Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11622/2023 24.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti 3078 A ünvanında olan yaşayış binasının “A5” korpusunun 2-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.m təşkil edən şərti olaraq 4 nömrəli mənzil üzərində İddiaçı daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “A” ünvanda yerləşən çoxmərtəbəli binanın “A5” korpusunun 2-ci mərtəbəsində, 3 otaqdan ibarət, ümumi sahəsi 138.97 kv.m təşkil edən mənzil "xxxx" MMC ilə bağlanılmış 22 sentyabr 2021-ci il tarixli, 121 nömrəli müqaviləyə əsasən mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilərək alınmışdır. Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanını nəzərə alınaraq, "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “A” ünvanda yerləşən binanın 19 mart 2020-ci il tarixli 350 nömrəli qərarla dövlət tərəfindən istismarına icazə verilmişdir. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “A” ünvanda yerləşən çoxmərtəbəli binanın “A5” korpusunun 2-ci mərtəbəsində, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.m təşkil edən mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar tərəfindən xx.xx.2023-cü il tarixdə lazımi qaydada ilə müraciət edilmişdir. Lakin həmin tarixdən bu günədək xeyli vaxt (35 gündən artıq) keçməsinə baxmayaraq cavabdeh tərəfindən bununla əlaqədar heç bir qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının təqdim etdiyi sözügedən mənzilə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışı və müqavilə əsasında "xxxx" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X7 prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 350 saylı, xx.xx.2020-ci il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Həmçinin təqdim edilən sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, xx.xx.2021-ci il tarixli 121 saylı müqavilədə mənzilin nömrəsi qeyd olunmamışdır. Bundan əlavə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışında mənzilin nömrəsi 121 qeyd edilmişdir. Eyni zamanda İdarənin mütəxəssisləri tərəfindən mənzilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mənzilin sənəd üzrə sahəsi 138.97 kv.m, faktiki sahəsi 133.9 kv.mdir və faktiki 3-cü mərtəbədə yerləşir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(005)-318/2019 saylı qərardadı ilə "xxxx" MMC-nin adına ünvan ünvanda yerləşən 0.5530 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. "xxxx" Azərbaycan Respublikası qanununun 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. "xxxx" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. "xxxx" Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin olunmaması məhkəmədən xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A məhəlləsində yerləşən çoxmənzilli binanın A5 korpusu, yaşayışın 2-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 133.9 kv.m olan mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki: -İcraçı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 121 nömrəli müqavilənin 1-ci maddəsinə əsasən müqavilənin predmetini Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına görə çoxmərtəbəli binaların tikintisi təşkil edir. Müqavilənin 2.1ci maddəsinə görə icraçı A korpusu, 2-ci mərtəbə 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.m, yaşayış sahəsi 78,32 kv.m təşkil edən mənzili alıcıya təhvil verir. Müqavilənin 3-cü maddəsinə müqavilənin İİ bəndinə göstərilən mənzilin sahəsinin hər kv.m-nin dəyəri 1115,3 AZN həcmində qiymətləndirilməklə 155000 AZN təşkil edir. -"xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı həqiqətən "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsində yerləşən Yeni yaşayış binasında A korpusu, 2-ci mərtəbə 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.m olan 121 saylı mənzilin ümumi dəyəri tam ödənilmişdir, borcu yoxdur. -Binəqədi-21 Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin xx.xx.2022-ci il tarixli Arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötəri ki, o həqiqətən ‘Xudafərin MMC” tərəfindən Bakı şəhəri Atatürk prospekti 3078 A məhələsində yerləşən yeni yaşayış binasında A5. korpusu 2-ci mərtəbə 3 otaqdan ibarət sahəsi 138.97 kvadrat metr olan 4 saylı mənzilə sahibkarlıq edir. Mənzil ona ayıtdı. -İcraçı "xxxx" MMC ilə alıcı X5 arasında bağlanmış xx.xx.2003-cü il tarixli 121 nömrəli müqavilənin 1-ci maddəsinə əsasən müqavilənin predmetini Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına görə çoxmərtəbəli binaların tikintisi təşkil edir. Müqavilənin 2.1ci maddəsinə görə icraçı A korpusu, 2-ci mərtəbə 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.m, yaşayış sahəsi 78,32 kv.m təşkil edən mənzili alıcıya təhvil verir. Müqavilənin 3-cü maddəsinə müqavilənin İİ bəndinə göstərilən mənzilin sahəsinin hər kv.m-nin dəyəri 210 ABŞ dolları həcmində qiymətləndirilməklə 29184 ABŞ dolları təşkil edir. -X5 notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizəsində bildirmişdir ki, "xxxx" MMC-nin Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllə ünvaninda inşa etdiyi A5 korpusu 2-ci mərtəbəsində yerləşən 3-otaqlı 140 kv.m 4 saylı mənzildən imtina edir və həmin mənzilin İddiaçı adına sənədləşdirilməsinə və müqavilə bağlanmasına etiraz etmir. Gələcəkdə həmin mənzilə dair "xxxx" MMC-yə qarşı heç bir iddiası olmayacaq və maddi tələb irəli sürməyəcək. -X2 notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizəsində bildirmişdir ki, "xxxx" MMC-nin Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllə ünvaninda inşa etdiyi A5 korpusu 2-ci mərtəbəsində yerləşən 3-otaqlı 140 kv.m 4 saylı mənzildən imtina edir və həmin mənzilin İddiaçı adına sənədləşdirilməsinə və müqavilə bağlanmasına etiraz etmir. Gələcəkdə həmin mənzilə dair "xxxx" MMC-yə qarşı heç bir iddiası olmayacaq və maddi tələb irəli sürməyəcək. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********86 nömrəli məktubu ilə Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının və faktiki vəziyyətin sxemindən görünür ki: -A5-bloku, mənzil-4, yaşayışın 2-ci mərtəbəsi, soldan qapı-2, sağdan qapı-1, 3 otaq, ümumi sahəsi 133.9 kv.m, yaşayış sahəsi 77.2 kv.m. -xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə(baxış) aktında Binəqədi rayonu, Atatürk prospekti, 3078 məhəllə, Blok-5A, mənzil 4-ün otaqlarının sayı 3, ümumi sahəsi hüquq müəyyənedici sənəd üzrə 138.97 kv.m, faktiki 133.9 kv.m, yaşayış sahəsi faktiki 77.2 kv.m qeyd edilmişdir. İcazəsiz tikili yoxdur. Təmirlidir, yaşayış var. Mərtəbə-3, qapı-2. İş materiallarına əlavə edilmiş Binəqədi-21 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2023-cü il tarixli Arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ona görə ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti 3078 A məhəlləsində olan yaşayış binasının A5 korpusunun, binanın altında yerləşən qeyri yaşayış sahəsi nəzərə alınmadan 2-ci mərtəbəsində, binanın altında yerləşən qeyri yaşayış sahəsi nəzərə alınmaqla 3-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət ümumi sahəsi 138.97 kv.m təşkil edən 4 nömrəli (binanın təsdiq edilmiş layihəsinə əsasən) mənzil həqiqətən ona məxsusdur. Mənzilin ümumi dəyərini müqavilə üzrə tam ödəmişdir. Həmçinin "xxxx" MMMC-nin üzvüdür və Cəmiyyətə onun borcu yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, **********69 nömrəli məktubunda bildirilmişdir ki, qeyd edilən mənzil "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşdiyi üçün həmin əmlak üzərində "Xudafərin” MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. "xxxx" Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. "xxxx" Azərbaycan Respublikası Qanununun 11-1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina sayılmır. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli 121 nömrəli müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının A korpusunda, 2-ci mərtəbədə 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.m olan mənzili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, cavabdeh orqan sözügedən yaşayış binasının istismarına icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərildiyindən, yaşayış binası "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeydiyyatının aparıla biləcəyi əsas gətirilməklə tələbin təmin edilməsindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasının əsassız olmasını iddia edərək mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. "xxxx" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, məhkəməyə inzibati orqanın müraciətin təminindən imtinaya dair cavab məktubunu təqdim etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. "xxxx" Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Əgər şəxs yeni inşa olunan çoxmənzilli yaşayış binasında mənzil yaxud qeyriyaşayış sahəsi əldə etmək istəyirsə və bu arzusunu reallaşdırarkən hər hansı səbəbdən MTK ilə MMC-ni fərqləndirə bilməmiş, lakin onun niyyəti kooperativ üzvü kimi hərəkət edərək, yaşayış (qeyri-yaşayış) sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etməkdirsə, bu halda məhkəmə təcrübəsi onların bu niyyətinə üstünlük verir, yeni inşa edilən çoxmənzilli MMC binalarında yerləşən mənzillərə MTK yaşayış evlərində yerləşən mənzillər kimi yanaşılır, baxmayaraq ki, qanunverici açıq şəkildə Mənzil Məcəlləsinin 112.1-ci, Mülki Məcəllənin 178.8-ci və "xxxx" Qanunun 8.0.6-cı maddələrində yalnız MTK üzvlərinin belə bir hüquqa malik ola biləcəklərini ifadə etmişdir. İşin hallarına məhz bu mövqedən hüquqi qiymət verildikdə məlum olur ki, mübahisəli mənzilə dair ilkin hüquqmüəyyənedici sənəd "xxxx" MMC ilə alıcı X5 arasında bağlanmış xx.xx.2003-cü il tarixli 121 nömrəli müqavilə olmuş, müqaviləyə əsasən sözügedən mənzili X5 əldə etmiş, daha sonra X5 razılığı ilə həmin mənzilə pay hüququndan imtina etmiş və mənzilin İddiaçı adına sənədləşdirilməsinə etiraz etməmişdir. Bundan sonra iddiaçı ilə MMC arasında mənzilin ona keçməsi ilə bağlı xx.xx.2021-ci il tarixli 121 nömrəli müqavilə imzalanmışdır. Məhkəmə qeyd edir ki, mənzilə dair ilkin müqavilədə tərəflərin necə adlandırmasından asılı olmayaraq həmin müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Mübahisəli mənzilin tikintisinin sifarişi üzrə xx.xx.2003-cü il tarixdə "xxxx" MMC ilə müqavilə bağlanmış, mənzilin dəyəri ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Binanın tikintisi sonradan tam şəkildə başa çatdırılmışdır. Bu da mənzili əldə edənin kooperativ üzvü kimi hərəkət etdiyinə, yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına binanın tikilməsində iştirak etdiyinə dəlalət edir ki, qeyd olunan hal da istinad edilən məhkəmə təcrübəsini şərtləndirir. Belə olan halda "xxxx" Qanunun 10.2.1 və 8-ci maddələri ilə tələb olunan mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının təqdim olunmamasının məsuliyyəti hazırkı halda iddiaçıya aid edilə bilməz. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində qəbul edilməlidir. Bu əsasdan "xxxx" Qanunun 8.0.6-cı maddəsinin oxşar münasibətləri tənzimləyən norma kimi hazırkı iddiaya tətbiq edilməlidir. Cavabdehin istinad etdiyi yaşayış binasına "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında mənzilə mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasının mümkün olduğuna dair dəlilini də məhkəmə əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə ilə "xxxx" MMC inşa etdiyi binadakı mənzili dəyərini almaqla satmışdır. Ona görə də həmin mənzilə dair "xxxx" MMC hər hansı hüququn sahibi deyildir. Dəyəri tam ödənildiyi üçün mənzilə mülkiyyət hüququ müqaviləyə əsasən iddiaçıya keçmişdir. Qeyd edilən dəlilin mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinaya əsas olmaması ilə bağlı mövcud məhkəmə təcrübəsi də formalaşmışdır (Ali Məhkəmənin 2- 1(102)-3108/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı; 2-1(102)-2537/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı; 2-1(102)-2482/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı). “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi müqavilədə mənzilin nömrəsinin göstərilməməsi mübahisə predmeti olan daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olmur. Belə ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədi olan müqavilə yuxarıda da qeyd edildiyi kimi mahiyyət etibarı ilə podrat müqaviləsidir və həmin müqavilədə hələ tikilməkdə olan, tikintisi başa çatmamış yaşayış binası olduğundan iddiaçıya veriləcək mənzilin nömrəsinin göstərilməməsi mümkündür. Buna baxmayaraq müqavilədə iddia olunan mənzilin yerləşdiyi korpus, sahəsi və otaqlarının sayı qeyd edilmişdir. Hazırkı halda binanın idarəedicisi olan Mənzil Müştərək Cəmiyyətinin təqdim etdiyi arayışda mübahisəli mənzilin 4 nömrəli olmaqla iddiaçıya məxsus olduğu qeyd edilmişdir. Bundan əlavə cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinədə iddia olunan mənzildə ölçmə işləri aparılmış, sahənin texniki göstəriciləri müəyyən edilmiş, mənzilin MMC-yə məxsus A5-blokunda binanın 1-ci mərtəbəsi qeyri yaşayış sahəsi olduğundan mənzilin yaşayışın 2-ci mərtəbəsində yerləşdiyi, soldan 2-ci qapı, sağdan 1-ci qapı, ümumi sahəsi 133.9 kv.m, yaşayış sahəsi 77.2 kv.m olmaqla 3 otaqlı 4 nömrəli mənzil olduğu qeyd edilmişdir. Başqa sözlə, iddiaçıya aid mənzili fərdiləşdirməyə imkan verən yerləşməsi və texniki vəziyyəti ilə bağlı məlumatlar qeydiyyatı aparan cavabdeh inzibati orqana məlumdur və həmin mənzillə bağlı hər hansı şəxsin mübahisəsi yoxdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: -3.2-ci bəndinə görə Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. -3.3-cü bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. -3.4-cü bəndinə əsasən ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir. -3.9-cu bəndinə əsasən çoxmənzilli binaların, qeyri-yaşayış binalarının, onların tərkib hissələrinin və fərdi yaşayış evlərinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir. -3.11-ci bəndinə əsasən çoxmənzilli binaların hər bir mənzilinə, tərkibindəki qeyriyaşayış sahələrinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilir. Çoxmənzilli binaların hər bir mənzilinə, tərkibindəki qeyri-yaşayış sahələrinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilərkən mərtəbəlilik nəzərə alınır. Bu zaman nömrələmə giriş qapısının yerləşdiyi mərtəbədən başlanır. Çoxmənzilli binaların hər bir mənzilinin, tərkibindəki qeyri-yaşayış sahələrinin və qeyriyaşayış obyektinin tərkib hissəsinin ünvan nömrəsi binanın və ya qeyri-yaşayış obyektinin girişinin, həmin mərtəbənin və mənzilin, qeyri-yaşayış sahəsinin və ya qeyri-yaşayış obyektinin tərkib hissəsinin nömrəsindən ibarət olur. Çoxmənzilli binanın girişlərinə və çoxmənzilli binanın tərkib hissəsi olan mənzillərə (qeyri-yaşayış sahələrinə) ünvanların təyin edilməsi, müvafiq olaraq, tikintisinə icazə alınmış, lakin tikintisi başa çatmamış binanın sifarişçisinin və ya çoxmənzilli binanın mülkiyyətçisinin və ya onun səlahiyyətli nümayəndəsinin müraciəti əsasında Dövlət Xidməti tərəfindən, hər bir mənzilin nömrələnməsi (qapı nömrəsinin quraşdırılması) isə bina inşa edildikdən sonra binanın sifarişçisi və ya mülkiyyətçisi tərəfindən təmin edilir. Beləliklə, sadalanan normalardan da müəyyən olunur ki, çoxmənzilli binada yerləşən mənzil üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən qeydiyyatı aparan orqan həm də mənzilin fərdiləşdirməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət yeni ünvan nömrəsi verməli və həmin ünvan üzrə qeydiyyat aparmalıdır. Odur ki, hazırkı halda müqavilədə mənzilin nömrəsinin qeyd edilməməsi qeydiyyat hərəkətlərinin aparılması üçün əhəmiyyətli maneə hesab olunmadığından cavabdeh orqanın qeyd edilən imtinası da formal mülahizə kimi qiymətləndirilir. Bundan əlavə, cavabdehin iddiaya etirazında qeyd etdiyi digər bir dəlilə- Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(005)-318/2019 saylı qərardadı ilə "xxxx" MMC-nin adına ünvan ünvanda yerləşən 0.5530 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına gəlincə məhkəmə qeyd edir ki, həbsin qoyulması ilə bağlı sözügedən məhkəmə aktı mübahisə predmeti olan mənzilə və ya mənzilin olduğu binaya həbsin qoyulması ilə əlaqədar deyil, binanın yerləşdiyi torpaq sahəsi ilə bağlı olduğundan bu hal binanın tərkib hissəsi olan mənzilə mülkiyyət hüuqunun qeydiyyata alınmasına mane təşkil edə bilməz. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: -3.0.42-ci maddəsinə görə sifarişçi - tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslərdir. -101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. -101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. -102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Qeyd edilməlidir ki, iddiaçının hüquqlarının qeydə alınmasını tələb etdiyi mənzilin yerləşdiyi bina Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2020-ci il tarixdə istismarına icazə verilmiş çoxmənzilli yaşayış binasıdır. "xxxx" Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A məhəlləsində yerləşən çoxmənzilli binanın A5 korpusu, yaşayışın 2-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 133.9 kv.m olan mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A məhəlləsində yerləşən çoxmənzilli binanın A5 korpusu, yaşayışın 2-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 133.9 kv.m olan mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-11622/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11622/2023
24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver