Məhkəmə qərarları › İş №e-2-1(112)-11855/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11855/2025

23.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11855/2025 23.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlilliyin bərpa edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı xx.xx.2018-ci il tarixdə təyin olunmuş əlilliyin etibarsız hesab olunduğu xx.xx.2019-cu il tarixdən bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci ildə ümumi xəstəlik səbəbindən 3-cü dərəcəli əlillik təyin olunmuşdur. Təyin edilmiş əlillik müddətsiz olaraq təyin edilmişdir. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “Onurğanın döş hissəsinin İV dərəcəli kifoskaliozu. Onurğanın arxa tərəfə əyilməsi. Qozbellik. Kəsikn və davamlı ağrı sindromu ilə. Döş qəfəsinin mühüm dərəcədə deformasiyası. TÇ İ dərəcə” qeyd olunmuşdur. Yuxarıda sadalanan hallardan göründüyü kimi şəxsə 3-cü dərəcəli əlillik təyin edilmişdir. İddiaçı daha sonra müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona qoyulmuş diaqnoz bir-biri ilə eynilik təşkil etmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik Əlillik altsistemində etibarsız hesab edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət edilmiş və müraciətinə imtina xarakterli cavab verilmişdir. İddiaçı hesab edir ki, vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona müddətsiz 3-cü dərəcəli əlillik təyin edilmişdir. Həmçinin hesab edir ki, cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə sosial təminat hüququnu pozmuşdur. Qeyd olunanlarla bağlı aşağıdakıları nəzərinizə çatdırmaq istəyir. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən iddiaçıya qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar ilə eynilik təşkil edir. Hesab edirəm ki, cavabdehin hərəkətləri qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik => X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95M99 - Sümükəzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M95 - Birləşdirici toxumanın və sümük-ə..Diaqnozun mətni: Onurğanın döş hissəsinin İV dərəcəli kifoskaliozu. Onurğanın arxa tərəfə əyilməsi. Qozbellik.Kəskin və davamlı ağrı sindromu ilə .Döş qəfəsinin mühüm dərəcədə deformasiyası.TÇ İ dərəcə.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.12. üçüncü -dördüncüdərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40-M41.9); səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Lakin, göndərişi rəsmiləşdirmiş orqan məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, bir sıra şəxslərin orqana aidiyyatının olmaması, tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilməklə, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən, “Əlillik altsistemi”ndə iddiaçıya aid qiymətləndirmə xx.xx.2019- cu ildən etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiı edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslərə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfinin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki: xx.xx.2018-ci il tarixli 4110003AADMQ nömrəli Forma 88-ə əsasən TSEK-ə göndəriş zamanı diaqnozlar: -Əsas diaqnoz-M95.8-Sümük-əzələ sisteminin digər dəqiqləşdirilmiş qazanılma deformasiyaları, onurğanın d=öş hissəsinin İV dərəcəli kifoskaliozu, onurğanın arxa tərəfə əyilməsi,qozbellik, kəskin və davamlı ağrı sindromu ilə, döş qəfəsinin mühüm dərəcədə deformasiyası, TÇİ -Ağırlaşma-M41-skolioz, onurğanın döç hissəsinin İV dərəcəli kifoskaliozu, onurğanın arxa tərəfə əyilməsi, qozbellik, kəskin və davamlı ağrı sndromu ilə, döç qəfəsinin mühüm dərəcədə deformasiyası TÇİ -Ağırlaşma-J96-Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, onurğanın döş hissəsinin İV dərəcə kifoskaliozu, Onurğanın arxa tərəfə əyilməsi, qozbellik, kəskin və davamlı ağrı sindromu ilə, döş qəfəsinin mühüm dərəcədə deformasiyası TÇİ -Ağırlaşma-M95.4-Döş qəfəsinin və qabırğaların qazanılma deformasiyaları, onurğanın döş hissəsinin İV dərəcəli kifoskaliozu, Onurğanın arxa tərəfə əyilməsi. -Ağırlaşma-M40-kifoz və lordoz, onurğanın döş hissəsinin İV dərəcəli kifoskaliozu, onurğanın arxa tərəfə əyilməsi, qozbellik, kəskin və davamlı ağrı sindromu ilə, döş qəfəsinin mühüm dərəcədə deformasiyası. -Ağırlaşma-R52.2-digər daimi ağrı, onurğanın döş hissəsinin İV dərəcəli kifoskaliozu, onurğanın arxa tərəfə əyilməsi, qozbellik, kəskin və davamlı aqğrı sindromu ilə, döş qəfəsinin mühüm dərəcədə deformasiyası, TÇİ -İddiaçı Bakı şəhər Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2018-ci il tarixli 4110003AADMQ nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixdə müayinə olunmuş, X1: Xİİİ sinif-sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri=>M95-M99sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları=>M95-birləşdirici toxumanın və sümük...; Diaqnozun mətni:Onurğanın döş hissəsinin İV dərəcəli kifoskaliozu, onurğanın arxa tərəfə əyilməsi, qozbellik, kəskin və davamlı ağrı sindromu ilə. döş qəfəsinin mühüm dərəcədə deformasiyası,TÇ İ dərəcə; Meyar: 2.3 Üçüncü dərəcə əlillik=>2.5.12. üçüncü-dördüncü dərəcə kofiskolioz, kəskin funksiya pozuntusu(M40-M41.9) olmaqla müddətsiz olaraq üçüncü dərəcə əlillik dərəcəsi təyin olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-17-4/2-Z-5480/2025 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi barədə daxil olmuş müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İ. Tağıyevin əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq, xx.xx.2018-ci il tarixindən ümumi xəstəlik səbəbindən üçüncü dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Nazirliyin və Agentliyin birgə araşdırması çərçivəsində şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Bununla əlaqədar İddiaçı dair aparılmış əlillik təyinatı qərarı xx.xx.2019- cu il tarixindən ləğv edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçıya Bakı şəhər Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2018-ci il tarixli 4110003AADMQ nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixdə müddətsiz olaraq üçüncü dərəcə əlillik dərəcəsi təyin edilmiş, göndərişi rəsmiləşdirmiş orqan məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, bir sıra şəxslərin orqana aidiyyatının olmaması, tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilməklə, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmasını xahiş edildiyi, iddiaçının adının göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən, cavabdeh tərəfindən “Əlillik altsistemi”ndə iddiaçıya aid qiymətləndirmə xx.xx.2019- cu ildən etibarsız hesab edilmişdir. Hazırda iddiaçı ona təyin edilmiş əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia qismən əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -21.1-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə görə qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə işin hallarını inzibati orqanın inzibati icraat haqqında qanunvericiliyin prosessual qaydası baxımından qiymətləndirərək bu nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının adına rəsmiləşdirilmiş göndərişin onu təqdim edən tibb müəssisəsi tərəfindən ləğv edilmədiyi və ya etibarsız hesab edilmədiyi, lakin tibbi göndərişdə müalicə müddəti ilə bağlı məlumata dair uyğunsuzluğa dair şübhəsi olduğu halda əlillik təyinatını etibarsız hesab etməsi yuxarıda qeyd olunan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7ci bəndinin tələbinə uyğun olmamışdır. Belə ki, qeyd edilən qanunvericiliyin müddəaları əlillik təyinatını şübhə altına alan əsaslı faktlar aşkar olunduğu halda əlillik təyinatını aparan orqana əlilliyi olan şəxsin təkrar müayinəyə cəlb etməsi vəzifəsini müəyyən etmiş, yalnız bundan sonra əlillik təyinatının etibarlı olub-olmamasını müəyyən etmək, əlillik dərəcəsinin təyin edilməsi barədə qərarın dəyişdirilməsi və ya ləğv edilməsi imkanını tanımışdır. Təqdim edilmiş inzibati icraat materiallarında iddiaçının əyani müayinəyə dəvət edilməsi barədə bildiriş, həmin bildirişin iddiaçıya göndərilməsi barədə sübut (poçt qəbzi və s.) və ya həmin inzibati icraatda iddiaçının iştirakını təsdiq edən hallara rast gəlinməmişdir. Bundan əlavə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. -58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya əlillik təyin edilməsi barədə inzibati akt iddiaçı üçün əlverişli inzibati aktdır və iddiaçını belə bir əlverişli inzibati aktın nəticələrindən məhrum edən və ya məhdudlaşdıran, onun hüquqi vəziyyətini dəyişdirə biləcək istənilən tədbir də məhz öz hüquqi formasına görə inzibati aktın qəbulu ilə həyata keçirilməlidir. Başqa sözlə, əlverişli inzibati aktın icrası hər hansı faktiki xarakterli hərəkətlə deyil, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılmış inzibati icraatın nəticəsi kimi qəbul edilən inzibati aktla ləğv edilə və ya dəyişdirilə bilər. İş üzrə müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə hər hansı qərar qəbul olunmadan əlilliyi etibarsız hesab etmişdir. Halbuki, cavabdehin rəhbər tutduğu sahə qanunvericiliyinə aid olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın yuxarıda qeyd edilən 2.4, 3.7, həmçinin 4.9-cu bəndlərində də cavabdeh orqan tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəblərini göstərməklə məhz qərarın qəbul edilməsi vurğulanmışdır. “Əlilliyin qiymətləndirilməsi Qaydası”na Əlavədə cavabdeh tərəfindən qəbul ediləcək qərarın forması göstərilmiş və bu qərar forması əlilliyin qiymətləndirilməsinin bütün nəticələrinə aid olan forma kimi nəzərdə tutulmuşdur. Beləliklə, hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iş üzrə sübutların toplanılması, iddiaçının iştirakının təmin edilməsi tələblərinə riayət etməyərək yekunda inzibati icraatın nəticəsi olaraq qərar formasında inzibati akt qəbul etməmiş, qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirməkdə hərəkətsizlik göstərmiş, prosessual tələblərə riayət etmədən iddiaçı barəsində təyin edilmiş əlilliyi etibarsız hesab etmişdir. Göründüyü kimi, cavabdehin əlilliyin etibarsız hesab olunmasından ibarət hərəkəti həm inzibati, həm də əlillik üzrə münasibətləri tənzimləyən qanunvericiliyə zidd olmuş, nəticədə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə həmçinin vurğulayır ki, əlilliyin etibarsız hesab olunmasına dair oxşar mübahisə ilə bağlı digər işlər üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-1759/2021 №-li iş üzrə xx.xx.2021-ci il tarixli, 2-1(102)-1719/2021 №-li iş üzrə xx.xx.2021-ci il tarixli Qərarları). “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-8-10/2- 824/2024 saylı məktubu ilə təqdim edilmiş, “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” İcmalda göstərilmişdir ki, “85. Bu kateqoriyadan olan işlər üzrə Ali Məhkəmənin çoxsaylı qərarlarında ifadə etdiyi hüquqi mövqeyə və nəticə etibarilə formalaşdırdığı məhkəmə təcrübəsinə görə, əlilliyin inzibati orqan tərəfindən müəyyən olunduğu hallarda, inzibati orqan əlilliyin müəyyən olunması barədə qərarı ləğv etməyə və ya dəyişdirməyə haqlıdır. Lakin bu haqqından istifadə edərək əlilliyin müəyyən olunması barədə qərarın ləğvi ilə bağlı məsələni həll edərkən, eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və sahəvi normativ aktların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni, inzibati orqan qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Bu baxımdan iddiaçının əlilliyi bərpa edilməli, lakin bu müddət cavabdehə bərpa ilə bağlı müraciət etdiyi-xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Ən azı ona görə ki, həmin tarixdə oxşar mübahisələr üzrə məhkəmələrin mövqeyi cavabdehə bəlli idi. Lakin, hazırkı iddia üzrə əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi məqsədəmüvafiq deyildir. Nəzərə almaq lazımdır ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş “bona fides” prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada -“qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan suiistifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləridir. Bu baxımdan iddiaçının əlilliyinin xx.xx.2019-cu il tarixdən etibarsız hesab edildiyini (ən azından əlilliyə görə müvafiq müavinətin ona ödənilmədiyi ona məlumdur) bildiyi halda xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etməklə ötən bütün dövr üzrə pozulmuş hüquqlarının bərpası tələbində haqlı sayıla bilməz. Nəzərdən qaçırmaq olmaz ki, iddiaçının hüquqlarının pozuntusunun artmasında özünün passiv davranışı da böyük rol oynamışdır. Bu həmçinin cavabdehin vaxtında öz “səhvini bilməsi və düzəltməsi” imkanına əks təsir etmişdir. Hazırkı iddia çərçivəsində cavabdeh yuxarıda qeyd edilmiş əsaslara görə qanunsuzluğa yol verməklə, iddiaçı da vaxtında müraciət etməməklə təqsirli davranışa yol vermişlər. Belə olduğu təqdirdə bütün təqsiri tərəflərdən birinin (inzibati orqanın) üzərinə qoyulması ədalətli məhkəmə araşdırması prinsipini pozardı. Avropa Məhkəməsinin “Nikitin Rusiya Federasiyasına” qarşı və digər bir çox qərarında qeyd edilir ki, “hökumət ərizəçinin maraqları ilə və ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsi arasında ədalətli bərabərlik səviyyəsini təmin etməlidir.” Məlum olduğu kimi hüquq münasibətlərinin tənzimlənməsində ən əhəmiyyətli prinsiplərdən biri bərabərlik prinsipidir. Hazırkı iddia üzrə əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi bərabərlik prinsipinin pozulmasına səbəb ola bilər. Belə ki, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsinin əsası inzibati icraat aparmamaq və ya düzgün aparmamaqdan irəli gəlir. Mövcud praktika onu göstərir ki, bu əsasla qəbul edilmiş məhkəmə qərarlardından sonra cavabdeh orqan tərəfindən inzibati icraat aparılaraq vətəndaş barəsində əlilliyin ləğv edilməsi barədə qərar qəbul edilir. Vətəndaş ya həmin qərarla razılaşır, ya da iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddianın təmin edilibedilməməsi işin hallarından asılıdır, lakin cavabdehin mövqeyində haqlı olduğu iddialar da kifayət qədərdir. Qeyd edilənlərin məntiqi nəticəsi ondan ibarətdir ki, əlilliyi əsaslı olaraq ləğv edilmiş, lakin ilkin mərhələdə proseduru düzgün aparılmamış şəxslərin vəziyyətində bərabərlik pozula bilər, eyni zamanda sui-istifadəyə gətirib çıxara bilər. Belə ki, bir şəxs etibarsızlıq halında dərhal orqana müraciət edib onu “səhv”i barədə xəbardar edib onu düzəltməyinə şans yaradırsa, məhkəmə qərarı ilə hüquqları barpa olunduğu zaman mübahisənin yarandığı vaxtla müraciətin edildiyi vaxt demək olar eyni olduğu üçün onun əldə edəcəyi maddi mənfəət (pensiya) ədalətli olacaqdır. Nəzərə alınsa ki, məhkəmə prosesləri üç instansiya olmaqla adətən bir ildən çox müddəti əhatə edir, digər bir şəxs həmin müddət də daxil olmaqla etibarsızlıq halından illər sonra müraciət etdiyi halda kifayət qədər uzun müddəti əhatə edən dövr üçün maddi mənfəət (pensiya) əldə etmiş olacaqdır. Bu, qeyd edilən halda məsuliyyətli davranan şəxslə bu cür davranmayan şəxsin vəziyyəti arasında ədalətsiz fərq qoyulmasına səbəb olacaqdır. Eyni zamanda bu cür praktika formalaşacağı təqdirdə əlilliyinin qanuni əsasının olmadığını, qanuni icraat aparıldıqda əleyhinə qərar qəbul ediləcəyini bilən hər hansı bir şəxsin bu vəziyyətdən istifadə edərək illər sonra müraciət edərək uzun bir dövr üçün özünə haqsız “qazanc” əldə etmək istəməsi də təxmin edilə bilən sui-istifadə hallarına səbəb olacaqdır. “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” İcmalın 26-cı bəndində qeyd edilmişdir ki, “Əlilliyi müəyyən edilmiş şəxsin əlilliyi, əlillik müddəti bitmədən TSEK tərəfindən ləğv edilmişsə və inzibati orqanın həmin hərəkətinin qanuniliyi mübahisələndirilməmişsə, bununla, əvvəlki statusa bağlı olan bütün təminatlara dair hüquqlar da aradan qalxır. Bu mənada, həmin şəxsin əlilliyin müəyyən edilməsi ilə bağlı yeni müraciətinə təkrar qiymətləndirmə kimi deyil, məhz əlilliyin ilkin qiymətləndirilməsi kimi baxılmaqla, müalicə müddəti şərtinin ödənilməsi yoxlanılmalıdır.” Qeyd edilən müddəa hazırkı problemi tam əhatə etməsə də, demək olar ki, məhkəmənin hazırkı mövqeyini dəstəkləyən xüsusiyyətdədir. Amma hər bir halda İcmalda məhz bu problemə toxunulmamasına istinad edərək məhkəmənin hazırkı mövqeyini əsassız hesab etmək olmaz. Çünki nəzərə almaq lazımdır ki, icmal sadəcə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə tərtib edilmişdir. Yəni həmin işlərin arasında məhkəmənin hazırda mövqe bildirdiyi problemlə bağlı iddia olmamışdırsa, bununla bağlı münasibətin olmaması da təbii haldır. Buna görə də məhkəmənin hazırkı mövqeyinin İcmala zidd olmasını deməyə əsas yoxdur. Oxşar situasiya ilə bağlı demək lazımdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının Qərardadında qeyd edilmişdir ki, “.... müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.” Həmin qərardadın məzmunundan Ali Məhkəmənin sosial təminatla bağlı mübahisələrdə belə şəxsin məsuliyyətli davranıb vaxtında müraciət etməsinin vacib əhəmiyyətə malik olduğu mövqeyindən çıxış etməsi aydın olur. Yəni Ali Məhkəmə tərəfindən konkret məsələ ilə bağlı mövqe mövcud olmasa da, onun Plenum qərarlarında və kollegial qərardadlarında istinad etdiyi prinsiplərin nəzərə alınması vacibdir. Müraciət edildiyi vaxtın əhəmiyyətindən danışarkən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Yuxarıda göstərilən mövqelərdə iddianın verilməsi müddətinə istinad olunsa da, hər bir halda müddətlərın əhəmiyyəti ilə bağlı qeyd edilənlər bütün mübahisələrə baxılarkən nəzərə alınmalıdır. Çünki yalnız bu halda məhkəmənin mövqeyini əsaslandırdığı halların qarşısını almaq üçün hüquq münasibətləri iştirakçılarının intizamlandırılması, məsuliyyət hissinin formalaşdırılması mümkün ola bilər. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, işin halları nəzərə alındıqda yol verilmiş pozuntu ilə bağlı tərəflərin müştərək (birgə) məsuliyyət daşımalı olduqları, həm iddiaçı, həm də cavabdehin təqsirli davranışlara yol verdikləri iş üzrə təsdiq olunur. Cavabdeh orqan əlilliyin əsassız verildiyi halda inzibati icraat aparmalı olduğu halda, öz növbəsində iddiaçı da müraciətdən 5 il əvvəl onun əlilliyinin etibarsız hesab edilməsinin qanunsuz olduğunu bilməli idi. Odur ki, həmin illər üçün pensiya məbləğinin ödəniləcəyi nəzərə alınaraq onların məsuliyyəti də bərabər bölüşdürülməlidir. Belə qayda, iddiaçının hüququna tənasübsüz müdaxilə halı yaratmır, eləcə də dövlət orqanları tərəfindən yol verilən səhvin riskinin həm də dövlətin özü tərəfindən daşınmalı olduğuna dair prinsiplə uyğunluq təşkil edir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia qismən təmin edilməli, İddiaçı təyin edilmiş üçüncü dərəcə əlilliyin müraciət etdiyi xx.xx.2024-cü il tarixdən bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. İPM-nin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı təyin edilmiş üçüncü dərəcə əlilliyin müraciət etdiyi xx.xx.2024-cü il tarixdən bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar