Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11919/2025 03.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7nin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış məntəqəsində yerləşən 954 saylı torpaq sahəsi üzərində hüquqların miras qoyan X1 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, sözügedən torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 499 saylı Sərəncamı xx.xx.2001-ci il tarixlidir. Belə ki, xx.xx.2001-ci il tarixindən sonra torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış məntəqəsində yerləşən 954 saylı torpaq sahəsi üzərində hüquqların miras qoyan X1 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 499 saylı sarancamı ilə iddiaçının bacısı X1 Maştağa qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində 954 saylı, 1200 kv/m torpaq sahəsi ayrılmışdır. xx.xx.1958-ci ildə anadan olmuş X3 xx.xx.2012-ci il tarixində vəfat etmişdir. Miras qoyanın ölümündən sonra irs qalmış mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı iddiaçı və onu ailə üzvləri tərəfindən Bakı şəhəri 39 saylı notariat ofisinə müraciət edilmiş, vərəsəlik işi açılmış və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 954 saylı sahə ünvanında yerləşən 1200,0 kv/m torpaq sahəsinə vərəsə təyin olunmuşlar. Bundan sonra iddiaçı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək vərəsəlik işinin icrası ilə əlaqədar ünvan 1 ünvanında yerləşən 1200 kv/m torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsini xahiş etmişdir. Lakin DƏDKR tərəfindən ərizənin icrasından imtina edilmişdir. Lakin inzibati aktın sadəcə qanunsuz olması faktı həmin aktın ləğv edilməsinə və bu aktla vətəndaşa verilmiş hüquqların aradan qalxmasına əsas vermir. Belə ki, əgər maraqlı şəxs həmin inzibatiaktın məzmununa etimad göstərirsə, bu etimad qanunla qorunursa və başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmursa, bu hallarda qanunsuz əlverişli inzibati akt ləğv edilə bilməz. Bu isə o deməkdir ki, ləğv edilə bilməyən həmin əlverişli inzibati aktın qəbul edilməsi nəticəsində vətəndaşa verilmiş hüquqlar mütləq şəkildə tanınmalıdır. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə təqdim etdiyi etirazında bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********99 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 499 saylı Sərəncamı xx.xx.2001-ci il tarixlidir. Belə ki, xx.xx.2001-ci il tarixindən sonra torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Həmçinin iddiaçı torpaq sahəsinin yerini tanımadığından idarənin mütəxəssisləri tərəfindən ünvana texniki texniki baxış keçirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 499 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov (keçmiş Xanlar) küçəsi 19 saylı evdə yaşayan vətəndaş X1 Maştağa qəsəbəsi "xxxx" yaşayış massivində 954 saylı 1200.0 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Sərəncamın 5-ci hissəsinə əsasən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73cü maddəsinə uyğun olaraq, torpaq sahəsindən bir il ərzində üzrlü səbəb olmadan və məqsədli təyinatına görə istifadə edilmədikdə sərəncam öz qüvvəsini itirmiş hesab edilməsi qərara alınmışdır. Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa Qəsəbəsi İnzibati Ərazi X4 xx.xx.2025-ci il tarixli, 5-18-5/2-271/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının 954 saylı qərarından çıxarışa əsasən torpaq sahəsinin ayrılmasına dair qeydiyyat qəsəbə nümayəndəliyində tapılmamışdır və hər hansı bir sənəd, torpaq sahəsinin yerləşmə sxemi arxivləşdirilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X7 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-36915/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 43084/2025 nömrəli sorğuya cavab məktublarından görünür ki, tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Belə ki, iddiaçı torpaq (bağ) sahəsinin yerini tanımır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirərək, həmin torpaq sahəsinə mülkiyyət hüququnun Q.Hüseynovaya məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh imtinasında haqlıdır. Belə ki, birincisi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.. İşdən görünür ki, iddiaçı Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulan əsası, yerli icra hakimiyyəti orqanının torpaq ayrılması barədə aktını təqdim etsə də, məhkəmə hesab edir ki, həmin hüquqmüəyyənedici sənəd qanuna uyğun deyildir. Belə ki, “Torpaq islahatı haqqında” AR Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Göründüyü kimi, qanunverici 2001-ci il yanvarın 1-dən etibarən yaşayış evi, həyətyanı və bağ sahələrinin Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verilməsi səlahiyyətlərini bələdiyyələrə vermişdir. Bundan başqa, işdən görünür ki, iddiaçı torpaq sahəsinə mülkiyyət hüququna dair arayış verilməsini xahiş etsə də, həmin torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən yerləşmə cizgisini təqdim etməmiş, həmçinin torpaq sahəsinin yerini də tanımamışdır. Məhkəmə qeyd edir ki, torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin (qərar, sərəncam və s.) tərtib edilməsi və həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilərək təhvil verilməsini nəzərdə tutur. Və bunun yekunu olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Yəni şəxsin hər hansı bir hüquqmüəyyənedici sənədinin olması özlüyündə hüququn qeydə alınması üçün kifayət deyil. Bunun üçün habelə həmin hüquqmüəyyənedici sənəddə göstərilən daşınmaz əmlak, onun yerini müəyyənləşdirməyə imkan verən sənədlər mövcud olmalı və şəxsin hüququ məhz həmin əmlaka münasibətdə tanınmalıdır. İddiaçı hazırda torpaq sahəsinə mülkiyyət hüququna dair arayış verilməsini xahiş etsə də, nə həmin torpaq sahəsini, nə də onun yerləşmə cizgisini təqdim edə bilmir. Məhkəmə onu da qeyd edir ki, Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 499 nömrəli sərəncamının 5-ci hissəsinə əsasən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq, torpaq sahəsindən bir il ərzində üzrlü səbəb olmadan və məqsədli təyinatına görə istifadə edilmədikdə sərəncam öz qüvvəsini itirmiş hesab edilməsi qərara alınmışdır. Göründüyü kimi, Q.Hüseynovaya torpaq sahəsinin ayrılması barədə sərəncamda 1 il ərzində tikinti aparılmadığı, məqsədli təyinatına görə istifadə edilmədiyi təqdirdə qüvvəsini itirmiş hesab edilməsi göstərilmişdir. Q.Hüseynovanın mübahisəli torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyi, vəfat etdiyi xx.xx.2012-ci il tarixədək orada hər hansı bir tikinti işi aparmadığı işin mübahisələndirilməyən halıdır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə olan halda göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının hazırda hüququn qeydə alınması üçün istinad etdiyi sərəncam qüvvədən düşmüşdür və buna görə də hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçının təqdim etdiyi sənəd qanunun tələbinə uyğun olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №e-2-1(112)-11919/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11919/2025
03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver