Məhkəmə qərarları › İş №e-2-1(112)-12181/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12181/2024

16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12181/2024 16.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi N.Nərimanov küçəsiev 3B ünvanında yerləşən 5 nömrəli mənzilə dair yüklülüyün qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrindən ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi N.Nərimanov küçəsiev 3B ünvanında yerləşən 5 nömrəli mənzilə dair yüklülüyün qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrindən ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi və "xxxx" Kredit İttifaqı MMC məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, KT-002 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ilə "xxxx" MMC-dən X8 müəyyən məbləğdə kredit götürüb. Kredit müqaviləsi ilə əmələ gələn öhdəliyin icrasının təminatı kimi iddiaçıya məxsus ünvan 4 mənzil 5 ipoteka yüklü edilib. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi N.Nərimanov küçəsiev 3B mənzil 5 "xxxx" MMC-nin xeyrinə hüquq yüklü edilib. "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli arayışından görünür ki, X8 KT-002 saylı kredit müqaviləsi üzrə AFS Kredit İttifaqı” MMC-dən aldığı kredit məbləğini və ona hesablanmış faizi 27 aprel 2017-ci il tarixində tam ödəmişdir. Hal-hazırda kredit borcu yoxdur. ünvan 4 mənzil 5 KT-002 saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə hüquq yüklü edildiyindən həmin kredit müqaviləsi üzrə öhdəlik yerinə yetirildiyindən mənzil ipoteka yüklülüyündən azad edilməlidir. Bununla əlaqədar olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı ərazi İdarəsinə müraciət edilmişdir. xx.xx.2024-cü il tarixdə vətəndaş İddiaçı olaraq müraciət etsə də onu etibarnamə və heç bir aidiyyatı olmadığı halda "xxxx" MMC-nin nümayəndəsi kimi qeyd ediblər və imtina cavabında "xxxx" MMC-nin nümayəndəsinə verilir kimi veriblər. İmtinanı onunla əsaslandırıblar ki, "xxxx" MMC-nin Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi qarşısında öhdəlik tam icra edildikdən sonra kreditin təminatı kimi təqdim edilmiş əmlakın ipoteka yüklülüyündən azad olunmasına razılıq verilməsi məsələsinə baxıla bilər. İmtina tam əsassız və qanunsuzdur. Beləki, təqdim olunan sənədlərdən də görünür ki, iddiaçıya məxsus Suraxanı rayonu, Bülbülə qəsəbəsi N.Nərimanov küçəsiev 3B mənzil 5 "xxxx" MMC-dən götürülən kredit müqaviləsinə əsasən sonuncunun xeyrinə hüquq yüklü edilib. Və onun öhdəliyi Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi qarşısında deyil "xxxx" MMC-nin qarşısındadır. xx.xx.2017-ci il tarxili arayışdan da müəyyən edilir ki, iddiaçı "xxxx" MMC qarşısında öhdəliyini tam icra etmişdir. Bu səbəbdən mənzil ipoteka yüklülüyündən azad olmalıdır. "xxxx" MMC ilə Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi arasında olan krediti və digər mübahisə və öhdəliyin iddiaçıya heç bir aidiyyatı yoxdur. İddiaçının oğlu və nümayəndəsi Ağayev X1 klassik Hockin limfoması, İV B mərhələ PKT-dansonrakı vəziyyət Ağırlaşma C81.1 Nodulyar sklerozlu klassik Hockin limfoması, İV B mərhələ PKTdan sonrakı vəziyyət,Yanaşı xəstəliklər G24 Distoniya, NSD xəstəliklərindən əziyyət çəkir. Bu ağır xəstəliklərdən müalicə olunmaq üçün xeyli miqdarda pulu ehtiyac var. Mənzili satıb övladını müalicə elətdirməlidir. Onun Xarici ölkədə müayinəyə ehtiyacı var. Lakin qanunsuz imtina səbəbindən iddiaçı bunu vaxtında edə bilmir. Hər hansı bir məbləğ insan taleyindən üstün ola bilməz. Bundan başqa oxşar məsələlərlə bağlı artıq vahid məhkiəmə təcrübəsi formalaşıb. Şirvan İnzibati və Şirvan Apelsiyya məhkəmələrdə oxşar işlərə baxılıb və ipoteka yüklülüyünün qeydiyyatının ləğvi öhdəliyi cavabdehin üzərinə qoyulub. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı ərazi İdarəsinin əssasız imtinası iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla pozulmasına səbəb olur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir

İİ. İddianın növü və mümkünlüyü

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

6. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və ona imtina edilmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaaycan Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh və üçüncü şəxslər məhkəmə bахışında öz nümаyəndələrinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdirlər. Üçüncü şəxs Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin və üçüncü şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

İİİ. Tədqiq edilmiş sənədlər

"xxxx" Kredit İttifaqı MMC-nin 14/17 nömrəli, 24 fevral 2017-ci il tarixli İddiaçı adına verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə olunması üzrə Dövlət Xidmətinin hesabına və "xxxx" Kredit İttifaql MMC-nin vasitəsilə ona 22 iyul 2024-cü il tarixdə kredit verilmişdir və qeyd olunan kreditin təminatı kimi “ünvan 2 ünvanı girov təqdim olunmuşdur. Borcalan tərəfindən kreditin qalıq borcu tam ödənilmiş, hal-hazırda, həmin kredit üzrə onun "xxxx" Kredit İttifaqı MMC-yə heç bir öhdəliyi yoxdur. ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışa əsasən, ünvan 2 ünvanı hüququ yüklü edilən şəxs İddiaçı, xeyrinə hüququ yüklü edilən şəxs "xxxx" Kredit İttifaqı MMC olmaqla dövlət qeydiyyatına alınmışdır. "xxxx" Kredit İttifaqı MMC-nin 14/55 nömrəli, 27 aprel 2017-ci il tarixli arayışında qeyd edilmişdir ki, X5 KT-002 saylı kredit müqaviləsi üzrə AFS Kredit İttifaqı MMC-dən aldığı kredit məbləğini və ona hesablanmış faizi 27 aprel 2017-ci il tarixdə tam ödəmişdir, halhazırda kredit borcu yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanlandığı xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-A-07xx-xx/2024 **********13 nömrəli məktubuna əsasən bildirilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsi, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmə qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. “Daşınmaz Əmlak üzərinə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-25532/2024 **********32 nömrəli Bildirişə əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış sorğuya xx.xx.2024-cü il tarixli, 3-22-2/2-1222/2024 saylı cavab məktubunda bildirilmişdir ki, Agentlik qarşısında olan öhdəlik tam icra edilməmiş, indiki tarixə əsasən 75,596.23 (yetmiş büş min beş yüz doxsan altı manat iyirmi üç qəpik) AZN kredit qalığı qalmışdır. Odur ki, Agentlik qarşısında öhdəlik tam icra edildikdən sonra kreditin təminatı kimi təqdim edilmiş əmlakın ipoteka yüklülüyündən azad olunmasına razılıq verilməsi məsələsinə baxıla bilər. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən ünvan 2 ünvanına dair sənədlərin təsdiq edilmiş surətləri göndərilmişdir. KT-002/02 saylı, 31 iyul 2014-cü il tarixli “İpoteka müqaviləsi”nə əsasən, "xxxx" MMC, onun İdarə Heyətinin sədri X6 adından Lənkəran rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu X3 tərəfindən verilmiş 11 avqust 2014-cü il tarixli etibarnamə əsasında X7 çıxış edərək bir tərəfdən, irəlidə “İpoteka qoyan” adlandırılacaq, İddiaçı Ərəstun çıxış edərək, ikinci tərəfdən və irəlidə “borcalan” adlandırılacaq X8 üçüncü tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ hüquqi aktlara, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müqavilə bağlanılmışdır.

İV. Məhkəmənin mövqeyi

7. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.

8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 20.1. Daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə məlumat qeyd edilir. 20.4. İpotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. 20.5. İpotekanın dövlət qeydiyyatının digər xüsusiyyətləri, o cümlədən əlavə dövlət qeydiyyatının aparılması qaydası ipoteka haqqında qanunvericiliklə tənzimlənir.

9.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na əsasən:

1.3. Güzəştli maliyyələşmələrin, o cümlədən kreditlərin, lizinq vəsaitinin, təminatların və güzəştlərin aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və ailə kəndli təsərrüfatlarına (bundan sonra – sahibkarlıq subyektləri) çatdırılması müvəkkil banklar, bank olmayan kredit və lizinq təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və tam və ya qismən öz riskləri hesabına həyata keçirilir.

10.Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:

269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 270.2. Bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir. 294.1. Girova aşağıdakı hallarda xitam verilir: 294.1.1. girovla təmin edilmiş öhdəliyə xitam verildikdə; 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 309.2. İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır.

11 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 12.1. Daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.

12. İşin faktiki hallarına əsasən, "xxxx" MMC ilə X8 arasında bağlanılmış kredit müqaviləsi və İddiaçı Ərəstun oğluna məxsus ünvan 2 ünvanının yüklü edilməsi barədə ipoteka müqaviləsinə əsasən həmin ünvan yüklü edilmişdir. "xxxx" Kredit İttifaqı MMC-nin arayışlarından görünür ki, kredit borcu borcalan tərəfindən tam ödənilmişdir. İddiaçı cavabdehdən mübahisəli ünvanın yüklülüyün qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrindən ləğv edilməsini xahiş etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilmişdir. Məhkəmə iddiaçının iddiasının uğurulu olması qənaətinə gələrək aşağıdakları qeyd edir: Sahibkarlıq subyektlərinə müvəkkil kredit təşkilatları vasitəsilə verilən dövlət vəsaitləri həmin kredit təşkilatlarının adından və onların öz riskləri hesabına verilir. Başqa sözlə, dövlət vəsaitinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyinə qaytarılmasına görə məsuliyyəti müvəkkil kredit təşkilatları daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı öz əmlakını Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ipoteka qoymuşdur. Həmin kredit öhdəlikləri ilə əlaqədar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, yaxud Nazirliyin başqa bir qurumu ilə İddiaçı arasında ipoteka müqaviləsi bağlanmamış, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin hər hansı bir qurumu qarşısında heç bir öhdəlik götürməmişdir. Eyni zamanda, iddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ipoteka müqaviləsində iddiaçının Aqrar Kredit və İnkişaf Agentliyi qarşısında hər hansı öhdəlik götürməsi nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ipoteka hüququna xitam verilməsinin dövlət qeydiyyatının aparılmamasını tələb edə bilməz və cavabdeh həmin Agentliyin məktubuna əsaslanaraq, qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olamışdır. Cavabdeh inzibati orqanın digər imtina əsası əmlakın üzərinə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvafiq məktubuna əsasən nəzarət qoyulmasıdır. Həmin hissə ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli sxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun icra qeydlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarlarının məcburi icrası zamanı borclunun üzərinə həbs qoyulması halı qanunvericiliklə müəyyən edilmişdir. İnzibati orqan tərəfindən əmlakın üzərinə həbs qoyulması barədə məhkəmənin müvafiq aktının olmadığı bildirilmiş və həmin aktın olması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının mənzilinin üzərində olan ipoteka yüklüyünün götürülməsindən əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin həmin hissədə də imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir

13. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir.

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun

- 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

16. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi N.Nərimanov küçəsiev 3B ünvanında yerləşən 5 nömrəli mənzilə dair yüklülüyün qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrindən ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

17. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. ünvan 4 ünvanında yerləşən 5 nömrəli mənzilə dair yüklülüyün qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrindən ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar