Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-120/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “gömrük borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “gömrük borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 27 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin **********3478 sorğu nömrəli gömrük bəyənnaməsi ilə aparılmış gömrük əməliyyatları nəticəsində dövlət büdcəsinə ödənilməli 250 manat gömrük yığımları, 12977,66 manat ƏDV, 48988,50 manat məbləğində aksiz vergisi, 32202 manat dəbbə pulu olmaqla ümumilikdə 88418,16 manat məbləğin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin **********1370 sorğu nömrəli gömrük bəyənnaməsi ilə aparılmış gömrük əməliyyatları nəticəsində dövlət büdcəsinə ödənilməli 240 manat gömrük yığımları, 13040,66 manat ƏDV, 48988,50 manat məbləğində aksiz vergisi, 22640,64 manat dəbbə pulu olmaqla ümumilikdə 84945,20 manat məbləğin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC (VÖEN: **********) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsinə müraciət edərək Ukrayna Respublikasından idxal edilmiş “Prezidentskiy Standart” markalı 8582,900 litr spirtli içki (araq) məmulatlarını xx.xx.2020-ci il tarixdə **********1370 sorğu nömrəli gömrük bəyannaməsi ilə 1 ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirmişdir. Bundan sonra malların rəsmiləşdirilməsi üçün cavabdeh heç bir müraciət etməmiş, müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlanca götürülmüş həmin yükün digər gömrük proseduru altında yerləşdirmək üçün bəyan etməmiş, həmçinin gömrük anbarında yerləşdirilməsi üçün gömrük orqanına müraciət etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirləndirilən "xxxx" MMC barəsində inzibati xəta haqqında 14000-1019/20 saylı iş baxılması üçün aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin cavabdehə xx.xx.2021-ci il tarixli 4 nömrəli bildiriş də təqdim edilmiş, lakin buna baxmayaraq "xxxx" MMC tərəfindən gömrük rəsmiləşdirilməsi ilə bağlı heç bir müraciət daxil olmamışdır. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən qeyd edilən malları başqa gömrük proseduru altında yerləşdirilməsi barədə dəfələrlə müraciət olunsa da, cavabdeh tərəfindən bu müraciətlərə məhəl qoyulmamışdır. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, cavabdeh "xxxx" MMC tərəfindən aparılmış gömrük əməliyyatları nəticəsində dövlət büdcəsinə ödənilməli olan 250 manat gömrük yığımları, 12.977,66 manat məbləğində ƏDV, 48988,50 manat məbləğində aksiz vergisi, 32202 manat dəbbə pulu olmaqla ümumilikdə 88.418.16 manat məbləğində gömrük borcu yaranmışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-3391/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-2178/2023 saylı qərardadı ilə, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5033/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2350/2023 nömrəli qərarı ilə, iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-2178/2023 saylı qərardadı ləğv edilmiş, inzibati iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-1681/2024 saylı qərardadı ilə, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-3391/2023 saylı qərardadı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(007)-574/2020 nömrəli qərarından görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 14000-1019/20 nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, "xxxx" MMC-nin ünvanına Ukraynadan gətirilmiş spirtli içki məmulatları **********1370 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə 1 ay müddətinə müvəqqəti saxlanca götürülmüşdür, xx.xx.2020-ci il tarixdə "xxxx" MMCnin etibarnamə üzrə nümayəndəsinin iştirakı ilə "xxxx" MMC-nin anbarında müvəqqəti saxlancda olan həmin yükə gömrük baxışı keçirilmiş və məlum olmuşdur ki, "xxxx" MMCnin 1 ay müddətinə müvəqqəti saxlanca verilmiş spirtli içki məmulatları anbarda toxunulmadan saxlanılır. Lakin müvəqqəti saxlanc müddətinin xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq "xxxx" MMC tərəfindən həmin yükün müvəqqəti saxlanc müddətinin tələbinə əməl olunmamışdır. Nəticədə "xxxx" MMC tərəfindən İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMCnin direktoru protokolda göstərilənlərlə razı olduğunu və tərəflərindən inzibati xətanın törədildiyini bildirmişdir; “Malların anbara qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 15S nömrəli aktdan görünür ki, 179 ədəd 0,5 l “X4”, 70 ədəd 0,5 l “X2”, 11 ədəd 0,5 l “Presedent Standart”, 3 ədəd 0,75 l “X5”, 6 ədəd 0,75 l “X2”, 1 ədəd 1,75l “X2” markalı araqlar Birliyin anbarına saxlanca qəbul edilmişdir. Təhvil verən qismində İddiaçın Aksizli markalara nəzarət şöbəsinin böyük inspektoru Anar Cavidan imza etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: 40.4 Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. 93.1. Gömrük sahələrində, gömrük sərhədi boyunca, gömrük rəsmiləşdirilməsi yerlərində, sərbəst zonalarda, gömrük anbarlarında, malların yükləmə-boşaltma və müvəqqəti saxlanc yerlərində, gömrük nəzarəti altında olan malların daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin dayanacağında, gömrük orqanlarının olduğu yerlərdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər yerlərdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən gömrük nəzarəti zonaları yaradılır və rejim qaydaları müəyyən edilir. 124.1. Malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir. Maddə 166. Xüsusi gömrük prosedurlarının əhatə dairəsi 166.0. Mallar aşağıdakı xüsusi gömrük prosedurları altında yerləşdirilə bilər: 166.0.1. tranzit (beynəlxalq və daxili tranzit); 166.0.2. saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc); 166.0.3. sərbəst zona; 166.0.4. xüsusi istifadə (müvəqqəti idxal və son istifadə); 166.0.5. emal (daxildə və xaricdə emal). 176.1. Saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 176.2. Xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. Maddə 177. Saxlanc xüsusi gömrük proseduru sahibinin məsuliyyəti 177.1. Saxlanc xüsusi gömrük prosedurunun sahibi aşağıdakılara görə cavabdehdir: 177.1.1. müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilmiş malların gömrük nəzarətindən yayındırılmasına; 177.1.2. malların saxlancından irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə; 177.1.3. gömrük və ya müvəqqəti saxlanc anbarlarının təsisi ilə əlaqədar verilmiş lisenziyada müəyyən edilən şərtlərə əməl edilməməsinə. 177.2. Prosedur sahibi malların müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilməsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Maddə 179. Malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 179.1. Malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. 179.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. 179.3. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Maddə 183. Malların gömrük anbarında saxlanc müddəti 183.1. Mallar gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilərək 3 (üç il) müddətində saxlanıla bilər. Müvafiq icra hakimiyyəti orqanı bu müddəti malların ayrı-ayrı kateqoriyaları üzrə məhdudlaşdıra bilər. 183.2. Bu Məcəllənin 183.1-ci maddəsində müəyyən edilən müddət başa çatanadək mallar başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Bu müddət başa çatdıqdan sonra qeyd olunan tələb yerinə yetirilmədikdə, həmin mallar barəsində bu Məcəllənin 57-ci fəslində müəyyən edilmiş qaydada sərəncam verilir. 183.3. Gömrük anbarında saxlanc müddəti başa çatmış malların və nəqliyyat vasitələrinin bu Məcəlləyə uyğun olaraq satışından əldə edilən məbləğ onların daşınması, saxlancı və satışı ilə bağlı xərclər və ödənilməli olan gömrük ödənişləri çıxıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mal sahibinə verilir. Maddə 327. Malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi 327.1. Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçirilir. 327.2. Bu Məcəllənin 327.1-ci maddəsində göstərilən malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 328. Dövlət mülkiyyətinə keçirilmiş mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsi qaydaları 328.1. Dövlət mülkiyyətinə keçirilmiş mallar və nəqliyyat vasitələri açıq gömrük hərraclarında satılır. 328.2. Gömrük hərraclarında iştiraka görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə haqq alınır. Gömrük hərraclarında satışa çıxarılan mallar və nəqliyyat vasitələrinin ilkin qiyməti sərbəst (bazar) qiymətləri əsasında müəyyən edilir. 328.3. Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin daşınması, saxlancı və satışı ilə bağlı xərclər onların satışından əldə edilən məbləğ hesabına ödənilir. 328.4. Gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların işçiləri, həmçinin onların ailə üzvləri dövlət mülkiyyətinə keçirilmiş malları və nəqliyyat vasitələrini birbaşa, yaxud dolayısı ilə (digər şəxslər vasitəsilə) ala bilməzlər. 328.5. Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”
1. Ümumi müddəalar 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 176.1 -ci maddəsinə uyğun olaraq hazırlanmışdır və malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir. 1.2. Saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. 1.3. Xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan müvəqqəti saxlanc anbarında və gömrük anbarında gömrük nəzarəti altında yerləşdirilir. 1.4. Gömrük qanunvericiliyinə müvafiq olaraq, daxili mallar da gömrük anbarı proseduru və ya sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilə bilər.
3. Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 3.1. Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla, gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Qaydaların 3.2-ci bəndində göstərilən müddət çərçivəsində uzadır. 3.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. 3.3. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir.
7. Malların gömrük anbarında saxlanc müddəti 7.1. Mallar gömrük anbarı xüsusi gömrük proseduru altında 3 (üç) il müddətində saxlanıla bilər. 7.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Qaydaların 7.1-ci bəndi ilə müəyyən edilən müddəti malların ayrı-ayrı kateqoriyaları üzrə məhdudlaşdıra bilər. 7.3. Bu Qaydaların 7.1-ci bəndi ilə müəyyən edilən müddət başa çatanadək mallar digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Bu müddət başa çatdıqdan sonra qeyd olunan tələb yerinə yetirilmədikdə, həmin mallar barədə Gömrük Məcəlləsinin 57-ci fəslinə əsasən sərəncam verilir. 7.4. Bu Qaydaların 7.1-ci bəndi ilə müəyyən edilən müddət artırılmadan və gömrük proseduru dəyişdirilmədən malların bir gömrük anbarından digərinə daşınmasına gömrük orqanının icazəsi və nəzarəti altında yol verilir.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: İş materiallarında olan gömrük bəyannaməsindən görünür ki, cavabdeh "xxxx" MMCin müraciəti əsasında Ukrayna Respublikasından idxal edilmiş “Prezidentskiy Standart” markalı 8582,900 litr spirtli içki məmulatı xx.xx.2020-ci il tarixdə **********1370 sorğu nömrəli gömrük bəyannaməsi ilə 1 ay müddətində, yəni xx.xx.2020-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altına yerləşdirilmişdir. Gömrük qanunvericiliyinin tələbinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Mallar gömrük anbarı xüsusi gömrük proseduru altında 3 (üç) il müddətində saxlanıla bilər. Həmin müddət başa çatanadək mallar başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Bu müddət başa çatdıqdan sonra qeyd olunan tələb yerinə yetirilmədikdə, həmin mallar barəsində Gömrük Məcəlləsinin 57-ci fəslində müəyyən edilmiş qaydada sərəncam verilir. İş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati xəta haqqında 14000-1019/20 saylı iş baxılması üçün aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə görə malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə-fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarı məhkəmələrin hazırkı iş üzrə hüquqi mövqeyi nəzərə alınaraq qeyd edilən məsələ araşdırılmış və müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(007)-574/2020 nömrəli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 14000-1019/20 nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, "xxxx" MMC-nin ünvanına Ukraynadan gətirilmiş spirtli içki məmulatları **********1370 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə 1 ay müddətinə müvəqqəti saxlanca götürülmüşdür, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsinin iştirakı ilə "xxxx" MMC-nin anbarında müvəqqəti saxlancda olan həmin yükə gömrük baxışı keçirilmiş və məlum olmuşdur ki, "xxxx" MMC-nin 1 ay müddətinə müvəqqəti saxlanca verilmiş spirtli içki məmulatları anbarda toxunulmadan saxlanılır. Lakin müvəqqəti saxlanc müddətinin xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq "xxxx" MMC tərəfindən həmin yükün müvəqqəti saxlanc müddətinin tələbinə əməl olunmamışdır. Nəticədə "xxxx" MMC tərəfindən İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin direktoru protokolda göstərilənlərlə razı olduğunu və tərəflərindən inzibati xətanın törədildiyini bildirmişdir. Bundan başqa, yuxarı məhkəmələrin hazırkı iş üzrə hüquqi mövqeyi nəzərə alınaraq malların saxlanc yerində olub-olmaması araşdırılmış və “Malların anbara qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 15S nömrəli aktdan müəyyən edilmişdir ki, 179 ədəd 0,5 l “X4”, 70 ədəd 0,5 l “X2”, 11 ədəd 0,5 l “Presedent Standart”, 3 ədəd 0,75 l “X5”, 6 ədəd 0,75 l “X2”, 1 ədəd 1,75l “X2” markalı araqlar Birliyin anbarına saxlanca qəbul edilmişdir. Təhvil verən qismində İddiaçın Aksizli markalara nəzarət şöbəsinin böyük inspektoru Anar Cavidan imza etmişdir. İşin hallarından müəyyən edilir ki, cavabdeh tərəf etdiyi hərəkətsizliklə qanunvericiliyin tələblərini pozduğunu etiraf etmişdir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(007)-574/2020 nömrəli qərarına əsasən məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin direktoru protokolda göstərilənlərlə razı olduğunu və tərəflərindən inzibati xətanın törədildiyini bildirmişdir. Lakin hazırkı işin hallarından müəyyən olunur ki, inzibati xəta haqqında protokolun tərtib edilməsindən 1 il müddət keçsə də, "xxxx" MMC tərəfindən bəyan edilən mallar hələ də başqa prosedur altında yerləşdirilmədiyindən bununla bağlı xx.xx.2021-ci il tarixli 4 nömrəli bildiriş MMC-nin qeydiyyatda olduğu ünvana göndərilmişdir, şirkət yenə də hərəkətsizlik göstərərək gömrük rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət etməmişdir. Beləliklə, "xxxx" MMC üzərinə qoyulmuş vəzifə yerinə yetirilməməsində təqsirli olmuş, əksini sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bu da, öz növbəsində, gömrük orqanlarının normal fəaliyyətinə mane olan hərəkət (hərəkətsizlik) kimi qəbul edilməlidir. İşin hallarına əsasən "xxxx" MMC-nin **********1370 sorğu nömrəli gömrük bəyənnaməsi ilə müvəqqəti saxlancda yerləşdirilən və sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda yerləşdirilməyən malların ümumi litrajı 4898,85, ümumi gömrük dəyəri isə 23219,62 manatdır. Həmin mallara görə gömrük ödənişləri: - Aksiz vergisi üzrə: Mallar gömrük sərhədini keçən zaman qüvvədə olan qanunvericiliyə uyğun olaraq arağın hər litrinə 10 manat askiz vergisi hesablandıqda nəticə 48988,50 manat aksiz vergisi müəyyən edilir; - ƏDV üzrə: (gömrük dəyəri+aksiz vergisi+gömrük rəsmiləşdirilməsinə görə hesablanmış yığımlar)x18%, yəni (23219,62+48988,50+240)x18%=13040,66 manat ƏDV müəyyən edilir; - Dəbbə pulu üzrə: (aksiz vergisi+ƏDV)x0,1%x365 gün, yəni (48988,50+13040,66)x0,1%x365=22640,64 manat müəyyən edilir; - Gömrük yığımı üzrə “Gömrük yığımlarının məbləğlərinin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 168 nömrəli Qərarının 2.1.3-cü maddəsinə əsasən malların gömrük dəyəri 10000 manatdan yuxarı 50000 manatadək olduqda onların gömrük rəsmiləşdirməsinə görə 120 manat yığım hesablanır, 1.4-cü maddəsində isə qeyd olunmuşdur ki, mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və ya iş yerindən kənarda həyata keçirildikdə gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları ikiqat məbləğdə alınır. Nəticədə gömrük yığımı 120x2=240 manat kimi müəyyən edilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, "xxxx" MMC-nin **********1370 sorğu nömrəli gömrük bəyənnaməsi ilə aparılmış gömrük əməliyyatları nəticəsində dövlət büdcəsinə ödənilməli 240 manat gömrük yığımları, 13040,66 manat ƏDV, 48988,50 manat məbləğində aksiz vergisi, 22640,64 manat dəbbə pulu olmaqla ümumilikdə 84945,20 manat məbləğin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. "xxxx" MMC-nin **********1370 sorğu nömrəli gömrük bəyənnaməsi ilə aparılmış gömrük əməliyyatları nəticəsində dövlət büdcəsinə ödənilməli 240 manat gömrük yığımları, 13040,66 manat ƏDV, 48988,50 manat məbləğində aksiz vergisi, 22640,64 manat dəbbə pulu olmaqla ümumilikdə 84945,20 manat məbləğin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov