Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11754/2025 13.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Binəqədi rayonu Binəqədi Bələdiyyəsi) “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, çıxarışın, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 21 may 2025-ci il tarixli imtinası qanunsuz hesab edilməsi və cavabdehin üzərinə iddiaçıya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mk-n, A.Məmmədov küçəsi, 119 saylı yaşayış binasının yaxınlığında yerləşən 209 kv.m. torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Binəqədi rayon Bələdiyyəsinin 11 oktyabr 2007-ci il tarixli 254 saylı qərarına əsasən 9 mkr, A. Məmmədov küçəsi, 19 saylı yaşayış binasının yaxınlığında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Bələdiyyənin torpaq fondundakı 209 kv.m torpaq sahəsi onun mülkiyyətinə ayrılıb. Binəqədi rayon Bələdiyyəsi və iddiaçı arasında Binəqədi rayon bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 11 oktyabr 2007-ci il tarixli 156 saylı müqavilə bağlanılıb. Eyni zamanda həmin torpaq sahəsinin situasiya planı hazırlanıb. İddiaçı tərəfindən 2090 manat Bələdiyyənin hesabına köçürülüb, bu barədə kassa mədaxil orderinin qəbzi verilib. İddiaçı 28 aprel 2025-ci ildə 1 saylı Bakı Ərazi idarəsinə müraciət edərək həmin torpaq sahəsinə onun adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş edib. 1 saylı Bakı Ərazi İdarəsi 21 may 2025-ci il tarixli məktubunda göstərib ki, hüquqların dövlət qeydiyyatından imtina edilib. Hesab edir ki, cavabdehin bu imtinası qanunsuzdur. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün hesab edilməməsi xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən iddiaçı tərəfindən sərhədləri şərti olaraq göstərilən sahədə hasarlama və mərzçəkmə işlərinin aparılmadığı müəyyən edilmiş və bu səbəbdən çöl-ölçmə işlərinin aparılması mümkün olmamışdır. Elektron kadastr məlumatlarına əsasən sərhədləri şərti olaraq göstərilən torpaq sahəsi ümumi istifadədə yerləşməklə, dövlət mülkiyyəti torpağıdır. Həmçinin sahənin 35 kv.m hissəsi su xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və səlahiyyətli şəxsi tərəfindən imzalanmamışdır. Nəzə çatdırırlar ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsində göstərilən eyni əsaslarla bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014- cü il tarixli, 2-1(81)- 4045/2014 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, lakin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-cü il tarixli, 2- 1(103)-2226/2017 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-4045/2014 saylı qərarı ləğv edilmiş və İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 254 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçının mülkiyyətinə verilməsi üçün ayrılmış 209 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsinə dair iddia tələbi təmin edilməmişdir. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələlər (iddiaçının eyni iddia tələbinə əvvəllər baxılması ilə bağlı) müzakirə edildi. İddiaçının vəkili və nümayəndəsi əvvəlki işdə cavabdehin imtina əsasları ilə hazırkı işdə imtina əsaslarının fərqli olduğunu bildirərək iddianın mümkün sayılaraq mahiyyəti üzrə baxılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etiraz olmadığını bildirərək, iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırkı iddia tələbində iddiaçı Bakı şəhər Binəqədi rayon Bələdiyyəsinin 11 oktyabr 2007-ci il tarixli 254 saylı qərarına və həmin qərara əlavə edilmiş digər sənədlərə istinad edərək Binəqədi qəsəbəsi ərazisində ayrılmış 209 kv.m torpaq sahəsinə hüququnu qeydə alınmasını xahiş edir. Cavabdehin təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, iddiaçının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İcraatında olmuş digər iş materiallarından müəyyən edilir ki, iddiaçının eyni məzmunlu, eyni faktiki və hüquqi əsasa söykənən, eyni predmetli idddiası 1 saylı Bakı İnzibati Məhkəməsinə daxil olmuş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4045/2014 nömrəli iş üzrə xx.xx.2014-cü il tarixli qərarı ilə iddia tələbi təmin edirmiş və Bakı şəhəri, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 254 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyətinə verilməsi üçün ayrılmış 209 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-2226/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilməsi apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-4045/2014 saylı, 25 sentyabr 2014-cü il tarixli qərarı ləğv edilərək yeni qərar çıxarılmış və iddia ətləbi rədd edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbi ilə bağlı məhkəmə aktı mövcuddur. Nəzərə alınmalıdır ki, İPM-nin 45.5, 45.5.1 və 78-ci maddələri adıçəkilən Plenum Qərarının 15.6-cı bəndinin tələbləri də nəzərə alınmaqla iddiaya mahiyyəti üzrə baxılmasını istisna etməklə, iddianın mümkün sayılmaması üçün əsas yaratmışdır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə yuxarıda qeyd olunan qərar qüvvədə olduğundan, iddia tələbi mümkünlük şərtlərini ödəmir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Oxşar yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2053/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadında da qeyd edilmişdir. Həmin qərardadda məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Tərəflər arasında mövcud olmuş hazırkı mübahisəyə məhkəmə qaydasında artıq bir dəfə baxılaraq qərar qəbul edilmiş və qərar qanuni qüvvəsini almışdır. Tərəflər, o cümlədən iddiaçı məcburi hüquqi qüvvəyə malik həmin qərara bağlıdır və iddiaçı həmin qərarla ona münasibətdə artıq həll olunmuş eyni mübahisəyə yenidən baxılmasını tələb etməkdə haqlı sayıla bilməz. Ona görə də bu iddiaya yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1709/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1602/2023 nömrəli xx.xx.2023-cü il tarixli, 2-1(102)-1775/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 851/2023 nömrəli və xx.xx.2023-cü il, 2-1(102)-1335/2023 nömrəli). Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatında bildirdiyi əvvəlki işlə, hazırkı işdə cavabdehin imtina dəlillərinin fərqli olması ilə bağlı məhkəmə qeyd edir ki, hər iki işdə cavabdehin əsas imtina dəlili iddia edilən torpaq sahəsinin bələdiyyəinn mülkiyyətində deyil, dövlət mülkiyyətində olmasıdır. Hazrkı işdə cavabdehin əlavə dəlillər də, göstərməsi iddianın mümkünsüzlük şərtini aradan qaldırmır. Çünki hər iki işdə tərəflər eyni, mübahisə predmeti eyni, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar eynidir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-11754/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-11754/2025
13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver