Məhkəmə qərarları › İş №e-2-1(112)-11762/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11762/2025

14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11762/2025 14.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli binanın 4-cü blokunun 16-cı mərtəbəsində erləşən, 101 kv.m sahəsi olan, 501 nömrəli mənzil üzərində hüquqların X5 məxsus olması haqqında arayışın İddiaçı verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması arədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 05 mart 2021-ci il tarixində vəfat etmiş mərhum arvadı X2 qanuni vərəsəsidir. Sözügedən vərəsəlik hüququ əsasında, mərhuma məxsus daşınmaz əmlak – ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli binanın 4-cü blokunun 16-cı mərtəbəsində yerləşən, 101 kv.m sahəsi olan, 501 nömrəli mənzil iddiaçının mülkiyyətinə sahiblik edir. İddiaçı həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 25 aprel 2025-ci il tarixində ********** nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən təqdim edilmiş cavabda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə istinad edilərək qeydiyyatın aparılması üçün mənzil-tikinti kooperativinin ümumi yığıncağının qərarının tələb olunduğu bildirilmişdir. Qeyd edilməlidir ki, 21 noyabr 2023-cü il tarixində "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən təqdim olunmuş maliyyə arayışında göstərilmişdir ki, qeyd olunan 501 nömrəli mənzil üzrə heç bir borc və ya öhdəlik mövcud deyildir. Bu sənəd təsdiq edir ki, mənzil MTK qarşısında bütün ödənişləri edərək rəsmilədirmişdir və heç bir maliyyə öhdəliyi qalmamışdır. Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ №157103 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2021-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qəbələ Regional Asan Xidmət Mərkəzində notariat ofisi tərəfindən verilmiş 1224 saylı xx.xx.2025-ci il tarixli arayışa əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsidir.

3. Cavabdehin iddiaçının müraciətinə imtina məktubunda qeyd edilmişdir ki, mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericilikdə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) təqdim edilməlidir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericilikdə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) təqdim edilməlidir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman müvafiq mənzilin sənəd üzrə sahəsinin 101 kv.m, faktiki ümumi sahəsinin isə 78.2 kv.m təşkil etdiyi məlum olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edilir.

5. Yaşayış sahəsinin Alqı-satqısı haqqında xx.xx.2014-cü il tarixli 635 nömrəli Müqaviləyə əsasən satıcı ("xxxx" MTK) ünvan 2 ünvanında tikdiyi yaşayış kompleksinin 4-cü blokun 16-cı mərtəbəsində ayrılmış 101 kv.m-dın ibarət 2 otaqlı 501 nömrəli mənzilini alıcının (X3) mülkiyyətinə vermiş, alıcı (X8) isə müvafiq yaşayış sahəsini qəbul edib əvəzində onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

6. ("xxxx" MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 106 nömrəli Maliyyə Arayışına əsasən ünvan 2 ünvanında tikdiyi yaşayış kompleksinin 4-cü blokun 16-cı mərtəbəsində ayrılmış 101 kv.m-dın ibarət 2 otaqlı 501 nömrəli mənzilinin dəyəri tam ödənilmişdir. Borcu yoxdur.

7. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) Aktına əsasən mənzil 18 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşir. Mənzilin açıq balkon sahələrindən birinin arakəsmə divarı sökülərək otağa birləşdirilib. Eyni tipli mənzillərin planına əsasən icra olundu. 6-cı giriş ; Soldan 3-cü qapı. Mənzilin faktiki 2 otaqdan ibarətdir, 39.8 y/s, 78.2 üm/s.

8. Ədliyyə Nazirliyi Qəbələ Regional Asan Xidmət Mərkəzində notariat ofisinin cavabdehə ünvanlandığı xx.xx.2025-ci il tarixli 1224 nömrəli məktubunda qeyd edilmişdir ki, Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinə X12 Oglunun müraciəti və miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd əsasında xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 adına xx.xx.2022-ci il tarixdə vərəsəlik 8V-127 nömrə ilə qeyd olunuş vərəsəlik işi açılmışdır. Göstərilənlərə əsasən, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinə, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimatın 7-ci bəndinə və Notariat haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq mırasqoyan X6 məxsus olan əmlak "xxxx" MTK -nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının satış üzrə 4-cü blokun, 16-cı mərtəbəsində ayrılmış 101kv/m-dən ibarət 2 otaqlı 501 saylı mənzilə dair hüquqların Daşınmaz əmlakın dövlət reyestırındə qeydiyyata alınmasını təmin etməyiniz xahiş olunur.

9. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

12. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, alqı-satqı haqqında xx.xx.2014-cü il tarixli 635 nömrəli müqaviləyə əsasən satıcı tərəfindən ("xxxx" MTK) ünvan 2 ünvanında tikdiyi yaşayış kompleksinin 4-cü blokun 16-cı mərtəbəsində ayrılmış 101 kv.m-dən ibarət 2 otaqlı 501 nömrəli mənzilini alıcının (X3) mülkiyyətinə verilmişdir. X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi cavabdehə məktub ünvanlayaraq iddiaçının vəfat etmiş şəxsin varisi olmasını bildirmiş, sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənədin verilməsini xahiş etmişdir.

16. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

19. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

20. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

22. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli binanın 4-cü blokunun 16-cı mərtəbəsində yerləşən, 101 kv.m sahəsi olan, 501 nömrəli mənzil üzərində hüquqların X5 məxsus olması haqqında arayışın verilməsini xahiş etmişdir.

23. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Yaşayış sahəsinin Alqı-satqısı haqqında xx.xx.2014-cü il tarixli 635 nömrəli Müqaviləyə əsasən satıcı ("xxxx" MTK) ünvan 2 ünvanında tikdiyi yaşayış kompleksinin 4-cü blokun 16-cı mərtəbəsində ayrılmış 101 kv.m-dın ibarət 2 otaqlı 501 nömrəli mənzilini alıcının (X3) mülkiyyətinə vermiş, alıcı (X8) isə müvafiq yaşayış sahəsini qəbul edib əvəzində onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - ("xxxx" MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 106 nömrəli Maliyyə Arayışına əsasən ünvan 2 ünvanında tikdiyi yaşayış kompleksinin 4-cü blokun 16-cı mərtəbəsində ayrılmış 101 kv.m-dın ibarət 2 otaqlı 501 nömrəli mənzilinin dəyəri tam ödənilmişdir. Borcu yoxdur.

24. Cavabdeh orqan imtinanın dəlili olaraq bildirmişdir ki, mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericilikdə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) təqdim edilməlidir.

25. Məhkəmə bununla bağlı nəzərə alır ki, ünvan 4 ünvanında bir çöx mənzillər qeydiyyata alınmışdırlar. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən mənzillərin qeydiyyatdan keçməsinin əsasları barədə məlumat təqdim edilmişdir. Həmin sənədlərdən bəlli olur ki, mənzillərin qeydiyyatdan keçməsi "xxxx" MTK üzvlərinin ümumi iclasının protokolu olmuşdur. Lakin iddiaçı tərəfindən təqdim edilən sənəd alqı-satqı müqaviləsi olmuşdur.

26. İş materiallarında və məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, mənzil sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər yoxdur.

27. Məhkəmə qeyd edilən halı iddianın rədd edilməsi üçün yetərli hesab etdiyindən, əlavə araşma aparılmasını zəruri hesab etmir.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

29. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar