Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1220/2024 16.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair hüquqların qeydiyyata alınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyətdə üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək ünvan 3 - də yerləşən fərdi yaşayış evinin mövcud vəziyyətdə üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2023-ci il tarixli **********35 nömrəli imtina bildirişi göndərilərək bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı torpaq sahəsinin sənəd üzrə sahədən artıq olduğu məlum olmuşdur və həmin əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzrərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinə əlavə inşa edilmiş tikililər və əlavə torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Hesab edilmişdir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuzdur. Belə ki, cavabdeh imtinasında əsas kimi göstərir ki, mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Halbuki, İddiaçı mübahisə predmeti olan torpaq sahəsinin bir hissəsində hüquqları xx.xx.2020-ci il tarixdə, **********10-10301 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. İnzibati İcraat Haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin tələbinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanununun 8.0.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi dövlət qeydiyyatı üçün əsas hesab olunur.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı torpaq sahəsinin sənəd üzrə sahədən artıq olduğu məlum olmuşdur və həmin əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinə əlavə inşa edilmiş tikililər və əlavə torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafzə zonasında yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd təqdim olunmalıdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli sənədlərinin surətinin verilməsi barədə məktublar ilə müvafiq sənədlərin təsdiq edilmiş surətləri və çıxarışın verilməsinə dair arxiv qovluğunda saxlanılan sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2020-ci il tarixində İddiaçı adına qeydiyyata alınmışdır.
6. Məhkəmənin əvvəlki iclasında (xx.xx.2023-cü il tarixli) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, faktiki olaraq hüquqi marağının torpaq sahəsinin hüquqi qeydiyyata alınması olduğunu bildirmişdir. Məhkəmə tərəfindən iddiaçıya faktiki istifadəsində olan əlavə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri təqdim etməklə iddia tələbinin dəyişdirilməsi təklif edilmiş və ərizənin təqdim edilməsi üçün iddiaçının nümayəndəsinə (vəkili) vaxt verilmişdir. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edilməmişdir.
7. Məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixdə keçirilən iclaslarında iddiaçı (nümayəndəsi) iştirak etməmişdir. İddiaçı nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə (“Elektron Məhkəmə” sistemi vasitəsilə) ərizə təqdim edilmiş və xx.xx.2024-cü il tarixinə təyin edilmiş hazırlıq icraatı iclasının 10 gün müddətində təxirə salınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, tələbin dəqiqləşdirilməsi üçün təqdim edilən müddət kifayət qədər ağlabatan müddətdir. Odur ki, eyni məqsədlə təkrarən əlavə vaxt verilməsi ədalət mühakiməsinin həyata keçirilməsinin məqsədəuyğun hesab edilə bilməz.
8. Məhkəmə iclasında tərəflər iştirak etməmişdir.
II. İddianın növü və mümkünlüyü
9. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
13. Məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdə ifadə edilir.
14. İşin hallarına əsasən məhkəmə tərəfindən şəxsin hüquqi marağına uyğun olan iddia tələbinin dəqiqləşdirilməmsi iddianın mümkünsüzlüyü ilə nəticələnəcəkdir.
15. Məhkəmə hesab edir ki, prosessual qənaət prinsipindən çıxış edərək iddianın dəyişdirilməsinin qəbulu o zaman yolveriləndir ki, o, iddianın mümkünlüyü ilə nəticələnmiş olsun, yəni iddiaçı öz məqsədinə həmin dəyişdirilmiş tələblə daha tez, daha münasib və daha sadə yolla nail ola bilsin.
16. Məhkəmə prosessual qənaət prinsipindən irəli gələrək hesab edir ki, təkrarən iddiaçının hüquqi marağına uyğun olaraq iddia tələbinin iddiaçının hüquqi marağına uyğun olaraq əlavə torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması kimi dəyişdirilməsi təklif edilmişdir. Ancaq iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim etməmişdir.
17. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
18. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
19. Odur ki, iddia tələbi lazımı qaydada qaldırılmamışdır və iddia tələbinin təqdim olunan formada dəyişdirilməsi iddianın mümkünsüzlüyünü istisna etmir. Belə ki, iddiaçının nümayəndəsi (vəkili) torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasının faktiki hüquqi marağı olduğunu bildirmişdir. Buna əsasən inzibati orqan tərəfindən çıxarışın verilməsinə dair arxiv qovluğunda saxlanılan sənədlərdən aydın olur ki, fərdi yaşayış evinin qeydiyyatına əsas olmuş ilkin sənəd Xətai Rayon Məhkəməsinin 2-2710/2002 nömrəli xx.xx.2002-ci il tarixli qətnaməsidir. Həmin qətnamə ilə Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə Bakı şəhəri, Məhsəti küçəsindəki 3e saylı evi X1 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınması və həmin evə dair X1 adına qeydiyyat vəsiqəsinin verilməsi həvalə edilmişdir. Azərbaycan Respublikası Xətai Rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş m-35 nömrəli xx.xx.2002-ci il tarixli Məhsəti küçəsindəki 3e №-li evin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçiorilməsi haqqında sərəncamdan çıxarışa əsasən Məhsəti küçəsindəki 3e saylı evin X2 məxsus ümumi torpaq sahəsi (13 x 15) kv. m yaşayış sahəsi 120,22 kv.m, köməkçi sahəsi 55,76 kv.m-dən ibarət olan fərdi yaşayış evi istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır.
20. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında ümumi sahəsi 182,6 kv.m olan fərdi yaşayış evi və altındakı 0,02015 torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır.
21. Cavabdeh tərəfindən təqdim edilmiş ortofoto görüntüsündən iddiaçının faktiki marağı olan sahə ilə sənəd üzrə olan sahənin üst-üstə düşmədiyi aydın olur. İddia tələbi isə fərdi yaşayış evinin mövcud vəziyyətdə qeydiyyatı ilə bağlıdır. Hazırda isə fərdi yaşayış evinin qeydiyyatı mövcuddur. Odur ki, konkret iddia tələbi üzrə iddiaçının hüquqi müdafiəyə ehtiyacı yoxdur (tələb dəyişdirilmədiyindən).
22. Qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
23. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
24. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva