Məhkəmə qərarları › İş №e-2-1(112)-12051/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12051/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12051/2023 18.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd yazının bərpa edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd yazının bərpa edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 18 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 305 nömrəli Sərəncamı əsasında Bakı şəhəri, Suraxanı rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində (Yeni Yaşayış sahəsi, sahə 112) fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı (bundan sonra – iddiaçı) 0,06 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il qeydiyyat tarixli **********21 qeydiyyat nömrəli çıxarışına əsasən həmin torpaq sahəsi üzərində iddiaçının daimi istifadə hüquqları qeydiyyata alınmışdır. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 6.07.2020-ci il tarixli 147 saylı Sərəncamı ilə yuxarıda qeyd olunan xx.xx.2018-ci il tarixli Sərəncam ləğv edilmiş və bunun əsasında da torpaq sahəsinin iddiaçının istifadəsində olmasına dair qeydiyyat yazısı daşınmaz əmlakın dövlət reyestrindən silinmişdir. İddiaçı cavabdeh Sabunçu Rayon icra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 6.07.2020-ci il tarixli 147 saylı sərəncamının ona münasibətdə ləğv edilməsini məhkəmədən xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-504/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1644/2022 saylı, 7.09.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 215/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7.09.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 6.07.2020-ci il tarixli 147 saylı Sərəncamı əsasında silinmiş qeydiyyat yazısının (xx.xx.2019-cu il qeydiyyat tarixli **********21 qeydiyyat nömrəli) daşınmaz əmlakın dövlət reyestrində bərpa edilməsini və ona yeni çıxarış verilməsini xahiş etmişdir. Həmin müraciətin icrasından cavabdeh tərəfindən imtina edilmiş və xx.xx.2023- cü il tarixli məktubda göstərilmişdir ki,"...Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)-504/2022 saylı qərarında iddia tələbi “Sərəncamın ləğv edilməsi”dir və həmin qərarda Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 6.07.2020-ci il tarixli, 147 saylı Sərəncamı əsasında ləğv edilmiş qeydiyyat yazısının daşınmaz əmlakın dövlət reyestrində bərpa edilməsi və ya yeni çıxarışın verilməsi məsələsinə toxunulmamışdır. Müvafiq məhkəmə işi üzrə İdarə tərəf kimi cəlb edilməmiş və İdarənin üzərinə öhdəlik qoyulmamışdır...”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 305 nömrəli Sərəncamı əsasında ayrılmış və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində yerləşən (Yeni Yaşayış sahəsi, sahə 112) 0.06 ha torpaq sahəsinə dair onun istifadə hüququ ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının bərpa edilərək ona çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, məhkəmə qərarı ilə belə bir öhdəliyin qoyulub-qoyulmamasından asılı olmayaraq cavabdeh müvafiq əmlakla bağlı iddiaçının adına olan qeydiyyat yazısını avtomatik bərpa etməlidir. Ona görə ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli Sərəncamının ləğv edilməsinə əsas olan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 6.07.2020-ci il tarixli sərəncamı məhkəmə qərarları əsasında ləğv edilmişdir. Belə olan halda xx.xx.2018-ci il tarixli Sərəncam avtomatik öz qüvvəsini aldığına görə həmin Sərəncam əsasında iddiaçının xeyrinə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısı da bərpa edilməlidir. Cavabdehin imtinasının hüquqi əsası yoxdur. Ona görə də məktubda imtinanın hüquqi əsası göstərilməmiş və cavabdeh öz mövqeyini qanunvericiliyin tələbləri baxımından əsaslandırmamışdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: Cavabdehin nümayəndəsi iddiaya qarşı verilmiş etirazı müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron ərizə təqdim edərək məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli Sərəncamı əsasında iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsi ayrılmış və həmin Sərəncam əsasında iddiaçının torpaq sahəsinə daimi istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilmişdir. Sonradan Sabunçu Rayon İcra Hakimiyyəti 6.07.2020-ci il tarixli Sərəncamı ilə özünün əvvəlki, yəni, xx.xx.2018-ci il tarixli Sərəncamını ləğv etmiş və bunun nəticəsində iddiaçının adına dövlət reyestrində aparılmış qeyd ləğv edilmişdir. İddiaçı Sabunçu Rayon İcra Hakimiyyəti 6.07.2020-ci il tarixli Sərəncamını mübahisələndirmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin Sərəncam ləğv edilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ona ayrılmış torpaq sahəsi ilə bağlı ləğv edilmiş qeydin bərpa edilməsi və dövlət reyestrindən çıxarışın verilməsidir. Cavabdeh isə Sabunçu Rayon İcra Hakimiyyəti 6.07.2020-ci il tarixli Sərəncamının ləğv edilməsinə dair inzibati işə İdarənin cəlb edilmədiyi, həmin qərarla İdarənin üzərinə hər hansı bir öhdəlik qoyulmamasını əsas gətirərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsində sadalanmışdır. 8.0.1.-ci maddəyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydiyyatı üçün əsasdır. Göründüyü kimi, icra hakimiyyəti orqanlarının aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydiyyatı üçün əsasdır ki, baxılan işdə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha torpaq sahəsi ayrılması barədə Sabunçu Rayon İcra Hakimiyyəti xx.xx.2018-ci il tarixli Sərəncamı da bu əsaslardan biridir. Həmin Sərəncam ləğv edildikdən sonra iddiaçının torpaq sahəsi ilə bağlı hüququna dair dövlət reyestrində aparılmış qeyd ləğv edilsə də, sonradan bu qeydin ləğv edilməsinə əsas olmuş Sərəncam qanuni qüvvəsini almış məhkəmə qərarı ilə ləğv edilmişdir. Qeydin ləğv edilməsinə əsas olmuş Sərəncam öz hüquqi qüvvəsini itirdiyinə görə, həmin qeyd də bərpa edilməlidir. Bu barədə qanuni qüvvəsini almış məhkəmə qərarında cavabdehin üzərinə hər hansı bir öhdəlik qoyulmasına zərurət yoxdur. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qərarı məcburilik, preyudisiallıq, icraedilənlik, hüquqimüəyyənlik əlamətlərinə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni quvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. MPM-ə görə də qanuni qüvvəyə minmiş məhkəmə aktları məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur. (“X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0 və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların yaranma əsaslarından biri kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı təsbit edilmişdir. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qərarı Azərbaycan Dövləti adından çıxarılır və icrası bütün Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə cavabdehin imtinasının əsası kimi istinad etdiyi hal, yəni iş üzrə qəbul edilmiş məhkəmə qərarında cavabdeh İdarənin üzərinə hər hansı bir öhəliyin qoyulmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin qərarda cavabdeh İdarənin üzərinə hər hansı bir öhdəliyinin qoyulub-qoyulmamasından asılı olmayaraq cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə yaranmış hüququ (və ya ləğv edilmiş əvvəlki qeydin bərpasını) qeydə almalıdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüququnun yaranması əsasları kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yanaşı Qanunun 8.0-cı maddəsində digər əsaslar da sadalanmışdır. Cavabdeh istinad etdiyi bu dəlildən belə məntiqi nəticə hasil olur ki, həmin normada göstərilən hər hansı bir hüquq faktı baş verən zaman (misal üçün Müvafiq İcra Hakimiyyəti orqanları qərar qəbul edən zaman, order verən zaman, bələdiyyə qərarı ilə torpaq sahəsi ayrılan zaman, hərracda müqavilə bağlanan zaman, mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı verilən zaman və s.) cavabdehin üzərinə qeydin aparılması barədə öhdəlik qoyulmalıdır. Məhkəmə qeyd edir ki, digər əsaslar kimi qanuni qüvvəsini almış məhkəmə qərarı da daşınmaz əmlaka hüquqların yaranma əsasıdır və qətnamədə cavabdeh İdarənin üzərinə öhdəlik qoyulub-qoyulmasından asılı olmayaraq cavabdeh qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmiş hüququ qeydə almalıdır. Əks yanaşma qanuni qüvvəsini almış, məhkəmə qərarının yuxarıda sadalanan məcburilik, təkzibolunmazlıq, icra edilənlik və s. prinsiplərinə ziddir. Həmçinin hazırda olduğu kimi, cavabdehin imtinasından yaranan digər bir məhkəmə mübahisəsinin yaranmasına səbəb olur. Qeyd edilənlərə əsasən cavabdehin formal əsaslara söykənərək iddiaçının müraciətini təmin etməkdən imtina etməsi əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Buraya dövlət qeydiyyatı barədə müraciət olunan hüququn bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmaması, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmununun qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxsin müraciət etməsi, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktının qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunması, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxsin həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmaması, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmaması göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan hallardan hər hansı biri müəyyən edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 305 nömrəli Sərəncamı əsasında ayrılmış və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində yerləşən (Yeni Yaşayış sahəsi, sahə 112) 0.06 ha torpaq sahəsinə dair X2 istifadə hüququ ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının bərpa edilərək ona çıxarış verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar