Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11649/2025 19.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 1000 kv.metr ümumi sahəsi olan 36 və 37-ci bağ sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınaraq bu barədə çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (bundan sonra – cavabdeh) ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Xalq Deputatları Soveti İcrayyə Komitəsinin 14 iyun 1988-ci il tarixli, 6/330 saylı qərarı əsasında Azərbaycan Rəssamlar İttifaqı X1 93 nəfərlik torpaq sahəsi ayrılmışdır. İddiaçı 1 saylı protokola əsasən ortaqlığa qəbul edilmiş, ona 22 aprel 1999-cu il tarixdə “bağban üzvlük kitabçası” verilmiş və ünvan 2 ünvanında 36 və 37-ci sahələrdə 1000 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrıldığı vaxtdan etibarən iddiaçı həmin sahədə tikinti aparmış, ağaclar əkmiş və həmin sahəyə daima qulluq etmişdir. 1999-cu ildən etibarən qeyd olunan torpaq sahəsi iddiaçının qanuni sahibliyində və istifadəsindədir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçının həmin torpaq sahələrinə 1999-cu ildən hüququ yaranmışdır. O, artıq 26 ildən artıq müddətdir ki, həmin torpaq sahəsinə sahiblik edir, ona qulluq edir və torpaq sahəsi daima onun istifadəsində olub. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, arxiv qovluğunda mövcud olan X3 tərəfindən Bağlar Təsərrüfatı İdarəsinə ünvanlanmış xx.xx.2000-ci il tarixli, 159/s nömrəli məktubda kombinatın işçilərinin Dübəndi bağ massivində ayrlmış torpaq sahəsindən istifadə etmədikləri və kombinatın maddi imkansızlıq səbəbindən həmin torpaq sahəsini saxlamaq imkanı olmadığı üçün Dübəndi torpaq sahəsinin istifadə edilməyən sahəsinin Bağlar Təsərrüfatı İdarəsinə təhvil verildiyi qeyd edilmişdir. Eyni zamanda, arxivdə mövcud olan digər qovluqda isə bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Habelə, bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi qovluqda aşkar olunmadığından bağ sahəsinin yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) xx.xx.1988-ci il tarixli, 6/330 saylı qərarından arxiv çıxarışına əsasən Dübəndi qəsəbəsində Azərbaycan SSR Bədii fondunun istehsalat-yaradıcılıq kombinatına bağçılıq yoldaşlığının 93 üzvü üçün torpaq sahələri ayrılmışdır. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, X2 adına “Səfalı” bağçılıq yoldaşlığının nəzdində Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 1-ci Cənub küçəsi, 36 və 37 saylı bağ sahəsinin ayrılmasına dair sənəd arxiv qovluğunda aşkar olunmamışdır. Həmin məktubla məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən sözügedən bağ sahələri hüquq müəyyənedici sənəd üzrə 1000 kv.metr, faktiki 1000 kv.metr (şərti), 6816 kv.metr (üm/sahə) təşkil edir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə “Səfalı” bağçılıq yoldaşlığı birliyinin arxiv qovluğunda mövcud olan üzvlərinin siyahısı, Azərbaycan Respublikası Rəssamlar İttifaqı X3nın “Səfalı” bağçılıq yoldaşlığının (ləğv olunmuş 10070 nömrəli tikinti pasportuna dair qovluq) xx.xx.1999-cu il tarixli 1 nömrəli protokolu ilə təsdiq edilmiş siyahısı və X3 tərəfindən Bağlar Təsərrüfatı İdarəsinə ünvanlanmış xx.xx.2000-ci il tarixli 159/s nömrəli məktubunun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Rəssamlar İttifaqı X3nın “Səfalı” bağçılıq yoldaşlığının (ləğv olunmuş 10070 nömrəli tikinti pasportuna dair qovluq) xx.xx.1999-cu il tarixli 1 nömrəli protokolu ilə təsdiq edilmiş siyahıya əsasən həmin siyahıda iddiaçının adı qeyd edilmiş və ona 36 və 37-ci bağ sahələrinin ayrıldığı qeyd edilmişdir. xx.xx.1999-cu il tarixli üzvlük kitabçasından görünür ki, iddiaçıya Dübəndi qəsəbəsində 1000 kv.metr olan 36 və 37 nömrəli bağ sahələri ayrılmışdır. Cavabdeh tərəfindən xx.xx.2026-cı il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, ümumi 6816.0 kv.m hasardaxılı ərazidə şərti olaraq göstərilən torpaq sahəsi 1000.0 kv.m təşkil edir. Ümumi sahədə birmərtəbəli yaşayış evi, köməkçi yarımçıq tikililər, tövlə və mobil şəbəkə dirəyi mövcuddur. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Ümumi sahənin və ümumi sahədən şərti olaraq 36 və 37 saylı bağ sahəsi kimi göstərilən 1000 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən arxiv bağçılıq-yoldaşlığın bölgüsü olmadığından torpaq sahəsinin dəqiq yerləşməsini müəyyənləşdirmək mümkün olmadı. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubu etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Bakı Xalq Deputatları Soveti İcrayyə Komitəsinin 14 iyun 1988-ci il tarixli, 6/330 saylı qərarı əsasında Azərbaycan Rəssamlar İttifaqı X1 93 nəfərlik torpaq sahəsi ayrılmışdır. İddiaçı 1 saylı protokola əsasən ortaqlığa qəbul edilmiş, ona 22 aprel 1999-cu il tarixdə “bağban üzvlük kitabçası” verilmiş və Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsi, Cənub küçəsi ünvanında 36 və 37-ci sahələrdə 1000 kv.m torpaq sahəsi ayrılmışdır. Hazırda həmin bağ sahəsi iddiaçının istifadəsindədir. İddiaçı üzvlük kitabçasına əsaslanaraq mülkiyyət hüququnun qeydə alınması barədə cavabdehə müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, arxiv qovluğunda mövcud olan X3 tərəfindən Bağlar Təsərrüfatı İdarəsinə ünvanlanmış xx.xx.2000-ci il tarixli 159/s nömrəli məktubda kombinatın işçilərinin Dübəndi bağ massivində ayrılmış torpaq sahəsindən istifadə etmədikləri və kombinatın maddi imkansızlıq səbəbindən həmin torpaq sahəsini saxlamaq imkanı olmadığı üçün Dübəndi torpaq sahəsinin istifadə olmadığı sahəsinin Bağlar Təsərrüfatı İdarəsinə təhvil verildiyi qeyd edilmişdir. Eyni zamanda, arxivdə mövcud olan digər qovluqda isə bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Habelə, bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi qovluqda aşkar olunmadığından bağ sahəsinin yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə cavabdehin etirazının dəlillərinə münasibətdə qeyd edir ki, arxivdə mövcud olan digər qovluqda bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adının aşkar edilməməsi imtina üçün əsas ola bilməz. Belə ki, məhkəmə sorğusu əsasında əldə edilmiş sənədlərdən görünür ki, “Səfalı” bağçılıq yoldaşlığı üzvlərinin iclas protokoluna əsasən bağçılığın bəzi üzvlərinin əvvəllər götürdükləri torpaq sahəlrindən imtina etdikləri üçün həmin sahələr yeni qəbul edilmiş üzvlərə verilmişdir. Həmin üzvlərin arasında iddiaçının da adı vardır. Bu səbəbdən iddiaçının adı bağçılıq üzvlərinin ilkin siyahısında ola bilməzdi. Eyni zamanda, bölgü sxeminin tərtibi müvafiq inzibati orqanın səlahiyyətinə aid olan məsələdir və onun tərtib edilməməsində iddiaçının təqsiri olmadığı üçün bu hal onun ziyanına şərh edilə bilməz. Qeyd edilməlidir ki, bağ sahələrinin bəzisinin istifadəsiz qalması iddiaçının istifadəsində olan bağ sahəsinin də istifadəsiz qaldığı mənasına gələ bilməz. Bu halın əksini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyündən, cavabdeh tərəfindən bu barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Göründüyü kimi qeyd edilən imtina əsasları formal xarakterə malikdir və iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas ola bilməz. Sözügedən bağ sahələri uzun müddətdir ki, iddiaçının etirazsız qanuni sahibliyində və istifadəsindədir, ora başqa şəxsin müraciəti yoxdur. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən 1000 kv.metr ümumi sahəsi olan 36 və 37-ci bağ sahələri üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınaraq bu barədə çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 1000 kv.metr ümumi sahəsi olan 36 və 37-ci bağ sahələri üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınaraq bu barədə çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-11649/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11649/2025
19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver