Məhkəmə qərarları › İş №e-2-1(112)-1156/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1156/2025

16.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1156/2025 16.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ-sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək hazırki iddia tələbinin təmin edilməsi, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli **********63 nömrəli Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildirişin əsassız hesab edilməsi, həmin cavabdeh orqanın üzərinə iddiaçı “Neftçı” bağçılıq-yoldaşlıq təsərrüfat üzvlərinin 15 oktyabr 1996-cı il tarixli 09 saylı iclasının qərarına əsasən, ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən “184” saylı bağ sahəsinə dair plan və ölçünün tərtib olunaraq, iddiaçının həmin bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Neftçı” bağçılıq-yoldaşlıq təsərrüfat üzvlərinin 15 oktyabr 1996-cı il tarixli 09 saylı iclasının qərarına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən “184” saylı bağ sahəsi iddiaçıya verilmişdir. Bu haqda iddiaçıya həmin vaxtı üzvlük kitabcasıda verilmişdir. Artıq 28 ilə yaxındır ki, sözügedən bağ sahəsi iddiaçının ailəsinin qanuni istifadəsindədir və bu bağı özəlləşdirmək hazırda iddiaçının gözlənilən hüququdur. Həmin daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması üçün iddiaçı tərəfindən edilmiş müraciət cavabdeh orqan tərəfindən icra edilməmişdir. Belə ki, cavabdeh orqanının rəsmi imtina bildirişində iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına almaqdan imtina etməsinə dair əsaslar kimi aşağıdakı amillər göstərilmişdir: “Neftçı” bağçılıq-yoldaşlıq təsərrüfat üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bundan əlavə bir heçə bağ sahəsi bir hasar daxilindədir, ara sərhədləri yoxdur. Həmçinin bağçılıq-yoldaşlığın ayrıc aktı barədə idarənin arxiv əsaslarında və elektron məlumat bazasında məlumat aşkar olunmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Hesab edirik ki, cavabdeh orqanın iddiaçının müraciətinin bu əsaslarla icra edilməsindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı müvafiq tələblə ********** qeydiyyat nömrəli, xx.xx.2028-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, qanunamüvafiq qaydada araşdırılaraq iddiaçıya **********63 xaricolma nömrəli, xx.xx.2018-ci il tarixli məktub ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxivində saxlanılan “Neftçi” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı və təqdim edilmiş 09 saylı protokoldan çıxarışda qeyd olunan X4 adı aşkar edilməmişdir. Həmçinin bir neçə bağ sahəsi bir hasar daxilindədir və ara sərhədləri yoxdur. Bağçılıqyoldaşlığın ayrıc aktı barədə İdarənin arxiv əsaslarında və elektron bazasında məlumat aşkar olunmamışdır. Məlumat üçün bildirilir ki, bağ sahəsində sahəsi 356,5 kv.m olan dəyirman, qaraj, qazanxana, sahəsi 64,8 kv.m təsərrüfat otaqları olan tikili mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -184 nömrəli “bağların üzvlük kitabçası”na əsasən İddiaçı 15 oktyabr 1996-cı il tarixdə bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1996ci il tarixli tarixli 09 nömrəli protokoluna əsasən Bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Bakı şəhəri, Zirə qəsəbəsi ərazisində Bağçılıq cəmiyyəti bağından sahəsi 1200 kv.m olan 184 nömrəli bağ sahəsi xx.xx.1996-cı il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. -xx.xx.1996-cı il tarixli 09 saylı protokoldan çıxarışdan görünür ki, xx.xx.1996-cı il tarixdə “Tamponaj və Layların Neft verilməsinin və artırılması idarəsinin nəzdində “Nefçi” bağçılıq yoldaşlığı üzrə idarə heyətinin geniş iclası keçirilmişdir. İclasda 38 nəfər iştirak etmişdir. İclasın gündəliyində duran məsələ: “Neftçi” X2 üzvlərinin almış olduqları bağ sahələrinin uzun müddər baxımsız vəziyyətdə saxladıqlarını, anti - sanitariya vəziyyətinə gətirdiklərinə və bağ sahəsində heç bir iş görmədiklərinə^ görə Bağçılıq Yoldaşlıq üzvülüyündən çıxarlımaları haqqındadır. Eşidildi: “Neftçi” Bağçılıq Yoldaşlığı idarə heyətinin sədr müavini Ə.H.Kərimovun bağ sahələrinin uzun müddət baxınsız qalmaları, sahələrini anti - sanitariya vəziyyətinə salmaları haqqında məlumat dinləndi. Çıxış etdilər: İdarə heyətinin üzvəri, X7, X8 iclasda çıxış edərək qeyd etdilər ki, bəzi yoldşlar Bağçılıq Yoldaşlığının nizamnaməsinə riayət etməmiş və həmin bağ sahələri boş qaldığı üçün anti sanitariya meydançasına çevrilmişdir. Ona görə də qalmış sahə yeni üzvlərə verilməlidir. Qərara alındı: Boş qalmış sahələri yeni üzvlər arasında bölünməsinə idarə heyəti etiraz etmir. 184 saylı bağ sahəsi 1200 kv.m olan bağ sahibi X5 ona ayrılmış bağ sahəsində heç bir abadlıq işi aparılmadığına görə Bağçılıq yoldaşlığın üzvlüyündən azad edilir. Həmin ərazidə 184 saylı torpaq sahəsi 1200 kv.m olmaqla cəmiyyətin üzvü İddiaçı Əbülfəz oğluna verilir. İskəndərov X1 nizamnaməsi ilə tanış edisin və ona tapşırılsın ki, ona ayrılmış torpaq sahəsində abadlıq işləri aparmaqla yanaşı qısa müddətdə aldığı sahədə yaşıllaşdırma işləri də aparsın. -Tompanaj və LNA-sı idarəsinin Bağçılıq Yoldaşlığı üzvlərinin 40 nəfərlik ümumi siyahısında 20-ci sırada İddiaçı Əbülfəz oğlunun adı qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********80 nömrəli məktubu ilə təqdim edilən ortofoto görüntüdən müəyyən olunur ki, Xəzər rayonu, Zirə bağ massivi ünvanında yerləşən 184 saylı bağ sahəsinin ətrafında 185,188,195,196 saylı bağ sahələri yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********42 saylı məktubunda göstərilmişdir ki, “Neftçi” bağçılıq-yoldaşlığının nəzdində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 184 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixdə təqdim etdiyi xx.xx.2022-ci il tarixli müayinə aktında göstərilmişdir ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m, faktiki olaraq 1200.0 kv.m təşkil edir. Beş bağ sahəsi ilə bir hasar daxilindədir. Ara sərhədləri şərtidir. Bağ sahəsində 356.5 kv.m sahəsi olan dəyirman, qaraj, qazaxana, 64.8 kv.m təsərrüfat otaqları olan tikili var. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********42 nömrəli məktubunda bildirilmişdir ki, “Neftçi” bağçılıq-yoldaşlığın nəzdində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 184 saylı bağ sahəsinə dair sənəd idarənin arxivində aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli, **********63 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 184 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizənizə baxılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adınız aşkar olunmamışdır Bundan əlavə bir neçə bağ sahəsi bir hasar daxilindədir, ara sərhədləri yoxdur. Eyni zamanda bildiririk ki, bağçılıq-yoldaşlığının ayrıc aktı barədə İdarənin arxiv əsaslarında və elektron bazasında məlumat aşkar olunmamışdı. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 7.1. maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz ərrTräkın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunan nöqsanlara görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı “Neftçi” bağçılıq-yoldaşlığının üzvlük kitabçası və protokoldan çıxarışa əsasən Bakı şəhəri, Zirə qəsəbəsi ərazisində sahəsi 1200 kv.m olan 184 nömrəli bağ sahəsinin verildiyini, bağ sahəsinin onun istifadəsində olduğunu əsas gətirərək bağ sahəsinə mülkiyyət hüququn qeydiyyatı ilə bağlı cavabdehə mürciət emiş, cavabdeh orqan təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmadığına istinad edərək müraciəti təmin etməmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının əsasızlığını iddia edərək sözügedən bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatını inzibati məhkəmə icraatında mübahisələndirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilən üzvlük kitabçası olduğu təqdirdə, üzvlərin siyahısında adının olmaması əsası ilə mötəbərliyinin şübhə altına alınması yolverilməzdir. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin yenilənmiş siyahısının cavabdeh orqanda olmaması (ona təqdim edilməməsi) iddiaçının müraciətinin təmin edilməsindən imtina əsası kimi çıxış edə bilməz. Belə ki, nə siyahının tərtib edilməsi, nə də onun yenilənməsi iddiaçının məsuliyyət dairəsinə aid deyil. İşin hallarından görünür ki, iddiaçı tərəfindən naturada göstərilən bağ torpaq sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazinin coğrafi koordinatları cavabdehin mütəxəssisləri tərəfindən müəyyən edilmiş və həmin koordinatlarda olan bağ sahəsinin Bağçılıq yoldaşlığa aid ayrıc aktı daxilində yerləşməməsi ilə bağlı dəlil irəli sürülməmiş (Bağçılıq-yoldaşlığın ayrıc aktı barədə İdarənin arxiv əsaslarında və elektron bazasında məlumat yoxdur), eyni zamanda naturada göstərilən bağ sahəsinin hər hansı şəxsin adına qeydiyyata alınması və digər şəxsin istifadəsində olması halı müəyyən edilməmişdir. Təqdim ounan ortofoto görüntüdə iddia olunan 184 saylı bağ sahəsinin ətrafında 185, 188, 195, 196 saylı bağ sahələri yerləşir ki, bu hal da bağ sahəsinin bağların yerləşmə ardıcıllığına uyğun gəldiyinin göstəricisidir. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh bağ sahəsinin ümumi hasar daxilində yerləşməsini qeyd edərək mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.20-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na,“Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, ompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsinə verilmiş bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Bundan əlavə nəzərə alınmalıdır ki, cavabddehin xx.xx.2024-cü il tarixli sorğuya cavabında iddia olunan bağ sahəsinin ətrafında qeydə alınmış 185, 188, 195 və 196 saylı bağ sahələrinin də iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlərə oxşar sənədlər əsasında mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövləət reyestrində qeydə alındığı müəyyən olunmuşdur. Belə olan halda cavabdehin imtina dəlili iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 0.12 ha ölçüdə 184 saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi və plan-ölçünün tərtib ediməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 0.12 ha ölçüdə 184 saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi və plan-ölçünün tərtib edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar