Məhkəmə qərarları › İş №e-2-1(112)-12097/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12097/2023

11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12097/2023 11.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa olunması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək İddiaçı əlilliyin təyin edilməsinə dair qərarın ləğv edilməsi barədə iddiaçıya aid hissədə cavabdehin 2022-ci ilin dekabr ayında qəbul etdiyi qərarın ləğv edilməsi və iddiaçının əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsinin cavabdehə həvalə edilməsi xahiş edilmiş, ərizə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya 2017-ci il tarixdən 2-ci qrup əlillik təyin edilmiş, daha sonra 28 mart 2022-ci il tarixdən 5 il müddətinə yenidən ikinci qrup əlillik təyin edilmişdir. Ona təyin edilmiş əlillik 27 dekabr 2022-ci il tarixdən etibarsız hesab edilmiş, əlilliyin ləğvi barədə ona heç bir məlumat verilməmiş, tibbi yoxlaması aparılmamışdır. Bununla bağlı müraciətlər etsə də cavabsız qaldığından məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 23 noyabr 2022-ci il tarixdə əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmişdir ki, əlilliyin təyinatı barədə qüvvədə olan qərarın ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsinə dair məlumatın verilməsinə dair elektron sistemdən çıxarışdan görünür ki, iddiaçıya 28 mart 2022-ci il tarixdən ikinci dərəcəli 5 il müddətinə əlillik təyin edilmişdir. İş materiallarında olan əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçıya əlilliyin təyinatından əlavə müalicə-ixtisaslaşmış müalicənin davam etdirilməsi, diaqnozun əlillik təyin etməməsi əsasları ilə imtina edilmiş, sonradan cavabdeh tərəfindən əlilliyin təyin edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin 2022-ci ilin dekabr ayında qəbul etdiyi qərardan görünür ki, əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinənin aparılması üçün vətəndaş 23 noyabr 2022-ci il tarixdə əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmiş, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən əlilliyin təyinatı barədə qərar ləğv edilmişdir. Canlı müayinəyə dəvət edilməsi barədə bildirişdən görünür ki, ünvan 1 ünvana canlı müayinənin aparılması barədə bildiriş göndərilmiş, bildiriş Məmmədli soyadlı şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. Mənzil Tikinti Kooperativinin məktubundan görünür ki, ünvan 2 ünvanı rəsmi olaraq ünvan 3ış sahəsi ilə ünvan 4 ünvanında yerləşən yaşayış sahələri eyniyyət təşkil etmir. ünvan 5 ünvanda Məmmədli soyadında şəxs yaşamır. Həmin ünvanda yerləşən yaşayış sahəsi İddiaçı məxsusdur və ailə üzvləri ilə birlikdə orada yaşayır. Telefonoqramlarda qeyd edilmişdir ki, iddiaçıya əyani müayinəsinin aparılması üçün aidiyyəti şöbənin əməkdaşı E.Balıyeva tərəfindən 02 noyabr 2022-ci il tarixdə, eləcə də 23 noyabr 2022-ci il tarixdə vətəndaşın göndərişdə qeyd olunan mobil nömrəsinə zəng edilmiş, lakin telefona zəng çatmamışdır. Elektron sənəddən görünür ki, 29 nəfərin əlillik təyinatı barədə qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin düzgünlüyünə şübhə yaranmış və həmin şəxslər barəsində inzibati icraat aparılmışdır ki, bu şəxslərin əyani müayinəyə çağrılması barədə məktublar göndərilmiş, 1 nəfərin əlilliyi qüvvədə saxlanılmış, 1 nəfərə tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı dəyişdirilmiş, digər 27 nəfər şəxsin əlillik təyinatı barədə qərarlar ləğv edilmişdir. İşin yuxarıda qeyd olunan faktiki halları ilə bağlı aşağıdakı maddi hüquq normalarının qeyd edilməsi zəruridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 21.1.Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. -64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın -1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. -1.2.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. -2.1.Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3.Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -3.4.Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. -3.5.Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. -3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qanunvericiliyin tələbindən də göründüyü kimi əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyü ilə bağlı hər hansı əsaslı şübhələrin mövcudluğu həmin qərarın birbaşa ləğvinə və ya etibarsızlığına səbəb olmur. Bununla əlaqədar olaraq mövcud şübhəli hallarla bağlı müvafiq araşdırma aparılmalı, şəxs əyani müayinəyə cəlb edilməli, bundan sonra isə qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilmiş və iddiaçıya 5 il müddətinə əlillik dərəcə əlillik təyin edilmişdir. Daha sonra isə əlillik təyinatının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması adı ilə əlillik ləğv edilmişdir. Qeyd olunur ki, məhkəmə tərəfindən əlilliyin ləğv edilməsi ilə bağlı inzibati icraat materiallarına daxil olan bütün sənədlərin təqdim edilməsi barədə sorğu ünvanlanmış, məhkəməyə bununla bağlı cavabdeh tərəfindən məlumat və sənədlər də təqdim edilmişdir. Təqdim edilmiş sənəd və işin digər faktiki hallarının araşdırılması ilə bağlı məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya təyin edilmiş əlilliyi ləğv edərkən aparmış olduğu inzibati araşdırma inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 21,24,25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Lakin, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, öz təşəbbüsü ilə başladığı inzibati icraatda prosessual pozuntulara yol vermişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi əlilliyin ləğvi barədə qərarda istinad edilən əlillik təyinatlarının əsaslılığnın müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə bağlı əyani müayinəyə iddiaçı çağrıldığı, gəlmədiyi səbəbindən əlillik təyinatı barədə qərar ləğv edilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, inzibati icraatın inzibati orqanın öz təşəbbüsü ilə başlanılması mümkündür, lakin öz təşəbbüsü ilə icraatın başlanılması iddiaçı barəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə şübhə doğuracaq əsaslı şübhələrin mövcud olduğu hallarla bağlılığı zəruridir ki, məhkəmə həmin halların nədən ibarət olmasını iddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərlə yox məhz iddiaçı barəsində aparılan yeni inzibati icraat sənədlərində müəyyən etməlidir. Başqa sözlə cavabdeh iddiaçını əyani müayinəyə çağırarkən, hansı səbəbdən əlilliyin ləğv edilməsi məsələsinə baxdığını qeyd edərkən təkcə “müxtəlif risk qrupları üzrə araşdırılma” ifadəsi ilə kifayətlənməməli, istər iddiaçının əyani müayinəsinə cəlb edilməsi barədə sənədlərdə, öz təşəbbüsü ilə inzibati icraatın aparılması barədə sənədlərdə, ən əsası da iddiaçı barəsində əlverişli inzibati aktın ləğvinə əsas olmuş qərarda konkret olaraq iddiaçıya təyin edilmiş əlilliyin şübhə doğurma əsaslarını əsaslandırılmalıdır. Lakin, iş materiallarından görünür ki, “müxtəlif risk qrupları üzrə araşdırılma” ifadəsi istisna olmaqla cavabdehin öz təşəbbüsü ilə inzibati icraatın başlanılması səbəbləri barədə hər hansı məlumat mövcud olmamışdır. Təkcə iddiaçının əyani müayinəyə cəlb edilməsi barədə bildirişdə əlilliyin təyininə əsas olmuş qərarın düzgünlüyünə şübhə yaradan sübutların təqdim edildiyinə istinad edilmişdir ki, həmin sübutların nədən ibarət olması, qərarın düzgünlüyünə şübhə olunan hallar barədə də heç bir məlumat mövcud olmamışdır. Başqa sözlə inzibati orqan reallıqda həqiqiliyi istisna edilməyən halları özlüyündə müəyyən edərək heç bir rəsmiləşmə aparmadan canlı müayinəyin keçirilməsinə çalışmış, əyani müayinə baş tutmadıqda da şəxsin əlilliyinin səhv olması qərarına gəlmişdir. Halbuki, ən azından əlilliyin təyininin qanunsuz hesab edilməsi ilə bağlı qəbul edilmiş inzibati akt əsaslandırılmalıdır. Belə ki, “İnzibati icraat haqqında Qanunun: 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. 59.3. İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Hazırkı iş üzrə mübahisələndirilən qərarın əsaslandırılmasından isə söhbət gedə bilməz. Halbuki, cavabdeh nəzərə almalıdır ki, iddiaçı da həqiqətən də əlilliyin təyininə əsas olan xəstəliklər mövcud olmasa belə bu barədə qəbul ediləcək qərar inzibati icraatla bağlı qanunvericiliyin təkcə maddi yox, prosessual hüquq normalarının tələblərinə görə də düzgün olmalıdır. Qəbul edilən qərarın əsaslandırılmaması prosessual pozuntudur ki, inzibati işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bütün bunlar nəzərə alınmaqla inzibait aktın əsaslandırılmış olması barədə cavabdehin qərarlarının ləğvi barədə mövqe nümayiş etdirmişdir ki, hazırkı iş üzrə qəbul edilmiş qərarın həmin təcrübəyə uyğun olmadığı aşkar görünür. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, pozuntu təkcə inzibati icraat gedişində və qəbul edilən qərarda təyin edilmiş əlilliyin ləğvinə əsas ola biləcək inzibati araşdırmanın öz təşəbbüsü ilə başlanılması və əlilliyin ləğv edilməsinin əsaslandırılmaması ilə bağlı olmamış, cavabdeh əyani müayinəyə iddiaçını çağırarkən də növbəti prosessual pozuntuya yol vermişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əyani müayinə barədə məlumatı olmamış, həmin şəxs əyani müayinəyə çağrılmamış, cavabdeh tərəfindən əyani müayinəyə dəvət edilmə barədə bildiriş oxşar başqa ünvana göndərilmiş və tamamilə başqa şəxs "xxxx" soyadlı bir şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Belə ki, MTK tərəfindən məhkəmə sorğusuna əsasən təqdim edilən sənədlərdən göründüyü kimi iddiaçının yaşadığı ünvan cavabdehin bildirişi göndərdiyi ünvanla oxşar olsa da eyni olmamış, ünvanlar oxşar olsa da fərqli yaşayış evləri ilə bağlı olmuş, əyani müayinəyə dəvət edilmə barədə bildiriş iddiaçı və onun ailə üzvlərinin yaşadığı ünvana yox, "xxxx" soyadlı şəxsin yaşadığı ünvana göndərilmişdir. Bununla bağlı vurğulanması zəruridir ki, maraqlı şəxsin inzibati icraatda iştirakının təmin edilməsi vəzifəsi təkcə bildirişin göndərilməsi ilə bağlı olmayıb, həmin şəxsin iştirakının təmin edilməsinə yönəlmiş bütün tədbirlərin həyata keçirilməsini də ehtiva edir. Doğrudur cavabdeh tərəf telefonoqramlar təqdim edərək iddiaçının mobil nömrəsi ilə əlaqə saxlamağa çalışsa da, zəng çatmaması səbəbindən onunla danışmaq imkanı olmadığına istinad etsə də, məhkəmə həmin halların əyani müayinəyə iddiaçının dəvət edilməsi üçün kifayət hesab etmir. Belə ki, əyani müayinə barədə onsuz da tam məlumatın olmadığı bildirişin düzgün ünvana çatdırılmadığı iş materialları ilə müəyyən edilir. Mobil nömrəyə zəng çatmaması da vəziyyəti iddiaçının ziyanına dəyişmir. Məhkəmə xüsusi ilə də vurğulamağı zəruri hesab edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsi ilə bağlı məhz cavabdehin telefonoqram istinad etdiyi nömrə ilə əlaqə saxlanılmış iclas barədə məlumat verilmiş, eləcə də sonuncu məhkəmə iclasında da həmin nömrəyə zəng edilmiş, iddiaçı həmin vaxt olmasa da, daha sonra həmin nömrədən əks əlaqə saxlamışdır ki, məhz əyani müayinənin aparılacağı vaxtda nömrəyə 2 dəfə fərqli tarixlərdə zəngin ümumiyyətlə çatmaması məhkəmə araşdırması gedişində müəyyən edilə bilməmişdir ki, hər bir halda qeyd olunan xüsusat əlilliyin təyini barədə qərarın qüvvədə saxlanılmasına əsas yarada biləcək əyani müayinənin aparılmasını istisna edən hal hesab edilmir. Məhkəmə məlumatlandırma ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, inzibati icraatda şəxsin inzibati icraatda iştirakını zəruri edən analoji mövqe inzibati məhkəmə icraatı üçün də keçərlidir ki, məhkəmə tərəfindən hətta ilkin baxışından uğurluluğun mövcud olma ehtimalı aşağı olan, eləcə də iddianın mümkünlüyü baxımından istisna edilməsi üçün ciddi əsasların olduğu işlər üzrə də şəxsin məhkəmə iclasında iştirakını təmin edir və etməlidir. Əks halda şəxsin iştirakı olmadan qəbul edilən qanuni qüvvəyə minməmiş qərar və qərardadların prossesual baxımından qanuniliyi əlavə yoxlama predmeti olur ki, necə ki, məhkəmənin qəbul etdiyi qərar və ya qərardad prosessual baxımından qanuni olmalıdır və bu qanuniliyin ən mühüm elementlərindən biri kimi şəxsin iştirakının təmin edilməsi dayanır, həmin tələblər inzibati orqanlar üçün də keçərlidir. Belə olduğu təqdirdə də cavabdeh inzibati orqan hər hansı üzrlü səbəb göstərmədən onun barəsində qəbul edilmiş əlverişli inzibati aktın ləğvi ilə bağlı şəxsi inzibati icraatla bağlı qanunvericilikdə nəzərdə tutulmuş istisnalar nəzərə alınmaqla məlumatlandırmağa, iştirakını təmin etməyə borcludur. Hazırkı iş üzrə isə həmin məlumatlandırma həyata keçirilməmiş, iddiaçının iştirakını təmin edilmədən, əyani müayinədə iştirakı olmadan iddiaçının əlilliyi ləğv edilmişdir. Beləliklə, iddiaçı barəsində təyin edilmiş əlilliyin ləğv edilməsinə dair öz təşəbbüsü ilə inzibati icraatın başlanılmasının konkret əsasları müəyyən edilməmiş, qəbul edilmiş əlverişsiz inzibati akt əsaslandırılmamış, iddiaçının əyani müayinədə iştirakı təmin edilməmişdir. Bu səbəbdən də mübahisələndirilən qərarın ən azından prosessual baxımından qanuniliyindən söhbət gedə bilməz. Prosessual baxımından qanunsuz inzibati aktın qanuniliyindən isə “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbi baxımından söhbət gedə bilməz. Adıçəkilən maddənin tələbindən görünür ki, İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Bunun davamı kimi də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki həmin inzibati akt prosessual baxımından qanunsuzdur, onun legitimləşdirilməsi baxımından məhkəmə iclasında iddiaçının iştirakının təmin edilməsi, əlilliyin ləğvinə əsas olmuş halların məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilməsi, əyani müayinənin keçirilməsi və s yolverilməzdir. Belə ki, məhkəmə icraatı inzibati orqanın prosessual tələblərlə aparılmalı olan inzibati icraatın qanuniləşdirilməsinə xidmət etmir. Bu səbəbdən də inzibati orqan iddiaçının əlilliyinin ləğvinə əsas olan konkret halları apardığı öz inzibati icraatında əks etdirməli, əyani müayinəni həyata keçirilməlidir ki, məhkəmə həmin inzibati icraatın düzgünlüyünə qiymət verə bilsin. Lakin, indiki halda məhkəmənin cavabdehin cəlb etməli olduğu iddiaçının iştirakını təmin etməsi, əyani müayinəsini aparması hüquqi baxımından inzibati icraatın məhkəmə tərəfindən aparılması və yaxud da aparılmamış inzibati icraatdakı çatışmazlıqların doldurulmasına xidmət etmiş olacaqdır ki, prosessual normalara riayət edilməsi zərurəti də məhz həmin halların baş verməməsi baxımından əhəmiyyət daşıyır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə uyğun olaraq məhkəmə hesab edir ki, inzibati icraatın düzgün aparılmaması qəbul edilmiş qərarın ləğv edilməsinə səbəb olur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əlilliyin təyin edilməsinə dair qərarın ləğv edilməsi barədə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi dekabr 2022-ci il tarixli qərarı iddiaçıya aid hissədə ləğv edilsin. İddiaçı təyin edilmiş əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar