Məhkəmə qərarları › İş №e-2-1(112)-11559/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11559/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11559/2023 15.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin özəlləşdirilməsi və sair” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, V.Plotnikov küçəsi, ev 26, 8 saylı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********33 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və göstərmişdir ki, mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Ərizəyə əlavə edilən mənzilə dair Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 163 saylı sərəncamı xx.xx.2021-ci il tarixdə verilmişdir. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, **********33 nömrəli imtinasının qanunsuz hesab edilməsi·və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 163 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əfəndiyev (hazırkı – V.Plotnikov) küçəsində yerləşən ümumi sahəsi 47.8 kv.m, (yaşayış hissəsi 17.0 kv.m, köməkçi sahəsi 30,8 kv.m) təşkil edən 1 (bir) otaqlı 26 nömrəli evin 8 nömrəli mənzilinin iddiaçının adına özəlləşdirilməsi, buna dair çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, «Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında» Azərbaycan Respublikasının Ali Sovetinin xx.xx.1991-ci il tarixli, 247-Xİİ nömrəli qərarının 3-cü bəndinin 1-ci hissəsinə əsasən Goranboy rayonunda yerləşdirilmiş və məlum səbəblər üzündən Bakıya qayıtmış 252 ailəni mənzillə təmin edilməsi Bakı Şəhər Xalq Deputatları Sovetinə tapşırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən bununla bağlı xx.xx.1991-ci il tarixli, 22 nömrəli müvafiq sərəncam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının «daimi yaşayış yerini məcburi tərk etmiş vətəndaşların mənzillə təmin olunması və pasport qeydiyyatına alınması haqqında» xx.xx.1991-ci il tarixli, 126 A nömrəli sərəncamına əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Əfəndiyev (hazırkı – V.Plotnikov) küçəsində yerləşən 26 nömrəli evin 8 nömrəli mənzil ilə təmin edilərək, pasport qeydiyyatına alınması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 163 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əfəndiyev (hazırkı – V.Plotnikov) küçəsində yerləşən ümumi sahəsi 47.8 kv.m, (yaşayış hissəsi 17.0 kv.m, köməkçi sahəsi 30,8 kv.m) təşkil edən 1 (bir) otaqlı 26 nömrəli evin 8 nömrəli mənzili İddiaçı daimi istifadəsinə verilməklə o, mənzilin kirayəçisi hesab edilmişdir. Həmin mənzildə iddiaçıdan başqa heç kim qeydiyyatda deyil. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İşdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixdən qüvvəyə minən Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Sözügedən normalardan görünür ki, şəxsin dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququnu əldə edən və saxlayan hesab olunması üçün: 1) onun belə bir hüququ “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən yaranmış olmalıdır; 2) bu hüququn yaranması anı xx.xx.2009-cu il tarixdən əvvələ təsadüf etməlidir. Yəni Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən iddiaçının dövlət mənzil fondunda olan mübahisəli mənzili “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 8-ci maddələrinə əsasən əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ o vaxt yaranmış və saxlanmış olur ki, onun bu hüququ səlahiyyətli orqanlar tərəfindən xx.xx.2009-cu il tarixədək verilmiş sərəncam və ya order yaxud bağlanmış kirayə müqaviləsinə əsaslansın. Lakin işdən görünür ki, iddiaçı mübahisəli mənzilin onun adına özəlləşdirilməsi barədə müraciət etsə də, hüquqmüəyyənedici sənəd qismində təqdim etdiyi sərəncam xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, iddiaçı həmin mənzilə hüququnun xx.xx.2009-cu il tarixədək yaranmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, işdə olan Goranboy rayon XDS İK-nın xx.xx.1991-ci il tarixli orderinin surətindən görünür ki, Göyüşov Hicran Alı qızına rayonun Buzluq kəndində ev verilmişdir. Evin verilməsi ailənin Ermənistan SSR-dən daimi yaşayış yerini tərk etməsi ilə əlaqədar olmuşdur. Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1991-ci il tarixli 126a saylı sərəncamından görünür ki, həmin sərəncamla Bakı şəhər İcra Hakimiyyətindən Nərimanov rayon İcra Hakimiyyətinə daxil olmuş siyahı üzrə Goranboy rayonundan qovulmuş qaçqın ailələrin mənzillə təmin edilməsi və pasport qeydiyyatına alınması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən ünvan 1 ünvanda İddiaçı başqa digər şəxslərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumat aşkar edilməmişdir. İşdə olan Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 163 nömrəli sərəncamından görünür ki, "Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması və pasport qeydiyyatına alınması barədə" Nərimanov RİH başçısının xx.xx.1991-ci il tarixli 126a №-li Sərəncamı əsasında Nərimanov RİH başçısının 21 yanvar 1992-ci il tarixli 122 №-li məktubu ilə Ermənistan SSR qaçqını İddiaçı ailə tərkibi 2 nəfər olmaqla (özü, qızı) Əfəndiyev (indiki Plotnikov) 26 nömrəli evin 1 otaqlı yaşayış sahəsi 17,0 kv.m. olan 8 №-li mənzilinə daimi pasport qeydiyyatına alınmışdır. Hazırda İddiaçı bu ünvanda ailə tərkibi 1 nəfər (özü) yaşayır. Qeyd olunanlara, AR-nın Mənzil Məcəlləsinin 51-ci və "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı, "İnzibati icraat haqqında” AR Qanununun 28, 29, 30-cu maddələrini maddələrinə istinad edilərək, həmin sərəncamla V.Plotnikov küçəsindəki 26 nömrəli evin, 1 otaqlı, yaşayış sahəsi 17,0 kv.m., köməkçi sahəsi 30,8 kv.m. olan 8 nömrəli mənzilinin ailə tərkibi 1 nəfər olmaqla (özü) İddiaçı daimi istifadəsinə verilməsi və onun həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. İddiaçı hazırda bu sərəncama istinad edərək, onun 8 nömrəli mənzilə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Lakin göründüyü kimi, iddiaçının özəlləşdirmə üçün təqdim etdiyi hüququmüəyyənedici sənəd xx.xx.2021-ci il tarixə aid olmuş, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin həmin sərəncamı qəbul edilənədək, daha doğrusu isə, xx.xx.2009-cu il tarixədək iddiaçının 8 saylı mənzilə hüquqularının yaranmasını təsdiq edən hər hansı bir sənəd mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində müəyyən edilən tələblərə uyğun olan sənədlərdən hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmişdir. İddiaçının 1991-cü ildən faktiki olaraq həmin mənzildə yaşaması və qeydiyyatda olması barədə dəlilinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının uzun müddət mübahisəli mənzildə yaşaması həmin əmlaka mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı “qanuni gözlənti”yə malik olduğunu deməyə əsas vermir. Çünki qanuni gözləntinin əmələ gəlməsi üçün bunun hüquqi əsası olmalıdır. Hazırkı halda isə iddiaçının qanuni gözləntisi olması üçün xx.xx.2009-cu il tarixədək hüquqi əsası, yəni “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununda nəzərdə tutulan mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, hazırda cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından iddiaçının tələbi əsaslı sayıla və təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar