Məhkəmə qərarları › İş №e-2-1(112)-11621/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11621/2023

10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11621/2023 10.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxlərin qanuni nümayəndəsi Qanuni nümayəndə, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X7, X12, X3, X1 Rauf Yaqub oğlu) qarşı qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X12, X3, X4 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, H.Əliyev küçəsi 50 saylı evin 34 saylı mənzildə olan qeydiyyatlarına xitam verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından Qanuni nümayəndə istifadə hüququna xitam verilməsi ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Qanuni nümayəndə da öz növbəsində ilkin olaraq məhkəməyə müraciət edərək xx.xx.2008-ci il təvəllüdlü X7, üçəm əkizlər xx.xx.2009-cu il təvəllüdlü X12, X3, X8 adlı uşaqları ilə birlikdə Nəsimi rayonu, 3-cü mikrorayon, H.Əliyev küçəsi 50 saylı evin 34 saylı mənzilə köçürülmələrinə, eyni zamanda iddiaçının həmin mənzildə yaşamaq və istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Nəsimi rayon Məhkəməsi 2(006)-2852/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia və qarşılıqlı iddianı təmin etməmiş və qətnaməni onunla əsaslandırmışdır ki, X10 mənzilin mülkiyyətçisi cavabdeh İddiaçı ailə üzvü deyildir. Lakin hətta ailə üzvü olmuş olsa da, mübahisəli hüquq münasibətləri yeni Mənzil Məcəlləsinin qüvvəyə minənədək yarandığından (2006), iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələ Mülki Məcəllənin 228-ci maddəsi əsasında həll olunmalıdır. İşin müəyyən olunmuş hallarından isə göründüyü kimi tərəflər arasında iddiaçının yaşayış sahəsindən istifadə hüququ ilə əlaqədar notariat qaydada təsdiqlənən yazılı razılaşma olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı Qanuni nümayəndə cavabdeh İddiaçı qarşı “mənzilə yaşayış hüququnun tanınması və uşaqları ilə birlikdə mənzilə köçürlümə tələbinə dair” ilkin iddiası əsassız olduğunudan təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarında olan Nəsimi rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Soltanova (Nəbiyeva) Günel Nəbi qızının Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa olunan yaşayış binasının A blokunun 1-ci girişinin 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 169,02 kv m yaşayış sahəsi 82,18 kv m olan dörd otaqlı 8 saylı mənzilin sahəsinə köçürülməsi qət olunmuşdur. Eyni əsaslara görə, yəni ilkin iddia üzrə iddiaçı G. Nəbiyevanın mənzilə istifadə hüququ ümumiyyətlə yaranmadığına görə qarşılıqlı iddia ərizəsinin istifadə hüququna xitam verilməsi hissəsinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmiş və həmin hüquqa xitam verilməsinə dair tələb təmin edilə bilməz. Bu səbəbdən hesab edir ki, Qanuni nümayəndə və xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X12, X3, X8 adlı uşaqları ilə birlikdə Nəsimi rayonu, 3-cü mikrorayon, H.Əliyev küçəsi 50 saylı evin 34 saylı mənzildə olan qeydiyyatlarına xitam verilməlidir. Qanuni nümayəndə özü könüllü olaraq həmin mənzildən qeydiyyatdan çıxmışdır, lakin məhkəmə qaydasında onun himayəsinə verilmiş xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X12, X3, X8 adlı uşaqları isə qeydiyyatdan çıxarmamışdır. Bununla bağlı xx.xx.2022-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinə müraciət etsə də cavabdeh müraciəti hərəkətsiz qoymuşdur. Ümid edirdi ki, uşaqların anası uşaqlarıda könüllü qeydiyyatdan çıxaracaq, lakin nə polis, nə də Qanuni nümayəndə uşaqları iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarır. İddia ərizəsinə Nəsimi rayon Polis idarəsinə müraciət ərizəsinin çatdırılması barədə teleqram da əlavə edilib, lakin cavadeh ümümiyyətlə iddiaçıya heç bir cavab verməyərək ərizəni hərəkətsiz saxlamışdır. Bizdə olan məlumata əsasən qeydiyyatda olan üçüncü şəxslərdən biri özü künüllü ərizə yazaraq qeydiyyadan çıxmış, lakin digər qeydiyyatda olan şəxsləri cavabdeh qeydiyyatda saxlayaraq ərikzəni hərəkətsiz saxlamışdır.

3. Üçüncü şəxslərin qanuni nümayəndəsi Qanuni nümayəndə iddiaya yazılı etirazında qeyd edilmişdir ki, o, Qanuni nümayəndə (1989-cu il) və keçmiş həyat yoldaşı (iddiaçinin oğlu) Soltanov Rauf (1985-ci il) 2006-cı ildə birgə nikaha daxil olmuşlar. Bu nigahdan Soltanlı Aynur (2008-ci il) və “üçəm əkiz" lər Məhəmməd, Əli, Zəhra (2009-cu il) adlı 4 övladı dünyaya gəlmişdir. Onuda bildir ki, 3-cü kurs tələbəsi olarkən artıq 4 övlad anası idi. 2012ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab X6 ilə “üçəm əkiz” övladlarının dünyaya gəlməsi ilə bağlı ünvan 2 ünvanında 4 otaqlı mənzil hədiyyə verilmişdir. Verilmiş mənzilin yaşayış üçün heç bir kanalizasiya, su xətləri, elektirik xətləri olmadığından mənzildə yaşamaq mümkün olmamışdır. Yəni mənzil təmirsiz vəziyyətdə bağışlanmışdır. 2012-ci ildə, nə vaxtsa evin təmir olunması və orada yaşaman arzusu ilə çırpınırdı. Ancaq taleh elə gətirdi ki, evin təmiri bir tərəfə, heç övladlarının atalı-analı böyümələri nəsib olmadı. Belə ki, ailədə tez-tez baş verən söz söhbətlər, uşaqların çox olmasını böyük çətinlik kimi qəbul edən iddiaçının oğlu, həyatında olan yüngül həyat tərzi sürən qadınlara görə dəfələrlə onu övladlarının gözü qarşısında döymüş, müxtəlif bədən xəsarətləri yetirmişdir. Çiyinlərində olan ağır yükdən qurtulmaq üçün onu boşamışdır. 2014-cü ildə iddaçının oğlu yəni üçüncü şəxslərin atası Rauf Soltanovla aralarındakı nigah Nəsimi rayon Məhkəməsinin 2(006)-4195/2014 saylı qətnaməsi ilə pozulmuş, 4 övladı yetkinlik yaşına çatana kimi onun himayəsinə verilmişdir. Aliment verməmək üçün dəfələrlə yaşadığı ünvana gələrək 4 övladının gözü qarşısında mütəmadi olaraq onu söyərək təhqir etmiş, döyərək bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmişdir. Bununla əlaqədar bir neçə dəfə barəsində CM-nin 128-ci və 133.2.6-ci maddələri ilə cinayət işi açılmış, Zərdab rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(035)-36/2015-saylı hökümü ilə həmin cinayət əməllərini törədilməsində təqsirli bilinərək barəsində müxtəlif cəza tətbiriəri tətbiq edilmişdir. Cənab Prezident tərəfindən “üçəm əkiz" övladları üçün hədiyyə verilmiş mənzil təmirsiz olduğundan 4 övladı ilə müvəqqəti yaşamaq üçün qeydiyyatda olduğu, gəlin köçdüyü mənzildən uşaqlarla birlikdə mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etdi. İddiaçı qarşılıqlı iddia ərizəsi ilə qeydiyyatdan çıxarılma tələbinə dair Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Yekunda Nəsimi rayon Məhkəməsi 2(006)-8717/2016 saylı iş üzrə xx.xx.2016-ci il tarixli qətnamədi də ilkin iddia və qarşılıqlı iddia hər ikisi rədd edilmişdir. Apellyasiya və Ali Məhkəmə Nəsimi rayon Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. "Üçəm əkiz" övladlarına görə hədiyyə verilmiş mənzili 4 övladının rahat yaşamasına mane olmaq üçün keçmiş həyat yoldaşı X9 məhkəməyə müraciət edərək X13 Əliyev tərəfindən hədiyyə olunmuş mənzilin hərraca çıxarılıb satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi rayon Məhkəməsi iddiaçının oğlunun, yəni keçmiş həyat yoldaşının iddiasını rədd etmişdir. Rauf Soltanov apellasiya şikayəti vermiş, 4 övladının hesabına sahib olduğu mülkü qanunsuz şəkildə apellyasiya məhkəməsi hərraca çıxarılması barədə qətnamə qəbul edərək rayon məhkəməsinin qətnaməsini ləğv etmişdir.

4. Cavabdeh Nəsimi rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, üçüncü şəxslər iddiaçının nəvələridir, həmin evdə yaşamırlar.

6. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin nümayəndəsi Qanuni nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

9. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. 10.Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.

11. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən ərizəyə cavab verilməmişdir. 12.İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

13.Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə X7, X12, X3 və X8 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdurlar. 14.Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur. 15.CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X7, X12, X3 və X8 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

16. İş materiallarında məhkəmə qətnamələrinin surətlərindən görünür ki, X7, X12, X3 və X8 iddiaçının nəvələridir.

17. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı adına Nəsimi rayonu, H.Əliyev küçəsi, ev 50, mənzil 34 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin sorğuda qeyd olunan şəxslərin sözügedən ünvanlarda istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir

IV. Məhkəmənin mövqeyi

18.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İİİ hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 19.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. 20.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 21.İşin faktiki hallarına əsasən sözügedən mənzil iddiaçının mülkiyyətindədir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Hazırda mənzildə qeydiyyatda olan üçüncü şəxslər yaşayış yerini dəyişmələrinə baxmayaraq, mənzildən qeydiyyatdan çıxmamışdırlar. 22.Məhkəmə tərəfindən müəyyən olunur ki, üçüncü şəxslər iddiaçının (mülkiyyətçinin) ailə üzvüdür (yetkinlik yaşına çatmayan nəvələridir). Üçüncü şəxslər iddiaçıya məxsus mənzildə formal qeydiyyatdadırlar, hazırda faktiki olaraq həmin ünvanda yaşamır, daimi yaşamaq üçün başqa ünvana köçmüşdürlər. Həmçinin üçüncü şəxslərin mübahisələndirilən ünvana istifadə hüquqları qeydiyyata alınmamışdır. 23.Məhkəmə qeyd edir ki, üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. 24.“Yаşаyış yеri və оlduğu yеr üzrə qеydiyyаt hаqqındа” Аzərbаycаn Rеspublikаsının Qаnununun” 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 25.“Yаşаyış yеri və оlduğu yеr üzrə qеydiyyаt hаqqındа” Аzərbаycаn Rеspublikаsının Qаnunundа şəxsin (şəхslərin) yаşаyış yеri üzrə qеydiyyаtdаn çıхаrılmаsının əsаslаrı Qanunun 9-cu maddəsində göstərilmişdir: Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 26.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 232-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

27. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

28. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....

29. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

30. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

31. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X7, X12, X3, X4 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. 32.Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X12, X3, X4 ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar