Məhkəmə qərarları › İş №e-2-1(112)-11931/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-11931/2025

23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11931/2025 23.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına 23 sentyabr 2025-ci il tarixdə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanılmış və aidiyyət üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İclasda tərəflər iştirak etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, mübahisənin ərazi aidiyyətinin müzakirə edilməsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) işin ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi işin ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, iddiaçının iddiası “mübahisələndirmə haqqında” növündə iddiaya aiddir və mübahisələndirilən inzibati aktın ləğv olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması münasibətlərindən yarandığından, işin aidiyyəti İPM-in 8.1.2-ci maddəsinə uyğun həll edilməlidir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır. İş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotundadır. Belə olan halda məhkəmənin qənaətinə görə işə İPM-in 8.1.2-ci maddəsinin müddəası tətbiq edilməklə iddiaçının olduğu yer üzrə inzibati məhkəmədə baxılmalıdır. Vergi Məcəlləsinin 33 və 34-cü maddələrinin, o cümlədən, "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması” Qaydalarının müddəalarının ümumi təhlili onu göstərir ki, vergi ödəyiciləri olduqları yer, təsərrüfat subyektlərinin olduqları yer və ya iqtisadi maraqlar mərkəzinin yerləşdiyi yer baxımından uçota alına bilirlər. Başqa sözlə, vergi ödəyicisinin uçotunun aparılmasında rəhbər tutulan meyar kimi əsasən onun sahibkarlıq fəaliyyətinin daha çox bağlı olduğu yer çıxış edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. Qərara əsasən Sumqayıt şəhəri Sumqyır İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Odur ki, məhkəmə hazırkı işə Sumqayıt İnzibati Məhkəməsində baxılmasını qanunamüvafiq sayır. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2 – 8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2, 8, 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar