Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12202/2024 07.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı üçüncü şəxslər X5, X36, X12, X8, X13, X25, X21, X16 “yaşayış sahəsindən qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı X22, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X2, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X5, X36, X12, X8, X13, X25, X21, X16) “yaşayış sahəsindən qeydiyyatdan çıxarma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 7 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Mübahisə predmeti Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İlqar Abbasov küçəsində (keçmiş 4-cü Kolsevaya küçəsi) yerləşən sahəsi 45 kv.metr olan 3 otaqlı mənzildir. Həmin mənzil order əsasında X9, X4, İddiaçı və X14 atası mərhum X10 məxsus olmuşdur. X17 xx.xx.2007-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 7335752№-li nömrəli, xx.xx.2024-cü il tarixli arayışına əsasən X5, X36, X12, X8, X13, X25, X21, X16 həmin mənzildə qeydiyyatdadır. İddiaçılar X23, X12, X16, X8 və X13 cavabdehlər X6, X18, İddiaçı, X19 və X11 qarşı iddiaçıların yaşadıqları, qeydiyyatda olduqları və yaşamalarına imkan verilməyən Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İlqar Abbasov küçəsi (keçmiş 4-cü Kolsevaya küçəsi) ev 51-ə köçürülmələri, evin 1 otağının, yəni yaşadıqları otağın ayrılıb istifadələrinə verilməsi və həmin otaqla bağlı iddiaçılar ilə icarə müqaviləsinin bağlanılmasının Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(011)-3039/21 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)- 7862/2021 nömrəli qətnaməsi ilə iddiaçı Etibar Məmmədovun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(011)- 3039/21 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2086/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə X1 şikayəti təmin ediməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)- 7862/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxanılmışdır. Mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsi, 51 saylı fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024cü il tarixli çıxarışa əsasən X20 (bundan sonra – iddiaçı) mülkiyyətinə keçmişdir. Üçüncü şəxslərdən X12 iddiaçının mərhum qardaşının arvadı, X5, X8, X16, X13 isə iddiaçının mərhum qardaşı Etibar Məmmədovun uşaqlarıdır. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh müraciəti təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” haqqında Qanununun 9-cu maddəsinə tələblərinə əsasən X5, X36, X12, X8, X13, X25, X21, X16 Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsi, ev 51 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. İddia tələbi, iddianın əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsi, ev 51-dən ailə üzvləri olmayan X5 (xx.xx.1989-cu il təvəllüdlü), onun azyaşlı övladı X36 (xx.xx.2023-cü il təvəllüdlü), X12 (xx.xx.1966), X8 (xx.xx.1986-ci il təvəllüdlü), X13 (xx.xx.1988-ci il təvəllüdlü), onun azyaşlı övladları X25 (xx.xx.2015-ci il təvəllüdlü), X21 (xx.xx.2012-ci il təvəllüdlü), X7 (xx.xx.1985-ci il təvəllüdlü) qeydiyyatdan çıxarılması öhdəliyinin cabadehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsi, ev 51 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Üçüncü şəxslərin faktiki yaşayış yeri onun mülkiyyətində olan ev deyildir. Onların qeydiyyatda qalmaları onun ev üzərində sərəncam vermək hüququnu pozur, belə ki, evə onların razılığı olmadan sərəncam verə bilmir. Üçüncü şəxslərin onun mülkiyyətində olan evdən istifadə hüquqlarının olmaması, onların başqa evdə yaşamaları, onun evində yaşamamaları qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili və nümayəndəsi iddia tələbinə uyğun izahat verərək, iddia tələbini müdafiə edib, iddianın təmin olunması xahiş etmişdir. Üçüncü şəxslər iddianın rədd edilməsini xahiş etdilər. Əlavə olaraq izahatlarında iddiaçının qanunsu yolla mənzilə dair çıxarış əldə etdiyini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə məktub göndərərək işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən ünvan 1 ünvanındaki fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur və üçüncü şəxslər mənzildə pasport qeydiyyatındadırlar. İddiaçı üçüncü şəxslərin pasport qeydiyyatından çıxarılması üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və nəticədə hazırkı mübahisə yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı iş üzrə müəyyən edilir ki, üçüncü şəxsləri faktiki yaşamadıqları və istifadə hüquqları olmadığı mübahisəli mənzildə qeydiyyatdadırlar. Belə ki, üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşamamaları qanuni qüvvəsini almış məhkəmə qərarları və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil İstismar Hissəsi 9 № li Mənzil-İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 72 və 73 № li arayışları ilə müəyyən edilir. Həmin arayışlara görə, mübahisəli mənzildə X15 və X26 yaşayır. Üçüncü şəxslər isə yaşamırlar. Bundan başqa qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, “...iddiaçı X23 və onun ailə üzvləri olan digər iddiaçılar X12, X16, X8 və X13 mübahisəli mənzildə qeydiyyatda olsalar da, lakin 2013-cü ildən həmin mənzildən köçmüşlər. Həmçinin mübahisəli fərdi yaşayış evinin olduğu ünvanda daha üç fərdi yaşayış evi tikilmiş, yaşayış evlərindən birində iddiaçı ailə üzvləri ilə birlikdə yaşamaqdadır. Hazırda isə mübahisəli mənzildə cavabdeh Ruhiyyə Məmmədova oğlu ilə birlikdə yaşayır. Tərəflər arasında hüquq münasibətləri 2009-ci il tarixdən əvvəl əmələ gəldiyindən mövcud mübahisə xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları əsasında həll edilməlidir. Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsaslanaraq məhkəmə hesab etmişdir ki, iddiaçıların mübahisəli mənzildən köçdükləri vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları baxımından onların həmin mənzildən yaşayış sahəsi 6 aydan artıq saxlanmadığından, iddiaçılar uzun müddət həmin mənzildən istifadə etmədiklərindən, davamlı surətdə yaşamaq üçün başqa yerə köçdüklərindən, bununla da iddiaçıların yaşayış sahəsinə ehtiyacları aradan qalxdığından, habelə iddiaçıların hazırda həmin ünvanda digər evdə qeydiyyatsız yaşadıqları müəyyən edildiyindən onların mübahisəli mənzilə köçürülmələri üçün hər hansı əsas müəyyən edilməmişdir. İddiaçıların uzun müddət mübahisəli yaşayış sahəsində çıxaraq həmin həyətdə inşa etdiyi başqa evdə yaşaması onun mübahisəli evdən istifadə hüququnu itirməsinə səbəb olmuşdur. İddiaçılar 2013-cü ildən evə buraxılmadığını bildirsə də, nə birinci instansiya məhkəməsində işə baxılarkən, nə də apellyasiya baxışı zamanı qeyd olunan halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçının keçən müddət ərzində bununla bağlı nə hüquq mühafizə orqanlarına, nə də məhkəməyə müraciət etməsi də müəyyən edilməmişdir”. Göründüyü kimi işdən olan sübutlarla müəyyən edilir ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, ayrıca tikilmiş özbaşına tikilidə yaşayırlar və iddiaçıya məxsus evə dair istifadı hüquqları yoxdur. Üçüncü şəxslərin qeydiyyatda olduğu ünvan rekvizitləri isə, üçüncü şəxslərin ayrıca yaşadığı özbaşına tikiliyə deyil, iddiaçının mülkiyyətində olan vaxtı ilə order əsasında mərhum Yaşar Məmmədova məxsus olmuş evə məxsus olmuşdur ki, həmin ev də hazırda iddiaçının mülkiyyətindədir. Yəni üçüncü şəxslər özbaşına tikili inşa edərək, həmin tikiliyə qeydyyata düşməmişlər. Üçüncü şəxslərin qeydiyyata alındıqları ünvan 2013-cü ilə qədər yaşadıqları order əsasında mərhum Yaşar Məmmədova məxsus olmuş evə olmuşdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsləri iddiaçının qanunsuz yolla çıxarış aldığını bildirmişlər ki, qeyd edilən hallar hazırkı məhkəmə baxışının prdemti deyildir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubdan da müəyyən edilir ki, mübahisəli mənzil iddiaçının adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən mübahisəli mənzil iddiaçının tam mülkiyyətində olduğu halda, o, həmin əmlakda qeydiyyatda olan, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya əmlaka münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxs(lər)in qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətçi kimi ona məxsus olan mənzildən yaşayış sahəsinə köçmək üçün hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. İddiaçının bu hüququ Mülki Məcəllənin 157.4-cü maddəsindən irəli gəlir. Həmin maddəyə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında mənzilə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Konkret bu halda, “qanunun keyfiyyəti” ilə bağlı məsələdən söz edilə bilər. Belə ki, qanun yaşayış sahəsinə köçmək üçün özünə məxsus ayrıca müstəqil hüquqi əsası olmayan şəxsin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyata alınmasını mümkün hesab etdiyi halda, yenə həmin kateqoriyaya aid şəxslərin yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanını da nəzərdə tutmalıdır. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinin tələbindən irəli gəlir. Həmin maddəyə görə normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibət) əsaslanmalıdır. Bu halda, vətəndaşa yaşayış sahəsi verən şəxsin mənafeyinə bərabər münasibət göstərilməmiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin qanun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcə də müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Beləliklə, ümumi hüquqi tənzimləmə sistemində müəyyənlik, hüquq normalarının anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olması, onların tənzimlədikləri sahələrdə ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmaları xüsusi əhəmiyyət kəsb edir. Qanunvericilik tənzimləmələrinin göstərilən tələblərə uyğun həyata keçirilməsi hüququn aliliyinin ayrılmaz elementi olaraq həm qanunvericilik, həm də hüquq tətbiqetmə fəaliyyətində insan hüquqlarının səmərəli müdafiəsinin təmin olunması üçün zəmanət yaradır. Ona görə də, hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün isə hüquq normaları yuxarıda da qeyd edildiyi kimi anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olmalı və ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmalıdırlar. Göstərilənləri nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması həmin qanunvericilik tənzimləməsinin hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyinə dəlalət edir. Bu halda, “qanunun keyfiyyəti” ilə bağlı həmin qüsur məhkəmə təcrübəsində formalaşdırılan təfsir vasitəsilə aradan qaldırılmalıdır. Bu mənada, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın vətəndaşlar üçün yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla mülkiyyətçinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Bununla bağlı həmçinin qeyd olunmalıdır ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə qeydiyyata alına bilərlər. Yaşayış sahəsinə münasibətdə hər hansı mülki hüquqi mənada əmlak hüquqlarının sahibi olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılması məsələsinə, həmçinin mütənasiblik prinsipinin tələbləri baxımından da yanaşılmalıdır. Hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə hüquqa müdaxilənin yol verilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır. Bu mənada, mülkiyyətçinin bunu istəmədiyinə baxmayaraq ona məxsus yaşayış sahəsinə münasibətdə hər hansı mülki hüquqi mənada əmlak hüquqlarının sahibi olmayan şəxsləri bu sahədə müvafiq təkmil qanunvericilik tənzimləməsi olmadığına görə qeydiyyatdan çıxara bilməməsi onun mülkiyyət hüququna edilən müdaxilənin ağlabatan və ədalətli tarazlıq həddini keçməsinə səbəb olur. Artıq yuxarıda şərh olunduğu kimi məhkəmə belə qənaətə gəlmişdir ki, bu məsələdə qüvvədə olan qanunvericilik “qanunun keyfiyyəti” ilə bağlı hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermir. Odur ki, yetərsiz qanunvericilik tənzimləmələrindən irəli gələn problemin yükünün mülkiyyətçinin üzərinə qoyulması onun hüquqlarına qeyri-mütənasib müdaxilə təşkil etmiş olardı. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, qeydiyyatdan çıxarılan şəxslərin bu halda, qeydiyyatda qalmağa dair hər hansı əsaslı mənafeləri də müəyyən olunmur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. X5, X36, X12, X8, X13, X25, X21 və X7, Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsi, ev 51 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-12202/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12202/2024
07.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver