Məhkəmə qərarları › İş №e-2-1(112)-11636/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11636/2025

01.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11636/2025 01.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər XDS İK-nın xx.xx.1988-ci il tarixli, 1/25 nömrəli qərarı ilə Bakı şəhəri, 6-cı cənub küçəsindən iddiaçıya ayrılmış 415 və 417 saylı 1000 kv.m bağ sahələrinin üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisəni predmeti: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Bakı şəhər XDS İK-nın xx.xx.1988-ci il tarixli, 1/25 nömrəli qərarı ilə Bakı şəhəri, 6-cı cənub küçəsindən iddiaçıya ayrılmış 415 və 417 saylı 1000 kv.m bağ sahələrinin üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı “Damba” bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının 02 №-li protokoluna əsasən bağçılıq yoldaşlığına üzv qəbul edilmişdir. Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 1/25 nömrəli qərarına və “Damba” bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının 02 №-li protokoluna əsasən Bakı şəhəri, 6-cı cənub küçəsində yerləşən 415 və 417 saylı 1000 kv.m sahələr iddiaçının daimi istifadəsinə verilmişdir. Qeyd edilən qərar əsasında iddiaçının adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş, X4 kitabında 40835 nömrə ilə uçota alınmışdır. Eyni zamanda, bağ sahələrinin bölgüsü üzrə layihədə ayrılmış bağ sahəsi aydın olaraq görünür. Bununla yanaşı ayrılmış bağ sahəsi hazırda iddiaçının istifadəsindədir və tam şəkildə təyinatına uyğun istifadə edilir. Bağ sahəsi ilə bağlı bütün vergi və digər ödənişlər vaxtı-vaxtında iddiaçı tərəfindən ödənilmişdir. Qeyd edilənlərlə əlaqədər bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasportun verilməsi ilə bağlı iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir. Cavabdeh Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş cavab məktubunda iddiaçının adının bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında aşkar edilmədiyi, texniki baxış zamanı göstərilən torpaq sahəsinin digər torpaq sahələri ilə ümumi hasar daxilində yerləşdiyi, torpaq sahəsinin sənəd üzrə ölçüsünün 1000 kv.m, faktiki olaraq isə 940 kv.m təşkiletdiyi bildirilmişdir. Bundan sonra iddiaçı tərəfindən yenidən bir neçə dəfə müraciətlər edilmiş, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə müraciət edilmiş, bununla əlaqədar cavabdeh tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixlicavab məktubunda müraciətimizə mahiyyəti üzrə ətraflı cavab verilməmişdir. Bu səbəbdən hazırda iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, idarənin arxiv məlumatlarına əsasən “Damba” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Həmçinin bağçılıq-yoldaşlıq bölgü sxemi yoxdur. Bundan başqa, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən bağ sahəsinin digər bağ sahələri ilə bir hasar daxilində yerləşdiyi və ara sərhədlərinin şərti olduğu müəyyən edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Azərbaycan Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Məhkəmə hazırkı iddianın öhdəliyinin icrası iddia növünə aid olduğunu və iddiaçı ilə cavabdeh arasında yaranmış inzibati mübahisənın Bakı şəhəri, 6-cı Cənub küçəsi ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Faktiki hallar və sübutlar: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı xx.xx.1973-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. “Damba” bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının 15 fevral 1999-cu il tarixli 02 nömrəli protokoldan çıxarışdan görünür ki, X1 bağçılıq yoldaşlığına üzv qəbul edilməsi və ona 415, 417 nömrəli bağ sahələrinin daimi istifadədən ötəri verilməsi və əvvəllər 415,417 nömrəli bağ sahələrini almış və uzun müddət həmin sahələrdə heç bir iş görməyən Babayev M.S və Şarifov A.R. üzvlükdən çıxarılması, onlara verilmiş sənədlərin öz hüquqi qüvvəsini itirilmiş hesab edilməsi qərara alınmışdır. Bağçının üzvlük kitabçasından görünür ki, bağçılıq cəmiyyəti üzvlərinin 15 fevral 1999-cu il tarixli 02 nömrəli protokoluna əsasən X2 “Damba” bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, ona Bakı şəhəri, Dübəndi qəsəbəsi, 6-cı cənub küçəsində bağçılıq cəmiyyəti bağından sahəsi 1000 kv.m olan 415,417 nömrəli bağ sahəsi daimi istifadə etmək üçün ayrılmışdır. Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 1/25 saylı Qərarı və “Damba” b/y-nın xx.xx.1999-cu il tarixli 2 saylı protokolu ilə İddiaçı ayrılmış 415-417 saylı olan 1000 kv.m torpaq sahəsinin planı və ölçüsü Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixdə 40835 nömrə ilə uçota alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-B-0251-8/2023 **********44 nömrəli məktubunda qeyd edilmişdir ki, idarənin arxivində saxlanılan “Damba” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında adı aşkar edilməmiş, bundan başqa idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin digər torpaq sahələri ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin sənəd üzrə ölçüsü 1000 kv.m, faktiki 940 kv.m təşkil edir. xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, göstərilən bağ sahəsi 416-418 və digər bir bağ sahəsi ilə bir hasar daxilindədir, ara sərhədləri şərtidir, sahədə 2 mərtəbəli natamam ev, həyət tikilisi var, bağ sahəsinə keçmiş DT və XK-nin tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İddiaçı tərəfindən əlavə olaraq məhkəməyə ona ayrılmış torpaq sahələrinin göstərildiyi plan təqdim edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun qeyd edilən normanın məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən: 3.1. “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək. İşin faktiki hallarına əsasən iddiaçı “Damba” bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, ona 415,417 №-li bağ sahələri ayrılmışdır, bu barədə bağçının üzvlük kitabçası və “Damba” bağçılıq cəmiyyətinin 15 fevral 1999-cu il tarixli 02 №-li protokoldan çıxarış mövcuddur. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, mübahisələndirilən bağ sahələri qanuni əsaslarla X1 istifadəsində olmuşdur və həmin bağ sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə müəyyən olunmuş əsaslar mövcuddur. Cavabdeh mülkiyyət hüquqlarının mövcudluğunu təsdiq edən sənədlərin mötəbərsizliyi sübuta yetirə bilməmişdir. İşdə olan sənədlər: “Damba” Bağçılıq Cəmiyyətinə üzv olmasına dair üzvlük kitabçası və Cəmiyyətinin ümumi yığıncağının 15 fevral 1999-cu il tarixli 02 №-li protokolundan çıxarışı X1 Bakı şəhəri, 6-cı cənub küçəsindən ayrılmış 415 və 417 saylı 1000 kv.m bağ sahələrinə dair hüquqlarını təsdiq edir. Beləliklə cavabdeh inzibati orqanın imtinanın əsası kimi istinad etdiyi və etirazda qeyd etdiyi dəlillər əsassızdır. Cavabdeh inzibati icraat apararkən həmin şəxsi icraata cəlb edərək hazırda məhkəmənin aşkar etdiyi halları araşdırma səlahiyyətinə malik olmasına baxmayaraq, qanunvericilik ilə üzərinə qoyulmuş vəzifəsini icra etməmiş və iddiaçının xeyrinə olan halların araşdırılmasından yayınmışdır. Belə ki, iddiaçının hazırda mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün tələb etdiyi torpaq sahələri ona qanuni əsaslarla ayrılmışdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçıya qanuni əsaslarla bağ sahəsi məxsus olmasına baxmayaraq, hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhər XDS İK-nın xx.xx.1988-ci il tarixli, 1/25 nömrəli qərarı ilə Bakı şəhəri, 6-cı cənub küçəsindən iddiaçıya ayrılmış 415 və 417 saylı 1000 kv.m bağ sahələrinin üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhər XDS İK-nın xx.xx.1988-ci il tarixli, 1/25 nömrəli qərarı ilə Bakı şəhəri, 6-cı cənub küçəsində İddiaçı ayrılmış 415 və 417 saylı 1000 kv.m bağ sahələrinin üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar