahibə üzrə müvəffəqiyyət əldə edən, daha yüksək nəticə göstərən (bal toplayan), habelə xüsusi rütbəsi olan əməkdaşların təyinatının aparılmasına üstünlük verilmişdir” cavabı verilmişdir. Halbuki, müsahibənin şərtlərində “yüksək bal toplayanlara üstünlük veriləcək” və ya ”rütbəli əməkdaşlara üstünlük veriləcək” kimi tələblər qeyd olunmamışdır. Belə olan halda isə tələblərin sonradan irəli sürülməsi qeyri-qanuni olmaqla, yəni rütbəli əməkdaşlara üstünlük verilməsi iddiaçının imtahan nəticəsini ləğv etmir. Araşdırma zamanı isə iddiaçıdan yuxarı bal toplayan şəxslərlə yanaşı onunla eyni bal toplamış aşağıda qeyd edilən rütbəli və rütbəsiz şəxslərin vəzifədə irəli çəkilməsi hallarının da olduğu müəyyən edilmişdir: 1) "Azərterminalkompleks" Birliyi Gömrük brokeri işinin təşkili şöbəsi gömrük brokeri və texniki xidmətin göstərilməsi üzrə Astara şöbəsinin "Yüklü avtonəqliyyat vasitələrinin boşaldılması və yenidən yüklənməsi" bölməsinin inspektoru, gömrük xidməti leytenantı X5 həmin müsahibədə 16 bal toplamaqla Komitə rəhbərinin 19 oktyabr 2023-cü il tarixli, 1000/1228Ş saylı əmri ilə tutduğu vəzifədən azad edilərək Naxçıvan Baş Gömrük İdarəsi Əməliyyat və İstintaq İdarəsinin Hədəfləmə və koordinasiya şöbəsinin inspektoru vəzifəsinə; 2) "Azərterminalkompleks" Birliyi Maliyyə-iqtisad şöbəsinin inspektoru, gömrük xidməti leytenantıTağıyev Amin Qasım oğlu həmin müsahibədə 16 bal toplamaqla Komitə rəhbərinin 19 oktyabr 2023-cü il tarixli, 1000/1229Ş saylı əmri ilə tutduğu vəzifədən azad edilərək Naxçıvan Baş Gömrük İdarəsi Əməliyyat və İstintaq İdarəsi Hədəfləmə və koordinasiya şöbəsinin İnspektoru vəzifəsinə; 3) "Azərterminalkompleks" Birliyi Naxçıvan Ərazi İdarəsi Müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili şöbəsinin rəisi, gömrük xidməti mayoru X3 həmin müsahibədə 16 bal toplamaqla Komitə rəhbərinin 19 oktyabr 2023-cü il tarixli, 1000/1230Ş saylı əmri ilə tutduğu vəzifədən azad edilərək Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək" Gömrük Postunun inspektoru vəzifəsinə; 4) "Azərterminalkompleks" Birliyi Gömrük nəzarəti zonalarında dayanacaq və tərəzi xidməti işinin təşkili şöbəsi gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili üzrə Xaçmaz "Samur" şöbəsinin inspektoru, gömrük xidməti leytenantıMəmmədov Xaliq Elyaz oğlu həmin müsahibədə 16 bal toplamaqla Komitə rəhbərinin 26 oktyabr 2023-cü il tarixli, 1000/1241Ş saylı əmri ilə tutduğu vəzifədən azad edilərək Naxçıvan Baş Gömrük İdarəsi "X4" Gömrük Postunun inspektoru vəzifəsinə; 5) "Azərterminalkompleks" Birliyi Naxçıvan Ərazi İdarəsi Şahtaxtı bölməsinin mütəxəssisi (rütbəsiz)X1 həmin müsahibədə 16 bal toplamaqla Komitə rəhbərinin 08 aprel 2024-cü il tarixli, 3-33/405Ş saylı əmri ilə tutduğu vəzifədən azad edilərək Naxçıvan Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci şöbəsinin inspektoru vəzifəsinə keçirilmişlər. Göründüyü kimi yuxarıda sadalanan əmrlərlə “yüksək bal toplayanlara üstünlük veriləcək” arqumentinin əks olunduğu iddiaçıya DGK tərəfindən göndərilən cavab məktubu ziddiyyət təşkil edir və göstərilən əsas iddiaçının vəzifədə irəli çəkilməsinə mane olmaq üçün gətirilən bəhanədən başqa bir şey deyildir. Çünki, əks halda İddiaçı da yuxarıda qeyd edilən əmrləri verilmiş şəxslərlə eyni balı (16 bal) topladığından vəzifədə irəli çəkilmək prosesində o da nəzərə alınmalı idi. Beləliklə dəƏmək Məcəlləsinin 16-cı maddəsinin (Əmək münasibətlərində bərabərlik prinsipi) tələbi pozulmuşdur. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, daxili müsahibənin keçirilməsi xx.xx.2023-cü il tarixdə başlanmasına, xx.xx.2023-cü il tarixdə yekunlaşmasına və iddiaçının müraciətlərinə “hələ ki, yer yoxdur” cavabı verilməsinə baxmayaraq Dövlət Gömrük Komitəsi öz rəsmi saytında (link: https://customs.gov.az/az/komite/xidmete-qebul) “Naxçıvan Baş Gömrük İdarəsi, Skanlaşdırma şöbəsi, inspektor (3 yer), Naxçıvan Baş Gömrük İdarəsi, “Culfa” gömrük postu, inspektor (2 yer), Naxçıvan Baş Gömrük İdarəsi, “Şahtaxtı” gömrük postu, inspektor (2 yer), Naxçıvan Baş Gömrük İdarəsi, “Sədərək” gömrük postu, inspektor (1 yer), Naxçıvan Baş Gömrük İdarəsi, Monitoriq şöbəsi, inspektor (1 yer) siyahısı üzrə gömrük orqanlarında vakant vəzifələrin tutulması ilə bağlı müsabiqənin test imtahanı mərhələsində iştirak etmək istəyən vətəndaşların qeydiyyatının 2024-cü il noyabr ayının 21-dən dekabr ayının 10-dək aparılacağı, müsabiqənin test imtahanının 2024-cü il 21 dekabr tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcəyi ilə bağlı elan verilmişdir. Eyni elan 21 noyabr 2024-cü il tarixdə Dövlət Gömrük Komitəsinin rəsmi “instagram” və “facebook” səhifələrində də verilmişdir. Aşağıda cədvəldə göstərildiyi kimi 2024-cü ilin may ayından 2024-cü ilin dekabr ayınadək müvafiq əmrlərlə gömrük əməkdaşlarının vəzifədə irəli çəkilməsi və şəxslərin gömrük orqanlarında xidmətə qəbul edilməsi ilə vakant vəzifələrin olduğu öz təsdiqini tapmışdır. Məlumat üçün bildiririk ki, yuxarıda qeyd etdiyimiz məlumatlar əldə edə bildiyimiz məlumatlardır və vakant vəzifələrin daha çox olması istisna edilmir. Ən ziddiyyətli məqamlardan biri isə ondan ibarətdir ki, iddiaçının Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ünvanladığı 23 yanvar 2025-ci il tarixli, 3-33/1-H-000516/1- 1/2025 və xx.xx.2025-ci il tarixli, 3-33/2-H-000442/1-42/2025 qeydiyyat nömrəli məktublarına DGK aparatının rəhbərinin müavini Kənan Əsədov tərəfindən verilmiş cavab məktublarında qeyd edilmişdir ki,“xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində mövcud olan vakant vəzifələrin tutulması ilə əlaqədar daxili müsahibə elanı verilmişdir. Daxili müsahibələrin keçirilməsi xx.xx.2024-cü il tarixində başlanılmış və xx.xx.2024-cü il tarixində yekunlaşdırılmışdır. xx.xx.2023-cü il tarixində elan edilmiş daxili müsahibə üzrə müvəffəqiyyət əldə edən, daha yüksək nəticə göstərən (bal toplayan), habelə xüsusi rütbəsi olan əməkdaşların təyinatının aparılmasına üstünlük verilmişdir. Komitənin strukturuna daxil olan gömrük orqanları və tabeliyində olan digər qurumlar üzrə vəzifə dəyişikliyində və vəzifədə irəli çəkilmə zamanı şəffaflığın və rəqabətliliyin təmin olunması, gömrük sistemində çalışan potensiallı və zəruri səriştələrə malik kadrların müəyyən edilməsi və vakant vəzifələr üzrə kadr ehtiyaclarının səmərəli qaydada ödənilməsinin təmin edilməsi prioritet hədəflərdən biridir və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Komitədə vəzifədə irəli çəkilmə Komitənin 2024-cü il 15 avqust tarixli 3- 33/000243S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gömrük orqanı əməkdaşının inkişaf yolu Konsepsiyası”nın (bundan sonra - Konsepsiya) tələblərinə uyğun olaraq həyata keçirilir. Konsepsiyanın 1.3-cü bəndinə əsasən gömrük orqanı əməkdaşının vəzifədə irəli çəkilməsi daxili müsabiqə, ümumi müsabiqə və “Zəka” – gömrük əməkdaşlarının karyera yüksəlişi müsabiqəsi yolu ilə həyata keçirilir. Konsepsiyanın 3-cü hissəsinə uyğun olaraq gömrük orqanlarında vakant olan vəzifələrin tutulması ilə bağlı elan edilən ümumi müsabiqələrdə Komitənin vahid sisteminə daxil olan gömrük orqanlarında və qurumlarında azı 2 (iki) il xidmət keçən əməkdaşlar iştirak edə bilər. Konsepsiyanın 4-cü hissəsinə uyğun olaraq Komitənin Aparatında, ərazi və ixtisaslaşdırılmış gömrük orqanlarında rəhbər vəzifələr üzrə yüksək bilik və bacarıqlara malik olan ehtiyat kadr bazasının formalaşdırılması, habelə Komitənin Aparatında vakant olan vəzifələrin Komitənin vahid sisteminə daxil olan gömrük orqanlarında və qurumlarında xidmət keçən əməkdaşlar tərəfindən tutulması ilə bağlı “Zəka” – gömrük əməkdaşlarının karyera yüksəlişi müsabiqəsi keçirilir. Konsepsiyanın 4.2-ci bəndinə əsasən “Zəka” müsabiqəsinin qalibi olan və “Azərterminalkompleks” Birliyində xidmət keçən əməkdaş razılığı əsasında ərazi və ixtisaslaşdırılmış gömrük idarələrində vakant vəzifəyə təyin edilə bilər. Qeyd edilən Konsepsiyanın tələblərinə uyğun olaraq mütəmadi müsabiqələr keçirilir. Müsabiqədə iştirak edən əməkdaşın bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, vəzifədə irəli çəkilməsi üçün zəruri olan şəxsi və peşə keyfiyyətləri qiymətləndirilir, həmçinin xidməti fəaliyyətinin nəticələri əsas götürülür. Qeyd edilənlərə əsasən “Azərterminalkompleks” Birliyi əməkdaşlarının vəzifədə irəli çəkilməsi ümumi müsabiqə və “Zəka” müsabiqəsi vasitəsilə həyata keçirilir. “Azərterminalkompleks” Birliyinin əməkdaşlarının karyera inkişafı və ehtiyat kadrlar bazasının yaradılması məqsədilə 29 aprel 2025-ci il tarixdə ümumi müsabiqə elan edilmişdir. Qeyd edilən müsabiqədə iştirak etməyiniz tövsiyə olunur.” Qeyd edilən məktubun məzmunundan da aydın görünür ki, vakant vəzifələr olmuş və yenidən həmin vakant vəzifələrə təyin olunması üçün iddiaçıya “Zəka” müsabiqəsində iştirak etməsi təklif olunmuşdur. İddiaçıya yenidən müsabiqədə iştirak etməsinin təklif olunması isə açıq-aydın onun əvvəlki, yəni xx.xx.2023-cü il tarixdə başlanaraq xx.xx.2023-cü il tarixdə yekunlaşmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində mövcud olan vakant vəzifələrin tutulması ilə əlaqədar keçirilən müsabiqədən yüksək bal toplamaqla uğur əldə etməsinə əhəmiyyət verilməməsi və dolayı yolla iddia etdiyi vəzifəyə təyin edilməsindən imtina edilməsi deməkdir. Göründüyü kimi Naxçıvan Baş Gömrük İdarəsində vakant yerlər olmuş, lakin İddiaçı çoxsaylı müraciətlərinə və müsahibədə yüksək nəticə göstərməsinə baxmayaraq bilinməyən səbəblərdən müxtəlif bəhanələrlə ona iddia etdiyi vəzifəsinin verilməsi təmin edilməmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində mövcud olan vakant vəzifələrin tutulması ilə əlaqədar daxili müsahibə elan edilmiş, müsahibədən mümkün 20 baldan 16 bal toplayaraq iddia etdiyi vəzifəyə uyğun hesab edilmiş, müsahibədə onunla bərabər iştirak edən digər şəxslərdə onunla bərabər eyni qaydada vəzifəyə uyğun hesab edilmişlər, həmin şəxslərin bəziləri vəzifəyə təyin edilmiş, bəziləri isə vəzifəyə təyin edilməyərək ehtiyat kadr siyahısına daxil edilmişlər. İddiaçı qeyd edilən halın onun konstitusion hüquqlarının pozulması və eyni zamanda ayrı-seçkilik edilməsi kimi qiymətləndirərək iddia etdiyi vəzifəyə təyin olunma tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, iddiaçının iddia tələbi təmin edilməməlidir. İlk öncə qeyd etmək istəyirik ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Gömrük orqanlarında xidmətkeçmənin əsasları və qaydaları Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə ilə müəyyən edilir. Qeyd olunan Əsasnamənin 2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Həmin Əsasnamənin 9cu maddəsinə əsasən gömrük orqanlarında xidmət qanunçuluq, humanizm, müvafiq dövlət hakimiyyəti orqanları qarşısında cavabdehlik, xidməti intizama və etik davranış qaydalarına riayət, xidmət fəaliyyətinin nəticələrinə və ixtisasına görə xidməti irəliləyiş prinsipləri əsasında təşkil edilir. Qeyd olunan Əsasnamənin 43-cü maddəsinin 1-ci hissəsinin 6-cı abzasına əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmət illərinə görə, xidmətin nəticələri və ixtisasının səviyyəsi nəzərə alınmaqla gömrük orqanlarında xidmət üzrə irəliləmək hüququ vardır. Gömrük orqanı əməkdaşlarının vəzifədə irəli çəkilməsi üçün şəffaflıq prinsipi əsasında mütəmadi müsabiqələr keçirilir. Müsabiqədə iştirak edən əməkdaşın bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, vəzifədə irəli çəkilməsi üçün zəruri olan şəxsi və peşə keyfiyyətləri qiymətləndirilir, həmçinin xidməti fəaliyyətinin nəticələri əsas götürülür. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində mövcud olan vakant vəzifələrin tutulması ilə əlaqədar xx.xx.2023cü il tarixində daxili müsahibə elan edilmişdir. Elanda vakant vəzifələr üzrə müvəffəqiyyət əldə edən bütün namizədlərin mütləq təyin edilməsi şərt kimi nəzərdə tutulmamışdır. Vakant vəzifələr və həmin vəzifələr üzrə müvəffəqiyyət əldə edən namizədlərin sayı nəzərə alınmaqla həmin dövrdə mövcud olan vakant vəzifələrə ilk növbədə müsahibədə uğur əldə edən və xüsusi rütbəsi olan gömrük əməkdaşlarının təyinatının aparılmasına üstünlük verilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsinə əsasən əmək münasibətləri əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Qeyd olunanlara əsasən əmək münasibətlərinin bir tərəfi olan fiziki şəxs, yəni işçi müəssisədaxili intizam qaydalarına tabe olmalı və əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını şəxsən yerinə yetirməlidir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçiyə müvafiq işi təqdim etməli, onun sağlam və təhlükəsiz əmək şəraitində işləməsini təmin etməli və əməyinin qarşılığını ödəməlidir. Əmək Məcəlləsinin 2ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair 2021-ci il 30 iyul tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında da qeyd olunduğu kimi yuxarıda sadalanan prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin ç bəndinə əsasən işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək işəgötürənin hüququdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında” Əsasnamənin 5.6.6-cı yarımbəndinə əsasən Komitə sədri müəyyən edilmiş qaydada Komitənin Aparatının işçilərini, gömrük orqanlarının və tabeliyində olan digər qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir. Qeyd edilənlərə əsasən qanunvericiliyə uyğun olaraq Komitə sistemi üzrə vəzifəyə təyin etmə və vəzifədən azad etmə Komitə sədrinin səlahiyyətinə aiddir. "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 10-cu maddəsinə əsasən təhsil səviyyəsinə, peşəkarlığına, səhhətinə, işgüzar və mənəvi keyfiyyətlərinə görə Azərbaycan Respublikası gömrük orqanlarına həvalə edilmiş vəzifələri yerinə yetirə və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlar gömrük orqanlarının vəzifəli şəxsləri ola bilərlər. Əlavə olaraq bildirilir ki, xx.xx.2023-cü il tarixində elan edilmiş daxili müsahibə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində mövcud olan vakant vəzifələrin tutulması məqsədilə verilmişdir. Müvəffəqiyyət əldə edən namizədlər sırasından yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələbləri və mövcud olan vakansiyalar nəzərə alınmaqla müvafiq təyinatlar aparılmış və həmin dövrdə Naxçıvan Baş Gömrük İdarəsində vakant olan inspektor və böyük inspektor vəzifələri üzrə kadr ehtiyacı təmin edilmişdir. Əlavə olaraq qeyd edilir ki, müsahibədə müvəffəqiyyət əldə etdiyi nəzərə alınaraq mülki vəzifə olan mütəxəssis vəzifəsində çalışan İddiaçı Komitənin tabeliyində olan qurumda xüsusi rütbə nəzərdə tutulan və orta rəis heyətinə aid olan (barəsində müsahibə elan edilmiş vəzifələr ilə eyni statusda olan) inspektor vəzifəsi təklif olunmuş, lakin o təklif olunan vəzifədən imtina etmişdir. Bununla bağlı xx.xx.2025-ci il tarixli protokol tərtib edilmiş və iddiaçının elektron poçt ünvanına da göndərilmişdir. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28.11-ci maddəsinə əsasən vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə olduqda, namizədlərin razılığı ilə onlar həmin vəzifələrə təyin edilirlər, yaxud digər dövlət orqanında analoji vakant vəzifə olduqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin vəzifəyə təyin edilmə məsələlərinə baxılması üçün namizədlər bu dövlət orqanının rəhbərinə təqdim olunurlar. Həmin müddət ərzində inzibati vəzifələrə təyin edilən namizəd ehtiyat kadrlar siyahısından çıxarılır. Şəxsin bir dövlət orqanında ehtiyat kadr kimi saxlanılması digər dövlət orqanında dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibədə iştirakını məhdudlaşdırmır. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun qeyd edilən müddəasının mahiyyətindən göründüyü kimi dövlət orqanı rəhbəri müsabiqədə uğur qazanmış namizədlər içərisindən namizəd seçimi edərək vakant vəzifəyə təyinat həyata keçirməsi onun müstəsna hüququdur və diskresion səlahiyyətinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələbinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2022-ci il 13 dekabr tarixli 1000/284 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə müsabiqə vasitəsilə qəbul qaydaları haqqında Təlimat”ın 9.4-cü bəndinə əsasən müsabiqə komissiyası tərəfindən müsabiqənin nəticələrinə görə gömrük orqanına xidmətə qəbul olunmağa tövsiyə edilmiş namizədlər Komitə sədrinə təqdim edilir. Komitə sədri təqdim olunmuş namizədlərdən seçim edərək onların vakant vəzifələrə təyin edilməsi ilə bağlı qərar qəbul edir. Həmçinin İddiaçı müsabiqədə iştirak etdiyi dövrdə qüvvədə olan qeyd edilən Təlimatın müvafiq olaraq 9.5-ci və 9.6-cı bəndlərinə əsasən müsabiqədən müvəffəqiyyətlə keçən və bərabər nəticələr əldə edən namizədlərin sayı gömrük orqanlarında boş olan ştatların sayından artıq olduqda xidmətə qəbul edilməsi barədə qərar qəbul edilməyən namizəd Komitənin ehtiyat kadrlar siyahısına daxil edilir və 2 il müddətində vakant yer yarandıqda həmin vəzifəyə təyin edilir. Təklif edilən iki boş vakant yerdən imtina edən (eyni iş təkrarən bir neçə dəfə təklif oluna bilməz) namizədlər ehtiyat kadr siyahısında çıxarılırlar. Beləliklə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində mövcud olan vakant vəzifələrin tutulması ilə əlaqədar elan edilmiş daxili müsahibənin elan edilməsi, keçirilməsi və müsahibə nəticələri ilə bağlı tədbirlərin görülməsi üzrə müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət edilməsi təmin edilmişdir. Belə olan halda hesab edirik ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
4. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə ərizə təqdim edərək (elektron məhkəmə informasiya sistemi vasitəsilə) iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmamış saxlanılmasını xahiş etmişdir.
II. İddianın geri götürülmüş sayılması
5. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
6. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
7. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).
8. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
9. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
10. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
11. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
12. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
13. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
14. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
15. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
16. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
17. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
18. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünü yoxlamaq zərurəti mövcud deyildir.
19. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
20. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia geri çağırılmış hesab edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva