Məhkəmə qərarları › İş №e-2-1(112)-11602/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-11602/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11602/2023 14.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1 və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “yeni tikilən binada mənzil verilənə qədər kirayə pulunun ödənilməsi” tələbi barədə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti və Cavabdeh1 xx.xx.2022-ci il tarixindən başlayaraq bu günə qədər borclu olan mənzil kirayə pulunu müştərək olaraq ödəməsi və yeni tikilən binada mənzil verilənə qədər ödəmələrini davam etdirilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsilə birgə yaşadığı Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 2, mənzil 19-dan zorla çıxarılaraq məhkəmə qərarı əsasında, təcili təminat tədbiri kimi, binanın qəzalı vəziyyətdə olduğu üçün, xx.xx.2022-ci il tarixli, iş № e-16(009)-49/2022 üzrə və sonra xx.xx.2023-cü il tarixli №16(009)-83/2022 iş üzrə qərardadlar əsasında bina sökülmüşdür, baxmayaraq ki, məhkəmə tərəfindən sökülmə işlərinə qadağa qoyulmuşdu. Sökülmə işlərinə rəhbərliyi Bakı Şəhər İcra Hakimiyyəti və Cavabdeh1 nümayəndələri etmişlər. Məhkəmə qərarında göstərilmişdi ki, Mənzil Məcəlləsinin 28.7, 85 və 88.1-ci maddələrindən görünür ki, qəzalı vəziyyətdə olan və sökülməli olan evdən (binadan) çıxarılmalı olan vətəndaşlara qabaqcadan digər abadlaşdırlmış yaşayış sahəsi verilir. Yaşayış sahəsinin verilməsi evin (binanın) sökülməsi barədə qərar qəbul edən subyekt tərəfindən təmin edilməlidir.” İddiaçıya nə yaşayış sahəsi nə də kirayə ev tutmaq üçün vəsait verilməyib. Baxmayaraq ki, məhkəmə qərarında deyilir ki, "yaşayış sahəsi müvafiq yaşayış məntəqəsinin mövcud olan şəraitinə uyğun olaraq abadlaşdırılmış olmalı, ümumi sahəsi vətəndaşın əvvəl yaşadığı yaşayış sahəsinin ümumi sahəsindən az olmamalı, müəyyən edilmiş tələblərə cavab verməli və həmin yaşayış məntəqəsinin hüdudlarında yerləşməlidir.” Bakı Şəhər İcra Hakimiyyəti və Cavabdeh1 xx.xx.2022-ci il tarixindən başlayaraq, o tarixə qədər ki, iddiaçı və ailəsini yeni tikilən binada mənzillə təmin edərək və ya MTK tərəfindən layiqli mənzilimizin yerinə kompensasiyanı ödəməsinə qədər kirayə pulu ayırmalıdırlar. Cavabdehlərə xx.xx.2023-cü il tarixində tələblə əlaqədar məktublar göndərilmiş, lakin cavab alınmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehlərə göndərilmişdir. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddia tələbinə etiraz edərək bildirmişdir ki, bundan əvvəl də iddiaçı eyni əsas və predmetlə əlaqədar məhkəmədə iddia qaldırmış və həmin iddiaya Bakı şəhəri Səbail Rayon Məhkəməsində mahiyyəti üzrə baxılaraq məhkəmənin e-2(009)-1302/2023-014 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5436/2023-003, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş və həmin şikayət kassasiya məhkəməsinin icraatındadır. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək, iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etdi, həmçinin eyni əsas və predmetlə ümumi məhkəmədə də iddia qaldırdığını, işin hazırda kassasiya məhkəməsinin icraatında olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İddiaçı tərəfindən cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron məktubun surətindən görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. -Cavabdeh1 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli elektron müraciəti aidiyyəti üzrə cavablandırılmış və qeyd olunan məsələ ilə bağlı işin hazırda şifahi icraat qaydasında Səbail Rayon Məhkəməsində baxıldığı qeyd edilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 173 №-li Sərəncamının surətindən görünür ki, “X9 Kompleksi” MMC-nin xx.xx.2014-cü il tarixli, 1 saylı müraciəti nəzərə alınaraq Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə yerləşən istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilmişdir. Sərəncamın 1.1-ci bəndindən görünür ki, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən “X9 Kompleksi” MMC tərəfindən həll edilməsi qeyd edilmişdir. -Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2015-ci il tarixli, 1040 №-li müqavilənin surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 173 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı, xx.xx.2015-ci il tarixli, 13035 saylı inşaat pasportu əsasında Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə ayrılmış torpaq sahəsini icarəyəverən Bakı Şəhər İcra Hakimiyyəti “X9 Kompleksi” MMC-yə 49 (qırx doqquz) il müddətinə istifadəyə vermişdir. -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının surətindən görünür ki, məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli, e-16(009)83/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti qismən təmin edilərək, sözügedən qərardadın dəyişdirilməsi, Cavabdeh1 müvəqqəti təminat tədbiri haqqında ərizəsinin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-2515/2022 saylı mülki iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək ünvan 2 ünvanında yaşayan Cəlilov X3 və onun ailə üzvlərinin həmin qəzalı binaya giriş-çıxışı və binadan istifadəsi qadağan edilmiş, cavabdeh Cəlilov X3 və onun ailə üzvlərinin müvəqqəti olaraq müvafiq şəraiti olan yaşayış sahələri ilə təmin edilməsi Bakı şəhəri Cavabdeh1nə həvalə edilməsi qərara alınmışdır. -Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 16(103)- 49/2023 saylı qərardadının surətindən görünür ki, məhkəmə xx.xx.2023-cü il tarixli qərardadından Cəlilov X6 tərəfindən verilmiş şikayəti təmin edərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(009)-83/2023 nömrəli qərardadı və onunla əlaqəli olan xx.xx.2022-ci il tarixli, 16(009)-83/2022 nömrəli qərardadının ləğv olunması, Səbail RİH-in “müvəqqəti təminat tədbiri barədə” ərizəsinin rədd olunması qərara alınmışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt– inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. Məhkəmə yuxarıda göstərilən normalara istinadən qeyd edir ki, inzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. Məhkəmə iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsində "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş hüquqi mövqeyin nəzərə alınmasını zəruri hesab edir. Qeyd olunan Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır” (1.1-2.1-ci bəndlər). Göründüyü kimi, tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İstinad olunan Plenum Qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iddia üzrə işin faktiki hallarından müəyyən edilir ki, iddiaçının məqsədi ona yaşadığı binanın sökülməsi və mənzilindən çıxarılması ilə əlaqədar xx.xx.2022-ci il tarixdən başlayaraq mənzil kirayə pulunun ödənilməsi və bu ödənişin yeni inşa olunan binada ona mənzil verilənə qədər davam etdirilməsindən ibarətdir. İddiaçı tələbilə bağlı cavabdehlər- Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Cavabdeh1nə müraciətlər ünvanlamışdır. Məhkəmə hesab edir ki, tələb düzgün cavabdehlərə qarşı yönəldilməmişdir. Belə ki, iddia tələbi üzrə cavabdeh qismində Bakı Şəhər İcra Hakimiyyəti və Cavabdeh1 göstərilmişdir. Halbuki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 173 №-li Sərəncamının 1.1-ci bəndinin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi “X9 Kompleksi” MMC-yə həvalə edilmiş, müvafiq müqavilə əsasında binanın yerləşdiyi torpaq sahəsi adıçəkilən Cəmiyyətə icarəyə verilmişdir. Belə olan halda hazırkı iş üzrə iddiaya cavab verməli olan “X9 Kompleksi” MMC inzibati akt, yəni inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri barədə akt qəbul etmək səlahiyyəti olmayan hüquqi şəxs olduğundan ona yönələcək iddia tələbi də hazırkı qaydada, yəni inzibati məhkəmə icraatı qaydasında baxıla bilən tələb hesab edilə bilməz. Belə olan halda, iddiaçı ehtimal etdiyi pozulmuş hüquqlarının müdafiəsi üçün sözügedən hüquqi şəxsə qarşı müvafiq tələblə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək imkanı vardır. Beləliklə, aparılmış araşdırma ilə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi iddiaya cavab verməli olmayan cavabdehlərə qarşı yönəldildiyindən, habelə mübahisə mülki xarakterli olduğundan iddianın mümkünlük şərtləri təmin olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar