Məhkəmə qərarları › İş №e-2-1(112)-11813/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-11813/2025

12.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11813/2025 12.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ-torpaq sahəsinə plan-ölçünün verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində ümumi sahəsi 0.25 ha olan 818 saylı bağ torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli BN 209607 nömrəli torpaq sahəsinin plan-ölçüsü sənədində torpaq sahəsinin koordinatlarının düzgün qeyd edilməklə, yeni plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh orqan üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum atası X2 arasında bağlanmış 04 fevral 1977-ci ildə bağlanmış 12630 sayı müqavilə əsasında atasına Bakı şəhəri Sabunçu rayonu Lahiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 818 saylı bağ torpaq sahəsı ayrılmışdır. Məhkəmə qərarı ilə həmin torpaq sahəsinin mərhum atasına məxsus olması barədə arayış verilmişdir. O, torpaq sahəsinə planölçünün verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Bundan sonra o, iddia tələbi ilə məhkəməyə müraciət etdi və Bakı İnzibatı Məhkəməsinin e-2-1(112)-12225/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Lahiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 818 sayı bağ torpaq sahəsinə aid plan-ölçünün tərtib edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövbt Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərar alınmışdır. Məhkəmə qərarı icra edilmiş və torpaq sahəsinə dair plan-ölçü tərtib edilmişdir. Hazırda Bakı şəhərı Sabunçu rayonu Lahiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 818 saylı bağ torpaq sahəsi onun mülkiyyətindədir. Lakin son zamanlar baş verən bir hadisə onun və ailəsinin haqlı narahatlığına səbəb olmuşdur. Belə ki, bu yaxınlarda naməlum bir şəxs onun torpaq sahəsinin müəyyən hissəsinə müdaxilə edərək, həmin hissənin guya ona məxsus olduğunu iddia etmişdir. Hətta çıxarış təqdim edərək, X1 məxsus 726 saylı bağ sahəsinin mülkiyyətçısı olduğunu bildirmiş və onun mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparmağa başlamışdır. Tərəfindən aparılan dəqiqləşdirmə nəticəsində məlum olmuşdur ki, ona təqdim edilmiş torpaq sahəsinin plan-ölçü sənədində sərhəd koordinatlari düzgün qeyd edilməmişdir. Nəticədə, torpaq sahəsinin bir hissəsi faktiki olaraq mövcud yola düşmüş, real sərhədlər plan-ölçü sənədində nəzərə alınmamışdır. Plan-ölçü sənədində koordinatların düzgün qeyd edilmədiyini, həm də qohumlarına məxsus 817 və 904 saylı bağ sahələrinə dair verilmiş plan-ölçü sənədlərindən də aydın şəkildə müşahidə etmək olur. Bakı şəhəri,Sabunçu rayonu Lahiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 818 saylı bağ torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədindəki uyğunsuzluğun aradan qaldırılması üçün cavabdeh orqana müraciət etdi. Cavabdehin ona ünvanladığı 02.06 2025-ci il tarixli cavab məktubunda qeyd edilir ki, torpaq sahəsinə dair verilmiş sənədlər təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə uyğun olaraq qanunamüvafiq qaydada icra edilmişdir. Həmçinin ona məxsus torpaq sahəsinə müdaxilə bağlı bildirilir ki, həmin hissə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin cavabdehin imtinası tamamilə əsassızdır. Çünki ona məxsus torpaq sahəsi qonşu torpaq sahələri ilə eyni sırada yerləşməli olmasına baxmayaraq, cavabdeh orqan yanlışlığa yol verərək, ona məxsus bağ sahəsini naturada yerləşdiyi yerdən fərqli qeyd edərək, yolu onun sahəsi kimi göstərmiş, torpaq sahəsinin bir hissəsi 819 sayı bağ sahəsinə düşmüş, nəticədə yolun darlaşmasını, digər tərəfdən isə digər şəxsin onun torpaq sahəsinə daxil olmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 818 saylı bağ torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli, BN 209607 saylı torpaq sahəsinin plan-ölçüsü sənədində torpaq sahəsinin koordinatlarının düzgün qeyd edilməklə yeni plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmas barədə iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2025-ci il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2025-ci il rarixli, **********65 nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair verilmiş sənədlər təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə uyğun olaraq qanunamüvafiq qaydada icra edilmişdir. Bildiririk ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı sənədlərə əsasən mülkiyyətdə 0,25 ha torpaq sahəsi qeyd edilsə də, faktiki olaraq 0,3026 ha torpaq sahəsinin iddiaçının istifadəsində olduğu müəyyən edilmiş, iddiaçının torpaq sahəsinə müdaxilə ilə bağlı bildiririk ki, həmin hissə digər şəxs X3 adına 726 saylı bağ kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məkhəm iclaısnda iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavadehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iş üzrə iddianın mümkünlülük şərti ödənilmir. Hazırkı işdən müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12225/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində ümumi sahəsi 0.25 ha olan 818 saylı bağ torpaq sahəsinə dair plan-ölçünün tərtib edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 818 saylı bağ ünvanında yerləşən 0.25 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə ********* qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Həmçinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12225/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı əsasında sözügedən torpaq sahəsinə dair BN 209607 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərək, iddiaçıya təhvil verilmişdir. İddiaçı hazırkı iddiasında cavabdeh tərəfindən tərtib edilmiş plan ölçü sənədinində uyğunsuzluq olduğunu əsas gətirərək, mülkiyyətində olan bağ torpaq sahəsinin yerləşdiyi koordinatlara uyğun olaraq plan-ölçünün verilməsini xahiş edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsinə əsasən: - 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 10.1-1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9- 1-ci maddəsinin tələbləri tətbiq olunur. - 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. - 9.2-ci maddəsinə əsasən qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”nin: -3-cü bəndinə görə plan və ölçü ciddi hesabat sənədidir, onun bir hərfdən ibarət seriyası və altı rəqəmdən ibarət nömrəsi olur. -4-cü bəndinə əsasən plan və ölçüdə aşağıdakılar göstərilir: 4.5. torpaq sahəsinin mülkiyyət növü; 4.6. torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüququn növü; 4.7. torpaq sahəsinə daşınmaz əmlak obyekti kimi verilən reyestr nömrəsi; -5-ci bəndinə görə bu sənədin 4.5-ci, 4.6-cı və 4.7-ci bəndlərində göstərilən məlumatlar torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı hallarda plan və ölçüdə əks olunur. İstinad olunan normalardan görünür ki, şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün ilk əvvəl onun təqdim etdiyi hüquqmüəyyənedici sənəd əsasında torpaq sahəsinin planı və ölçüsü tərtib edilir, daha sonra isə hüququ qeydə alınaraq bu barədə şəxsə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilir. İşin yuxarıda qeyd olunan hallarına əsasən mübahisəli torpaq sahəsinə qanuni qüvvəyə minmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1622/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı icra olunmuş, ünvan ünvanında yerləşən 0,25 ha torpaq sahəsinə dair mərhum Mirzəyev X5 adına ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli arayış hazırlanmışdır. Daha sonra iddiaçının adına torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12225/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı əsasında Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 818 saylı bağ torpaq sahəsinə aid plan-ölçünün tərtib edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmiş, qərar icra olunaraq iddiaçının adına mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsinə dair plan ölçü sənədi verilmişdir. Məhkəmə hesab edir ki, plan-ölçü sənədi texniki sənəd olsa da mahiyyət etibarı ilə torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın tərkib hissəsi hesab olunur. Qeyd edilməlidir ki, reyestrdən çıxarışda torpaq sahəsinin yerləşdiyi koordinatlar göstərilmir. Lakin mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsinin yerləşdiyi və elektron bazaya daxil edilmiş coğrafi koordinatları plan-ölçü sənədində öz əksini tapdığından cavabdeh mülkiyyət hüququnun qeydiyyatına dair reyestrdən çıxarış verildiyi zaman onunla bərabər əmlakın yerləşdiyi koordinatların naturada müəyyənləşdirilərək plan-ölçü sənədinin tərtibini də həyata keçirməlidir. Başqa sözlə, plan və ölçü çıxarış verilən torpaq sahəsinin identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) əks etdirən texniki sənəd olmaqla, çıxarışla birlikdə vahid sənəd kimi qiymətləndirilməlidir. Buna görə də daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə çıxarış verilirsə, həmin çıxarışı verən cavabdeh eyni zamanda həmin çıxarışın ayrılmaz hissəsi olan, barəsində çıxarışın verildiyi daşınmaz əmlakı eyniləşdirən plan-ölçü sənədinin verilməsini də təmin etməlidir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1138/2023 saylı qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirildiyindən məhkəmə hesab edir ki, torpaq sahəsi ilə bağlı yeni plan və ölçünün tərtib edilməsi də həmin qərarın icrası qaydasında həll etməlidir. Əks hal bu, eyni məsələ üzrə iki məhkəmə qərarının qəbul edilməsinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış qərarın məcburi icrasını aradan qaldırmış olur ki, bu da yolverilməzdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaya ayrıca iddia icraatında baxılması mümkün hesab olunmur. İddiaçının hüquqi marağı qanuni qüvvəyə minmiş məhkəmə qərarının tam şəkildə icrasına nail olmaqdan ibarət olduğundan iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar