Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1179/2025 14.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və sair” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona münasibətdə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətləri qanunsuz hesab edilməsi, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/1-F-46601/2024 nömrəli, xx.xx.2024-cü il tarixli yeni qərarı, İddiaçı hesablanmış 1011,63 manat borc məbləğinin ləğv edilməsi, iddiaçıya ilkin təyin edilmiş pensiya məbləğinin bərpa edilməklə, ona ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1969-cu ildən xx.xx.1970-ci ilə qədər Bakı Baza kombinatında, xx.xx.1970-ci ildən xx.xx.1998-ci ilə qədər Bakı Mebel Kombinatında, xx.xx.1998-ci ildən xx.xx.2002-ci ilə qədər Bakı mayesiz transformatorlar zavodunda işləmişdir. Həmin iş yerlərində ümumi iş stajı 33 il 6 gün təşkil edir, bunu cavabdeh də öz məktubunda etiraf edir. xx.xx.1974-cü ildə X4 ilə rəsmi nikaha daxil olmuşdur. Əri iflic xəstəliyinə tutulduğu üçün ona xx.xx.1997-ci ildə ümumi xəstəliklə 1-ci dərəcəli əlillik təyin edilmişdir, TSEK-in qərarında onun kənar şəxsin daimi köməyinə ehtiyacı olduğu göstərilmişdir. Belə ki, əri iflic xəstəsi olduğu üçün gəzə, yatağında dönə, otura, dura, sanitar ehtiyaclarını, qidalanmasını təmin edə bilmirdi. Əri X4 xx.xx.2016-cı ildə vəfat etmişdir. O, xx.xx.2002-ci ildə işdən çıxdıqdan sonra xx.xx.2016-cı ildə vəfat edənə qədər ona qulluq etmişdir. Ona görə də, pensiyaya çıxan zaman işdən çıxdıqdan sonra yataq xəstəsi olan ərinə qulluq etməsi də əmək stajı kimi nəzərə alınmaqla ona 40 il əmək stajı ilə əmək pensiyası təyin edilmişdir. Lakin hazırda cavabdeh belə bir nəticəyə gəlmişdir ki, onun stajı 40 il deyil, 33 il 6 gündür, odur ki, son 3 il ərzində artıq pul vəsaitinin ödənilməsini müəyyən etmiş, həmin pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi barədə qərar qəbul edilməsi barədə məktub göndərilmişdir. Halbuki o, bununla bağlı inzibati icraata dəvət edilməmiş, pensiyasından tutmalara razılıq verməmişdir. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, İddiaçı cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb etmişdir. Onun təqdim etdiyi əmək kitabçasına əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1969-cu il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 33 il 6 gün sığorta stajı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən (xx.xx.2024-cü il tarixli müraciətdən 3 il əvvəl) 275,15 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20- ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 349,22 manata, xx.xx.2022-ci il tarixdən 361,09 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanları nəzərə alaraq İddiaçı əmək pensiyasının məbləği Qanunun 26.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən 301,17 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 345,44 manata, xx.xx.2024-cü il tarixdən 384,14 manata manata çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə əsasən iddiaçı pensiya təyin olunan tarixdən sonra 6 il işlədiyi üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 9286,18 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 562,25 manat müəyyən edilmişdir. Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 174,64 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 564,67 manat müəyyən edilmişdir. Xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2009-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilərkən Fondun keçmiş Suraxanı rayon şöbəsi tərəfindən onun xx.xx.2006-cı il tarixədək sığorta stajı 33 il 6 gün olduğu halda, əsassız olaraq 40 il nəzərə alınaraq hesablanmışdır. Bu səbəbdən İddiaçı yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək artıqödəmə müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edilən komissiyanın 1936/215 nömrəli, 28 oktyabr 2009-cu il tarixli qərarından görünür ki, həmin qərar ilə İddiaçı yaşa görə xx.xx.2009-cu il tarixdən ömürlük olaraq 75 AZN pensiya təyin edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək, təqdim etdiyi sənədlərə əsasən ona təyn edilmiş əmək pensiyasının yendən hesablanmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/1-F-46601/2024 nömrəli qərarından görünür ki, İddiaçı əmək pensiyası yenidən hesablanmış və pensiya məbləği 418 manatdan azaldılaraq 384,13 manat müəyyən edilmişdir. Qərarın qeyd bölməsində göstərilmişdir ki, İddiaçı əmək stajı 33 il oduğu halda PAS-da 40 il olaraq hesablama aparıldığı üçün 1.011,63 manat artıqvermə yaranmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış məktubunda qeyd olunmuşdur ki, ona təyin edilmiş pensiya məbləği yenidən hesablanaraq xx.xx.2006-cı il tarixinədək sığorta stajı 33 il stajı əsasında xx.xx.2014-cü il tarixdən 384.13 manat müəyyən edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış 01 aprel 2024-cü il tarixli 3-17-1/2-F-73397/2024 nömrəli məktubundan isə görünür ki, İddiaçı “yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, onun xx.xx.2006-cı il tarixinədək 33 il 06 gün sığorta stajı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (müraciət etdiyi tarixdən 3 il əvvəl) 275,15 manat müəyyən edilmiş, “Əmək pensiyaları haqqında” Qanunun 29.1ci maddəsinin tələblərinə əsasən isə əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 284,51 manata çatdırılmış, daha sonra xx.xx.2023-cü il tarixindən 301,17 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 345,44 manata, xx.xx.2024-cü il tarixindən 384,14 manata çatdırılmışdır. Araşdırma zamanı şəxsin xx.xx.2006-cı il tarixinədək sığorta stajının 33 il 06 gün olduğu halda, 40 il nəzərə alınaraq hesablandığı, bu səbəbdən də xx.xx.2021ci il tarixindən (müraciət etdiyi tarixdən 3 il əvvəl) xx.xx.2024-cü il tarixinədək artıqödəmənin yarandığı müəyyən olunmuşdur. İddiaçı “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/1-F- 46601/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından narazı olaraq ona təyin olunmuş əmək pensiyası məbləğini mübahisələndirir və pensiya məbləğinin ilkin məbləğə qaytarılaraq ondan əlavə tutulmaların qanunsuz hesab edilməsini, ödənilməyən pensiya məbləği fərqinin ödənilməsini tələb edir. Onun qənaətinə görə cavabdehin gəldiyi nəticə, yəni iddiaçının əmək stajının 33 il 6 gün təşkil etməsi əsassız olmuşdur. İddiaçı hesab edir ki, onun mərhum ərinin 1-ci dərəcəli əlil olması səbəbi ilə ona edilmiş qulluq müddətini nəzərə aldıqda onun ümumilikdə 40 il əmək stajı mövcuddur. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; - maddə 32.1. İnzibati orqan üç gün müddətində ərizənin bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlayır. - maddə 32.2. Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. - maddə 32.2-1. İnzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. - maddə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. - maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. - maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, cavabdeh iddiaçının müraciəti əsasında inzibati icraat başlayaraq ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması məsələsinə baxmış, bu zaman onun sığorta stajında uyğunsuzluq aşkar etmiş, lakin həmin uyğunsuzluqla bağlı zəruri sənəd və məlumatları nə iddiaçıdan, nə də aidiyyəti dövlət orqanlarından tələb etməmiş, iddiaçının dinlənilmə hüququnu belə təmin etmədən, ona çatışmayan sənədləri təqdim etmək imkanı tanımadan ödənilən pensiya məbləğinin azaldılması barədə qərar qəbul etmişdir. Halbuki, işdə olan xx.xx.1997-ci il tarixli arayışla iddiaçının əri G.Pilippovun kənar şəxsin daimi köməyinə ehtiyacı olan birinci qrup əlil olması tam təsdiq olunur. İddiaçıya pensiya təyin edilən xx.xx.2009-cu il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən isə müvafiq icra hakimiyyəti orqanının ("müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir) müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti sığorta olunanın sığorta stajına daxil edilir. Həmçinin işdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-147189/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş xx.xx.2007-ci il tarixli 3364 nömrəli "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının İİ hissəsinə əsasən İ qrup əlilə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, 70 yaşına çatmış qocalara qulluq dövrü aşağıdakılara əsasən müəyyən olunur: - qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı; - əlillikdə olmanı və ya sağlamlıq imkanlarının məhdudluğunu (İ qrup əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün) və yaşı (70 yaşına çatmış qocalar və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün) təsdiq edən sənədlər. Qulluğun faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı mənzil idarələrindən, yerli icra hakimiyyəti orqanlarından alınan məlumatlara, qulluq göstərilən şəxsin və sair məlumatlara əsasən Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbəsinin işçiləri tərəfindən tərtib olunur. Əlilliyi və ya sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən sənəd kimi Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarış, tibbi rəy, pensiya vəsiqəsi, Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbəsinin arayışı və s. qəbul edilə bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının İ qrup əlilə qulluq edilməsi müddətini təsdiq edən aktı təqdim etmədiyini bildirsə də, iddiaçıya təyin edilmiş pensiya məbləği azaldılanadək həmin aktın ondan tələb edilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, qeyd edilənlərdən göründüyü kimi, həmin müddəti pensiya təyin edən orqan, hazırkı halda cavabdehin özü aktlaşdırmalı və staja hesablamalı idi. Lakin o həmin vəzifəsini icra etməmiş, hazırda bu halı iddiaçının hüququnu məhdudlaşdıran hal kimi qiymətləndirmişdir. Halbuki işdə olan 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 139 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli, 126 nömrəli arayışından görünür ki, İddiaçı qonşularının imzaladığı akta əsasən həqiqətən 1994-cü il tarixdən ölən günə kimi uzun müddət yataq xəstəsi olmuş əri X1q göstərmişdir. O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Həmin normaya əsasən qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. İddiaçının pensiya işindən görünür ki, inzibati orqan ilk dəfə iddiaçıya xx.xx.2009-cu ildə yaşa görə əmək pensiyası təyin etmiş, sonrakı dövrdə ayrı-ayrı qərarları ilə pensiyanı yenidən hesablamışdır. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə cavabdeh inzibati orqanın qanunvericiliklə üzərinə düşən vəzifələri icra etmədən iddiaçının hüquqlarına müdaxilə edən qərar qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (iddiaçı tələb kimi imtinanın etibarsızlığını qeyd etsə də, iddia ərizəsindən görünür ki, o həmin imtinanın qanuna uyğun olmadığını nəzərdə tutmuşdur). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ödənilən əmək pensiyasının azaldılması və pensiya məbləğindən tutulma ilə bağlı hərəkətləri qanunsuz hesab edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/1-F-46601/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı ödənilən əvvəlki əmək pensiyası ödənişi məbləğinin bərpa edilməsi və ona ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-1179/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1179/2025
14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver