Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12210/2024 11.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinə qarşı “dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması ödhəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasına dair xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə müraciət etmişdir. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, X2 rəisi, baş vergi xidməti müşaviri Rasim Sərdarovun imzası ilə xx.xx.2024-cü il tarixli **********779000 saylı qərarı Cəmiyyətə daxil olmuşdur. Adı çəkilən qərara əsasən "Azenco” ASC-nin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtina bununla əsaslandırılmışdır ki, Cəmiyyətin səhmdarlarının xx.xx.2024-cü il tarixində keçirilmiş Ümumi yığıncağında Cəmiyyətin yeni redaksiyada nizamnaməsinin təsdiqi ilə bağlı məsələ müzakirəyə çıxarılmış və qərar qəbul olunmuşdur, lakin həmin məsələ səhmdarlara göndərilən bildirişdə və kütləvi informasiya vasitəsində verilmiş elanda öz əksini tapmamışdır. Məcəllənin 107-5.2-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edə bilməz. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasına dair xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə müraciət etdiyi zaman tələb olunan sənədlər toplusunu da təqdim etmişdir. Sözügedən sənədlər toplusunun içərisində İddiaçı ASC-nin X1 iclas protokolu da təhvil verilmişdir. Həmin iclas protokolundan belə aydın olur ki, İddiaçı ASC-nin səmlərinin 97,5937 % paya sahib olan İddiaçı Group” MMC, keçirilən iclasın gündəliyinə dəyişiklik edilməsini təklif etmişdir. Həmin təklif səsə qoyulmuş və yekdilliklə qəbul edilmişdir. Maddi hüquq normalarına diqqət yetirərkən belə qənaətə gəlmək olar ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti imtinaya səbəb kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1 və 107-5-ci maddələrinə istinad etməsi tamamilə əsassızdır və qərəzin nümunəsidir. Bir daha qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106- 1.3.4-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. Məhz bunu rəhbər tutaraq "xxxx" MMC iclasın gündəliyində müəyyən dəyişikliklər edilməsi təklifini irəli sürmüşdü. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1-ci maddəsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasına dair xx.xx.2024-cü il tarixli mürəciətinə cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi xidməti tərəfindən edilmiş imtinanı müqayisə edəndə belə aydın olur ki, müvafiq icra hakimiyyətinin mövqeyi tamami ilə birbirinə ziddir. Dövlət Vergi Xidmətinə dəfələrlə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1-ci maddəsinə diqqət yetirməyi tövsiyyə etsək də nədənsə Dövlət Vergi Xidməti qərəzlimövqe nümayiş etdirir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında yazılı vəsatət təqdim edərək cavabdehin əsl cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə ərizə təmin olunmuşdur. Cavabdeh tərəfindən təqdim olunmuş yazılı etiraz onunla əsaslandırılmışdır ki, Cəmiyyətin səhmdarlarının xx.xx.2024-cü il tarixində keçirilmiş Ümumi yığıncağında Cəmiyyətin yeni redaksiyada nizamnaməsinin təsdiqi ilə bağlı məsələ müzakirəyə çıxarılmış və qərar qəbul olunmuşdur, lakin həmin məsələ səhmdarlara göndərilən bildirişdə və kütləvi informasiya vasitəsində verilmiş elanda öz əksini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Məcəllə) 102.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı, cəmiyyətin buraxdığı səhmlərin kateqoriyaları, onların nominal dəyəri və miqdarı, cəmiyyətin nizamnamə kapitalının miqdarı, səhmdarların hüquqları, cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyətləri, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. Məcəllənin 102.4-cü maddəsinə əsasən səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanmı yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir. Məcəllənin 107.1.1-ci maddəsinə əsasən cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmişdir. Məcəllənin 107-1.4-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə media ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir Məcəllənin 107-1.5.3-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişlər səhmdarlara göndərilməli və bildirişdə səhmdarların ümumi yığıncağın gündəliyi göstərilməlidir. Məcəllənin 107-5.2ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edə bilməz. Həmçinin, Cəmiyyətin ümumi yığıncağının xx.xx.2024-cü il tarixli qərarı qərarın qəbul edilmə tarixindən 40 iş günü keçdikdən sonra qeydiyyat orqanına təqdim edilmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən müvafiq icra orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun 11.3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 12 noyabr 2008-ci il tarixli, 359 №-li Sərəncamından görünür ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 09 oktyabr 2008-ci il tarixli 323 nömrəli sərəncamı ilə "xxxx" ASC-nin tabeliyində olan "xxxx" MMC-nin bazasında yaradılmış "xxxx" ASC İddiaçı ASC kimi adlandırılmışdır. -xx.xx.2023-cü il tarixli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışından görünür ki, İddiaçı ASC dövlət qeydiyyat nömrəsi **********, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı – "xxxx" MMC - 97,5937 % və Milli Depozit Mərkəzinin xx.xx.2023-cü il tarixli reyestrində göstərilən digər şəxslər. -İddiaçı ASC-nin 12 iyul 2019-cu il tarixli qərarı ilə İddiaçı ASC-nin Nizamnaməsi təsdiq edilmişdir. -İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhəri, M.ünvan 1 ünvanında X4 Teatrının binasında 26 aprel 2024-cü il tarixdə keçirilən X3 Ümumi Yığıncağının iclasının protokolundan görünür ki, ümumi yığıncağın sədri vəzifəsində İsayev Ramin çıxış emiş, 44 üzv iclasda iştirak etmişdir. İclasda "xxxx" MMC Cəmiyyətinin 97,5937% səhmlərinə malik olması, bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.4-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququn olduğu bildirilmiş və "xxxx" MMC iclasın gündəliyində müəyyən dəyişikliklərin edilərək bəzi məsələlərin (Cəmiyyətin idarə heyətinin illik hesabatı; Cəmiyyətin illik hesabatının (balansının) təsdiqi; Cəmiyyətin müşahidə şurasının hesabatı; Cəmiyyətin maliyyə-təftiş komissiyasının hesabatı; Cəmiyyətin maliyyə nəticələrinin müzakirəsi; "xxxx" ASC- dən bank garantiyasının alınması; İddiaçı ASC-nin Nizamnaməsinə 7.7.10-cu bəndi əlavə edilsin. Əlavə aşağıdakı redaksiyada verilsin - Sazişin həcmi və ya sazişin predmetin təşkil edən əmlakın dəyəri cəmiyyətin xalis aktivlərin 25 faizə qədər olan əqdlərin bağlanması Cəmiyyətin Müşahidə Şurasının Qərarına əsasən həyata keçirtmək, İnvestisiya cəlb olunması məqsədlə əlavə səhmlərin buraxılması) gündəliyə çıxarılmasını təklif etmişdir, yekdilliklə 44 üzv bu təklifin lehinə olmuşdur. -Cavabdehin **********779000 nömrəli “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” qərarından görünür ki, "Azenco” Açıq Səhmdar Cəmiyyətinin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. -Cavabdeh tərəfindən təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı ASC-nin 26 aprel 2024-cü il tarixdə saat 14:00-də X3 ümumi yığıncağının keçirilməsi barədə İddiaçı ASC-nin üzvlərinə bildiriş göndərilmiş və bunu təsdiq edən reyestrlər mövcud olmuş, eyni zamanda həmin məlumat rəsmi şəkildə dərc edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhəri, M.ünvan 1 ünvanında X4 Teatrının binasında 26 aprel 2024-cü il tarixdə keçirilən X3 Ümumi Yığıncağının iclasının protokolu ilə əks olunan müvafiq dəyişikliklərin dövlət qeydiyyatına alınmasına nail olmaq istəyir. Məhkəmə ilk növbədə diqqətə çatdırır ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun: 2.0.7. hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir. 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. 9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 9.4. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. Hüquqi şəxslərin dövlət reyestri anlayışı və onun əhəmiyyəti “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun müddəaları ilə tənzimlənir. Qanunun tələblərinə görə, dövlət reyestri dedikdə, Azərbaycan Respublikasının ərazisində yaradılmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və filialları, eləcə də dövlət qeydiyyatına alınmış digər qurumlar barəsində hüquqi əhəmiyyət kəsb edən məlumatların (qeydlərin) sistemləşdirilmiş məcmusu başa düşülür. Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilmiş dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınması məcburidir. Bu norma hüquqi şəxslərin dövlət reyestrində əks olunan məlumatların hüquqi dəqiqliyini və aktuallığını təmin etməklə, bu məlumatların ictimai etibarlılığı prinsipinə əsaslanır. Hüquqi faktların hüquqi şəxsin məlumatlarının dəyişməsi ilə bağlı roluna gəldikdə, hüquqda hüquqi faktlar anlayışı hüquqi münasibətlərin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş hadisə və ya hərəkətləri əhatə edir. Hüquqi şəxslərin qeydiyyata alınmış məlumatlarında baş vermiş dəyişikliklər, dövlət reyestrində bu dəyişikliyin qeydiyyata alınması zərurətini doğuran hüquqi faktlardır. Belə ki, qanunvericilik, hüquqi şəxsin məlumatlarında dəyişiklik edilməsi ilə bağlı hüquq münasibətlərinin dəyişdirilməsi üçün bu dəyişikliklərin dövlət qeydiyyatında təsbit olunmasını tələb edir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı hazırki iddia tələbi ilə də məhz dəyişikliklərin (hüquqi faktların) qeydə alınması nəticəsinə nail olmaq istəyir. Cavabdeh isə bu qeydiyyatın aparılmasından imtina edir və gəldiyi mövqeyini onunla əsaslandırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-5.2-ci maddəsinə görə səhmdarların ümumi yığıncağının gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edilməsi yolverilmədiyindən, iddiaçının apardığı prosedur düzgün olmamışdır. Məhkəmə, cavabdehin gəldiyi bu mövqeyini əsassız sayır və aşağıdakiların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 106-1.1.Səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. 106-1.3.Səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: (-) 106-1.3.4. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək. 107-2.1. Səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin mülkiyyətçiləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. 107-5.1. Səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla, səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. 107-5.2. Səhmdarların ümumi yığıncağının gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edə bilməz. Məhkəmə xüsusilə vurğulayır ki, Mülki Məcəllənin müvafiq müddəalarının təhlili səhmdarların ümumi yığıncağının gündəliyinə daxil edilməmiş məsələlərin müzakirəsi və həmin məsələlər üzrə qərarların qəbul edilməsinin qadağan edildiyini birmənalı şəkildə təsbit edir. Cavabdeh tərəf də bu hüquqi normaya əsaslanaraq öz mövqeyini formalaşdırmış və iddiaçının ümumi yığıncağının gündəliyində əks etdirilən məsələlərin əvvəlcədən dərc olunmadığını əsas gətirərək, həmin qərarların qanunvericiliyə zidd olduğunu iddia etmişdir. Lakin cavabdeh, Mülki Məcəllənin səhmdar cəmiyyətinin adi səhmlərinin mülkiyyətçilərinə gündəliyə yeni məsələlərin əlavə edilməsi hüququnu tanıyan müddəalarını nəzərdən qaçırmışdır. Qeyd edilməlidir ki, səhmdarların ümumi yığıncağı institutu, səhmdar cəmiyyətinin idarəetmə mexanizminin təməl sütunu olaraq, həm səhmdarların kollektiv qərarvermə hüququnun təmin edilməsi, həm də hər bir səhmdarın fərdi hüquqlarının müdafiəsinə xidmət edir. Xüsusən, adi səhmin mülkiyyətçisi olan səhmdarların, cəmiyyətin fəaliyyətinə dair qərarların qəbulunda bilavasitə iştirak etmək və ümumi yığıncağın gündəliyinə əlavə məsələlər təklif etmək hüququ, cəmiyyətin demokratik idarəetmə prinsiplərinin təzahürüdür. Hazırkı iş üzrə isə iddiaçının 97,5937%-nə malik olan səhmdarı olan "xxxx" MMC-nin ümumi yığıncağın gündəliyinə yeni məsələlərin əlavə edilməsi hüququndan istifadə etməsi qanunvericiliklə təmin olunmuş bir hüquqi əsasdır. Belə ki, Mülki Məcəllənin müddəaları adi səhmin mülkiyyətçisinə yığıncaq zamanı gündəliyə yeni müzakirə mövzularının daxil edilməsini tələb etmək səlahiyyətini tanıyır. İrəli sürülən bu təklifin ümumi yığıncağın üzvləri tərəfindən yekdilliklə qəbul edilməsi isə, həmin məsələlərin müzakirəyə çıxarılmasını və müvafiq qərarların qəbulunu hüquqi cəhətdən legitimləşdirir. Bundan əlavə, işdən görünür ki, iddiaçı müəssisənin təsisçiləri həmin yığıncaq protokolunu mübahisələndirməmişlər və həmin qərar qüvvəddir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin gəldiyi bu nəticə əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 26 aprel 2024-cü il tarixdə keçirilən X3 Ümumi Yığıncağının iclasının protokolu ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-12210/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12210/2024
11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver