Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-122/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X15 cəlb edilməklə) “qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 2 sahəsinin qeydiyyatının və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli X5 adına verilmiş çıxarışın ləğvi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bu barədə X5 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışın evə dair hissədə ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi dəqiləşdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 93 A İddiaçı atası X16 məxsus olmuş, əmlak onun vəfatından sonra xx.xx.2019-cu il tarixdə özəlləşdirilərək onun adına çıxarış alınmış, bununla belə çıxarış yalnız torpaq sahəsinə verilmişdir. Halbuki, qeyd edilən əmlak-həm torpaq sahəsi, həm də üzərindəki fərdi yaşayış evi X16 məxsus olmuşdur, həmin torpaq sahəsinin özələşdirilməsindən sonra qeyd edilən torpaq sahəsi vərəsələr tərəfindən qəbul edilmiş, nəticədə yalnız torpaq sahəsi vərəsəlik qaydasında bölüşdürülmüş, fərdi yaşayış evi isə X5 mülkiyyətinə verilmişdir. Bununla bağlı iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 93 A sahəsinin özələşdirilməsinin ləğvini, xx.xx.2019-cu il tarixli ********** saylı X12 adına verilmiş çıxarışın və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli X5 adına verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə ərizə ilə rəsmi qaydada cavabdehə müraciət etmişdir. Nəticədə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində müraciətinə imtina cavabı verilmişdir. İmtina səbəbi isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələrində bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həlli ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı cavabdeh tərəfindən imtina məktubunu rəsmi qaydada poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixində qəbul etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X15 iş üzrə məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, iddiaçı X7 etibarnamə üzrə nümayəndəsi Vəkil müvafiq iddia tələbi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə idarəyə müraciət etmişdir. Bununla əlaqədar olaraq bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məlumat üçün bildirilir ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə hər biri 1/6 hissədə olmaqla, X3, X4, X2, X6, X5 payları müəyyən olunmuş, 1/6 hissə isə açıq saxlanılmışdır. Həmçinin xx.xx.2019-cu il tarixli torpaq sahəsinə dair miras payın bağışlanma müqaviləsi ilə X13, X8 və X17 öz paylarını X9 bağışlamış və daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Müvafiq ünvanda yerləşən torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində məlumatlandırma icraatı qaydasında tələb olunan sənədlər təqdim olunaraq torpaq sahəsi və fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində vahid əmlak kimi qeydiyyata alınmışdır. Hal-hazırda sözügedən fərdi yaşayış evi və torpaq sahəsi 4/6 hissədə olmaqla, X5, 1/6 hissədə torpaq X3, 1/6 hissə isə açıq qalmaqla X12 paylı mülkiyyətlərindədir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında”AR Qanununun 2.1-ci və AR İPM-nin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülkihüquqi münasibəti, yəni mülkihüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ və digər məhdud əşya hüququnun prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın icarəsi nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması məhkəmədən xahiş edilmişdir. Üçüncü şəxs X15 tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, miras qoyan mərhum atası X19 xx.xx.2016-cı il tarixində vəfat etdikdən sonra iddiaçı miras əmlakın qəbulu ilə notariat kontoruna müraciət etməmişdir. Nəticədə digər vərəsələr miras əmlakın qəbulu ilə bağlı notariat kontoruna müraciət etmiş, vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmiş və miras qoyanın vərəsələri olaraq hazırkı iş üzrə 3-cü şəxs X15 və iddiaçının bacıları, anası tanınmış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilərək onlara verilmiş, onlar isə öz növbəsində miras əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almışlar. İşin faktiki hallarından da görünür ki, İddiaçı miras qoyanın ölümündən təqribən 3 (üç) il keçməsinə baxmayaraq miras əmlakla bağlı heç bir addım atmamış, mirasın qəbulu ilə bağlı aidiyyəti quruma müraciət etməməklə hərəkətsizlik nümayiş etdirmiş, bununla da miras əmlaka dair tələbinin olmadığını bildirmişdir. Nəticədə iddiaçı miras əmlakın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətləri ötürmüşdür. İddiaçı 2021-ci ildə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 3 sahənin xx.xx.2019-cu il tarixdə X12 adına ilkin qeydiyyatının ləğv edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2- 1(112)-4655/2021 saylı qərarı ilə iddia təmin edilmiş, ünvan 3 sahədə yerləşən 0.074 ha torpaq sahəsinin X12 adına ilkin qeydiyyatının ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-1581/2022 saylı qərarına əsasən, 3-cü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-1(112)-4655/2021 saylı qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (X15 3-cü şəxs qismində cəlb olunmaqla) “ilkin qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə qətnaməsinə əsasən müəyyən olunmuşdur ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 0.074 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüquqları Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli, 2(008)-1273/2019 saylı qətnaməsi nəzərə alınmaqla, mərhum X12 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. Müvafiq torpaq sahəsi üzərində hüquqların qeydiyyatı məqsədilə İdarəyə müraciət zamanı ərizəyə mərhum X12 vərəsəsi olan X5 torpaq sahəsinin evsiz özəlləşdirilməsinə etiraz etməməsi və gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacağı barədə notarial qaydada təsdiq edilmiş ərizə əlavə edilmişdir. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X12 vərəsələri X14, X13, X8, X17, X15 müəyyən edilmiş, miras əmlakdan onlardan hər biri 1/6 hissədə pay almış, miras payın 1/6 hissəsi açıq saxlanılmışdır. xx.xx.2019-cu il tarixli miras payın bağışlanma müqaviləsi əsasında X13, X8, X17 onlara düşən vərəsəlik payını X9 bağışlamışlar. Qanun üzrə vərəsəlik şəhadətnaməsi və miras payın bağışlanma müqaviləsi əsasında ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin 4/6 hissəsi X5, 1/6 hissəsi X3 adına qeydiyyatdan keçmiş, 1/6 hissə isə açıq saxlanılmışdır. Torpaq sahəsi üzərində mülkiyyəti təsdiq edən sənəd, eskiz layihə, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (Sabunçu Rayon İcra Hakimiyyəti) ünvanlanmış sifarişli, poçt göndərişi və digər payçı olan X3 qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, ev 93A (yeni qaydalarla: Sabunçu rayonu, Maştağa qəsəbəsi, Firəngiz Əhmədova küçəsi, ev 46) ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları X5 adına xx.xx.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə qətnaməsinə əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu S.Məmmədov tərəfindən verilmiş 21 may 2019-cu il tarixli 2V-143 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə ölmüş X12 vərəsələri X14, X13, X8, X17, X15 olduğu müəyyən edilmiş və onlardan hər birinin miras əmlaka olan payı 1/6 hissədə müəyyən edilmişdir. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X16 verilmiş **********81 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 sahədə yerləşən ümumi sahəsi 0.074 ha torpaq sahəsindən ibarət olmuşdur. Miras payının 1/6 hissəsi açıq saxlanılmışdır. 21 may 2019-cu il tarixli miras payının bağışlanması müqaviləsinə əsasən vərəsələrdən X13, X8 və X17 miras əmlakdan olan paylarını digər vərəsə X9 bağışlamışlar. Torpaq sahəsi ilkin olaraq xx.xx.2019-cu il tarixdə Rafiq Cəfərovun adına qeydiyyata alınmış, daha sonra müəyyən edilmiş qayda üzrə vərəsələrin paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hesab edilir ki, belə olduğu halda ilk olaraq 3-cü şəxsin adına çıxarışların cavabdeh inzibati orqan - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən düzgün aparılıb-aparılmaması araşdırılmalıdır. Vurğulanır ki, 3-cü şəxsin adına çıxarışların verilməsi zamanı cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarını rəhbər tutmuşdur. Yəni torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə cavabdeh inzibati orqan tərəfindən verilmiş çıxarış qanunun tələbləri rəhbər tutularaq verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 №-li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Hazırkı halda iddiaçı hesab edir ki, mərhum atası X16 məxsus olmuş, ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat cavabdeh inzibati orqan tərəfindən düzgün aparılmamaqla, onun hüquqlarını kobud şəkildə pozur. Odur ki, həmin qeydiyyatın və bu barədə X5 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışın evə dair hissədə ləğv edilməsini tələb edir. İddiaçı tələbi ilə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etdiyinə görə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmalıdır. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili dəqiqləşdirilmiş iddia tələbinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinə qarşı təqdim edilmiş etirazı müdafiə edərək, tələbin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü maddələrinə istinad edilərək, müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən ünvan 6 ünvanına dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş: -Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X1 Bürosu tərəfindən 1970-ci ilin iyun ayında verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi X18 məxsus olmuşdur. -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli, 2(008)-1273/2019 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi X5 ərizəsi təmin edilərək, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X1 Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda və Bakı şəhəri İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1957-ci il tarixli, 27 saylı icazədə adı qeyd edilmiş “X20”nun Sabunçu rayon qeydiyyat şöbəsindən AZ-İ 843189 saylı ölüm haqqında şəhadətnamədə göstərilən “X19”, xx.xx.1961-ci il tarixli, İ-ME №208164 saylı nikah haqqında şəhadətnamədə göstərilən “X19”, X9 məxsus xx.xx.1964-cü il tarixli, 208164 saylı doğum haqqında şəhadətnamənin ata qrafasında qeyd edilmiş “X19” ilə eyni şəxs olması faktının müəyyən edilməsi qət edilmişdir. -X15 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 8İ-877 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, ərizəçi mərhum atası X16 məxsus ünvan 8 ünvanında yerləşən torpaq sahəsinin evsiz özəlləşdirilməsinə etiraz etməmiş və gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacağını bildirmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi, 93a ünvanında yerləşən 0.074 ha torpaq sahəsi üzərində X12 mülkiyyət hüququ qeydiyyata alınmışdır. -Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 2V-143 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X12 vərəsələri ünvan 7 ünvanında qeydiyyatda olan X14, X13, X8, X17, X10r və onlardan hər biri miras əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X16 verilmiş **********81 reyestr nömrəli dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi 93A saylı sahədə yerləşən ümumi sahəsi 0.074 ha torpaq sahəsindən ibarətdir. Miras payının 1/6 hissəsi açıq saxlanılmışdır. -xx.xx.2019-cu il tarixli miras payının bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X13, X8, X17 Bakı şəhəri 17 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli, 2V-143 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, onlara düşən vərəsəlik payını X9 bağışlamışlar. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi, 93a ünvanında yerləşən 0.074 ha torpaq sahəsinin 4/6 hissəsi üzərində X5 paylı mülkiyyət hüququ qeydiyyata alınmışdır. -X15 tərəfindən Sabunçu Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, ərizəçi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun “Məlumatlandırma icraatı” qaydasında bildirmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi, 93A ünvanında yerləşən, sahəsi 251 kv.m olan, hündürlüyü 2.6 metr, mərtəbəliliyi 3 olan fərdi yaşayış evini inşa etdirmişdir. Nəzərə alınmasının xahiş etmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında, 0.074 ha torpaq sahəsində yerləşən, 4/6 hissə torpaq və sahəsi 193.7 kv.m olan fərdi yaşayış üzərində X5 paylı mülkiyyət hüququ qeydiyyata alınmışdır. -Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)- 1581/2022 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ilkin qeydiyyatın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4655/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin sözügedən qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarının əsaslandırma hissəsində göstərilmişdir ki, apellyasiya baxışı zamanı ətraflı araşdırma aparılarkən iddiaçının nümayəndəsi və vəkilinin torpaq sahəsi ilə yanaşı onun üzərindəki fərdi yaşayış evinin də atasının adına ilkin qeydiyyata alınmalı olduğu arqumentinə, həmçinin birinci instansiya məhkəməsinin qərarındakı miras əmlaka torpaqla yanaşı fərdi yaşayış evinin də daxil olduğu, həmin fərdi yaşayış evinə dair miras qoyan X12 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan birbaşa tam mülkiyyət hüququ üzrə X5 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmasının cavabdeh tərəfindən hüquq sahibinin, yəni miras qoyanın adına aparılmış ilkin qeydiyyatın düzgün aparılmamasının nəticəsi olması ilə bağlı mövqeyinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı günədək sözügedən fərdi yaşayış evinə dair X5 adına aparılmış qeydiyyat və bunun nəticəsində verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış mübahisələndirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Cavabdeh inzibati orqan isə torpaq sahəsinə dair hüquqların reyestrdə qeydiyyatını ərizəçinin ərizəsi əsasında aparmışdır. Cavabdehin ərizədə tələb edilənlərdən kənara çıxmağa səlahiyyəti yoxdur. Bir halda ki, subyektiv hüquqa malik olan ərizəçi qeydiyyat üçün inzibati orqandan torpaq sahəsinin ilkin qeydiyyata alınmasını xahiş etmişdir, belə olan halda inzibati orqan ərizədən kənara çıxmağa, torpaqla yanaşı fərdi yaşayış evini də qeydiyyata almağa səlahiyyətli deyildir. Bundan əlavə Məhkəmə kollegiyası öz vəzifə səlahiyyətlərindən irəli gələrək, iddiaçıya hüquqi yardım göstərək izah edir ki, bugünki gündə torpaq sahəsinin atasının adına ilkin qeydiyyatının mübahisələndirilməsi heç bir əhəmiyyət kəsb etmir. Hətta ilkin qeydiyyatın ləğvi belə iddiaçıya həçnə vermir. Belə ki, iddiaçının fərdi yaşayış evinin qeydiyyatını mübahisələndirmək hüququ mövcuddur. Həmin qeydiyyat və çıxarış ləğv edildiyi təqdirdə də iddiaçı vərəsə kimi müraciət edərək qeyd edilən fərdi yaşayış evinin də atasına məxsusluğunu qeydiyyata aldıra, beləliklə də vərəsə kimi hüquqlarını bərpa edə bilər. -Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilir ki, xx.xx.2016-cı il tarixdə ölmüş X11 miras qalmış əmlaklara dair (ünvan 2) 17 saylı Notariat ofisində 2018-ci il tarixdə vərəsəlik işi açılmış və paylar müəyyən olunaraq xx.xx.2019-cu il tarixdə X14, X13, X8, X17, X5 adına hər birinin payı 1/6 hissə olmaqla, 2V-143 reyestr nömrəsi ilə qeyd olunan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı 1/6 payı isə mürəciət edilmədiyi üçün açıq saxlanılmışdır. İddiaçı xx.xx.2024-cü ildə 17 saylı Notariat Ofisinə müraciət edərək açıq qalmış 1/6 hissəyə 2V-213 reyestr nömrəsi ilə qeyd olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. -Cavabdeh tərəfindən məhkəmənin digər müvafiq sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, “A” literli tikilinin ümumi sahəsi 87.2 kv.m təşkil edir. Faktiki torpaq sahəsi isə 0.0733 ha-dır. Həmçinin qeyd edilir ki, sözügedən fərdi yaşayış evinin texniki göstəriciləri Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 1981-ci il tarixli texniki pasporta uyğun olsa da, evə bitişik şəkildə sonradan köməkçi otaqlar inşa olunmuşdur. Məhkəmə aşağıda göstərilən qanunvericilik normalarının tələblərinə əsasən iddia tələbinin qanuni olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...-8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: -8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən fərdi yaşayış evinin üçüncü şəxs Rasim Cəfərovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas olaraq “məlumatlandırma icraatı”na yəni, sifarişçi tərəfindən fərdi yaşayış evinə dair tikinti başa çatdıqdan sonra məlumatlandırılan orqana ünvanlanmış poçt göndərişinə istinad edilməklə X15 tərəfindən sonradan inşa edildiyi göstərilmişdir. Halbuki, iş materiallarındakı sənədlərdən və cavabdeh orqan tərəfindən məhkəmənin müvafiq sorğusuna verilmiş cavab məktubundan da görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X1 Bürosu tərəfindən verilmiş pasporta əsasən 1970-ci ildən X16 məxsus olmuşdur və miras əmlakı olan torpaq sahəsində yerləşir. Yuxarıda istinad edilən Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunvericiliyin tələbindən göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən sənədi almadan öldükdə qeydiyyat orqanı tərəfindən onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olmasına dair arayış verir və yalnız həmin arayış əsasında hüquqların dövlət qeydiyyatı haqqında çıxarış vərəsənin adına rəsmiləşdirilir. Yalnız bundan sonra müvafiq vərəsəlik sənədləri təqdim edilən şəxsin adına daşınmaz əmlak üzərində hüquqlar rəsmiləşdirilə bilər. Belə olan halda cavabdeh qeydiyyat orqanı tərəfindən üçüncü şəxsin hüquqların qeydiyyatı haqqında müraciəti üzrə cavabdeh tərəfindən aparılmış inzibati icraat nəticəsində daşınmaz əmlak üzərində onun adına şəxsin adına mükiyyət hüququnun qeydiyyata alınmasına dair çıxarış deyil, həmin əmlak üzərində hüququn mərhum Rafiq Cəlilova məxsus olması barədə arayış verilməli idi. Məhz həmin arayış əsasında vərəsəlik sənədlərini təqdim edən ölmüş şəxsin vərəsəsinə mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı hüquqların dövlət reyestrindən çıxarış verilə bilərdi. Lakin işin hallarından müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması proseduru qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməmişdir. Belə ki, iddiaçının mərhum atası X12 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan, evin birbaşa tam mülkiyyət hüququ üzrə üçüncü şəxs Rasim Cəfərovun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınması cavabdeh inzibati orqan tərəfindən prosesin düzgün aparılmamasının nəticəsi olmaqla, bununla da iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qanunun 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bu barədə X5 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışın evə dair hissədə ləğv edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bu barədə X5 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışın evə dair hissədə ləğv edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-122/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-122/2025
10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver