Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12241/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyanın təyin olunması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) dövlət qulluqçusu kimi əmək pensiyanın təyin olunması barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Əmək-pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci, 20.19.1-ci, 20.19.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim olunan sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının dövlət qulluğunda qulluq stajı 15 ildən az (5 il 9 ay 7 gün (xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövr)), həmçinin ədliyyə orqanlarında iş stajı 15 ildən az (8 il 2 ay 24 gün (xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də ona sabiq dövlət qulluqçusu kimi və sabiq ədliyyə orqanları işçisi kimi yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilədək Şərur rayonundakı Nizami adına kolxozun komsomol komitəsinin katibi vəzifəsində işlədiyi illərin dövlət qulluqçusu stajı kimi nəzərə alınaraq cəmi dövlət qulluğu stajının 16 il 11 ay 15 gün olması etibarı ilə ona dövlət qulluqçusu kimi pensiya təyin olması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdən iddiaçıya 311,36 manat məbləğində pensiya təyin olunmuşdur. İddiaçıya pensiya təyin olunarkən onun dövlət qulluqçusu kimi 15 ildən yuxarı stajının olması nəzərə alınmamışdır. Pensiyanın yenidən hesablanması barədə ərizəsinə baxılarkən xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilədək Şərur rayonundakı Nizami adına kolxozun komsomol komitəsinin katibi vəzifəsində işlədiyi illəri dövlət qulluqçusu stajı kimi nəzərə almamışdır. Hansı ki, xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilədək Şərur rayonundakı Nizami adına kolxozun komsomol komitəsinin katibi vəzifəsində işlədiyi illəri dövlət qulluqçusu stajı kimi dövlət qulluğu stajına hesablamalı idi. Komsomol işinin partiya işinin tərkib hissəsi olması inkar edilməzdir. Bu səbəbdən də cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat uzrə Mərkəzi Filalının mənə ünvanladığı 3-17-1/2-k-158165/2024 saylı cavab məktubu əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: AZE ******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. 864 №-li kolxozçunun əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Azərbaycan Kommunist Partiyasının İliç rayon Komitəsinin Nizami adına kolxoz komsomol komitəsinin katibi, xx.xx.1985-ci il tarixdən Nizami adına kolxoz partiya təşkilatında katib, xx.xx.1991-ci il tarixdən yeni yaradılmış Sədərək rayonuna notariat kontorunda dövlət notariusu, xx.xx.1992-ci il tarixdən Şərur rayonunda notariat əməliyyatları aparatında müvəqqəti olaraq Sədərək rayon dövlət notariat kontorunda dövlət notariusu, xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək daimi notarius kimi işləmişdir. 075252 №-li pensiya uçot vərəqindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Beləliklə, işin faktiki hallarından göründüyü kimi iddiaçıya xx.xx.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci, 20.1.7-ci və 20.11-ci maddələrinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin istinad etdiyi dəlil iddiaçının dövlət qulluğu stajının 15 ildən az təşkil etməsi ilə bağlıdır. Məhkəmə cavabdehin imtinasının əsaslı olduğunu hesab edir və hazırki iddianın hüquqi əsasını aşağıdaki qanunvericiliyin müddəalarının təşkil etdiyini bildirir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Maddə 23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, dövlət qulluqçusu kimi əmək pensiyasının təyin olunması 2 əsasa görə mümkündür: - Şəxsin dövlət qulluğu vəzifəsində 15 il və ya daha çox stajı olmalı; - Publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onun bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olmalıdır. Dövlət qulluq stajı yalnız qanunvericiliyə uyğun olaraq dövlət qulluqçusu statusunda çalışılan müddətləri əhatə edir. Bu staja, yalnız dövlət qulluğu vəzifəsində qanuni əsaslarla işlədiyi dövrlər daxil edilə bilər. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. Həmin siyahıda komsomol komitələri və həmin komitələrdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Bu hal həmçinin Azərbaycan Respublikası X2 tərəfindən verilmiş 21 oktyabr 2024-cü il tarixli, 9-3/2-3251/2024 nömrəli sorğuya cavab məktubunda da göstərilmişdir. Həmin məktubda 1982-1985-ci illərdə Azərbaycan Kommunist Partiyasının İliç rayon Komitəsinin Nizami adına kolxoz komsomol komitəsində iş müddətilə bağlı qeyd olunmuşdur ki, yuxarıda adıçəkilən Siyahıda komsomol komitələri və həmin komitələrdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən 1982-1985-ci illərdə Azərbaycan Kommunist Partiyasının İliç rayon Komitəsinin Nizami adına kolxoz komsomol komitəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. 1985-ci ildə Azərbaycan Kommunist Partiyasının İliç rayon Komitəsinin Nizami adına kolxoz partiya təşkilatında katib vəzifəsində iş müddətilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bölməsinin 3-cü hissəsində Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində mövcud olmuş katib (müvafiq şəhər (rayon) komitələrindən əməkhaqqı almış) vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Qeyd edilən Qərara əsasən Nizami adına kolxoz partiya təşkilatı Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) komitəsinin nomenklaturuna daxil olduğu və müvafiq şəhər (rayon) komitəsindən əməkhaqqı aldığı halda, vətəndaşın həmin qurumda katib vəzifəsində işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alına bilər. Göründüyü kimi, iddiaçı 1982-1985-ci illərdə Azərbaycan Kommunist Partiyasının İliç rayon Komitəsinin Nizami adına kolxoz komsomol komitəsinin katibi vəzifəsində çalışdığı dövrün dövlət qulluğu stajına daxil olduğunu iddia edir. Lakin, nə qüvvədə olan normativ hüquqi aktların sistematizasiyanı əhatə edən Təsnifat Toplusunda, nə də müvafiq sorğu əsasında X2 tərəfindən təqdim edilmiş rəsmi cavab məktubunda komsomol komitəsinin katibi vəzifəsinin dövlət qulluğu vəzifələri sırasında təsnif edildiyi müəyyən olunmur. Göstərilən bu hal həmin dövrün dövlət qulluğu stajına daxil edilməsini istisna edir. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirilməyən iş stajı ona dövlət qulluqçusu kimi pensiya almaq hüququ vermədiyindən, cavabdehin imtina əsası əsaslı olmuşdur. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsinin tələbi nəzərə alınmaqla iddiaçının xx.xx.1985-ci il tarixdən Nizami adına kolxoz partiya təşkilatında katib, xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək notarius vəzifəsində işlədiyi həm ümumi, həm xüsusi qulluq müddəti onun dövlət qulluğu stajı hesab edilsə belə, iddiaçının ümumilikdə 14 il 2 gün dövlət qulluğu stajı olur ki, bu da tələb olunan 15 ildən azdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova