Məhkəmə qərarları › İş №e-2-1(112)-11750/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-11750/2024

20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11750/2024 20.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC ilə bağlı aparılan hərəkətlərin qeyri-qanuni hesab edilərək “xx.xx.2024-cü il tarixli **********7 saylı əmlakın siyahıya alınması barədə qərarın ləğv edilməsi barədə qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “əmlakın siyahıya alınması haqqında xx.xx.2024-cü il tarixli **********7 saylı qərar” qəbul etmişdir. Həmin qərar 25 iyun 2024-cü il tarixdə saat 11:19:11-də İddiaçı MMC-nin onlayn kargüzarlığına göndərilmişdir. Həmin qərara əsasən vergi orqanı virtual olaraq müəssisəyə məxsus 1 ədəd nəqliyyat vasitəsini görmədən çox aşağı qiymətə dəyərləndirərək onun üzərinə məhdudiyyət qoymuşdur. Eyni zamanda qərarda müəssisənin 7 187 776.18 manat borcunun olduğunu göstərmişdir. Qərarın qəbul edilməsi tam qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2018-ci il tarixli **********151416 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarına əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə İddiaçı MMC-də aparılmış vergi yoxlamalarının nəticələrinə dair “məsuliyyətə cəlb etmə” haqqında qəbul edilmiş qərar məhkəmə qaydasında ləğv edilmiş və bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasında 2- 1(102)-654/2022 saylı xx.xx.2022-ci il tarixli yekun qərar çıxarılmışdır. Daha sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 14 saylı Ərazi Vergilər İdarəsi “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi” haqqında **********159598 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Ali Məhkəmənin yuxarıdakı qərarını icra edərək müəssisəyə qarşı “məsuliyyətə cəlb etmə” haqqında qərarı ləğv etmiş, müəssisənin hesablarına qoyulmuş sərəncamları geri çəkmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri vəzifə səlahiyyətlərini kobud şəkildə aşaraq xx.xx.2023-cü il tarixli **********162454 nömrəli səyyar vergi yoxlaması aktına əsasən təkrar vergi yoxlaması keçirilməsi barədə qərar qəbul edərək müəssisənin 2015-ci ildən 2022-ci ilə qədər dövrünün vergi yoxlamasının aparılmasını təmin etmiş və həmin yoxlama aktına əsasən 18 avqust 2023-cü il tarixli, **********175531 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsi və İnzibati Prosessual Məcəlləsi ilə qorunan hüquqlarımızdan istifadə olunaraq şikayət verilsə də vergi orqanı Vergi Məcəlləsinin 63-cü maddəsini kobud şəkildə pozaraq yoxlama ilə müəyyən edilmiş məbləğlərə dondurma sərəncamı səlahiyyəti olmasına baxmayaraq vəsaitin dövlət büdcəsinə silinməsi barədə sərəncam qoymaqla sözügedən vəsaiti büdcəyə çatası məbləğ kimi göstərmişdir. Halbuki buna qətiyyən yol verilmir. Dövlət Vergi Xidmətinin yalnız tələb olunan məbləğin 105 % miqdarında vəsaitin dondurulması barədə qərar qəbul etmə səlahiyyəti vardır. Göründüyü kimi cavabdeh vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qanunsuz hərəkətləri ilə müəssisəyə qarşı öz aqresiyasını davam etdirməkdədir. Bunlar az imiş kimi daha sonra mübahisə predmeti olan vəsaitin məcburi alınması üçün müəssisənin əmlakını siyahıya alma haqqında qərar qəbul edərək, istifadəsinin vergi orqanının razılığı ilə həyata keçirilə biləcəyi haqqında həmin qərarda xüsusi qeyd aparmışdır.Bu hal vergi orqanının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə konstitusiya ilə qorunan əmlakdan sərbəst istifadə etmək hüququmuzdan məhrum etmə ilə nəticələnən qeyri-qanuni hərəkətlərdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qəbul etdiyi “əmlakın siyahıya alınması haqqında” xx.xx.2024-cü il tarixli **********7 saylı qərarı ləğv edilməli və cavabdehin qeyri- qanuni hərəkətləri nəticəsində davam edən özbaşınalığın dayandırılması barədə məhkəmə qərarı qəbul edilməlidir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və yahəll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalıdır. xx.xx.2024-cü il tarixli **********47 saylı “Əmlakın siyahıya alınması barədə” qərarın ləğv edilməsi barədə tələb özü-özülüyündə iddiaçıya münasibətdə hər hansı bir hüquqi nəticə yaratmır. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli **********47 nömrəli qərar inzibati aktı səciyyələndirilən əlamətləri özündə ehtiva etmədiyindən qərarın ləğvi barədə iddia mümkün sayılmamalıdır. Bununla bağlı Ali Məhkəmənin xx.xx.2021 -ci il tarixli 2-1(102)-2212/2021 saylı qərarında da qeyd olunan qərarın inzibati akt olmamasına dair mövqe ifadə edilmişdir. İnzibati Prosessual Məcəllənin 35.1 -ci maddəsinin mənasına görə iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Eyni zamanda inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr doğurduğu halda, onun inzibati məhkəmə icraatı mümkün hesab edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır (8.6-cı bənd). Bundan əlavə həmin qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni zamanda həmin qərarda göstərilir: “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.” İnzibati Prosessual Məcəllənin 12.1 -ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Əmlakın siyahıya alınması barədə qərarla yanaşı tərtib edilmiş protokol da vergi ödəyicisinə münasibətdə hüquqi nəticə yaratmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********7 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı əmlakı siyahıya alınmışdır. Əmlakın siyahıya alınması haqqında **********7 saylı xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********7 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı borclarını Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə və yaxud öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığına görə 2008-ci il istehsal tarixli 1 ədəd Shachman SX3254DP384 yük avtomobili olmaqla ümumilikdə 20000 manat məbləğində əmlakı siyahıya alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********0 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı əmlakı siyahıya alınmışdır. Əmlakın siyahıya alınması haqqında **********0 saylı xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********0 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı borclarını Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə və yaxud öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığına görə həmin protokola 14 saylı əlavədə göstərilmiş əmlaklar olmaqla ümumilikdə ******* manat məbləğində əmlakı siyahıya alınmışdır. 14 saylı Ərazi Vergilər İdarəsinin **********159598 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri barədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən çıxarılmış xx.xx.2020-ci il tarixli **********197892 №-li qərar ləğv edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi haqqında” **********175531 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə (cəmi 3879928,2 manat azaldılma, 8350,53 manat artıq hesablanma, 3879928,17 manat əlavə hesablama, 8350,5 manat artıq hesablama olmaqla 1940284,13 manat maliyyə sanksiyasına görə) məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-654/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-561/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-2- 3/2-64514/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********7 saylı xx.xx.2024-cü il tarixli qərarın və qəbul edilməsinə əsas olmuş digər sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2330/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə 18 avqust 2023-cü il tarixli, **********175531 №-li qərar ləğv edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verimişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd) “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3); Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. (4.2); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. (6.1); İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. (7); İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın.(13) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hüquqi müdafiə vasitəsi düzgün seçilməmişdir. Belə ki, hazırki iddia vergi borcunun müəyyən edilməsinə dair qərarın icrası ilə əlaqədar qəbul edilmiş “vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması” barədə qərarın ləğv edilməsi barədədir. Məhkəmə qeyd edir ki, vergi borcunun müəyyən edilməsinə dair qərar (Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə 18 avqust 2023-cü il tarixli, **********175531 №-li qərar) iddiaçı tərəfindən mübahisələndirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2330/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə 18 avqust 2023-cü il tarixli, **********175531 №-li qərar ləğv edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verimişdir. Həmin qərarın icra edilməsinə yönəlmiş “Siyahıya alınmış əmlakın satılması” barədə qərar isə icra xarakterli qərar olub, iddiaçı üçün bilavasitə hər hansı müstəqil hüquqi nəticə yaratmır. Odur ki, iddia mümkün sayılmamalıdır. Hazırki tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı hüquqi marağına uyğun olaraq vergi orqanının vergi borcunun müəyyən edilməsinə dair Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə 18 avqust 2023-cü il tarixli, **********175531 №-li qərarın icrasının dayandırılması ilə bağlı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Bundan başqa, cavabdeh tərəfindən siyahıya alınmış əmlakın satılması barədə məhkəmədə iddia qaldırılacağı halda vergi borcunun müəyyən edilməsinə dair Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə 18 avqust 2023-cü il tarixli, **********175531 №-li qərarın mübahisələndirilməsi tələbinə dair yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək inzibati iş üzrə icraatın dayandırılması barədə ərizə ilə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 32, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar