Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11690/2025 11.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri X1 və Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “şəhid statusunun tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək atası – X4 X3 iştirak etmiş və Kursk döyüşləri zamanı itkin düşmüş, sonradan ölmüş hesab edilmiş şəxs kimi şəhid statusunun tanınması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X8 1942-ci ildə Sovet Ordusuna səfərbər olunaraq X7 dövründə cəbhəyə göndərilmiş və 1943-cü ildə Kursk döyüşləri zamanı itkin düşmüşdür. Məlumatlara əsasən, onun döyüş zamanı həlak olduğu ehtimal edilir. İddiaçının mövqeyi odur ki, atası 1943-cü ildə SSRİ Silahlı Qüvvələri tərkibində X3 döyüş tapşırığını yerinə yetirərkən itkin düşüb və şəhid statusu almalıdır. Dövlət orqanlarının mövqeyi odur ki, mövcud qanunvericilikdə SSRİ Silahlı Qüvvələri tərkibində X3 iştirak etmiş şəxslərə şəhid statusu verilməsi nəzərdə tutulmayıb. Məhkəmənin əsaslandırması: “Şəhid” anlayışı yalnız Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələri və ya digər müvafiq orqanları tərəfindən icra olunan tapşırıqlar zamanı həlak olan şəxslərə aiddir. X8 isə SSRİ ordusunun tərkibində xidmət etmişdir və onun həlak olması ilə Azərbaycan Respublikasının müstəqil dövləti kimi maraqlarının qorunması arasında birbaşa hüquqi əlaqə yoxdur. Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2009-cu il tarixli, № 9/91659 saylı cavabında X4 1943-cü ildə itkin düşməsi təsdiqlənmişdir. www.obd-memorial.ru portalında da bu fakt qeyd olunur. Azərbaycandakı bütün müvafiq dövlət orqanlarının (DİN, MTN, Qızıl Aypara Cəmiyyəti və s.) arxivlərində bu şəxs barəsində məlumatın olmaması onu göstərir ki, həmin dövrdə şəhid və ya veteran kimi tanınmamışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-2976/2019 saylı qətnaməsi ilə X2 Vətən Müharibəsində iştirak edən şəxs kimi xx.xx.1943-cü il tarixində ölmüş elan edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehlərə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, mübahisə üzrə aydınlaşdırılmalı olan ilk məsələ “şəhid statusunun tanınması” iddia tələbinin yönəlməli olduğu cavabdehlə bağlı məsələdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. İddia ərizəsindən göründüyü kimi, İddiaçı atası X4 şəhid statusunun tanınması məqsədi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə məqsədi atası X4 şəhid statusunun, adının və tanınmasına nail olmaqdan ibarətdir. Bildirilir ki, iddiaçı ilkin olaraq şəhid statusunun təsdiqlənməsi və vəsiqənin tanınması ilə əlaqədar olaraq müvafiq səlahiyyətli inzibati orqana müraciət etməli, daha sonra müvafiq cavabın onun hüquqlarını pozduğunu düşündüyü təqdirdə məhkəməyə müraciət etməlidir. Qeyd olunan səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid olmadığından cavabdeh qismində Nazirliyin qeyd olunması mümkün hesab edilə bilməz. Sadalanan qanunvericilik normaları və işin faktiki halları nəzərə alınaraq qeyd edilir ki, iddiaçı atasının şəhid statusunun təsdiq edilməsi, aylıq təqaüdün ayrılması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına dair xahiş etsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi qaydada müraciət etmədiyindən eləcə də, qeyd olunanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid olmadığından iddia mümkün hesab edilə bilməz. Yuxanda qeyd olunanlara əsasən bildirilir ki, İddiaçı atası X4 şəhid statusunun tanınmasına nail olduqdan sonra, qanunvericilik normalarında istinad olunan müvafiq sənədləri şəhid ailəsi üzvləri üçün nəzərdə tutulan güzəştlərdən istifadə etmək məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətli inzibati orqanına təqdim etməlidir. Göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması məhkəmədən xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (vəsatətdə) bildirilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ərizəsinə baxılmış və məhkəmə aktları qəbul olunmuşdur. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin qarşı (üçüncü şəxslər cavabdeh Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Müdafiə Nazirliyi) qarşı “arayışın verilməsi” tələbi ilə bağlı iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin 31,05.2020-ci il tarixli 2-1(112)-355/2020 №-li qərardadı ilə mümkün sayılmamışdır. Həmçinin İddiaçı cavabdeh Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon İdarəsinə qarşı (üçüncü şəxslər cavabdeh Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Müdafiə Nazirliyi) qarşı “şəhid statusunun verilməsi” tələbi ilə bağlı iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-893/2020 №-li qərarı ilə iddia ərizəsi rədd edilmişdir. Həmin məhkəmə aktlarından apellyasiya şikayətləri verilməmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəsatətinə etirazda bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli vəsatətdə iş üzrə icraata xitam verilməli olduğu əsaslandırılır ki, bu iş eyni predmet üzrə və eyni tərəflərlə daha əvvəl baxılmışdır. Halbuki bu mövqe həm hüquqi, həm də faktiki baxımdan əsassızdır və aşağıdakı arqumentlərlə təkzib olunur: Əvvəlki işlər üzrə (2020-ci ildə baxılmış 2-1(112)- 355/2020 və 2-1(112)-893/2020 saylı işlər) yalnız arayışın verilməsi və ilk hüquqi qiymətləndirmə məsələsinə baxılmışdır. Lakin hazırkı iddiada bu qiymətləndirmənin əsasında mübahisələndirilən hərəkətlərin hüquqi nəticələrinin ləğvi və hüquqların bərpası tələb olunur. Hazırkı iddia, yeni hüquqi əsaslara və yeni sübutlara (o cümlədən Yasamal Rayon Məhkəməsinin 2019-cu il tarixli qətnamələri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi arxiv və şəhadətnamə sənədlərinə) əsaslanır. Bu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən təkrar iddia hesab edilə bilməz. Müdafiə Nazirliyinin təqdim etdiyi vəsatətdə yalnız "mümkünlük məsələsinə" dair əvvəlki qərarlar istinad olunur. Lakin hüququn müdafiəsi məqsədilə mümkünlük yox, məzmun üzrə yeni tələb irəli sürülür. Müdafiə Nazirliyi etirazında göstərir ki, şəhid statusu yalnız Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanlara aiddir. Lakin bu yanaşma, Azərbaycan Respublikası Prezidentinin 1994- cü il tarixli Fərmanı, "Şəhid adının əbədiləşdirilməsi haqqında" Qanun və Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı bəndi ilə ziddiyyət təşkil edir. Həmin normalara görə, "Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş hallarda həlak olan şəxslər" şəhid hesab olunurlar. Məhkəmə qərarlarında da (Yasamal Rayon Məhkəməsi) ölümün səbəbi və tarixi təsdiqlənmişdir. Mülki Prosessual Məcəllənin 12 və 14-cü maddələrinə əsasən, məhkəmə işə tərəflərin təqdim etdiyi sübutlar əsasında və hüquqi həqiqətin araşdırılması məqsədilə baxmalıdır. Müdafiə Nazirliyinin vəsatəti isə bu araşdırmanın qarşısını almağa yönəlmiş formal yanaşmadır və ədalətli məhkəmə hüququnun pozulmasına gətirib çıxara bilər. Göstərilənlərə əsasən vəsatətin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış və tərəflərin fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək mümkün sayılmasını, işə mahiyyəti üzrə baxılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri məhkəməyə təqdim edilmiş etiraza uyğun məzmunda izahat verərək tələbin mümkün sayılmamasını xahiş etmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd olunur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının məqsədi mərhum atası X5 şəhid statusunun verilməsindən ibarətdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-893/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, iddiaçının Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə qarşı “atasının SSRİ Silahlı Qüvvələrinin tərkibində 1943-cü ildə “X7”ndə döyüş tapşırığını yerinə yetirərkən itkin düşməsi və şəhid olması barədə ilkin arayışın verilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Məhkəmə həmin iddianın qaldırılmasında əsas məqsədin mərhum X5 şəhid olması barədə arayışın və şəhid statusunun verilməsi olduğunu hesab etmiş və məsələyə hüquqi qiymət vermişdir. Qeyd olunan qərar yuxarı instansiya məhkəməsində mübahisələndirilməmiş, qanuni qüvvəsini almışdır. İddiaçı hazırkı tələbi üzrə hər hansı yeni sənədə istinad etməmiş və yeni hüquqi əsas kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-2976/2019 saylı qətnaməsini və digər sənədləri məhkəməyə təqdim etmişdir. Hansı ki, yuxarıda qeyd edilən əvvəlki inzibati işə baxılarkən də sözügedən sənədlər Bakı İnzibati Məhkəməsinin 2-1(112)-893/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında digər sübutlarla birlikdə qiymətləndirilmişdir. Göründüyü kimi, iddiaçı hüquqi marağını ifadə edən iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərini mübahisələndirmiş və bununla bağlı artıq qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Belə olan halda eyni əsaslarla eyni tələb üzrə mübahisəyə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə hüquqi qiymət verildiyindən, eyni iddiaya yenidən baxılması mümkün sayıla bilməz. Yuxarıda istinad olunan Plenum Qərarında həmçinin göstərilmişdir ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd). İPM-in 78ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-11690/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-11690/2025
11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver