Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1196/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi X2, mütəxəssis X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2022-ci il tarixindən başlayaraq, 1.400 manat pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2009-cu ildə güzəştli şərtlərlə 1.000 manat pensiya təyin edilmişdir. Qeyd edilən pensiya artaraq, 2021-ci ilin noyabr ayında 2.581 manat təşkil etmişdir. Lakin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının (bundan sonra Mərkəzi Filial) 14 dekabr 2021-ci il tarixli, **********6 saylı qərarı ilə İddiaçı təyin edilmiş pensiyanın məbləği xx.xx.2021-ci il tarixindən 498,95 manat müəyyən edilmişdir. Pensiyanın yenidən hesablanması üçün İddiaçı cavabdehə müraciət etmişdir. Bunun nəticəsi olaraq iddiaçıya xx.xx.2024-cü il tarixində SMS vasitəsi ilə bildirilmişdir ki: “onun pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2006-cı il 34 il 5 ay sığorta stajının və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 27.627,16 manat pensiya sığorta kapitalı əsasında xx.xx.2023-cü il tarixindən 618,77 manat müəyyən edilmişdir”. Bundan sonra, İddiaçı ilk olaraq, 4 saylı DOST mərkəzi vasitəsi ilə, sonra isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına xx.xx.2024-cü il tarixində ərizə ilə müraciət edərək təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Müraciətlərə cavab olaraq, xx.xx.2024-cü il tarixində, yenə də SMS vasitəsilə iddiaçıya bildirilmişdir ki: “Pensiyanız yenidən hesablanaraq xx.xx.2024-cü il tarixindən 702,32 manat müəyyən edilmişdir. Keçmiş dövr üzrə yaranmış fərq məbləği cari pensiyanızın üzərinə əlavə edilərək ödəniləcəkdir”. Göstərilənlərləri nəzərə alaraq hesab edirik ki, təyin olunmuş pensiya 2009-cu ildə 498,95 təşkil edirdisə, bu gün, yəni 15 il keçdikdən sonra həmin pensiyanın cəmi 702,32 manat təşkil etməsi əsaslı şübhə yaradır. İllər ərzində ölkə üzrə pensiyalar dəfələrlə əhəmiyyətli dərəcədə artırılıb, indeksasiya olunub və sair. İddiaçının özünün hesablamalarına əsasən bu günə onun pensiyası 1.400 manat təşkil etməlidir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında pensiyanın hesablanması necə aparılır məlum deyil. Bu məsələyə aid suallarla iddiaçının dəfələrlə şifahi müraciət etməsinə baxmayaraq həmin qurumdan bununla bağlı ancaq ümumi sözlərlə cavab verirlər, konkret bir məlumat vermirlər. Yuxarıda göstərdiklərindən də görünür ki, cavabdeh ancaq vətəndaş yazılı müraciət etdikdən sonra hissə-hissə cüzi miqdarlarla pensiyaya artım edir. Belə hərəkətləri ilə, faktiki olaraq vətəndaşın hüquqlarını pozur. Bununla bağlı, iddiaçıya ədalətli pensiyanın təyin edilməsi üçün cavabdehin üzərinə məhkəmə tərəfindən öhdəliyin qoyulması zərurəti yaranmışdır.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1966-cı il tarixdən xx.xx.1971-ci il tarixədək təhsil illəri, əmək kitabçasının surətinə əsasən xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək, xx.xx.1972-ci il tarixdən 17.11,1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixədək ümumilikdə 37 il 4 ay 25 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanununun 27-ci maddəsinin vətəndaşa pensiya təyin edilən zaman qüvvədə olan tələblərinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixə qeydə alınır. В.Xanlarovun xx.xx.2006-cı il tarixədək 37 il 4 ay 25 gün sığorta stajına əsasən həmin tarixə hesablanan pensiya kapitalının məbləği 6358,47 manat təşkil edir: (37+(4+25/30gün)12ay)x170=6358,47 manat. İddiaçı xx.xx.2006-cı il tarixədək olan sığorta stajına əsasən hesablanan pensiya kapitalının xx.xx.2010-ci il tarixə indeksləşdirilmiş məbləği 9853,37 manat təşkil edir: 2006- 6358,47, 2007-8,3- 6886,22, 2008-16,7- 8036,22, 2009-20,8- 9707.76, 2010-1,5- 9853,37. Bundan başqa, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Pensiya" altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində 37933,09 manat pensiya kapitalı (xx.xx.2024-cü il tarixə indeksləşdirilmiş məbləğ) qeydə alınmışdır. Həmin kapitalın xx.xx.2010-cu il tarixə indeksləşdirilmiş məbləği 9917,24 manat təşkil edir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2010-cu il tarixə əmək pensiyasının sığorta hissəsi 137,30 manat məbləğində hesablanmışdır: SH - (9853,37+9917,24)7144=137,30, xx.xx.2010 - 75 (baza hissə)+137,30=212,30, xx.xx.2010 - 85 (baza hissə)+137.30=222.30, xx.xx.2011 - 85 (baza hissə)+137,30+137,30x5,7%=230,13, xx.xx.2012 - 85 (baza hissə)+145,13+145,13x7,9%=241,60, xx.xx.2013 - 85 (baza hissə)+(156,60+156,60x1,1%)=243,32, xx.xx.2013 - 100 (baza hissə)+158,32=258,32, xx.xx.2014 - 100 (baza hissə)+(158,32+158,32x2.4%)=262,12, xx.xx.2015 - 100 (baza hissə)+(162,12+162,12x1,4%)=264,39, MElS-in “Pensiya" altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2010-cu il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2015-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində 16171,88 manat pensiya kapitalı (xx.xx.2024-cü il tarixə indeksləşdirilmiş məbləğ) qeydə alınmışdır. Həmin kapitalın xx.xx.2015-ci il tarixə indeksləşdirilmiş məbləği 5061,96 manat təşkil edir. İddiaçı xx.xx.2015-ci il tarixə 5061,96 manat pensiya kapitalına əsasən hesablanan əmək pensiyasının sığorta hissəsi 53,85 manat təşkil edir (gözlənilən pensiya ödənişi müddəti aylarının sayı vətəndaşın işlədiyi ayların sayı qədər azaldılır (144-50=94)): 5061,96/94=53,85, xx.xx.2015 - 100 (baza hissə)+164,39+53,85=318,24, xx.xx.2016 - 100 (baza hissə)+(218,24+218,24x4,0%)=326,97, xx.xx.2016 - 110 (baza hissə)+226,97=336,97, xx.xx.2017 -110 (baza hissə)+( 226,97+226,97x12,4%)=365,11, xx.xx.2018 - 365,11+365,11x5,7%=385,93, xx.xx.2019 - 385,93+385,93x3%=397,58, xx.xx.2020 - 397,58+397,58x16,6%=463,57, xx.xx.2021 - 463,57+463,57x11,4%=516,42, xx.xx.2022 - 516,42+516,42x3,4%=533,98. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 550,65 manat müəyyən edilib: 533,98+(200/12)=550,65 manat, Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək 631,59 manata çatdırılmışdır: xx.xx.2023 - 550,65+550,65x14,7%=631,59, xx.xx.2024 - 631.59+631.59x11,2%=702,33. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası xx.xx.2024-cü il tarixdən 702,33 manat müəyyən edilərək qanunvericiliyə uyğun olmaqla düzgün hesablanmışdır. Göstərilənlərdən bir daha aydın olur ki, sözügedən dövrlərin İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanılaraq xx.xx.2022-ci il tarixdən 1400 manat məbləğində müəyyən edilməsi tələbi qanunvericiliklə mümkün deyil, iddia tələbi təmin edilməməlidir. İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanılaraq xx.xx.2022-ci il tarixdən 1400 manat pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə e-2-1(112)-8958/2024 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
4. Cavabdehin məhkəməyə ünvanlandığı xx.xx.2025-ci il tarixli 3-17-1/2-51499/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyası yenidən hesablanan zaman onun təqdim etdiyi sənədlərə əsasən xx.xx.1966-cı il tarixindən xx.xx.1971-ci il tarixinədək təhsil illəri, xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək, xx.xx.1972-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1980- ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək, xx.xx.2001-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri daxil olmaqla xx.xx.2006-cı il tarixinədək ümumilikdə 39 il 2 ay 29 gün sığorta stajı müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, İddiaçı pensiya işinin tərkibinə daxil olan sənədlərə əsasən xx.xx.2006-cı il tarixinədək mübahisələndirilən dövr müəyyən edilməmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı əmək pensiyasının təyin olunması tarixi xx.xx.2010-cu il, hazırkı əmək pensiyasının məbləği 759,22 manat, yenidən hesablanmış əmək pensiyanın məbləği 768,67 manat müəyyən edilmişdir.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdərək iddianın təmin edilməsini xahiş etdilər.
7. Şifahi məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. II. İddianın növü və mümkünlüyü
8. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
9. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
13. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
14. İddiaçının pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
15. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
18. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.3.1. Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.
21. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2022-ci il tarixindən başlayaraq, 1.400 manat pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
22. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyası yenidən hesablanan zaman onun təqdim etdiyi sənədlərə əsasən xx.xx.1966-cı il tarixindən xx.xx.1971-ci il tarixinədək təhsil illəri, xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək, xx.xx.1972-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək, xx.xx.2001-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri daxil olmaqla xx.xx.2006-cı il tarixinədək ümumilikdə 39 il 2 ay 29 gün sığorta stajı müəyyən edilmişdir.
23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 10.2.Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Əvvəlki redaksiyada deyilirdi: 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.
24. İddiaçının əmək pensiyasının məbləği cavabdeh qurum tərəfindən aşağıda göstərilən qaydada hesablanmışdır: xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən PSK-39 il 2 ay 29 gün X 170=15763,68 (2019 vəz) :144=109,47 SH xx.xx.2019-cu il tarixdən pensiyanın hesablama qaydası 20**-BH-***,76+SH(staj)109,47+SH(PSK)104,93+68,53=402,69; xx.xx.2020-469,54; xx.xx.202523,06; xx.xx.2022-540,85; xx.xx.2023-(540,85+16,66)X14,7%=639,46; xx.xx.2024-711,08; xx.xx.2025-768,67
25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 639,46 manat, xx.xx.2024-cü il tarixdən 711,08 manat, xx.xx.2025-ci il tarixdən 768,67 manat müəyyən edilib.
26. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixindən başlayaraq 1.400 manat əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, iddiaçıya cavabdeh orqan tərəfindən ilk olaraq 37 il 4 ay 25 gün sığorta stajına uyğun əmək pensiyası hesablanmışdır. Daha sonra məhkəmə icraatı gedişində cavabdeh orqan yenidən iddiaçının sığorta stajını yoxlayaraq, 39 il 2 ay 29 gün müəyyən etmişdir. Bununla da mübahisələndirilən sığorta stajı aradan qalxmışdır. İddiaçının hazırda mübahisəsi kapitalla bağlıdır. Lakin məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçıya 1.400 manat əmək pensiyasının təyin edilməsi üçün yetərli kapitalı yoxdur.
27. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva