Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11735/2025 08.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinə (bundan sonra mətndə DVX X2 Baş İdarəsi) qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun ölkədən getmək hüququnun müvəqqədi məhdudlaşdırılmasının götürülməsi öhdəliyinin DVX X2 Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddətdə "xxxx" MMC-nin (VÖEN **********) Baş Direktoru vəzifəsində işləmişdir. "xxxx" MMC-nin dövlət büdcəsinə olan borcuna görə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(113)-1655/2025 nömrəli qərarı ilə onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Ərizəsi əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-cimaddəsinin a) yarımbəndinə əsasən, MMC-nin xx.xx.2025-ci il tarixli 61Ç №-li əmri ilə 11.03.25-ci il tarixdən onun bağlanmış əmək müqaviləsinə xitam verilmiş və əmək müqavilələsinə xitam verilməsi barədə bildiriş elektron hökumət portalında yerləşdirilmişdir (əmr və bildiriş əlavə olunur). Eyni zamanda MMC-dən işdən çıxamağı ilə bağlı və yeni təyin olunan rəhbər barədə məlumat vergi orqanında da qeydiyyata alınmışdır. MMC ilə heç bir əlaqəsi olmadığından, ölkədən getmək hüququnun məhdudlaşdırılmasının üzərindən götürülməsi üçün tərəfindən xx.xx.2025-ci il tarixdə DVX X2 Baş İdarəsinə müraciət olunmuşdur. Lakin, həmin Baş İdarə 06 may 2025-ci il tarixli 3-21-2-8/2-Ə-7xx-xx/2025 nömrəli məktubunda ölkədən getmək hüququm məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxmamasına əsaslanmaqla, müraciətimin təmin olunmasından imtina etmişdir. Halbuki, Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs istisna olmaqla, digər şəxsin üzərinə qoyula bilməz. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqətiməhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. İstinad olunan həmin normanın müddəaları baxımından, ölkədən getmək hüquqununa məhdudiyyətin tətbiqi üçün aşağıdakı dispoziya şərtləri olmalıdır: 1. Vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötürülməmiş vergi borcu olmalıdır, 2. Həmin vergi borcu müəyyən edilmiş müddətdə yerinə yetirilməmiş olmalıdır, 3. Hüquqi şəxsə münasibətdə ölkədən getmək hüququna məhdudiyyət qoyulacaq şəxs – icra orqanının rəhbəri olmalıdır. Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanının vəzifəsidir. Cavabdeh onun ölkədən getmək hüququna qoyulan məhdudiyyətə səbəb olmuş əsaslardan birinin – iddiaçının vergi öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olması əsasının aradan qalxmasına baxmayaraq, həmin məhdudlaşdırmanın götürülməsi ilə bağlı hər hansı tədbir görməmiş və bununla da birbaşa iddiaçını ölkədən getmək hüququndan məhrum etmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarından da göründüyü kimi, vergi öhdəliyi olan hüquqi şəxs tərəfindən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin edilməsinin üsulu kimi ölkədən getmək hüququna müvəqqəti məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır. Qeyd edək ki, oxşar işlər üzrə məhkəmələr tərəfindən yuxarıda göstərilən dəlillərə istinad olunmaqla, hüquqi şəxsin icra orqanının rəhbəri vəzifəsindən azad olunmuş şəxslərə tətbiq edilmiş ölkədən getmək hüququna müvəqqəti məhdudiyyətin götürülməsi barədə qərarlar qəbul olunmuşdur. Həmin qərarlardan vergi orqanın vermis olduğu kassasiya şikayətləri Ali Məhkəmə tərəfindən mövcud məhkəmə təcrübəsi əsas götürülməklə mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavadeh DVX X2 Baş İdarəsinin iddiaya dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etdiyindən, cavabdeh orqan isə gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Bu baxımdan iddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1655/2021 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin ərizəsi təmin edilərək, Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarxə dövlət büdcəsinə olan 1045861,97 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün icra orqanının rəhbəri xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququnun vergi öhdəliklərinin tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli 61 Ç №li əmrin surətindən müəyyən olunur ki, “Ofis” bölməsində “Baş Direktor” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000800 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.-ci maddəsinin “a” bəndinə (“tərəflərdən birinin təşəbbüsü ilə”) əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” xx.xx.2025-ci il tarixli əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli xxxxxxx000800 nömrəli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdən əmək müqaviləsi bildirişi ləğv edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 3-21-2-2-1/2-14949/2025 №-li çıxarışdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə VÖEN: ********** dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin əvvəlki qanuni təmsilçisi İddiaçı və hazırki qanuni təmsilçisi isə X1r. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar xx.xx.2025-ci il tarixə aradan qalxmamışdır. Qeyd olunanlar Vergi Məcəlləsinin 1.4-cü, 23.1.15-3-cü və 24.0.2-1-ci maddələri ilə tənzimlənir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün Çağrı Mərkəzinə (195), internet səhifəsinə (www.taxes.gov.az) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə edilməsi izah olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası. ... Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. ... Maddə 28. Azadlıq hüququ İ. Hər kəsin azadlıq hüququ vardır. İİ. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İV. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Maddə 23.1 ... 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 ... 24.1.2-1. Vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi … Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu … Maddə 11. Qanunçuluq prinsipi ... 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. ... Maddə 47. Sübutların qiymətləndirilməsi 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Maddə 59. Yazılı inzibati aktın rekvizitləri 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: ... 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; ... Maddə 73. İnzibati şikayətin verilməsi müddəti ... 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi. ... Maddə 9. Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ. ... 9.2. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. .... 9.3.6. Vətəndaşın ölkədən getmək hüququ yalnız vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək müvəqqəti məhdudlaşdırıla bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2013-cü il tarixli qərarı MƏHKƏMƏNİN MÖVQEYİ Mübahisəyə dair hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi sözügedən hüquqi şəxsin vergi borcuna görə onun ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsinə nail olmaqdan ibarətdir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. İstinad edilən həmin normanın müddəaları baxımından ölkədən getmək hüququna məhdudiyyətin tətbiqi üçün aşağıdakı dispozisiya şərtləri olmalıdır: 1) vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötürülməmiş vergi borcu olmalıdır; 2) həmin vergi borcu müəyyən edilmiş müddətdə yerinə yetirilməmiş olmalıdır; 3) hüquqi şəxsə münasibətdə ölkədən getmək hüququna məhdudiyyət qoyulacaq şəxs – icra orqanının rəhbəri olmalıdır. Başqa sözlə desək, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması üçün vergi ödəyicisinin dövlət büdcəsinə borcu olmalıdır, həmin borcun ödənilmə müddəti keçməlidir, hüquqi şəxsə münasibətdə ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Yəni hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün təsisçi olaraq məsuliyyət daşımadığı üçün iddiaçının hüquqi şəxsin qanuni təmsilçiliyindən çıxması mövcud qanunvericiliyə əsasən cavabdeh tərəfindən onun ölkədən çıxmaq hüququnun məhdudlaşdırılmasına əsas olmuş halın aradan qalxdığına dəlalət edir ki, belə halda cavabdeh Vergi Məcəlləsinə əsasən bu məhdudlaşdırmanı götürməyə borcludur. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi, qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur. Vergi Məcəlləsinin 24-cü maddəsində isə təsbit edilmişdir ki, vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Qeyd edilməlidir ki, vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas kimi icra orqanının rəhbərinin həmçinin hüquqi şəxsin təsisçisi olması halı hazırki işdə müəyyən edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh Vergi Məcəlləsinin 23-cü maddəsində göstərilən hüququndan istifadə etmiş, lakin həmin Məcəllənin 24-cü maddəsində təsbit edilmiş vəzifəsini yerinə yetirməmişdir. Halbuki, hüquqlardan istifadədən fərqli olaraq vəzifələr mütləq xarakter daşıyır. Vergi orqanının Vergi Məcəlləsinin 24-cü maddəsində nəzərdə tutulmuş və imperativ xarakter daşıyan vəzifəsini yerinə yetirməməsi iddiaçının konstitusion hüququ olan azadlıq hüququnu birbaşa pozmuşdur. Başqa sözlə, vergi orqanının Vergi Məcəlləsinin 24-cü maddəsində nəzərdə tutulmuş və imperativ xarakter daşıyan vəzifəsini yerinə yetirməməsi iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, iddiaçının ölkədən getmək hüququna qoyulan məhdudiyyətə səbəb olmuş əsaslardan birinin – iddiaçının vergi öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olması əsasının aradan qalxmasına baxmayaraq, cavabdeh həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı hər hansı tədbir görməmiş, bununla da birbaşa iddiaçını ölkədən getmək hüququndan məhrum etmişdir. Beləliklə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Həmçinin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının ölkədən getmək hüququna qoyulan məhdudiyyətə səbəb olmuş əsaslardan birinin – iddiaçının vergi öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olması əsasının aradan qalxmasına baxmayaraq, həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı hər hansı tədbir görməmiş və bununla da birbaşa iddiaçını ölkədən getmək hüququndan məhrum etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu qərarın 23-cü bəndində istinad edilən qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. İşin müəyyən edilmiş və mübahisələndirilməyən hallarına görə, iddiaçı sözügedən hüquqi şəxsin icra orqanının rəhbəri olmuş, sonradan həmin vəzifədən azad edilmişdir. Bu hallar da cavabdehə məlum olmuşdur. Ona görə də, iddiaçının hazırda sözügedən hüquqi şəxsin icra orqanının rəhbəri olmadığı halda, onun həmin hüquqi şəxsin dövlət büdcəsinə olan vergi borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yolverilməzdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, vergi öhdəliyi olan hüquqi şəxs tərəfindən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etməyin üsulu kimi ölkədən getmək hüququna müvəqqəti məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır. Əlavə məhkəmə həm də onu qeyd edir ki, vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas kimi nə yaranmış borcun hansı qanuni təmsilçinin dövründə yaranması, nə də ki, icra orqanının rəhbərinin həmçinin hüquqi şəxsin təsisçisi olması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 mart 2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin Əsasnaməsi təsdiq edilmişdir. Həmin Əsasnamənin 1.1, 1.3 və 1.5-ci bəndlərinə görə adı çəkilən X4 Xidmətinin strukturuna daxil olan müstəqil qurumdur, o, müstəqil balansa, möhür, ştamp və blanklara malikdir, Baş İdarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən müstəqil qaydada məhkəmədə tərəf qismində bilavasitə iştirak edir. Həmçinin Əsasnamənin 3.0.11 -ci bəndinə əsasən borclu vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı vergi ödəyicisinə öncə xəbərdarlığın göndərilməsini, daha sonra məhdudlaşdırılmanın həyata keçirilməsi məqsədilə məhkəməyə ərizə ilə müraciət etmək üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına sifarişin verilməsini (Rayon Vergilər Şöbələrinə münasibətdə onların təhkim olunduğu müvafiq ərazi vergilər baş idarələrinə və ərazi vergilər idarələrinə), ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqda həmin şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq etmək üçün məlumatların müvafiq proqram təminatına daxil edilməsini, vergi ödəyicisinə məhdudiyyət barədə məlumatın göndərilməsini, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasını və müvafiq proqram təminatında məhdudlaşdırılmanın götürülməsini, vergi ödəyicisinə məhdudiyyətin götürülməsi barədə məlumatın və bu barədə qərarın göndərilməsi təmin etmək Baş İdarənin vəzifələrinə aid edilmişdir. Digər tərəfdən xx.xx.2022-ci il tarixdə vergi orqanın strukturunda aparılmış dəyişikliklərlə bağlı elə həmin tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Naziri tərəfindən qəbul edilmiş F-45 nömrəli əmrlə digər qurum olan- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsinin də Əsasnaməsi təsdiq olunmuşdur. Həmin Əsasnamənin 3.0.18 və 3.0.19-cu bəndlərinə görə vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergi borclarının, habelə sığorta haqları üzrə borcların ödənilməsinin təmin edilməsi üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı sənədlərin (o cümlədən müraciətin) hüquq strukturlarına göndərilməsi işinə nəzarət etmək; ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqdan sonra həmin şəxslərin ölkədən çıxışına məhdudiyyətin tətbiq edilməsinə və buna səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasına və məhdudlaşdırmanın götürülməsi işinə nəzarət etmək məhz bu İdarənin vəzifələrinə aid edilmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyi DVX X2 Baş İdarəsinə həvalə olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-11735/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11735/2025
08.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver