Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11473/2024 16.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ““Polyot” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən ona verilmiş, onun sahibliyi və istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağlar massivinin ərazisində yerləşən 23 nömrəli bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq sənədləşdirmə aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Polyot” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən ona verilmiş, onun sahibliyi və istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağlar massivinin ərazisində yerləşən 23 nömrəli bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq sənədləşdirmə aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri X1 İcraiyyə Komitəsinin 20 Yanvar 1989-cu il tarixli, 13/704 nömrəli Qərarı ilə N saylı hərbi hissənin (SSRİ Silahlı Qüvvələri) 11 may 1988-ci il tarixli müraciəti təmin edilərək hərbi hissənin Bakı şəhərinin Əzizbəyov (Xəzər) r-nu ərazisində Qala-Artyom (Pirallahı) yolunda olan Qala hərbi şəhərciyinin şərq sərhəddindəki boş ərazidə “Polyot” kollektiv Bağçılıq-Yoldaşlığın 30 üzvünə bağ sahələrinin layihələndirilməsinə icazə verilmişdir. “Polyot” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin 18 fevral 1989-cu il tarixli 2 nömrəli Protokolu ilə Yoldaşlığın Nizamnaməsi, habelə həmin kollektivin N nəfərdən ibarət Siyahısı təsdiq edilmişdir. Siyahıda 9-cu sırada V.İ.İvanovun adı göstərilmişdir. SSRİ-nin dağılmasından sonra həmin hərbi hissənin milliyyətcə rus olan praporşik-zabit heyəti müstəqillik əldə etmiş Azərbaycan Respublikasının ərazisini tərk etmiş, Rusiya Federasiyasına getmişlər. Həmin şəxslərə ayrılmış bağ sahələri boş və istifadəsiz qalmışdır. “Polyot” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən verilmiş Arayışdan görünür ki, İddiaçı 11 dekabr 1998- ci ildə həmin Cəmiyyətə üzv qəbul edilmişdir. “Polyot” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin 11 dekabr 1998-ci il tarixli iclasının 7 nömrəli Protokoluna əsasən V.İ.İvanova məxsus olmuş 23 saylı sahə İddiaçı verilmişdir. Həmin Protokoldan çıxarışdan görünür ki, “Polyot” Bağçılıq Yoldaşlıq Cəmiyyəti üzvlərinin dəqiqləşdirilmiş Siyahısına düzəliş edilərək ümumi yığıncağın qərarı ilə Yoldaşlığın üzvü V.İ.İvanova ayrılmış 600 kv.m-lik 23 nömrəli bağ sahəsinin uzun müddət istifadə edilmədiyinə görə Yoldaşlığın digər üzvü İddiaçı verilməsi qərara alınmışdır. Bu, “Polyot” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən İddiaçı veilmiş 11 dekabr 1998-ci il tarixli Üzvlük kitabçası ilə də təsdiq olunmuşdur. “Polyot” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin 02 fevral 2000-ci il tarixli iclasının 8 nömrəli Protokolu ilə Cəmiyyətin üzvlərinin Siyahısı yenidən təsdiq olunmuş və həmin Siyahıda 23-cü sırada İddiaçı adı göstərilməklə hər bir Cəmiyyət üzvü kimi ona da 20mx30m sahənin ayrıldığı təsdiq edilmişdir. Bununla əlaqədar olaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, “Polyot” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən ona verilmiş Bakı şəhəri, Xəzər r-nu, Xaşa-Xuna bağlar massivinin ərazisində yerləşən 23 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının hüquqlarının qeydiyyata alınmasından 14 may 2024-cü il tarixli 3-21-30/2- K0082- 8/**********617810 nömrəli məktubla imtina olunmuşdur (məktub iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən ona 24 iyun 2024-cü ildə təqdim olunmuşdur). Cavabdeh həmin məktubda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə istinad etməklə imtinasını onunla əsaslandırmışdır ki, İdarənin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bundan başqa, məktubda göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci ilin mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarınlın nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərinin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Hesab edirik ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, “Polyot” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin ilkin sənədlərində onun üzvlərinin siyahısında İddiaçı adı olmasa da o, Cəmiyyətin ümumi yığıncağının 11 dekabr 1998-ci il tarixli qərarı ilə Cəmiyyətin üzvlüyünə qəbul edilmiş və ona bu barədə müvafiq sənədlər verilmişdir. İddiaçı həmin sənədləri Əmlak məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsinin 1 saylı BakıƏrazi İdarəsinə təqdim etsə də bu sənədlər cavabdeh tərəfindən nəzərə alınmamışdır. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikasının Əmlak məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsniin iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina etməsi əsassız olmaqla yanaşı, iddiaçının hüquqlarını pozur və ona ziyan vurur.
3. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli xx.xx.2024-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli **********10 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və ona imtina edilmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaaycan Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında öz nümаyəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
İİİ. Tədqiq edilmiş sənədlər
AZE seriyalı 0******* nömrəli şəxsiyət vəsiqəsinə əsasən, İddiaçı xx.xx.1947-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Bağçılıq yoldaşlığına qoşulmaq istəyən Qala hərbi şəhərciyinin hərbi qulluqçuların, fəhlə və qulluqçuları yığıncağının bağçılıq yoldaşlığını təşkil etmək haqqında 1 №-li xx.xx.1088-ci il tarixli protokolundan görünür ki, iclasın gündəliyi N saylı hərbi hissədə bağçılıq yoldaşlığının yaradılması haqqında olmuşdur. N saylı hərbi hissədə yoldaşlığın N nəfər üzvündən ibarət bağçılıq cəmiyyətinin yaradılması və bağçılıq cəmiyyətinin üzvlərinin siyahısının N nəfər təsdiq edilməsi qərara alınmışdır. Bakı şəhər X1 İcraiyyə Komitəsinin 20 yanvar 1989-cu il tarixli, 13/708 nömrəli “kollektiv bağçılığın layihələndirilməsi haqqında icazə” haqqında qərarından görünür ki, N saylı hərbi hissənin müraciəti xx.xx.1988-ci il tarixli 161 nömrəli məktubu təmin edilməsi və Azizbekovski rayonunda Qala-Artyom yolunda hərbi şəhərciyin ərazisində boş sahədə yoldaşlığın 30 üzvü üçün kollektiv bağçılığın lahiyyədirilməsinə icazənin verilməsi qərara alınmışdır. “Polyot” Bağçılıq Təsərrüfatının xx.xx.1989-cu il tarixli iclasının 2 saylı protokolundan görünür ki, iclasın gündəliyi “Polyot” Bağçılıq Təsərrüfatının üzvlərinin siyahısının təsdiq edilməsi olmuşdur. Aşağıdakılardan ibarət siyahını təsdiq etmək qərarına gəlmişlər: ..... 9. İvanov V.İ. N saylı hərbi hissənin N №-li xx.xx.1989-cu il tarixli münasibətindən görünür ki, Qala hərbi şəhərciyinin komandanlığı N saylı hərbi hissənin “Polyot” bağçılıq şərikliyi üçün ayrılmış torpaq sahəsində 30 evin tikintisinə etiraz etmirlər. “Polyot” Bağçılıq Təsərrüfatının xx.xx.1998-ci il tarixli iclasının 7 saylı protokolundan görünür ki, iclasın gündəliyi yoldaşlığın yeni üzvlüyə qəbul olunmuş şəxslər üçün torpaq sahəsinin ayrılması olmuşdur. V.İ.İvanova məxsus olan 23 saylı sahəsinin İddiaçı üçün ayrılması qərara alınmışdır. “Polyot” Bağçılıq Təsərrüfatının xx.xx.2000-ci il tarixli iclasının 8 saylı protokolu ilə cəmiyyətin hər bir üzvünə 600 kv.m 20 m x 30 m ölçüdə torpaq sahələrinin ayrılması qərara alınmışdır. İclasın tərkibinin siyahısı həmin iclasda təsdiq edilmişdir..... 23. İddiaçı Torpaq sahəsinin ayrılmasına dair aktdan görünür ki, AB xətti N saylı hərbi hissənin sərhədi boyu uzunluğu 320 mert eni 10 metr olmaqla ayrılmışdır. (23-Kamalov) Ümumi iclasın 14 saylı protokolu ilə 1998-ci ilin iyul ayında təsdiq olunmuş “Polyot” bağçılıq yoldaşlıqının üzvlərinin siyahısı – 23. İddiaçı R oğlu,
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli, **********10 nömrəli məktubdan görünür ki, idarənin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır.
İV. Məhkəmənin mövqeyi
6. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.
7. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:
-9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. -10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:
- 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
- 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 8.0. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. -10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun qeyd edilən normanın məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil.
9. İşin faktiki hallarına əsasən iddiaçı “Polyot” bağçılıq yoldaşlıq cəmiyyətinə üzv qəbul edilmiş, ona 23 nömrəli bağ səhəsi daimi istifadə etmək üçün verilmişdir, bu barədə bağçılıq yoldaşlıq cəmiyyətin üzvlərinin iclasının xx.xx.2000-ci il tarixli, 8 nömrəli protokoldan çıxarış mövcuddur. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, mübahisələndirilən bağ sahəsi qanuni əsaslarla iddiaçının istifadəsinə ayrılmışdır və həmin bağ sahəsinə dair onun mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması üçün qanunvericiliklə müəyyən olunmuş əsaslar mövcuddur. Cavabdeh tərəfindən iddiaçının mübahisəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının mövcudluğunu təsdiq edən sənədlərin mötəbərsizliyi sübuta yetirə bilməmişdir. Cavabdeh inzibati orqanın imtinanın əsası kimi istinad etdiyi və etirazda qeyd etdiyi dəlillərə (bağçılıq yoldaşlığının üzvlərinin siyahısında adının aşkar olunmaması) gəldikdə məhkəmə hesab edir ki, həmin dəlillər əsassızdır. Belə ki, iş materiallarında olan siyahıda iddiaçının adı 23-cü sırada göstərilmişdir. Bundan əlavə, işdə olan sənədlər: xx.xx.1998-ci il tarixli iclasının 7 saylı protokolu və xx.xx.2000-ci il tarixli, 8 nömrəli protokolu İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağlar massivinin ərazisində yerləşən 23 nömrəli bağ sahəsinə dair hüquqlarını təsdiq edir. Buda o nəticəyə gəlmək əsas verir ki, iddiaçının hazırda hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi ona qanuni əsaslarla ayrılmışdır.
11. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir.
10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun
- 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçıya qanuni əsaslarla bağ sahəsi məxsus olmasına baxmayaraq, hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
12. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, “Polyot” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən İddiaçı verilmiş, onun sahibliyi və istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağlar massivinin ərazisində yerləşən 23 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq sənədləşdirmə aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
13. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. “Polyot” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən İddiaçı verilmiş, onun sahibliyi və istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağlar massivinin ərazisində yerləşən 23 nömrəli bağ sahəsi üzərində Şahmərdan Rza oğlunun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova