Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11845/2023 30.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “dəqiqləşmiş vergi bəyannaməsinin təqdim edilməsi üçün şərait yaradılması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək 2019cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş vergi bəyannamələrinin təqdim edilməsi üçün şərait yaradılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının xx.xx.2023-cü il tarixli ərizəsinə əsəsan məhkəmənin qərardadı ilə iddia tələbi “E-taxes.gov.az internet vergi portalında 2019-cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş vergi bəyannamələrinin təqdim edilməsi üçün şərait yaradılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparılmış səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul edilmiş 22 dekabr 2020-ci il tarixli **********142840 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar əsasında müəssisyə ümumilikdə 739605,98 manat əlavə vergi məbləği və 373255,05 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin xüsusatla bağlı Vergi Cinayətlərinin İbtiadi araşdırılması Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 213.3-cü maddəsinə əsasən (xüsusi ilə külli miqadar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma) ********* nömrəli cinayət işi başlanmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 5(011)- 314/2022 saylı qərarına əsasən ********* nömrəli cinayət işi üzrə ünvan 1 ünvanında axtarışın aparılmasının və "xxxx" MMC-nin fəaliyyətini əks etdirən cinayət işi üçün əhəmiyyət kəsb edən sənədlərin, elektron məlumatların, elektron informasiya daşıyıcılarının götürülməsi növündə istintaq hərəkətlərinin aparılmasına icazə verilmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında axtarış və götürmə tədbiri həyata keçirilmişdir. Bakı İnzibati Məhkəməsinin 5 noyabr 2021-ci il tarixli 2-1(112)-3725/2021 saylı qərarına əsasən 22 dekabr 2020-ci il tarixli **********142840 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ədv və mənfəət vergisinin hesablanması və həmin vergi məbləğləri üzrə maliyyə sanskiyalarının tətbiq edilməsi hissəsində ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2-1(103)-1315/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 5 noyabr 2021-ci il tarixli 2-1(112)-3725/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102) -271/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2-1(103)-1315/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. ********* nömrəli cinayət işi üzrə icraata xx.xx.2023-cü il tarixli qərarla xitam verilmiş və 28 mart 2023-cü il tarixli maddi sübutların qaytarılması barədə Protokola əsasən xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında axtarış və götürmə tədbiri zamanı müvafiq sənədlər, prosesorlar və kompyuterlər geri qaytarılmışdır. Bildirir ki, 22 dekabr 2020-ci il tarixli **********142840 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunduqdan sonra müəssisənin bank hesabların alınmalı sərəncam qoyulmuş, əsassız hesablanmış vergi ərizəni imzalayan şəxs haqqında məlumat: məbləğinin müəssisənin bank hesabından silinməsi təmin edilmiş, nəticədə müəssisənin fəaliyyəti iflic hala düşmüş və müəssisə fəaliyyətini dayandırmışdır. 2021-ci ilin sonunda müəyyən olunmuşdur ki, 2019-cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi zərurəti yaranmışdır. Lakin, müəssisənin hesabat sənədləri, o cümlədən uçot məlumatları saxlanılan kompyuterlər ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə keçirilmiş axtarış və götürmə zamanı götürüldüyündən sözügedən dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi mümkün olmamışdır. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Lakin, vergi orqanının apardığı istintaq hərəkətləri nəticəsində onun 2019-cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddət ötürülmüşdür. Həmin bəyannmələrin təqdim edilə bilməməsi, vergi orqanlanın əsassız hesablamaları ilə iflic vəziyyətə düşmüş müəssisədə əlavə vergi öhdəlikləri yaratmışdır. Tərəfindən xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət olunaraq 2019-cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi üçün şəarit yaradılması xahiş edilmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubla ərizəyə cavab verərək əsaslı xahişinin icrasından əsassız olaraq imtina edilmişdir.
4. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurumun xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirmişdir ki, “İddiaçı MMC-də (VÖEN-**********) 2019-cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi üçün şərait yaradılması barədə müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildiririk ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 (beş) il ərzində tələb etmək hüququna malikdir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiz.
5. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, aparılmış araşdırma zamanı 2019-ci ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş HU seriyalı 226400 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə (**********)-a 102.39 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz, o cümlədən, İG seriyalı 582068, 430054, 582070 və 727306 nömrəli VHF-lər üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləğinin faktura məbləğindən böyük olması səbəbindən kənarlaşma yaranmışdır. Həmçinin təqdim edilmiş bəyannamənin 308-ci "VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ" sətrində 67.892,78 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 63.986,41 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********939500 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin dekabr ayı ƏDV üzrə 6698,54 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********784300 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Sözügedən Qərar vergi ödəyicisi tərəfindən elə həmin tarixdə, yəni xx.xx.2020-ci ildə oxunmuşdur. Bununla yanaşı, vergi ödəyicisi iddia ərizəsində qeyd edir ki, müəssisənin hesabat sənədləri, o cümlədən, uçot məlumatları saxlanılan kompüterlər ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə keçirilmiş axtarış və götürmə zamanı götürüldüyündən sözügedən bəyannamələrin təqdim edilməsi mümkün olmamışdır. “AER COMPANY QRUP" MMC-də səyyar vergi yoxlaması ilə hesablanmış 2017-2018-ci illər üzrə 99781,71 manat mənfəət vergisi, 2017-ci ilin aprel, iyun-iyul, oktyabr, dekabr, 2018-ci ilin aprel, iyun, oktyabr-dekabr, 2019-cu ilin fevral, aprel-iyun və avqust ayları üzrə 639488,27 manat əlavə dəyər vergisi, 2017-ci ilin 1-ci 2018-ci ilin 4-cü rübləri üzrə 336,0 manat ödəmə mənbəyində tutulan vergi, eləcə də 2019-cu ilin yanvar ayı üzrə 0,01 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə, xüsusi ilə külli miqdar təşkil edən 739605,99 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2021-ci ildə AR CM-nin 213.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq, ibtidai araşdırma aparılmış və xx.xx.2023-cü ildə həmin cinayət işi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, cinayət işi 2019-cu ilin mənfəət vergisi və 2019-cu ilin dekabr ayının əlavə dəyər vergisi üzrə hesablamaları əhatə etmir. Belə olan halda, həmin dövrlər üzrə bəyannamələrin vaxtında təqdim edilməməsi əsası mövcud deyildir.
6. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
7. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
8. Hazırki iddia öhdəliyin icrasına dair iddiadır.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
10. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
11. İddia tələbi E-taxes.gov.az internet vergi portalında 2019-cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş vergi bəyannamələrinin təqdim edilməsi üçün şərait yaradılmasıdır.
12. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 149.1. Aşağıdakı vergi ödəyiciləri bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər: 149.1.1. rezident müəssisələr; 149.1.2. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan qeyri-rezidentlər; 149.1.3. vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər; 149.1.3-1. bu Məcəllənin 149.1.3-cü maddəsində göstərilən qeyri-rezident şəxsin təyin etdiyi vergi agenti; 149.1.4. xüsusi notariuslar, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər; 149.1.5. sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları. 149.2. Bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. 177.1. Vergi ödəyicisi borcludur: 177.1.2. vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə; 177.1.3. bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə. 177.2. ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, ƏDV bəyannaməsi bu Məcəllədə nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə 30 gün müddətində vergi orqanına təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.
13. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 5(011)-314/2022 saylı qərarına əsasən ********* nömrəli cinayət işi üzrə ünvan 1 ünvanında axtarışın aparılmasının və İddiaçı MMC-nin fəaliyyətini əks etdirən cinayət işi üçün əhəmiyyət kəsb edən sənədlərin, elektron məlumatların, elektron informasiya daşıyıcılarının götürülməsi növündə istintaq hərəkətlərinin aparılmasına icazə verilmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında axtarış və götürmə tədbiri həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maddi sübutların qaytarılması barədə protokola əsasən xx.xx.2022-ci il tarixdə aparılmış İddiaçı MMC-yə aid maddi sübutlar qaytarılmışdır.
14. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli maddi sübutların qaytarılması barədə protokolda “Göy rəngli qovluğun” üzərində “Şəbəkə 2019 Akt” adlı söz yazılmış, həmin qovluğa baxış zamanı İddiaçı MMC-yə aid 2019-cu ilin müxtəlif aylarına aid hesabat sənədləri qeyd edilmişdir. Həmçinin İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər hansı əməliyyat aparılmayıb.
15. İddiaçının 2019-cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməməsi məhz 2019-cu ilə dair hər hansı sənədlərin onun sərəncamında olmaması səbəbindən olmuşdur.
16. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, cinayət işi 2019-cu ilin mənfəət vergisi və 2019cu ilin dekabr ayının əlavə dəyər vergisi üzrə hesablamaları əhatə etmədiyinə görə iddiaçının dəqiqləşdirilmiş bəyannamələrinin təqdim edilməməsi əsassızdır.
17. Məhkəmə cavabdehin dəlilinə münasiətdə qeyd edir ki, cinayət işi həmin dövrü əhatə etməsə də, iddiaçıda 2019-cu ilə aid hesabat sənədləri olmadığından, dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi mümkün olmamışdır. Cavabdeh orqan tərəfindən isə 2019-cü il tarixə müəssisənin hesabat sənədləri, o cümlədən, uçot məlumatları saxlanılan kompüterlərin iddiaçıda olması sübuta yetirilə bilməmişdir.
18. Vergi Məcəlləsinin: 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir.
19. Məhkəmə hesab edir ki, iddiaçıya texniki imkan yaradılmalı, yalnız 1 dəfə 2019-cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamələrin verilməsinə şərait yaradılmalı, cavabdeh orqan təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamələr əsasında qanunvericiliklə nəzərdə tutulmuş müddətdə kameral vergi yoxlamanı aparmalıdır.
20. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
21. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
23. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı MMC-yə “E-taxes.gov.az” internet vergi portalında 2019-cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş vergi bəyannamələrinin təqdim edilməsi üçün şərait yaradılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva