Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11650/2025 22.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı (üçüncü şəxs: Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti) “mənzillə təmin olunma” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti (bundan sonra – üçüncü şəxs) 3-cü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir və 1-ci Qarabağ müharibəsində yaralandığı üçün ona 2-ci qrup əlillik təyin edilmişdir. O, hazırda ünvan 1 ünvanında beş nəfər ailə üzvü ilə birlikdə ikiotaqlı mənzildə yaşayır. Belə ki, mənzil şəraitinin yaxşılaşdırılması üçün tərəfindən şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edilmişdir və hazırda növbədədir. Bundan başqa cavabdeh tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması üçün müraciətinə 02 may 2025-ci il tarixdə imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş növbəlilik siyahılarında iddiaçının 24 dekabr 2021-ci il tarixindən 5 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı müəyyən edilmişdir. Yuxarıda qeyd edilən Sərəncamın icrası çərçivəsində iddiaçı mənzillə təmin olunması məqsədilə cavabdehə müraciət etmişdir. İddiaçının təqdim etdiyi sənədlərə baxılmış və xx.xx.2025-ci il tarixli məktubla o, dövlət tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 38.54 kv.m olan 2 otaqlı mənzillə təmin olduğundan iddiaçının mənzillə təmin edilməsinin mövcud qanunvericiliyə uyğun olmadığı bildirilmişdir. Odur ki, iddiaçı dövlət tərəfindən bir dəfə mənzillə təmin edildiyindən onun yenidən mənzillə təmin olunması eyni imtiyazlı əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülmüş və hazıradək yaşayış sahəsi ilə təmin edilməyən şəxslərin hüquqlarına toxuna bilər. Bundan başqa nəzərə alınmalıdır ki, mövcud qanunvericilik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada uçota alınmaqla yaşayış sahələri ilə təmin olunmasını nəzərdə tutur və bunu sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsi və digər amillərlə şərtləndirir. İddiaçıya dövlət mənzil fonduna aid olan 2 otaqlı yaşayış sahəsi ayrılmışdır. Göründüyü kimi, iddiaçı ona verilmiş hüquqdan, yəni əvəzsiz olaraq mənzil almaq hüququndan artıq bir dəfə istifadə etmişdir. Qeyd edilir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli sərəncamı yaşayış sahəsinə ehtiyacı olan şəxslərə aid olduğundan və iddiaçının mülkiyyətində mənzilin olması onun yaşayış sahəsinə ehtiyacı olmayan şəxs kimi qəbul edilməsinə əsas verir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, iddiaçı mənzillə təmin edilsə də, hazırda həmin mənzil iddiaçının ailə tərkibi üçün kifayət deyildir. Belə ki, mənzilin ümumi sahəsi 65 kv.metrdir ki, bu da iddiaçının ailə tərkibinə görə 15 kv.metr azdır. Həmçinin mənzilin yaşayış sahəsi 37 kv.metrdir. Mənzil iddiaçıya 4 nəfərli ailə tərkibinə görə 2000-ci ildə verilib. Hazırda iddiaçının ailəsi 5 nəfərdən ibarətdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək, həmçinin bildridi ki, iddiaçının ailə tərkibinin artması ona yeni məznil verilməsi üçün əsas ola bilməz. Belə ki, mənzillə təmin edilməyən və mənzil növbəsində olan çoxsaylı vətəndaşlar var ki, bu hallar onların hüquqlarının pozulmasına və dövlətin yükünün artırılmasına səbəb ola bilər. İddiaçının ailə tərkibinə əsasən 15 kv.metr mənzil sahəsi çatmır ki, cavabdehin balansında belə bir sahəsi olan mənzil yoxdur. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdə olan 058647 saylı, xx.xx.2011-ci il tarixli əlillik vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətlərə görə iddiaçıya 2-ci dərəcəli əlillik təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 491 nömrəli Sərəncamına əsasən iddiaçı ailə tərkibi 5 nəfər (özü, həyat yoldaşı, oğlu, qızı və nəvəsi) olmaqla yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə qəbul edilmiş və İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 252995 saylı Qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən 4 saylı mənzil iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.2006-cı il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 1 saylı Dost Mərkəzinin xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçı 350 manat məbləğində Prezident təqaüdü alır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən iddiaçının adına ünvan 3, mənzil 4 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğuda qeyd olunan digər şəxslərin adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən 4 saylı mənzildə iddiaçı və 4 nəfər ailə üzvü yaşayış yeri üzrə qeydiyyatdadırlar. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubunda iddiaya yazılı etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə (bundan sonra – Mənzil Məcəlləsi) əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir (48.1.). Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa) (50.1.). Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər (51.2). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir (51.3). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (51.7). Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir (56.1.). Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1. yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3. bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara (56.2.). “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2711.2019-cu il tarixli, 459 saylı Qərarına əsasən Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamında göstərilmişdir ki:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Göründüyü kimi iddiaçı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 491 nömrəli Sərəncamına əsasən ailə tərkibi 5 nəfər (özü, həyat yoldaşı, oğlu, qızı və nəvəsi) olmaqla yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə qəbul edilmiş və İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir. Hazırda iddiaçı buna əsaslanaraq mənzillə təmin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının əsasını o təşkil etmişdir ki, iddiaçıya dövlət mənzil fonduna aid olan 2 otaqlı yaşayış sahəsi ayrılmışdır. İddiaçı ona verilmiş hüquqdan, yəni əvəzsiz olaraq mənzil almaq hüququndan artıq bir dəfə istifadə etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən iddiaçıya 4 nəfərlik ailə tərkibi ilə ünvan 3 ünvanında yerləşən 4 saylı mənzil verilmişdir. Həmin mənzil özəlləşdirilmiş, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 252995 saylı Qeydiyyat vəsiqəsinə əsasən mənzil iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən edilir ki, mənzildə iddiaçı və 4 nəfər ailə üzvü yaşayış yeri üzrə qeydiyyatdadırlar. İddiaçı həmin vaxt ailə tərkibinin 4 nəfərdən ibarət olmasına baxmayaraq, hazırda ailə tərkibinin 5 nəfərdə ibarət olduğunu bildirir və yenidən mənzillə təmin edilməsini xahiş edir. Göründüyü kimi iddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən yaşayış sahəsi ilə təmin edilmişdir. Həmin mənzil iddiaçının mülkiyyətindədir. İddiaçının ailə tərkibinin artması onun yenidən həmin Sərəncama əsasən yaşayış sahəsi ilə təmin edilməsinə əsas ola bilməz. Belə ki, artıq yaşayış sahəsi ilə təmin edilmiş şəxslərin sonradan ailə tərkibində baş verən artımlar əsasında yenidən yaşayış sahələri ilə təmin edilmələri hazırda mənzil növbəsində olan və yaşayış sahəsi ilə təmin edilməyən vətəndaşların hüquqlarının pozulmasına və dövlət mənzil fondunun ehtiyatının azalmasına səbəb ola bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı artıq bir dəfə yaşayış sahəsi ilə təmin edildiyi üçün onun yenidən mənzillə təmin edilməsi üçün xüsusi əsaslar mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunma” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Emin Abdullayev