Məhkəmə qərarları › İş №e-2-1(112)-12209/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12209/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12209/2024 29.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsi üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsini özgəninkiləşdirmək istəyərkən, notariat orqanında əmlak üzərində Bakı İnzibati Məhkəməsi tərəfindən məhdudiyyət qoyulduğu bildirilmişdir. İddiaçı qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-253/2024 saylı işində iddiaçı mövqeyində çıxış edən X8 xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ona məxsus Səbail rayon, Salyan şossesi 12 ünvanında yerləşən torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bağırova Hicran Firudin qızı və X1 adına aparılmış mülkiyyətə dair qeydiyyatın etibarsız hesab olunması və Səbail rayon, Salyan şossesi 12 ünvanında yerləşən torpaq sahəsinə dair müvafiq çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə İddiaçı üçüncü şəxs kimi prosesə cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-253/2024 saylı qərardadı ilə iddia qeyri-mümkün hesab edilmişdir. İddianın mümkünsüzlüyü ilə yanaşı iddiaçının sənədlərinin saxta olduğu da iş materialları ilə sübut edilir. Belə ki, X6 təqdim etdiyi Səbail rayon Bələdiyyənin 27 dekabr 2005-ci il tarixli, 532 nömrəli qərarı məhkəmənin sorğusu əsasında Səbail rayon Bələdiyyəsində və Dövlət Arxiv İdarəsində mövcud olmadığı bildirilmişdir. Məhkəmə mübahisəsinin davam etdiyi müddət ərzində həmin iş üzrə iddiaçı X8 tərəfindən əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, Bakı İnzibati Məhkəməsinin MXMT(112)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. X8 bu qərardaddan şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin MXMT(112)-248/2022 saylı, xx.xx.2022ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərardaddan kassasiya şikayəti vermədiyindən həmin qərardad qanuni qüvvəsini almışdır. Yəni məhkəmə qeyd edilən əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsinə zərurət görməmişdir. Mübahisə predmeti olan əmlaka dair özgəninkiləşdirilmə əməliyyatı həyata keçirilərkən həmin torpaq sahəsi üzərində məhdudiyyət olduğu müəyyən edilmişdir. Cavabdeh qeydiyyat orqanı tərəfindən həmin əmlak üzərində məhkəmənin qoyduğu məhdudiyyət olduğu bildirilmişdir. İddiaçı bununla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1090/2023 nömrəli məktubundan aydın olur ki, əmlak üzərinə hər hansı bir məhdudiyyət qoyulmamışdır. Sonradan əldə edilən məlumata əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr və Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi qanunsuz və əsassız olaraq Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8385/2022 saylı sərəncamına istinad edərək İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən torpaq sahəsi üzərinə məhdudiyyət qoymuşdur. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehə ünvanlanmış ərizə ilə həmin məhdudiyyətin aradan qaldırılması xahiş edilsə də, cavabdeh tərəfindən ərizə bugünədək münasibət bildirilməmişdir. Göründüyü kimi hal-hazırda İddiaçı mülkiyyətin toxunulmazlığına dair konstitusion hüququ pozulmaqdadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8385/2022 saylı inzibati işi ilə bağlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi əsasında müvafiq qeyd aparılmışdır. . Lakin sözügedən məhkəmə mübahisəsi hal-hazırda Bakı İnzibati Məhkəməsinin icraatında olduğundan qeyd olunan məhdudiyyətin götürülməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı hazırkı tələbi ilə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etdiyinə görə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə, məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, iddiaçı hazırkı tələbi ilə bağlı cavabdehə müraciət etmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 0,1720 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. -Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MXMT(112)-248/2022 saylı qərardadının məzmunundan görünür ki, iddiaçı X8 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bağırova Hicran Firudin qızı, X3) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X7 məxsus Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən torpaq sahəsinə aid koordinatlar üzrə reyestr xidməti tərəfiindən Bağırova Hicran Firudin qızının və X2 aparıllmış mülkiyyətə dair qeydiyyatın etibarsız hesab olunaraq həmin qeydiyyat əsasında verilən çıxarışların və texniki pasportların ləğv edilməsi, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən torpaq sahəsinə dair müvafiq çıxarış və texniki pasport verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bununla yanaşı X8 məhkəməyə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Səbail rayon bələdiyyəsinin 27 dekabr 2005-ci il tarixli, 532 saylı qərarı əsasında ona məxsus Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə aid koordinatlar üzrə əmlakın (RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli və RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli DƏDRX-dən çıxarışların aid olduğu torpaq sahələrinin) özgəninkiləşdirilməsi barədə qeydiyyat hərəkətlərinin aparılmasının cavabdehə qadağan edilməsinə dair müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair ərizə təqdim etmişdir. Qeyd olunan müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair ərizə təmin edilməmişdir. -Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-101/2022 saylı qərardadından görünür ki, X6 apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MXMT(112)-248/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. -Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-253/2024 saylı qərardadından görünür ki, iddiaçı X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bağırova Hicran Firudin qızı, X3, İddiaçı) “Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən torpaq sahəsinə aid koordinatlar üzrə cavabdeh tərəfindən Bağırova Hicran Firudin qızının və X1 adına aparılmış mülkiyyətə dair qeydiyyatın ləğv edilməsi, həmin qeydiyyat əsasında verilən xx.xx.2014-cü il tarixli,RX seriyalı, ******* nömrəli və xx.xx.2014-cü il tarixli,RX seriyalı, ******* nömrəli çıxarışların və xx.xx.2014-cü il tarixli, AA 064877 nömrəli və xx.xx.2014-cü il tarixli, AA 064924 nömrəli texniki pasportların etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən torpaq sahəsinə dair müvafiq çıxarışın və texniki pasportun iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. -Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2920/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, həmin iş üzrə iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 253/2024 saylı qərardadı ləğv edilmiş, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün məhkəməyə qaytarılmışdır. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsassız olduğu nəticəsinə gəlmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.3-cü maddəsinə əsasən, hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə)- qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə). Həmin Qanunun 14.5-ci maddəsinə əsasən, bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 5.4-cü bəndinə görə bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş müddətdə daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanılmasına qadağa qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda, qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Beləliklə, iddiaçının hüquqi marağı və məqsədi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yeləşən 0,1720 kv.m torpaq sahəsinə dair qeydiyyat hərəkətlərinin aparılmasına cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətin götürülməsindən ibarətdir. Bununla bağlı cavabdehə müraciəti təmin edilməmişdir. İşin müəyyən edilmiş hallarına görə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32də yerləşən torpaq sahəsi üzərində iddiaçının adına cavabdeh tərəfindən aparılmış reyestr qeydiyyatının ləğv edilməsinə və həmin daşınmaz əmlak üzərində X6 hüquqlarının qeydiyyata alınması tələbinə dair məhkəmə mübahisəsi mövcuddur. Hazırda həmin işə Bakı İnzibati Məhkəməsində baxılır (2-1(112)-253/2024 saylı iş, hakim Həmid Ağalarov). Sözügedən inzibati iş üzrə iddiaçı X6 göstərdiyi torpaq sahəsi İddiaçı Zaman qızının mülkiyyətində olduğundan o, həmin işə üçüncü şəxs qismində cəlb edilmişdir. Belə olan halda, iddiaçının özünün də proses iştirakçısı olduğu inzibati iş üzrə məhkəmə mübahisəsi davam etdiyindən, mübahisə predmeti olan daşınmaz əmlak üzərində qeydiyyatın məhdudlaşdırılması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 21.2-ci maddəsinə uyğun olmuşdur. Məhkəmə iddiaçının yuxarıda qeyd olunan torpaq sahəsinə hüquqların qeydiyyatının mübahisələndirilməsinə dair məhkəmə icraatı çərçivəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair ərizənin təmin edilmədiyindən cavabdehin Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanındakı torpaq sahəsi üzərinə qoyduğu məhdudiyyətin qanunsuz olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, işə baxan məhkəmələr sözügedən torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərin aparılmasına məhkəmə qaydasında qadağa qoyulmasına zərurət görməmişlər. Bununla belə, cavabdeh inzibati orqanın mövcud əmlak qanunvericiliyinin tələblərindən irəli gələn vəzifəsi vardır və daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda məhkəmədə iş həll olunanadək həmin əmlak üzərində qeydiyyatın dayandırılması qanunda birbaşa nəzərdə tutulmuşdur. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçının dəlili əsaslı deyil. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar