Məhkəmə qərarları › İş №e-2-1(112)-11937/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-11937/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11937/2023 06.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «məcburi iş buraxmaya görə əmək haqqının tutulması» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «məcburi iş buraxmaya görə əmək haqqının tutulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-160/2020 saylı iş üzrə 12 fevral 2020-ci il tarixli qərarından apellyasiya şikayəti vermişdir və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1263/2021 saylı iş ürzə 31 avqust 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarının ona (iddiaçıya) aid hissədə ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-247/2022 saylı iş üzrə 1 fevral 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kassasiya şikayəti təmin olunmamışdır. Yuxarıda istinad olunan məhkəmə aktlarından görünür ki, onunla (iddiaçı ilə) bağlanmış 2 mart 2015-ci il əmək müqaviləsinə xitam verilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 13 iyun 2019-cu il tarixli **********7 saylı qərarının ona aid hissəsi ləğv edilmişdir. Məhkəmə aktları əsasında qanunsuz və əsassız olduğu təsdiq olunan 13 iyun 2019-cu il tarixli əmr əsasında həmin tarixdən əvvəlki vəzifəsinə bərpa olunmamaqla yanaşı məcburi iş buraxma səbəbindən hazırkı vaxtadək əmək haqqını da ala bilməmişdir. İddiaçı müvafiq mediasiya proseduruna əməl edildikdən sonra yuxarıda göstərilən iddia tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin e-2(004)-3632/2023 saylı iş üzrə 6 iyul 2023-cü il tarixli qərardadı ilə cavabdeh dövlət orqanı ilə onun arasında yaranmış əmək münasibətlərinin mülki münasibət deyil, inzibati münasibət olmasına istinad olunaraq iddia ərizəsinin qəbulundan imtina olunması və hazırkı iddia ilə aidiyyatı inzibati məhkəməyə müraciət edilməsinin izah olunması qərara alınmışdır. Odur ki, hazırkı iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmasına zərurət yaranmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74, 290, 300-cü maddələrinə, İPM-in müddəalarına əsaslanaraq, 13 iyun 2019-cu il tarixdən hazırkı vaxtadək məcburi iş buraxmaya görə əmək haqqının tutulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, iddiada qaldırılan məsələ ilə bağlı cavabdehə konkret məzmunda müraciəti olmamışdır, inzibati akt ləğv olunduğundan, onun hüquqi nəticələri aradan qalxmalıdır, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır və iddia təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. O, bildirdi ki, tərəflər arasında inzibati mübahisəyə məhkəmədə baxılmışdır, bundan başqa Bakı İnzibati Məhkəməsində müvafiq qərardad da qəbul olunmuşdur və ondan apellyasiya şikayəti verilmişdir. İddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qnunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Göründüyü kimi, mövcud qanunvericilik normaları ləğv olunmuş inzibati aktların yaratdığı hüquqi nəticələrin hansı andan aradan qaldırılmasını həmin aktların xassələri (əlverişli və ya əlverişsiz) və qanuni olub-olmaması ilə şərtləndirir. Qanuni inzibati aktın ləğvi halı istisna olmaqla, inzibati aktların, daha dəqiq desək qanunsuz əlverişsiz və qanunsuz əlverişli inzibati aktların ləğvi onların qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati mübahisənin predmeti olmuş cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 iyun 2019-cu il tarixli **********7 saylı qərarı əlverişsiz inzibati aktdır və müvafiq hissədə onun ləğvi ləğv olunduğu vaxtdan deyil, qəbul olunduğu anda yaranmış hüquqi nəticələri aradan qaldırır. Odur ki, məhkəmə iddia qaldırarkən iddiaçının çatmaq istədiyi məqsədi, əlverişli məhkəmə müdafiəsi seçimini nəzərə alaraq belə qənaətə gəlir ki, inzibati orqanın 13 iyun 2019-cu il tarixli əlverişsiz inzibati aktının (qərarının) mübahisələndirilməsi üzrə iddia qaldırıldıqdan sonra onun hüquqi nəticələrinin aradan qaldırılması, o cümlədən məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi ilə iddia qaldırılmasına zərurət qalmır. Müvafiq məsələ (əmək haqqının ödənilməsi) ilə bağlı iddiaçının cavbdeh inzibati orqana müraciəti olmamışdır. Lakin belə müraciətin olması da iddianın mümkün sayılmasına əsas vermir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının qaldırdığı məsələ, yəni məcburi iş buraxmaya görə əmək haqqının tutulması tələbi üzrə iddia ayrıca inzibati məhkəmə icraatının predmeti kimi çıxış edə bilməz. Bu səbəbdən də iddia mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar