Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-12192/2021 24.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Solmaz Elçin qızı Əsədzadənin katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1 və onun vəkili Nümayəndə iştirakları ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı arayışın verilməsi və s. tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin X1 ailəsinə şəhid vəsiqəsinin verilməsi istiqamətindəki qanunsuz müdaxiləsinin dayandırılmasına və X1 şəhid və ailəsinin isə şəhid hesab edilməsi üçün müvafiq arayış verilməsi öhdəliyinin cavabdehə həvalə oluması barədə qərar çıxarılmasını xahiş etmişlər, həmin iddia ərizəsi 10 noyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. İddiaçılar tələblərini onunla əsaslandırmışdır ki, onların oğulları mərhum kapitan X7 Əliyev adına Ali Hərbi Məktəbini 2010-cu ildə müvəffəqiyyətlə bitirərək, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə başlamışdır. 2010-2019-cu illərdə X5 Korpusunda, 2019-cu ildən isə N saylı hərbi hissədə xidmət etmişdir. Hərbi hissənin xidmət ərazisinə daxil olan təmas xətlərində rabitə əlaqəsinin təmin və bərpa olunmasında zabit kimi iştirak etmişdir. 2020-ci ilin 27 sentyabr tarixində erməni silahlı birləşmələrinin təxribat və hücumlarının qarşısının alınması istiqamətində başladılmış əks-hücum əməliyyatlarında iştirak etmiş və 2 oktyabr tarixində xəstələnərək xəstəxanaya yerləşdirilmişdir. Lakin müalicənin gecikdirilməsi və xəstəliyin ağırlıq dərəcəsinin düzgün qiymətləndirilməməsi Sənan Mansurovun səhhətində ağırlaşmalara səbəb olmuşdur. Ona görə də 7 oktyabr 2020-ci il tarixində Kür qəsəbə xəstəxanasından Mərkəzi Neftçilər xəstəxanasına köçürülmüşdür. Bu xəstəxanada aparılan intensiv müalicə nəticə verməmiş və 6 noyabrda Sənan Mansurov özünə gəlmədən vəfat etmişdir. Ayrı-ayrı vaxtlarda mərhum Sənan Mansurovun ailə üzvləri tərəfindən Müdafiə Nazirliyinə müraciət edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın 4.1-ci maddəsinə əsasən Sənan Mansurovun şəhid və ailəsinin isə şəhid ailəsi hesab edilməsi üçün arayış verilməsi xahiş edilmiş, lakin Müdafiə Nazirliyinin sonuncu daxil olan 08.05.2021-ci il tarixli, 1/M-11376 nömrəli məktubu ilə (məktub) onların müraciətləri təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçılar İddiaçı2, İddiaçı1 və sonuncunun vəkili Nümayəndə ayrıayrılıqda iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iddiaçıların və vəkilin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan iddiaçılara məxsus müvafiq olaraq AZE seriyalı 0******* №li və AZE seriyalı ******** №li şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, xx.xx.1962-ci ildə və xx.xx.1964-cü ildə Qazax rayonu Qaymaqlı rayonunda doğulmuş İddiaçı2 və İddiaçı1 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Ağstafa şəhəri Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İddiaçılar və vəkil ayrı ayrılıqda işin aidiyyatı üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etdiklərini bildirdilər. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı arayışın verilməsi və s. tələbinə dair 2-1(112)-12192/2021 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-12192/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-12192/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver