Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-12295/2024 21.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “informasiya sorğusuna cavab verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh Yasamal bələdiyyəsinə müraciət etdiyi ərizədə qeyd olunmuş suallarla bağlı ətraflı məlumatın verilməsi vəzifəsinin cavabdeh Yasamal bələdiyyəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəfindən ona 252.83 manat əmlak vergi borcunun olması barədə SMS məlumat gəlmişdir. Lakin həmin borcun hansı əmlakla bağlı olduğu, hansı dövrü əhatə etməsi və hansı əsasla hesablanması barədə məlumatsızdır. Qeyd edir ki, ümumiyyətlə Yasamal bələdiyyəsi ərazidə heç bir iş görməmişdir. Yığılan vergi ödənişlərinin hara xərclənməsi barədə hər hansı məlumat ərazi sakinlərinə verilmir. Bununla bağlı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh olan Yasamal bələdiyyəsinə ərizə ilə müraciət olunaraq, aşağıdakı sualların cavablandırılmasını xahiş etmişdir: 1.2020-2023-cü illər ərzində Yasamal bələdiyyəsi tərəfindən nə qədər əmlak vergisi toplanmışdır?
2. 2020-2023-cü illər ərzində Bələdiyyə tərəfindən toplanan vergilər hansı sahələrə xərclənmişdir?
3. 2020-2023-cü illər ərzində Hər hansı bir yerli səviyyədə tikinti və ya layihə işləri aparılmışdırmı? Aparılmışdırsa, bu işlərə nə qədər vəsait xərclənmişdir?
4. 2020-2023-cü illər ərzində Yasamal bələdiyyəsinin ümumi işçilərinin sayı nə qədərdir? Həmin işçilərin əmək haqqıları hansı məbləği təşkil edir?
5. 2020-2023-cü illər ərzində Yasamal rayonu Zərdabi küçəsində əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması üçün hər hansı vəsait xərclənibmi? Xərclənibsə nə qədər vəsait xərclənib? 6.2020-2023-cü illər ərzində bələdiyyə tərəfindən hər hansı İşlərin görülməsi ilə bağlı podratçı şirkətlərlə müqavilə bağlambmı? Bağlanmışsa hansı şirkətlərlə bağlanmışdır və bu müqavilələr əsasında nə qədər vəsait xərclənmişdir? Lakin indiyədək Yasamal bələdiyyəsi tərəfindən onun ərizəsin cavablandırılmamışdır Yasamal bələdiyyəsinin bu hərəkətsizliyi onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2024cü il tarixli 1346 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu, 1ci Alatava, ev 140A-da qeydiyyatda olan, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Reyeestr Xidməti tərəfindən verilmiş sorğunun cavabına əsasən Yasamal rayonu H.Zərdabi küçəsi, 574-cü məhəllə, ev 6, 8, 10-da olan 132 saylı mənzilin xüsusi mülkiyyətçisidir. Həmin ünvana dəfələrlə əmlak vergi ödənişinin təmin olunması məqsədilə (tel: ***-***-**-**) xx.xx.2024-cü il tarixdə SMS, xx.xx.2024-cü il tarixdə SMS Xəbərdarlıq və tərtib edilmiş tədiyə bildirişi göndərilsə də, İddiaçı xüsusi mülkiyyətinin əmlakına hesablanmış vergini ödəməkdənyayınmışdır. Buna baxmayaraq rayon sakini kimi Yasamal Bələdiyyəsinin rayon ərazisində gördüyü işlərin hesabatını ona təqdim olunması barədə xx.xx.2024-cü il tarixdə bələdiyyəyə ərizə ilə müraciət etmişdir. Vətəndaşın ərizəsinə xx.xx.2024-cü il tarixdə cavab verilərək qeydiyyat ünvanına məktub göndərilmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlər və bələdiyyə orqanlarına vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Yasamal rayon Bələdiyyəsinin rayon ərazisində gördüyü işlər aylıq, rüblük və illik hesabat şəklində www.yasamalbelediyesi.az saytında işıqlandırılır. Eyni zamanda bələdiyyə info saytında və qəzetində hər ay dərc edilir. Yasamal Bələdiyyəsinin 2020-2023-cü il tarixdə rayon ərazisində gördüyü hesabatı və toplanmış əmlak vergisinin (2020-2023-cü illər) hesabatı göndərilir. İcraatda olan İddiaçı, 2-1(112)-12295/2024 saylı xx.xx.2024-cü il tarixli inzibati iş ilə bağlı “məlumat vermə vəzifəsinin cavabdehə həvalə olunması ” şikayətinə dair iddia ərizəsi əsassız olduğu üçün rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı idia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Plenum Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. -2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. -2.2-ci maddəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. -2.3-cü maddəsinə görə informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüquqlarına malikdir. -3.0.3-cü maddəsinə əsasən ictimai informasiya - qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir. -3.0.5-ci maddəsinə əsasən informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. -3.0.6-cı maddəsinə əsasən informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. -3.0.7-ci maddəsinə görə informasiya sorğusu verən (bundan sonra - sorğucu) informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxsdir. -3.0.8-ci maddəsinə görə informasiyanın açıqlanması - informasiyanın sorğu verilmədən kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə, sorğu və ya məlumat kitabçalarında yayılması, İnternet informasiya ehtiyatlarında yerləşdirilməsi, brifinqlərdə, mətbuat relizlərində və ya konfranslarında elan edilməsi, rəsmi və ya kütləvi tədbirlərdə bildirilməsidir. -15.3-cü maddəsinə əsasən fərdi məlumat tələb olunduqda, yaxud dövlət və ya bələdiyyə qulluqçusu qulluq vəzifəsini yerinə yetirmək üçün sorğu verdikdə, informasiya əldə etməyin zərurəti əsaslandırılmalıdır. Fərdi məlumatların verilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq həyata keçirilir. -15.5-ci maddəsinə əsasən sorğuçu bu Qanunun 15.3-cü, 21.2.1-ci, 22.4-cü və 24.3cü maddələrində göstərilən hallardan başqa, informasiya əldə olunmasının zəruriliyini əsaslandırmağa borclu deyildir. -21.2-ci maddəsinə əsasən informasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər: 21.2.1. sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa. -22.4-cü maddəsinə görə informasiyanın rəsmi təsdiq edilərək verilməsi sorğuçunun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunursa, informasiya sahibi həmin informasiyanı, o cümlədən açıqlanmış informasiyanı rəsmi təsdiqlə birlikdə verməlidir. -24.3-cü maddəsinə görə insan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) təqdim edilir. -29.1-ci maddəsinə görə informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır: 29.1.6. dövlət orqanlarının və bələdiyyələrin fəaliyyəti barədə hesabatlar; -29.2-ci maddəsinə əsasən bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalar bu Qanunun 22.4-cü maddəsində nəzərdə tutulan hallardan başqa, informasiya sorğusunun predmeti ola bilməz. “Bələdiyyələrin statusu haqqında” Qanunun 52-1-ci maddəsinə əsasən Bələdiyyələr Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər həyata keçirilməsini "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təmin edirlər. -52-2-ci maddəsinə əsasən Bələdiyyələr aşağıdakı hallarda öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər: 1) Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə əsasən qanunvericilik hakimiyyəti tərəfindən bələdiyyəyə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi barədə; 2) bu Qanunla müəyyən edilmiş hallarda yerli büdcələrə Azərbaycan Respublikasının Dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsi barədə.
2. Bələdiyyələr ilin yekununa görə aprel ayının 1-dək hesabat təqdim edirlər.
3. Bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hesabatdan başqa, bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin iclaslarında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır. Bələdiyyə seçicilərə verdiyi hesabatı təsdiq etdikdən sonra 10 gün müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. Müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin iştirakını təmin edən və nəticələri protokolla (protokollarla) rəsmiləşdirilən yığıncaqda (yığıncaqlarda) iştirak edənlərin yarısından çoxu hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab edilməsinin “lehinə” səs verdikdə bu barədə qərar qəbul edilir və yığıncağın (yığıncaqların) protokolu (protokolları) bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilir. Protokolun forması və tərtibinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Qanunun sadalanan normalarından müəyyən olunur ki, informasiya sorğusunun predmetini informasiya təşkil edir. İnformasiya isə faktlar, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır ki, bu cür məlumatlar hər hansı fəaliyyət nəticəsində yaradılır və ya hər hansı fəaliyyət nəticəsində əldə edilir. Hazırkı halda tələb edilən məlumat “İnformasiya əldə etmək haqqında” Qanunla nəzərdə tutulan informasiya sorğusunun predmeti qismində çıxış etmir. Belə ki, cavabdehin də qeyd etdiyi kimi Yasamal rayon Bələdiyyəsinin rayon ərazisində gördüyü işlər aylıq, rüblük və illik hesabat şəklində www.yasamalbelediyesi.az saytında, bələdiyyə info saytında və qəzetində hər ay dərc edilir. Bununla əlaqədar məhkəmə “İnformasiya əldə etmək haqqında” Qanunun 29.1.6 və 29.2-ci maddələrinin tələbləri, eləcə də “Bələdiyyələrin statusu haqqında” Qanunun 52-2-ci maddəsinin tələbinə əsasən bələdiyyənin yerlərdə görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında məlumat bələdiyyə hesabatlarında əks olunmaqla açıq informasiya hesab olunur və bu baxımdan həmin məlumat, bilgilər informasiya sorğusunun predmeti kimi çıxış edə bilməz. Bundan əlavə qeyd edilməlidir ki, informasiya əldə etmək hüququ geniş mənada və ya hər hansı şərtlərlə məhdudlaşmayan hüquq kimi də qiymətləndirilə bilməz. Təsadüfi deyildir ki, “İnformasiya əldə etmək haqqında” Qanunun yuxarıda qeyd edilən 15.3-cü, 21.2.1-ci, 22.4-cü və 24.3-cü maddələrində nəzərdə tutulan hallarda qanun informasiya sorğusu ilə müraciət edən şəxsdən tələb etdiyi informasiya ilə yanaşı, həm də həmin informasiyanı əldə etməyin nə üçün zəruri olduğunu əsaslandırmasını da tələb edir. Hazırkı iş üzrə iddiaçıdan Qanunun 22.4-cü maddəsinə əsasən əldə etmək istədiyi məlumatın ona hansı məqsədlə, hansı hüquq və ya azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası ilə bağlı lazım olduğunun əsaslandırması tələb olunur ki, iddiaçı bu zərurəti nə cavabdehə ünvanlanmış informasiya sorğusunda, nə də iddia tələbində əsaslandırmamışdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı iddia inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan mümkünlük şərtinə cavab vermir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Yasamal Rayon Bələdiyyəsinə qarşı “informasiya sorğusuna cavab verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər.
Hakim Aygün Əhədova