Məhkəmə qərarları › İş №e-2-1(112)-12299/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12299/2023

04.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12299/2023 04.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 6/330 saylı qərarı ilə “Çiçək” Bağçılıq-yoldaşlıq cəmiyyətinin nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi ərazisində yerləşən 03 nömrəli 0,05 ha torpaq torpaq sahəsinin (bağ sahəsinin) İddiaçı adına reyestrdə qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı keçmiş Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 6/330 saylı qərarı ilə “Çiçək” Bağçılıq-yoldaşlıq cəmiyyətinin nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi ərazisində 03 nömrəli 0,05 ha torpaq sahəsi ayrılmış, ona 03 nömrəli “bağçının üzvlük kitabçası” təqdim edilmişdir. Həmin torpaq sahəsinə dair reyestrdən çıxarışın alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərkən xx.xx.2023-cü il tarixli, **********60 nömrəli məktubu ilə ərizənin təmin edilməsindən imtina olunmuşdur. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının adı “Bakı ağac yonqarları piltəsi zavodu” DSP “Çiçək” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərini arxiv qovluğunda aşkar edilsə də bağ sahəsinin nömrəsi və ölçüsü, həmçinin üzvlük kitabçasının arxivdə nüsxəsi aşkarlanmamışdır, həmçinin “Çiçək” Bağçılıq yoldaşlıq birliyinin nəzdində Sulutəpə qəsəbəsində yerləşən 3 saylı bağ evi digər şəxsin adına rəsmiləşdirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. İddiaçı ona ayrılmış bağ sahəsindən bugün də istifadə edir, o, uzun illər “Bakı ağac yonqarları piltəsi zavodu”nda müxtəlif vəzifələrdə işləmiş, sonda direktor vəzifəsinə qədər yüksəlmişdir. Həmin bağ sahəsi də ona 03 nömrəli “bağçının üzvlük kitabçası” əsasında naturada təqdim edilmiş, hazırda da həmin bağın qonşuları da məhz zavodun bağ sahəsi ayrılmış əməkdaşlarıdır. İddiaçının torpaq sahəsinə dair heç bir kənar iddia yoxdur və çıxarış verilməmişdir. 03 nömrəli “bağçının üzvlük kitabçası”nın idarənin arxivində olmaması iddiaçının mülkiyyət hüququnun qeydiyyatından imtinanın əsası kimi çıxış edə bilməz.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, “Bakı ağac yonqarları piltəsi zavodu” DSP “Çiçək” bağçılıq yoldaşlıq birliyi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında İddiaçı (siyahıda ata adı, bağ sahəsinin nömrəsi və ölçüsü yazılmayıb) adı qeyd edilmişdir. Eyni zamanda bildirilmişdir ki, sözügedən bağçılıq yoldaşlıq birliyi nəzdində İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 0,05 hektar torpaq sahəsi olan 03 saylı bağ sahəsinin ayrılmasına dair sənəd (həmçinin surəti sorğuya əlavə edilmiş üzvlük kitabçası və s.) idarənin arxivində aşkar edilməmişdir. “Çiçək" bağçılıq yoldaşlıq birliyi nəzdində Sulutəpə qəsəbəsində yerləşən 3 saylı bağ evi digər şəxsin adına dövlət reyestrində qeydiyyata alınmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində (2007-ci il mayın 22-dək) müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının gərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd edilmişdir ki, İddiaçı Fəzail oğlunun Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 6/330 saylı qərarı ilə “Çiçək” Bağçılıq-yoldaşlıq cəmiyyətinin nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi ərazisində yerləşə 03 nömrəli 0,05 ha torpaq sahəsinin (bağ sahəsinin) İddiaçı Fəzail oğlunun adına reyestrdə qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********60 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, “Bakı ağac yonqarları piltəsi zavodu” DSP “Çiçək” bağçılıq yoldaşlıq birliyi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında İddiaçı (siyahıda ata adı, bağ sahəsinin nömrəsi və ölçüsü yazılmayıb) adı qeyd edilmişdir. Qeyd olunan bağçılıqyoldaşlıq birliyi nəzdində 3 saylı bağ sahəsi 3 №-li, xx.xx.1996-cı il tarixli üzvlük kitabçası əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmışdır. Halhazırda “Çiçək” bağçılıq yoldaşlıq birliyi nəzdində Sulutəpə qəsəbəsində yerləşən 3 saylı bağ evi X4 mülkiyyətindədir. Qeyd edilənlərlə yanaşı, İdarənin elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən ərazinin bir hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Torpaq sahəsindən 8.5 metr məsafədən (yeraltı) 325 mm-lik qaz xətti keçir. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsindən yol tərəfdən 7.7 metr – 7,9 metr məsafədən 6-10 KV-lıq yüksək gərginlikli elektrik xətti hava xətti keçir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

5. Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 1/25 №-li qərarına əsasən Rayon Sovetlərinin icraiyyə komitələri yanında işçi komissiyalarında baxılmış materiallar əsasında aşağıdakı sahələr üzrə müəssisə, təşkilat və idarələrə kollektiv bağların yaradılması üçün torpaq sahələri ayrılmışdır: 1.7. Kirov rayonu, Sulu-təpə kəndi ərazisində. Kirov vilayətinin müəssisə və təşkilatları. 1.7.6. Azərbaycan SSR Meşə Təsərrüfatı və Sənaye Nazirliyinin Bakı X14 zavodunun 33 üzvü çün.

6. Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/330 №-li qərarına əsasən Rayon Sovetlərinin icraiyyə komitələri yanında işçi komissiyalarında baxılmış materiallar əsasında aşağıdakı sahələr üzrə müəssisə, təşkilat və idarələrə kollektiv bağların yaradılması üçün torpaq sahələri ayrılmışdır: 1.4. Kirov rayonunun Sulu-Təpə ərazisində Kirov rayonunun müəssisə və təşkilatlarına. 1.4.1. Azərbaycan SSR Meşə Təsərrüfatı və Sənaye Nazirliyinin Bakı X14 zavodunun əlavə 75 üzvü üçün.

7. Bakı şəhər keçmiş X9 İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli 6/330 nömrəli qərarına əsasən Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsində yerləşən “Çiçək” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında iddiaçının adı (3. İddiaçı) göstərilmişdir.

8. “Binəqədineft” NQÇİ-nin xx.xx.1994-cü il tarixli, ƏE 06-13/282 №-li məktubunda qeyd olunmuşdur ki, xx.xx.1988-ci il və xx.xx.1988-ci il tarixli 1/25 və 6/330 №-li qərarı ilə “Bakı X14” zavodunun fəhlə və qulluqçularına Sulu-təpədə ayrılan torpaq sahəsinə düşən neft quyusu istismardan çıxaraq ləğv edilmişdir. “Binəqədineft” NQŞİ-si hal-hazırda və gələcəkdə həmin quyudan istifadə etməyəcəkdir.

9. Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.1996-cı il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 1/25 №-li, xx.xx.1988-ci il tarixli qərarı ilə Bakı Ağac Yondarlığı Plitəsi zavoduna bağçılıqbostançılıqla məşğul olması üçün Binəqədi rayonu, sulutəpə qəsəbəsində ayrılmış əraziyə düşən neft buruqlarının qoruyucu zolağından 50,0 m məsafənin azaldılması haqqındakı müraciətə baxılmışdır. “Binəqədineft” NQÇİ-nin ƏE 06-13/282 №-li, xx.xx.1994-cü il tarixli və Yanğından Mühafizə İdarəsi NTNŞ-nin 768 №-li, 07.12.94-cü il tarixli razılıq məktublarını nəzərə alaraq, Memarlıq və Şəhərsalma baş idarəsi neft buruqlarının radiusundan 50,0 m məsafənin 37,5 m məsafəyə azaldılmasına etiraz etmir.

10. 03 nömrəli bağçının üzvlük kitabçasında qeyd edilmişdir ki, Məmmədov X5 Cəmiyyətinin xx.xx.1988-ci il tarixli protokoluna əsasən Bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Sulutəpə ərazisində Bağçılıq Cəmiyyəti bağından sahəsi 500,0 kv.m olan 03 №-li bağ sahəsi xx.xx.1988-ci il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir (Bakı şəhəri X15 İcraiyyə Komitəsinin 1/25 №-li qərarını rəhbər tutaraq).

11. Bakı Ağac Yongarları X6 Komitəsinin “Çiçək” bağçılıq təsərrüfatı üzvləri ilə birgə xx.xx.1988-ci il tarixli müşavirəsinin Protokolundan Çıxarışa əsasən “Çiçək” bağçılıq təsərrüfatındakı 04 saylı, sahəsi 500 kv.m olan torpaq sahəsi X10 verilmişdir.

12. Əmlak Məsələləri Dövlət Xİdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, “Çiçək” b/y-nın 4 saylı bağ sahəsinə xüsusi mülkiyyət hüququ (tam) X7 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

13. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə X12 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

14. İş materiallarına əlavə olunmuş X3 məxsus üzvlük kitabçasına əsasən Bağçılıq cəmiyyətinin üzvlərinin xx.xx.1996-cı il tarixli, 16/11 №-li protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir, Sulu-təpə ərazisində Bağçılıq Cəmiyyəti bağından sahəsi 500 kv.m olan bağ sahəsi 26 dekabr 1996-cı il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir.

15. İddiaçı və üçüncü şəxs X8 məxsus bağ sahələrinə dair ortofoto məhkəməyə təqdim edilmişdir.

16. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

18. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

19. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

20. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.

21. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

22. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

23. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

24. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

25. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

26. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

27. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

28. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

30. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

31. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

32. X19 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

33. X19 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

34. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

35. Məhkəmə müəyyən edir ki, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/330 №-li Qərarına əsasən Azərbaycan SSR Meşə Təsərrüfatı və Sənaye Nazirliyinin Bakı X16 zavodunun əlavə 75 üzvü üçün torpaq sahələri ayrılmışdır. “Bakı Ağac Yonqarları Piltəsi zavodu” DSP “Çiçək” bağçılıq yoldaşlıq birliyi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında iddiaçının adı da (3. Mamedov Maarif) qeyd edilmişdir (bu fakt cavabdeh tərəfindən mübahisələndirilmir). İddiaçıya məxsus 03 nömrəli bağçının üzvlük kitabçasında da qeyd edilmişdir (üzvlük kitabçasının surəti iş materiallarında mövcuddur) ki, Məmmədov X5 Cəmiyyətinin xx.xx.1988-ci il tarixli protokoluna əsasən Bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir və Sulu-təpə ərazisində Bağçılıq Cəmiyyəti bağından sahəsi 500,0 kv.m olan 03 №-li bağ sahəsi xx.xx.1988-ci il tarixdə qeydə alınmış qərarına əsasən ona daimi istifadə etmək üçün verilmişdir. Mübahisə edilən 03 nömrəli bağ sahəsi hazırda iddiaçının faktiki sahibliyində və istifadəsindədir.

36. Cavabdeh tərəfindən imtinanın dəlili olaraq faktiki göstərilən ərazinin bir hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşdiyi, torpaq sahəsindən 8.5 metr məsafədən (yeraltı) 325 mm-lik qaz xəttinin və yol tərəfdən 7,7 metr – 7,9 metr məsafədən 6-10 KV-lıq yüksək gərginlikli elektrik xətti hava xəttinin keçdiyi qeyd olunmuşdur.

37. Məhkəmə bununla bağlı ilk növbədə qeyd edir ki, “Binəqədineft” NQÇİ-nin “Bakı X14” Zavoduna ünvanlanan xx.xx.1994-cü il tarixli, ƏE 06-13/282 №-li məktubuna əsasən xx.xx.1988-ci il və xx.xx.1988-ci il tarixli 1/25 və 6/330 №-li qərarı ilə “Bakı X14” zavodunun fəhlə və qulluqçılarına Sulu-təpədə ayrılan torpaq sahəsinə düşən neft quyusunun istismardan çıxarıldığı, “Binəqədineft” NQŞİ-nin hal-hazırda və gələcəkdə həmin quyudan istifadə etməyəcəyi bildirilmişdir. “Binəqədineft” NQÇİ-nin ƏE 06-13/282 №-li, xx.xx.1994cü il tarixli və Yanğından Mühafizə İdarəsi NTNŞ-nin 768 №-li, 07.12.94-cü il tarixli razılıq məktublarını nəzərə alınaraq Memarlıq və Şəhərsalma Baş İdarəsi neft buruqlarının radiusundan 50,0 m məsafənin 37,5 m məsafəyə azaldılmasına etiraz etmədiyi barədə iddiaçıya məktub ünvanlamışdır (məktubların surəti iş materiallarına əlavə olunmuşdur).

38. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçı tərəfindən qeyd olunan 03 nömrəli bağ sahəsi ilə qonşuluqda yerləşən sahəsi 500 kv.m olan 04 saylı bağ sahəsi Bakı Ağac Yongarları X6 Komitəsinin “Çiçək” bağçılıq təsərrüfatı üzvləri ilə birgə xx.xx.1988-ci il tarixli müşavirəsinin Protokolundan Çıxarışa əsasən X10 verilmiş və xx.xx.2020-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X7 04 saylı bağ sahəsinə dair hüquqların qeydiyyatı aparılmışdır. Belə olan təqdirdə iddiaçının hüquqlarının qeydiyyatından imtina bərabərlik hüququnun pozulmasıdır.

39. Cavabdeh tərəfindən imtinanın digər dəlili olaraq qeyd olunan bağçılıq-yoldaşlıq birliyi nəzdində 3 saylı bağ sahəsinin 3 №-li, xx.xx.1996-cı il tarixli üzvlük kitabçası əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatının aparılması və həmin bağ sahəsinin hazırda X4 mülkiyyətində olması qeyd olunmuşdur.

40. Məhkəmə bağ sahələrinə dair təqdim edilmiş ortofotoları nəzərdən keçirərək müəyyən edir ki, İddiaçı tərəfindən qeyd olunan bağ sahəsinin koordinatları üçüncü şəxs X8 məxsus bağ sahəsinin koordinatları ilə üst-üstə düşmür və fərqli torpaq sahələridir, sadəcə olaraq nömrə təkrarlanması mövcuddur və həmin uyğunsuqluq inzibati orqan tərəfindən müvafiq qeydiyyat aparılan zaman aradan qaldırılmalıdır.

41. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.

42. Qeyd edilənlərə məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, bağ sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina AİHM-in presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinə əsasən mülkiyyətdən dinc istifadə hüququnun (1-ci qayda) pozuntusudur.

43. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

44. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

45. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

47. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. Torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərinin uyğunlaşdırılmasını aparmaqla Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 6/330 saylı qərarı ilə “Çiçək” Bağçılıq-yoldaşlıq cəmiyyətinin nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi ərazisində yerləşən 03 nömrəli 0,05 ha bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar