Məhkəmə qərarları › İş №e-2-1(112)-1167/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1167/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1167/2024 31.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “məlumatlandırma icraatının tətbiq edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “məlumatlandırma icraatının tətbiq edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 31 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 996b saylı bağ sahəsinin bir hissəsində (0.03 ha) təqdim edilən layihəyə uyğun məlumatlandırma icraatının tətbiq edilməsinə göstəriş verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 996b saylı bağ sahəsinin bir hissəsi (0.03 ha) İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh 2021-ci ildən edilmiş onlarla qanuni müraciətlərə əsasız imtina verərək süründürməçiliyə yol vermişdir. 2021-ci ildə rəsmi müraciət etmiş, üzərindən xeyli müddət keçdikdən sonra tikintiyə başlamış, layihədə qeyd edilən formada fərdi yaşayış evinin tikintisinin ikinci mərtəbəsində olarkən cavabdehin nümayəndəsi şifahi olaraq bildirmişdir ki, imtina verilib. Sonuncu cavabda qeyd edilən nöqsanları aradan qaldırsalar da hər dəfə qanunsuz və əsasız imtina verərək süründürməçiliyə yol verilmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ilk olaraq Binəqədi Rayon İcra Hakimiyyətinə Binəqədi rayonu, Novxanı kəndi, 996b saylı bağ sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli A- 142-151 saylı ərizə ilə müraciət etmiş və müraciətinə cavab olaraq xx.xx.2020-ci il tarixli 02/12-10-7/A-l 42-151 saylı məktubla bildirilmişdir ki, tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin damının bucaq dərəcəsi öz əksini tapmamış, baş planda göstərilən ölçülərlə torpaq sahəsinin natural ölçüləri arasında uyğunsuzluq mövcuddur, mansard mərtəbəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.5-ci maddəsinin, həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin və “Ara məsafəsi ilə müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 72 saylı qərarının 8-ci maddəsinin tələbləri nəzərə alınmamış, tikintisi nəzərdə tutulan bağ evinin xarici divarı ilə torpaq sahəsinin sərhədləri arasında ara məsafəsi AR Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4-cü maddəsinin və qeyd olunan qərarın 8.2-ci bəndinin tələblərinə uyğun (ara məsafəsi 2.55 m-dən az olmamalıdır) layihələndirilməmiş, tikintisi nəzərdə tutulmuş fərdi yaşayış evinin layihələndirilməsi zamanı AR Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.8-ci maddəsinin tələbləri (yalnız 120 m2 tikinti aparıla bilər) nəzərdə tutulmamışdır. Qeyd olunan iradlar aradan qaldırıldıqdan sonra məsələyə yenidən baxıla bilər. Qanunamüvafiq iradlar bildirildikdən sonra İddiaçı xx.xx.2021-ci il tarixli A-137-151 saylı ərizə ilə müraciət edərək, Binəqədi rayonu, Novxanı kəndi, 996b saylı bağ sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli A-137-151 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş və müraciətinə xx.xx.2021-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, tərtib olunmuş layihədə tikintisi nəzərdə tutulan bağ evinin damının bucaq dərəcəsi, binanın fasad və mansarda layihəsində ölçülər öz əksini tapmadığından təqdim olunmuş layihənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğunluğunun yoxlanılması (ara məsafəsinin hesablanması) mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-606 saylı, 29 aprel 2016-cı il tarixli məktubuna əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı çərçivəsində işlənilən tikinti layihəsinin memarlıq və planlaşdırma bölməsinin tərkibindəki baş planda torpaq sahəsinə qonşu olan sahələr və ərazi məlumatları göstərilməklə baş plan M 1:500 miqyasında tərtib edilmədiyindən müraciətin müsbət həlli mümkün deyil. Sözügedən iradlar aradan qaldırıldıqdan və sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq olunmuş surəti (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü) Rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra müraciətə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq yenidən baxıla bilər. İddiaçı bildirilən iradları aradan qaldırmadan, Rayon İcra Hakimiyyətinə eyni məzmunlu xx.xx.2021-ci il tarixli A-137/2-151/2-t/l saylı ərizə ilə müraciət etmiş və müraciətinə cavab olaraq bildirilmişdir ki, tərtib olunmuş layihədə tikintisi nəzərdə tutulan bağ evinin fasad və mansard layihəsində ölçülər öz əksini tapmadığından təqdim olunmuş layihənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğunluğunun yoxlanılması (ara məsafəsinin hesablanması) mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-606 saylı, 29 aprel 2016-cı il tarixli məktubuna əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı çərçivəsində işlənilən tikinti layihəsinin memarlıq və planlaşdırma bölməsinin tərkibindəki baş planda torpaq sahəsinə qonşu olan sahələr və ərazi məlumatları göstərilməklə baş plan M 1:500 miqyasında tərtib edilmədiyindən müraciətin müsbət həlli mümkün deyil və sözügedən iradlar aradan qaldırıldıqdan sonra müraciətə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq yenidən baxıla bilər. Bundan sonra iddiaçı bir daha Rayon İcra Hakimiyyətinə xx.xx.2021-ci il tarixli A- 137/3-151/3-t/2 saylı ərizə ilə müraciət etmiş və müraciətinə cavab olaraq bildirilmişdir ki, tərtib olunmuş layihədə tikintisi nəzərdə tutulan bağ evinin damının ölçüləri öz əksini tapmadığından təqdim olunmuş layihənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğunluğunun yoxlanılması (ara məsafəsinin hesablanması) mümkün olmamış və sözügedən irad aradan qaldırıldıqdan, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq olunmuş surəti (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü) və tam komplektləşdirilmiş 3 nüsxə layihə Rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra müraciətə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq yenidən baxıla bilər. Vətəndaş Rayon İcra Hakimiyyətində dəfələrlə qəbulda olmuş və fərdi yaşayış evinin tikintisi ilə bağlı hansı məyarlara uyğun layihə tərtib olunması barədə ətraflı izahatlar verilmişdir. Lakin, buna baxmayaraq iddiaçı tərəfindən hər dəfə müəyyən nöqsanlarla layihə tərtib olunub təqdim olunmuşdur. Sonradan vətəndaşın fərdi yaşayış evi inşa etmək istədiyi torpaq sahəsinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən məlumatlandırma icraatı tətbiq edilmədən torpaq sahəsində qeyriqanuni tikinti işlərinin aparıldığı müəyyən olunmuşdur. Bununla bağlı xx.xx.2022-ci il tarixli 03/13-1 1-32/704 saylı bildiriş göndərilməsinə baxmayaraq aparılan qanunsuz tikinti işləri dayandırılmadığından hüquq-mühafızə orqanlarına xx.xx.2023-cü il tarixli məktub ünvanlanmışdır. Yerində keçirilmiş baxış zamanı aparılmış tikinti işlərində təqdim olunmuş layihədən kənarlaşma faktı aşkarlandığından müraciətin müsbət həlli mümkün olmamışdır. Belə ki, fərdi yaşayış evinə dair məlumatlandırma icraatının həyata keçirilməsi barədə iddiaçı S.Q.Osmanovanın Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2014-cü il tarixli 0-12 saylı müraciəti RİH tərəfindən cavablandırılaraq, qüvvədə olan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun olaraq torpaq sahəsinin plan və ölçüləri qeyd olunmaqla, torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti, layihələndirməyə xüsusi icazəsi (lisenziya) olan fiziki və ya hüquqi şəxslər tərəfindən tərtib olunmuş 3 nüsxədən ibarət eskiz layihə Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra müraciətinə baxılacağı bildirilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 996b saylı bağ sahəsinin bir hissəsi (0.03 ha) İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Təqdim edilən layihəyə uyğun məlumatlandırma icraatının tətbiq edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbini irəli sürmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 74.1 Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1 və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Yuxarıda istinad olunan normaya görə, həmin normada nəzərdə tutulmuş tələblərə uyğun fərdi yaşayış evlərinin tikintisinə münasibətdə məlumatlandırma icraatı həyata keçirilir. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Nəzərə almaq lazımdır ki, həm tikintiyə icazə, həm də məlumatlandırma icraatının məqsədi tikilməsi nəzərdə tutulan tikinti obyektinin, tikilməzdən əvvəl layihə səviyyəsində şəhərsalma və tikinti hüquq normalarına uyğunluğunu təmin etməkdən və bunun üzərindən qanunsuz tikintilərin qarşısını almaqdan ibarətdir. Başqa sözlə, yalnız tikinti layihəsinin qeyd edilən hüquq normalarına uyğunluğu müəyyən edildikdən sonra, həmin layihə üzrə tikintiyə icazə verilir və ya məlumatlandırma icraatı qaydasında razılaşdırma əsasında tikintiyə yol verilir. Həmçinin nəzərə alınmalıdır ki, şəxsin tikinti niyyətini ifadə edən ərizəsi üzrə həm tikintiyə icazə icraatı, həm də məlumatlandırma icraatının tətbiqi müvafiq inzibati orqanın məsuliyyət sferasına aiddir. İnzibati orqan tikintiyə icazə üzrə icraat çərçivəsində və ya məlumatlandırma icraatı zamanı təqdim olunmuş layihələrin şəhərsalma və tikinti hüquq normalarına uyğunluğunu xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Layihə qeyd olunan tələblərə uyğun olduğu təqdirdə layihə üzrə tikintiyə icazə və ya məlumatlandırma icraatı qaydasında razılıq verilir. İcazənin verilməsi və ya məlumatlandırma icraatı qaydasında razılaşdırma layihənin şəhərsalma və tikinti hüquq normalarına uyğunluğunun təsdiqini ifadə edir. Mübahisələndirilən halların və ümumiyyətlə işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 avqust 2024cü il tarixli 3-16-16/2-10/557 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Binəqədi rayonu, Novxanı kəndi, 996b saylı bağ sahəsinin bir hissəsində (0.03 ha) inşa edilmiş fərdi yaşayış evinin iş materaillarında olan layihəyə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. İddiaçı xüsusi mülkiyyətində olan Binəqədi rayonu, Novxanı kəndi, 996b saylı bağ sahəsinin bir hissəsində (0.03 ha) inşa edilmiş fərdi yaşayış evinin təyinatı üzrə yerüstü mərtəbələrinin sayının 2, fərdi yaşayış evinin hündürlüyünün 5,6 m, aşırımlar arası məsafənin 4,0 m. olduğu müəyyən edilmişdir. Uyğunsuzluqlarla bağlı rəydə göstərilmişdir ki, zirzəmi üzrə: tərtib edilmiş layihə sənədində 1 saylı tikilidən 2 saylı tikiliyə keçən hissədə qapı boşluğunun eni 0,9 m göstərilsə də faktiki olaraq 1,1 m olduğu, 4 saylı tikilidən 5 saylı tikiliyə keçən hissədə qapı boşluğunun eni 0,9 m göstərilsə də faktiki olaraq 0,64 m olduğu müəyyən edilmişdir. 1-ci mərtəbə üzrə: tərtib edilmiş layihə sənədində 3 saylı zal tikilisinin uzunluğu 6,6 m göstərilsə də faktiki olaraq 7,0 m olduğu, 4 saylı mətbəx tikilisinin eni 2,6 m göstərilsə də faktiki olaraq 2,8 m olduğu, 6 saylı sanitar-qovşağı tikilisinin eni 2,2 m., uzunluğu 2,5 m. göstərilsə də faktiki olaraq tikilinin eni 2,0 m, uzunluğu 2,0 m olduğu müəyyən edilmişdir. 2-ci mərtəbə üzrə: tərtib edilmiş layihə sənədində 1 saylı pilləkən qəfəsəsi tikilisinin uzunluğunun 2,6 m göstərilsə də faktiki olaraq 3,0 m, eni 2,2 m göstərilsə də faktiki olaraq 2,5 m olduğu, 2 saylı istirahət otağı tikilisinin eni 4,2 m göstərilsə də faktiki olaraq 4,4 m, uzunluğu 6,6 m göstərilsə də faktiki olaraq 6,8 m olduğu, 3 saylı yataq otağı tikilisinin uzunluğu 3,3 m göstərilsə də faktiki olaraq 3,5 m olduğu, 4 saylı yataq otağı tikilisinin uzunluğu 3,3 m göstərilsə də faktiki olaraq 3,15 m olduğu, 4 saylı sanitar-qovşağı tikilisinin eni 2,5 m göstərilsə də faktiki olaraq 2,0 m olduğu, həmçinin tərtib edilmiş layihə sənədində 2 saylı tikili ilə 3 və 4 saylı tikililər arasında olan arakəsmə divarının qalınlığı 0,4 m göstərilsə də faktiki olaraq 0,2 m olduğu müəyyən edilmişdir. Məhkəmə mübahisə predmeti fərid yaşayış evinin təyinatı üzrə yerüstü mərtəbələrinin sayının 2, hündürlüyünün 5,6 m və aşırımlar arası məsafənin 4,0 m. olmaqla Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 80.1-ci maddəsinin tələblərini ödəməsini və layihədən kənarlaşmanın ölçülərdə 50 sm-dək olmaqla imtinaya əsas verəcək həddə olmamasını nəzərə alaraq hesab edir ki, həmin tikili barəsində məlumatlandırma icraatı tətbiq edilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 996b saylı bağ sahəsinin bir hissəsində (0.03 ha) inşa edilmiş fərdi yaşayış evinə dair təqdim edilən layihəyə uyğun məlumatlandırma icraatının tətbiq edilməsi vəzifəsi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. Məhkəmə iddianın təmin edilməsi nəticəsinə gəldiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq, 50 manat məbləğində pul cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 996b saylı bağ sahəsinin bir hissəsində (0.03 ha) inşa edilmiş fərdi yaşayış evinə dair təqdim edilən layihəyə uyğun məlumatlandırma icraatının tətbiq edilməsi vəzifəsi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar