Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1171/2025 01.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, “mənzilin fərdi yaşayış evi kimi qeydə alınması və torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Mübariz oğlunun, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin fərdi yaşayış evi kimi qeydə alınması və torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 1 oktyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasəni, İddiaçı (bundan sonra – iddiaçı) X2 vərəsəsi hesab edilmiş və ünvan 1 ünvanında, istifadədə olan 0,0286 ha torpaq sahəsində yerləşən, 1904-cü ildə tikilən yaşayış sahəsi 26,08 kv.m., ümumi sahəsi 40 kv.m. olan 1 mərtəbəli, iki otaqdan ibarət olan mənzil iddiaçının adına keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* nömrəli, reyestr nömrəsi **********57-05101-093003 olan, xx.xx.2009-cu il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid küçəsində istifadəsində olan 0.0286 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binada 40 kv.m ümumi, 26.08 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 492 nömrəli reyestr kitabının 45391 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nörməsi **********57-05101- 093003 olan, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanda ümumi sahəsi 40,00 kv.metr olan mənzil üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçı ünvan 3 ünvanında yerləşən yaşayış evinin istifadəsində olan torpaq sahəsinin elektron çıxarışda qeyd edilməsi barədə ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabeh) xx.xx.2024-cü il tarixdə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilmiş daşınmaz əmlak fərdi yaşayış evi kimi deyil, mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzilə dair verilmiş elektron çıxarış “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmununun təsdiq edilməsi və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1142 nömrəli Fərmanı ilə müəyyən edilmiş nümunəyə (təsvirə) uyğun olaraq tərtib olunmuşdur. Həmçinin, sözügedən mənzilin fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və mənzilin yerləşdiyi torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.” İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata müvafiq düzəlişlər edilməsi, adına olan evin mənzil kimi deyil, fərdi yaşayış evi kimi qeydiyyata alınması, istifadəsində olan 0.0286 torpaq sahəsi ilə birlikdə ev və torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında, istifadəsində olan 0.0286 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin evə dair adına MH seriyalı, ******* nömrəli xx.xx.2009-cu il tarixli "çıxarış” verilmişdir. Çıxarışda Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid küçəsində istifadəmdə olan 0.0286 ha torpaq sahəsində yerləşən 4 nömrəli, bir mərtəbəli binada 2 otaqlı mənzilin tam mülkiyyət hüququ ilə ona məxsus olması, daşınmaz əmlakın dövlət reyestrində 492 nömrəli reyestr kitabının 45391 nömrəli vərəqində qeydiyyata alındığı yazılmışdır. xx.xx.2022-ci il tarixdə həmin "çıxarış” elektron çıxarışla əvəz edilərkən istifadəsində olan torpaq sahəsi ilə bağlı məlumatlar silinmişdir. Həmin torpaq sahəsində yalnız bir ədəd fərdi yaşayış evi və ona məxsus həyətyanı sahəsi mövcud olmuşdur. Həmin yaşayış sahəsinə dair kök sənədlərdə də yaşayış sahəsi mənzil kimi deyil, ev kimi qeyd edilmişdir. Qeyd olunan daşınmaz əmlak reyestrdə mənzil kimi qeydiyyata alınsa da, əslində fərdi yaşayış evidir. Daşınmaz əmlaka verilən ünvanda ev mənzil kimi qeyd olunsa da, həmin ünvanda cəmi bir ədəd fərdi yayış evi mövcuddur və həmin fərdi yaşayış evi iddiaçıya məxsus olmaqla, mülkiyyət hüququ səhvən mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, bu barədə dövlət reyestrdən çıxarışlar verilmişdir. İddiaçının evinə olan mülkiyyət hüququ mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən, həmin mənzilin, eləcə də, bütövlükdə evin yerləşdiyi və faktiki istifadəsində olan torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eyni zamanda həmin yaşayış sahəsinə dair arxiv sənədlərində də, qeyd edilən yaşayış sahəsi ev kimi göstərilmiş, mənzilə dair heç bir məlumatlar əks etdirilməmişdir. Cavabdehin etirazları: Etiraz imtina məktubu ilə eyni məzmunludur. Əlavə olaraq qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı mənzilə bitişik ölçüsü 150,1 kv.m olan əlavə sahənin inşa edildiyi və qeyriyaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilmişdir. Torpaq sahəsinin faktiki ölçüsü 0,03333 ha təşkil edir. Elektron kadastr məlumatlarına əsasən əmlak çoxmənzilli yaşayış binasının həyətində yerləşir. Həmçinin sahənin yaxınlığında su anbarının olması barədə bazada məlumat mövcuddur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə 020830 nömrəli, xx.xx.1993-cu il tarixli Order ilə, Əzizbəyov prospekti, ev 4 ünvanında yerləşən, 2 otaqdan ibarət olan, ümumi sahəsi 26.08 kv.m. olan yaşayış evi X7 verilmişdir. X10, ona məxsus olan 4 nömrəli evi X6 bağışlamışdır. Sonuncu həmin evi X1. X4 xx.xx.2009-cu il tarixdə ölmüş və Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsi ilə, həmin ev iddiaçıya miras qalmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş seriya MH ******* nömrəli, reyestr nömrəsi **********57-05101-093003 olan, xx.xx.2009-cu il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid küçəsində istifadəsində olan 0.0286 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binada 40 kv.m ümumi, 26.08 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olmuşdur. Daha sonra cavabdeh tərəfindən həmin çıxarış xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarış ilə əvəz olunmuşdur. Həmin çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid küçəsi, ev 4 ünvanda yerləşən yaşayış sahəsi 40,0 kv.m olan mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı dövlət reyestrində aparılmış qeydə düzəlişlər edilərək mülkiyyətində olan daşınmaz əmlakın mənzil kimi deyil, fərdi yaşayış evi kimi qeydiyyata alınması və 0.0286 kv.m. torpaq sahəsi ilə birlikdə ev və torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınaraq, çıxarış verilməsinə yönəlmişdir. Cavabdeh isə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirir ki, qeyd edilmiş daşınmaz əmlak fərdi yaşayış evi kimi deyil, mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzilə dair verilmiş elektron çıxarış “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmununun təsdiq edilməsi və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1142 nömrəli Fərmanı ilə müəyyən edilmiş nümunəyə (təsvirə) uyğun olaraq tərtib olunmuşdur. Həmçinin sözügedən mənzilin fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və mənzilin yerləşdiyi torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.-cı maddəsinə əsasən aşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur; ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.2.1. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: ... 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınırvə həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Şərh olunan qanunvericiliyin müddəalarına görə, vətəndaşa məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyi halda, onun təkbaşına mülkiyyətçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlər (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) üzərində hüquqları yaranır. Hazırkı işin faktiki halları ilə də müəyyən edilir ki, iddiaçının mülkiyyətində və istifadəsində olan yaşayış sahəsi mənzil adlansa da, faktiki olaraq fərdi yaşayış sahəsi olmuşdur. Belə ki, işin yuxarıda göstərilən faktiki hallarından da göründüyü kimi, sözügedən daşınmaz əmlaka diar ilkin hüquqmüəyyənedici sənəd olan xx.xx.1993-cı il tarixli Orderdə yaşayış sahəsi mənzil kimi deyil, fərdi yaşayış evi kimi qeyd edilmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaçının adına xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış tərtib edilərkən yaşayış sahəsinin ünvanı yalnız “ev 4” kimi qeyd olunmuş, mənzil nömrəsi göstərilməmişdir. Bu da həmin ünvanın yalnız bir yaşayış sahəsindən (bir evdən) ibarət olmasına dəlalət edir. Eyni zamanda məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdeh tərəfindən həmin ünvanda yerləşən əmlaka baxış keçirilmiş və baxış əsasında xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və əmlakın yerləşmə planı (cizgisi) tərtib edilmişdir. Həmin planda daşınmaz əmlakın göstəriciləri, habelə yerləşdiyi torpaq sahəsi barədə məlumatlar qeyd edilmişdir. Mübahisə predmeti olan daşınmaz əmlak cavabdeh inzibati orqan tərəfindən “mənzil” kimi qeydə alınsa da, xüsusiyyətlərinə görə bir və ya bir neçə otaqdan, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahə deyil, ayrıca həyətyanı sahəyə, ayrıca giriş-çıxışa, otaqlardan ibarət fərdi müəyyən edilmiş evdir. Bundan əlavə iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid küçəsi, 4 saylı evə dair tərtib edilmiş **********57-05101-093003 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli Çıxarışın surətindən görünür ki, sənəd üzrə daşınmaz əmlakın yerləşdiyi sahə 0,0286 ha., göstərilmişdir. Mənzil 1 mərtəbəlidir. Otaqların sayı 2, ümumi sahəsi 40.0 kv.m, yaşayış sahəsi 26.08 kv.m qeyd edilmişdir. Cavabdeh iddia qarşı etirazda idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı mənzilə bitişik ölçüsü 150,1 kv.m olan əlavə sahənin inşa edildiyi və qeyriyaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilmişdir. Torpaq sahəsinin faktiki ölçüsü 0,03333 ha təşkil edir. Elektron kadastr məlumatlarına əsasən əmlak çoxmənzilli yaşayış binasının həyətində yerləşir. Həmçinin sahənin yaxınlığında su anbarının olması barədə bazada məlumat mövcud olmasını bildirmişdir. Torpaq sahəsinin faktiki ölçüsü 0,03333 təşkil etməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı hüquqmüəyyənedici sənəd üzrə ona ayrılmış əmlakın yerləşdiyi 0.0286 ha torpaq sahəsinə iddia edir. Cavabdehin etirazın dəlili kimi istinad etdiyi sahənin yaxınlığında su anbarının olması barədə bazada məlumat mövcud olması ilə bağlı məhkəmə tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X9 Xidməti” publik hüquqi şəxsinə xx.xx.2025-ci il tarixdə sorğu ünvanlamışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X9 Xidməti” publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əsasən, qeyd olunan ünvana baxış keçirilmiş və həmin ünvanda yerləşən torpaq sahəsinin “İri şəhərlərin X9 Xidməti” publik hüquqi şəxsin istismarında olan kommunikasiya xətlərinin, su anbarlarının, nasos stansiya və qurğularının mühafizə zonasında yerləşmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlak fərdi yaşayış evinin xüsusiyyətlərinə malik olduğundan və cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli, seriya MH ******* nömrəli çıxarışda mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi göstərildiyindən iddiaçının tələbi əsaslıdır, cavabdeh inzibati orqanın hərəkətsizliyi qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Oxşar işlər üzrə formalaşmış Ali məhkəmənin praktikasına görə, əgər vətəndaşın iddia etdiyi daşınmaz əmlakın mənzil kimi qeydiyyata alınması, lakin digər mənzillər ilə konstruktiv bağlılığı olmaması halı aşkar olunarsa, şəxsin həmin mənzil və onun yerləşdiyi torpaq sahəsinin üzərində hüquqlarının yaranması müəyyən olunur. Əlbətdə, bu zaman araşdırmalı olan hal kimi həmin daşınmaz əmlakın həqiqətən də mənzil və ya ayrıca yaşayış evi kimi xidmət etdiyi müəyyən olunmalıdır. Belə ki, Ali Məhkəmənin 2-1(102)-3003/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mənzil hesab edilməsi üçün onun çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanı olmalıdır, xxxx 2018-ci il tarixli texniki pasporta görə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X1 küçəsi, ev 38, mənzil 1-də yerləşən 1 mərtəbəli yaşayış sahəsi hər hansı bir çoxmənzilli binanın tərkibində olmamaqla yanaşı, ayrıca tikili olan fərdi yaşayış evi kimi inşa olunmuş, cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirməmiş, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində müəyyən olunmuş əsaslar mövcud olmadan iddiaçının müraciətindən imtina etmiş, qeyd olunan mənzildə yerləşən fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının istifadəsində olmuş, buna dair sərəncam, texniki pasport iş materiallarına əlavə edilmişdir. Ali Məhkəmənin 2-1(102)-1601/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı bəyan edir ki, onun mülkiyyətində olan mənzil ayrıca, təcrid olunmuş tikilidən ibarətdir. Bu səbəbdən də həmin mənzilin yerləşdiyi və məhz həmin mənzilə aid olan torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Başqa sözlə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddələrinin dispozisiya şərtləri nəzərə alındıqda, hazırkı işdə iddiaçıya məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyi halda, o, təkbaşına mülkiyyətçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlərin (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) də təkbaşına mülkiyyətçisidir. Ali Məhkəmənin 2-1(102)-42/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, hazırda iddiaçının mülkiyyətində olan yaşayış sahəsi müvafiq sənədlərdə mənzil kimi qeyd olunsa da, əslində həm işə əlavə olunmuş sənədlərdən, həm işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından, həm də mənzilin və onun yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətindən görünür ki, üzərində hüququn qeydiyyata alınmasının tələb olunduğu torpaq sahəsində əlahiddə olaraq yalnız həmin mənzil mövcuddur və həmin mənzil təcrid olunmuş ayrıca fərdi yaşayış evidir. Həmin ünvanda hər hansı başqa mənzilin, yaşayış sahəsinin mövcud olduğu iş üzrə materiallardan görünmür. Cavabdeh tərəfindən də belə bir halın mövcudluğuna istinad edilməmiş və bunu təkzib edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Mənzilin çoxmənzilli evdə müstəqil yaşayış sahəsinə və ayrıca girişə malik olduğu, bir və ya bir neçə otaqdan və müxtəlif təyinatlı yardımçı sahələrdən ibarət olduğu da nəzərə alındıqda, istinad olunan sənədlərdə iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin mənzil kimi qeyd olunmasına rəğmən, həmin mənzil hazırkı mübahisəyə münasibətdə fərdi yaşayış evi kimi qiymətləndirilməli və qəbul edilməlidir. Ali Məhkəmənin 2-1(102)-2788/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il il tarixli qərarında qeyd edilmişdir ki, Apellyasiya instansiyası məhkəməsi işin materiallarına, o cümlədən, mütəxəssis rəyinə istinadla haqlı olaraq hesab etmişdir ki, iddiaçıya məxsus olan ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi faktiki vəziyyəti və texniki göstəricilərinə görə sərbəst bir tikili olub, tavanı başqa bir tikili və ya yaşayış sahəsi ilə bitişik olmadığından “fəri yaşayış evi”nin əlamətlərini daşıyır. Qeyd edilən yaşayış sahəsi çoxmənzilli binada yerləşmir. Başqa sözlə, həmin yaşayış sahəsi Mənzil Məcəlləsinin 13.3cü maddəsinin deyil, yaşayış evinə aid edilən 13.2-ci maddəsinin tələblərinə uyğundur. Ali Məhkəmənin 2-1(102)-293/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında, 2-1(102)-931/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-cü il tarixli qərarında oxşar mövqedən çıxış etmişdir. Məhkəmə bu mövqeyidən irəli çıxaraq iddiaçının təqdim etdiyi sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil edərək hesab edir ki, yaşayış sahəsi mənzil yox, fərdi yaşayış sahəsi olmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, mənzil kimi qeyd edilməsinə baxmayaraq hal-hazırda əmlak naturada fərdi yaşayış evi olmuşdur. Məhkəmə mövcud olan vahid məhkəmə təcrübəsini qüvvədə olan qanunvericiliyin müddəaları ilə birgə təhlil edərək belə qənaətə gəlir ki, iddiaçıya məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyindən mənzil kimi qeydiyyatın aparılması qanunvericiliyin tələblərinə uyğun olmamış, fərdi yaşayış evi kimi aparılmalı olan qeydiyyat düzgün olmayaraq mənzil formasında aparılmışdır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin onu da nəzərə alır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, iddiaçının mülkiyyətində olmuş mənzillərin arxiv qovluğundan müəyyən edilir ki, həmin mənzillərin ilkin alqı-satqı müqavilələrində daşınma əmlaklar mənzil kimi deyil, yaşayış evi kimi göstərilmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 68-69 və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata müvafiq düzəlişlər edilməsi, adına olan evin fərdi yaşayış evi kimi qeydiyyata alınması, istifadəsində olan 0.0286 torpaq sahəsi ilə birlikdə ev və torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-1171/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1171/2025
01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver